Məhkəmə qərarları › İş №2-1(112)-3009/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3009/2024

24.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3009/2024 24.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, 8 saylı ev üzərində iddiaçının mərhum atası Bakıxanov Heybət Kərim oğlunun mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçının ərizsəsinə əsasən iddia tələbi “Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, 8 saylı ev üzərində iddiaçının mərhum atası Bakıxanov Heybət Kərim oğluna məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev iddiaçının mərhum atası Bakıxanov Heybət Kərim oğluna məxsusdur. Atasının adına Azərbaycan SSR Kommunal Nazirliyinin 1967-ci ildə tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətəndirilməsinə dair pasport və ev dəftəri tərtib edilmişdir. Atası Bakıxanov Heybət Kərim oğlu 01 fevral 1989-cu ildə, anası Bakıxanova Sonaxanım Gülbala qızı xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Doğulduğu vaxtdan hal-hazırki vaxtadək atasına məxsus ünvan 1 ünvanında yerləşən evdə yaşayır. Atasının vəfatından sonra ünvan 3 Kontoruna müraciət edərək, atasından miras qalmış ünvan 4 ünvanında yerləşən evin vərəsəlik qaydasında qəbul edilərək, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Lakin notariat ofisi tərəfindən miras əmlak ünvan 4 ünvanında yerləşən evin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməli olduğu bildirilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 8 saylı evə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq istəyir. Həmin mənzilə dair istifadə və sahiblik hüququ vardır. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək, mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də, müraciəti xx.xx.2022-ci il tarixli **********08 saylı imtina məktubu ilə təmin edilməmişdir. İmtina məktubunda göstərilmişdir ki, idarənin mövcud arxiv məlumatlarına əsasən təqdim olunan Azərbaycan SSR Kommunal Nazirliyinin 1967-ci ildə tərtib edilmiş "şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətəndirilməsinə dair pasportun" arxiv nüsxəsi aşkar edilməmişdir. Həmçinin təqdim edilən "Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətəndirilməsinə dair pasportun səlahiyyətli qurum tərəfindən möhür ilə təsdiq edilməmişdir. Bu səbəbdən, ərizənin icrası mümkün olmamışdır. Azərbaycan SSR Kommunal Nazirliyinin 1967-ci ildə tərtib edilmiş "Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətəndirilməsinə dair pasportun" əsli iddiaçıda mövcuddur. Lakin pasportda möhürün olmaması texniki səbəbdən baş vermişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuz və əsassız hesab olunmaqla, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, 8 saylı ev üzərində mülkiyyət hüququnun qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməlidir.

4. Cavabdehin iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, fərdi idarədə mövcud arxiv məlumatlarına əsasən təqdim olunan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1967-ci il tarixində tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun” arxiv nüsxəsi aşkar edilməmişdir. Həmçinin, təqdim edilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” səlahiyyətli qurum tərəfindən möhür ilə təsdiq edilməmişdir. Bu səbəblərdən ərizənizin icrası t mümkün olmamışdır.

5. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, araşdırma nəticəsində məlum olmuşdur ki, İdarədə mövcud arxiv məlumatlarına əsasən təqdim olunan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1967-ci il tarixində tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun” arxiv nüsxəsi aşkar edilməmişdir. Təqdim edilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasport” səlahiyyətli qurum tərəfindən möhür ilə təsdiq edilməmişdir. Həmçinin İdarənin arxivində Bakı Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş texniki pasport mövcuddur. İdarənin mütəxəssisləri tərəfindən göstərilən torpaq sahəsinə yerli baxış zamanı məlum olmuşdur ki, texniki pasportda qeyd olnan A yaşayış evinin 4-9 köməkçi sahələri sökülmüş, əlavə tikililər inşa edilmişdir. Əlavə olaraq, təqdim edilən texniki pasport mərhum Bakıxanov Heybət Kərim oğlunun adına verilmişdir.

6. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, sözügedən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.

7. Məhkəmənin sorğusuna cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna qoşma olaraq əlavə edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, 8 saylı fərdi yaşayış evinə dair 1967-ci il tarixli texniki pasporta əsasən, Bakıxanov Heybət Kərim oğlu 8 saylı evin sahibi kimi qeyd edilmişdir. Həmin texniki pasportun 1967ci il tarixdə tərtib edilmiş “kartoçkasında” daha sonra qeyd edilmişdir ki, fərdi yaşayış evi 1920-ci il tarixdə inşa edilmiş, A literlidir, cəmi tikintinin sahəsi 291,9 kv.metr, cəmi meydançanın sahəsi 2321.30 kv.metr təşkil edir.

8. ünvan 3 ofisinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlandığı xx.xx.2022-ci il tarixli 86 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakıxanov Heybət Kərim oğlundan miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı ünvan 3 ofisinə müraciət daxil olmuşdur. Bakıxanov Heybət Kərim oğlunun xx.xx.1989-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin xx.xx.2022-ci il tarixli ərizəsi əsasında mərhumun qanun üzrə oğlu İddiaçı olması barədə məlumat verilir. ünvan 4 ünvanında yerləşən evə və torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinin təmin olunmasını xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun olaraq izahat verməklə iddianın rədd edilməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

11. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz.

12. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

13. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

15. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

16. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

17. İş materiallarından görünür ki, 1967-ci il tarixdə tərtib edilmiş texniki pasportda Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, 8 saylı fərdi yaşayış evi 1920-ci il tarixdə inşa edilmiş, A literlidir, cəmi tikintinin sahəsi 291,9 kv.metr, cəmi meydançanın sahəsi 2320.0 kv.metr təşkil edir, həmin evin sahibi kimi Bakıxanov Heybət Kərim oğlu qeyd edilmişdir. O, xx.xx.1989-cü il tarixdə vəfat etmişdir. Notariat ofisi tərəfindən cavabdehə məktub ünvanlanaraq sözügedən əmlaka dair ölmüş şəxsin adına hüquqmüəyyənedici sənəd verilməsi xahiş edilmişdir.

18. Vərəsəlik dedikdə, ölümündən sonra fiziki şəxsin başqa şəxslərə verilə bilən hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) digər şəxslərə keçməsi başa düşülür. Şəxsin ölümü əmlak və bəzi qeyri-əmlak hüquqlarının və vəzifələrinin xitamına səbəb olmur, əksinə onlar vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxslərə keçir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1. Şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 22.2-ci maddəsində qeyd olunmuşdur: “Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir”.

21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

24. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının:

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (texniki pasportda hüququ müəyyən edən sənədlərə istinadın olduğu və həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda);

25. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X1 Bürosu tərəfindən 1967-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, 8 saylı saylı fərdi yaşayış evinə dair Bakıxanov Heybət Kərim oğlunun adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport tərtib edilmişdir.

26. Məhkəmə hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi X1 Bürosu tərəfindən verilmiş 1967-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” Pasport torpaq sahəsinə Bakıxanov Heybət Kərim oğlunun (iddiaçının mərhum atası) hüququnu təsdiq edən ilkin sübutu təşkil edir.

27. Cavabdehin dəlili ondan ibarətdir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin 1967-ci il tarixində tərtib edilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun” arxiv nüsxəsi aşkar edilməmişdir. Eyni zamanda, pasport səlahiyyətli qurum tərəfindən möhür ilə təsdiq edilməmişdir. Bundan əlavə, texniki pasportda qeyd olunan A yaşayış evinin 4-9 köməkçi sahələri sökülmüş, əlavə tikililər inşa edilmişdir.

28. Məhkəmə bununla bağlı bildirir ki, Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportun əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən sənədin əslinə tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Odur ki, təqdim edilən sənədin həqiqiliyi şübhə doğurmadığından və sənəddə torpaq sahəsinin ölçüləri barədə məlumat qeyd edilməklə iddiaçının faktiki sahibliyində olduğundan və torpaqla bağlı hər hansı mübahisə (üçüncü şəxslərin müraciəti) olmadığından cavabdeh orqan tərəfindən imtinasına əsas olan qeyd olunan dəlillər əsassız hesab edilməlidir. Eyni zamanda cavabdeh tərəfindən 1967-ci ildə tərtib edilən texniki pasportun mötəbərsizliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

29. Beləliklə, iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.11-ci bəndinə əsasən sənəd təqdim edilmişdir.

30. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: Xidmətin vəzifələri: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

31. Məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.

32. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

33. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

34. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

35. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Əzizbəyov küçəsi, 8 saylı ev üzərində iddiaçının mərhum atası Bakıxanov Heybət Kərim oğluna məxsus olması barədə arayışın İddiaçı verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar