Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3009/2022 14.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Abbasov Zeynəlabidin Abbas oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məlumat və sənədlərin verilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ünvana dair məlumat və sənədlərin surətlərinin ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanına dair məlumatın və sənədlərin surətinin alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmişdir. Müraciətinə cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən bildirilmişdir ki, həmin ünvana aid torpaq sahəsinin ayrılması barədə məlumat yoxdur və həmin ünvana dair texniki pasport aşkar edilməmişdir. Halbuki, bu sənədlər mövcud olmuşdur. Çünki o, hal-hazırda həmin ünvanda qeydiyyatdadır. Lakin ev sənədləri ona verilmədiyindən o, vərəsəlik hüququndan istifadə edə bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, İddiaçı ünvan 2 ünvanına dair məlumat və sənəd surətlərinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsinə dair iddiası etirazla qarşılanır. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 2 ünvanının qeydiyyatdan keçməsi, torpaq sahəsinin ayrılması haqqında məlumat və X1 adına həmin ünvana dair texniki pasport aşkar edilməmişdir. Bununla əlaqədar iddiaçıya 20.09.2021-ci il tarixli, **********17 saylı cavab məktubu ünvanlanmışdır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1 və 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin mümkün sayılmaması xahiş edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 02.12.2021-ci il tarixli, **********17 nömrəli məktubunda bildirilmişdir ki, ünvan 2 ünvanının qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Məlumat üçün bildirilir ki, sözügedən ünvan ilə bağlı X1 adına texniki pasportun tərtib edilməsi barədə məlumat (sənəd) aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı 20.09.2021-ci il tarixli, **********17 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanının qeydiyyatdan keçməsi, torpaq sahəsinin ayrılması haqqında məlumat və X1 adına həmin ünvana dair texniki pasport aşkar edilməmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Normaların məzmunundan da göründüyü kimi inzibati icraat inzibati orqanlarla hüquqi və ya fiziki şəxslər arasında yaranan ümumi (publik) hüquq münasibətlərinin qanunla tənzimlənməsini nəzərdə tutur. Bu münasibətlərdən irəli gələn mübahisələrə isə inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən baxılır (İPM-in 1.1, 2, 3-cü maddələri, İPM-in XV-XİX fəsilləri). Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanılır. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan publik hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. İddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, iddiaçının tələbi bilavasitə ünvan 2 ünvanı ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi ilə bağlıdır. İddiaçı adıçəkilən ünvanda qeydiyyatda olduğunu əsas gətirərək həmin ünvanda yerləşən daşınmaz əmlaka dair sənədlərin cavabdehdə olduğunu, lakin cavabdeh tərəfindən təqdim edilmədiyindən mərhum atasından miras qalmış əmlaka münasibətdə vərəsəlik hüquqlarını həyata keçirə bilmədiyini iddia edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 13.1-ci maddəsinə görə dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə görə Xidmət dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək (bənd 2.0.1), hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək (bənd 3.0.5), dövlət reyestrində hüquqların dövlət qeydiyyatının dəqiq və vaxtında aparılmasını, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasını təmin etmək (bənd 3.0.8), hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək (bənd 3.0.11); daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış vermək və ya belə arayış verməkdən imtina etmək (bənd 3.0.12) kimi səlahiyyətlərini Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir (bənd 1.3). Qeyd edildiyi kimi cavabdeh qismində qoyulmuş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin bilavasitə səlahiyyətləri fiziki və hüquqi şəxslərin təqdim etdikləri “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsi ilə sadalanmış hüquqların əmələ gəlməsinə dair ilkin hüquqmüəyyənedici sənədlərə əsasən daşınmaz əmlakın dövlət reyestrini həyata keçirmək və həmin qeydlərin dəqiqliyi və tamlığını təmin etməkdir. Başqa sözlə, cavabdeh orqan ona təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin və həmin sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərlə bağlı təsdiqedici sənədlərin saxlayıcısı olmaqla eyni zamanda həmin sənədlərin fiziki və hüquqi şəxslərin, dövlət və yerli özünüidarə orqanlarının sorğusu əsasında təqdim etməyə məsuldur. Hazırkı iş üzrə iddiaçı cavabdeh daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqandan tələb etdiyi hüquqmüəyyənedici sənədlərin nəinki surətlərini (ksero) təqdim etmiş, ümumiyyətlə həmin əmlakla bağlı belə bir sənədlərin mövcud olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı da cavabdeh orqan iddiaçının iddia etdiyi əmlakın dövlət reyestrində qeydiyyata alınmadığını, arxivində isə həmin ünvanla bağlı hüquqmüəyyənedici sənədlərin, o cümlədən iddiaçının iddia etdiyi mərhum atası X1 adına texniki pasportun aşkar olunmadığını bildirmişdir. Belə olan halda cavabdeh orqanda mövcud olmayan hüquqmüəyyənedici sənədlərin, eləcə də iddiaçının məhkəmə icraatında da mövcud olmasını sübuta yetirə bilmədiyi sənədlərin verilməsindən imtina edilməsi inzibati orqanın hüquqlara müdaxilə edən hərəkət və ya hərəkətsizliyi kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçının sözügedən ünvanda qeydiyyatda olması fiziki şəxsin yaşadığı yerin ünvanı üzrə polis orqanı tərəfindən qeydiyyata alınmasını ifadə edir, həmin ünvanda yerləşən əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını ehtiva etmir. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır (4.1-ci bənd). Beləliklə, hazırkı halda iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə onun hüquq və qanunla qorunan mənafeləri pozulmasını əsaslandıra bilmədiyindən ona qarşı yönəlmiş hazırkı iddia tələbi mümkün hesab edilə bilməz. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məlumat və sənədlərin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3009/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3009/2022
14.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver