Məhkəmə qərarları › İş №2-1(112)-301/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-301/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-301/2021 24.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona (iddiaçıya) məxsus zəbt edilmiş torpaq sahəsinin 4,18 və 3,66 sot hissələrinə görə hər sotu 10.000 manat olmaqla 41.800 və 36.000 manat həcmində yenidən kompensasiya hesablanmaqla ödənilməsi, eləcə də uçurulmuş daş hasarların hər 1 kv. m-nə 20 manat, dəmir darvazaya görə isə 1.000 manat olmaqla kompensasiya verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və 10.000 manat həcmində mənəvi ziyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iş üzrə cavabdeh qismində yalnız Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini göstərməklə, ona (iddiaçıya) məxsus zəbt edilmiş torpaq sahəsinin 4,18 və 3,66 sot hissələrinə görə hər sotu 10.000 manat olmaqla 41.800 və 36.000 manat həcmində yenidən kompensasiya hesablanmaqla ödənilməsi, eləcə də uçurulmuş daş hasarların hər 1 kv. m-nə 20 manat, dəmir darvazaya görə isə 1.000 manat olmaqla kompensasiya verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, eyni zamanda cavabdeh tərəfindən qanunsuz olaraq mülkiyyətindən məhrum edildiyinə görə iddiaçıya dəymiş 10.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil yenidən İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddia tələbinin dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçıya məxsus zəbt edilmiş 0,12 ha və 0.119633 ha olmaqla torpaq sahələrinin 4,18 və 3,66 sotuna görə hər sotu 10.000 manat olmaqla 41.800 manat və 36.000 manat olmaqla, cəmi 77.800 manat həcmində yenidən kompensasiya hesablanmaqla ödənilməsi, iddiaçıya məxsus və tam şəkildə uçurulmuş 0.119633 ha torpaq sahəsinin 425 kv/m daş hasarların hər 1 kv. m-nə 20 manat olmaqla 8.500 manat, 0.12 ha torpaq sahəsinin isə 440 kv/m daş hasarların hər 1 kv/m-nə 20 manat olmaqla 8.800 manatın, sökülmüş dəmir darvazaya görə 1.000 manat, qanunsuz olaraq mülkiyyətdən məhrum edildiyinə görə iddiaçıya qanunvercilikdə nəzərdə tutulmuş qaydada dəymiş 10.000 manat həcmində mənəvi ziyan olmaqla, ümumilikdə 106.100 manat pulun dövlət büdcəsinin vəsaiti hesabına tutularaq, iddiaçıya ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Novxanı-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi” çərçivəsində layihələndirilmiş avtomobil yolu çəkilmişdir. Layihə həyata keçirilərkən X7 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 0.12 ha və 0.119633 ha torpaq sahələrinin 4.18 və 3.66 sotu yolun tikintisi altına düşmüş və həmin torpaq sahəsi hasar və darvazası sökülməklə yolun çəkilən hissəsinə qatılmışdır. Həmin torpaq sahibinin göstərilən ərazilərə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Çıxarışla mülkiyyət hüququ təsdiq edilmişdir. Məsələ ilə bağlı mülkiyyətçi şifahi olaraq “xxxx” ASC-yə müraciət etmiş, həmin qurumdan verilən məlumata görə yolun tikintisi altına düşən həmin ərazilərlə bağlı kompensasiya ödənilməsi üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldırıldığı bildirilmişdir. Bundan başqa İddiaçı zəbt edilmiş əraziyə görə, yəni 4.18 və 3.66 sot torpaq sahələrinə görə hər sotu 4.300 manat hesablanmaqla 18.000 və 17.000 manat kompensiya ödənilməsinin nəzərdə tutulduğu bildirilmişdir. Lakin həmin bağ sahəsinin sökülmüş hasar və darvazaları ilə bağlı hər hansı ödəniş olub-olmayacağı barədə məlumat verilməmiş və əlavə olaraq bü cür söküntü işlərinin Binəqədi rayon İcra hakimiyyəti tərəfindən həyata keçirildiyi bildirilmişdir. Məsələ ilə bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə və Binəqədi rayon İcra hakimiyyətinə sənədlərin surətləri əlavə edilməklə müvafiq kompensasiyaların ödənilməsi tələbi ilə 26.07.2019-cu il tarixdə müvafiq məktublar ünvanlanmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 19.08.2019-cu il tarixli, Kol- 3/09-6130 saylı cavab məktubu ilə bildirilmişdir ki, Agentliyə və digər qurumlara ünvanlanan əmlaka dəymiş ziyanla əlaqədar bildirilmişdir ki, Agentlik tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində X4 məxsus reyestr № **********87 olan 12.0 torpaq sahəsinin 4.1814 sot hissəsi və reyestr № **********85 olan 11.9633 sot hissəsinin 3.6627 sot torpaq sahəsi yolun tikintisi altına düşmüş, bununla əlaqədar dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə əlaqədar agentlik tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Eyni zamanda tikinti işləri Agentlik tərəfindən həyata keçirilməsinə baxmayaraq, söküntü işləri Agentlik tərəfindən aparılmamış və iddiaçının daş hasar və darvaza barədə məlumat yoxdur. Maliyyə Nazirliyi Agentlik tərəfindən cavab məktubunda deyildiyi kimi kompensasiyanın verilməsi ilə bağlı ona Agentlik tərəfindən müraciət edilib-edilməməsi haqqında heç bir məlumat vermədən və araşdırma aparmadan mülkiyyətçinin müraciətini baxılması üçün aidiyyəti üzrə Agentliyə göndərmişdir. Eyni qaydada söküntü işlərini apardığına baxmayaraq Binəqədi rayon İcra hakimiyyəti bu barədə heç bir məlumat vermədən vətəndaş müraciətini baxılması üçün Agentliyə göndərmişdir. Hazırda həmin ərazidə yerləşən torpaqların hər 100 kv.m-i, yəni 1 sotunun 10.000 manat civarında olması nəzərə alınarsa, hesablanmış və ödəniləcəyi şübhə doğuran kompensasiyanın ədalətsiz hesablandığı ortaya çıxır. Buna görə də zəbt olunmuş torpaq sahələrinin real bazar dəyərini müəyyən etmək üçün qiymətləndirmə keçirilməli və ödəniləcək kompensasiya məbləği həmin rəyə uyğun olaraq yenidən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə (üçüncü şəxslərə) təqdim edilmiş və cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəməyə daxil olmuş iş üzrə üçüncü şəxs Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinin iddiaya dair yazılı etirazında göstərilmişdir ki, iddiaçı tələbini əsaslandırarkən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə şifahi və yazılı müraciət etdiyini, bununla da agentlik tərəfindən ona məxsus torpaq sahələrinin yolun tikintisi altına düşdüyünü, bununla əlaqədar dəymiş ziyana görə kompensasiyanın ödənilməsi ilə əlaqədar müvafiq qurumlara müraciət olunduğunu, lakin hasar və darvazanın söküntüsünün Binəqədi rayon İcra hakimiyyəti tərəfindən aparıldığı bildirildiyini qeyd edir. Eyni tələblə bağlı iddiaçının Binəqədi rayon İcra hakimiyyətinə daxil olmuş müraciəti aidiyyəti üzrə baxılması üçün 02/09-11-1 l/V-23-071 saylı 25.08.2019-cu il tarixli məktubla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər; 33.1-ci maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxii olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. 33.2-ci maddəsinə əsasən ərizə və ona əlavə edilmiş sənədlərin səlahiyyətli inzibati orqana göndərilməsi barədə ərizəçiyə 6 gün müddətində yazılı şəkildə əsaslandırılmış məlumat verilməlidir. 33.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində birbaşa nəzərdə tutulmamışdırsa, ərizəni müvafiq səlahiyyətli orqana göndərən inzibati orqan tərəfindən ərizənin mahiyyəti üzrə hər hansı rəy verilməsi yolverilməzdir. Qanunvericiliyin yuxarıda qeyd olunanlar müddəlarından da göründüyü kimi, hazırki mübahisə ilə bağlı Binqədi rayon İcra hakimiyyəti səlahiyyətli və məsuliyyətli qurum olmadığından müraciət Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə göndərilmişdir. Həmin yol Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq salınıb. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 1.3.3-cü bəndinə əsasən yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində “Bilgəh — Novxanı — Sumqayıt” avtomobil yolunun tikintisinin davam etdirilməsində icraçılar Nəqliyyat Nazirliyi və “xxxx” Açıq Səhmdar Cəmiyyəti göstərilmişdir. Əlavə olaraq bildirilmişdir ki, həmin yolun tikintisinin həyata keçirilməsi ilə bağlı tədbirlər görülməsi Binəqədi rayon İcra hakimiyyətinə tapşırılmamışdır və Dövlət Proqramında əks olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 №-li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Avtomobil Yolları X2: 1.1-ci bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (bundan sonra - Agentlik) Azərbaycan Respublikasının avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi, balansında olan avtomobil yollarının (bundan sonra - avtomobil yolları), habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması və onların vəziyyətinə nəzarət edilməsi, habelə yol infrastrukturunun inkişafı ilə bağlı digər işlərin kompleks şəkildə aparılmasının təmin edilməsi sahəsində (bundan sonra - müvafiq sahədə) fəaliyyətlə məşğul olan publik hüquqi şəxsdir. 3.1.12-ci bəndinə əsasən agentliyə ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitlərindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin edir. İş materiallarından göründüyü kimi rayon İcra hakimiyyəti tərəfindən iddiaçının hüquqları pozulmamışdır. Cavabdehin və digər üçüncü şəxsin iddia ilə bağlı yazılı münasibətləri (etirazları) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyəti nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etmədiklərindən məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, ekspert rəyinin nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; ASAN-3 tərəfindən 02.06.2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1988-ci ildə Rusiya Federasiyası, Sverdlovsk şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən İsmayılova (Vəliyevə) Şəbinə Novruz qızının adına verilmiş RX seriyalı ******* №-li və ******* №-li çıxarışlardan müəyyən olunur ki, müvafiq olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 1037e və 1036ç saylı bağ sahələri tam mülkiyyət hüququ üzrə İsmayılova (Vəliyevə) Şəbinə Novruz qızının adına ********** və ********** nömrələri ilə 26.10.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, onun müraciətinə cavab olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş 19.08.2019-cu il tarixli Kol-3/09-6130 №li məktubu ilə sonuncuya bildirilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində X4 məxsus reyestr № **********87 olan 12,0 sot torpaq sahəsinin 4,1814 sot hissəsi və reyestr № **********85 olan 11,9633 sot hissəsinin 3,6627 sota torpaq sahəsi yolun tikintisi altına düşmüşdür. Bununla əlaqədar X4 məxsus olan torpaq sahələrinin Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmiş “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin həlli ilə əlaqədar agentlik tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Eyni zamanda bildirilmişdir ki, tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilməsinə baxmayaraq, söküntü işləri agentik tərəfindən aparılmamış və müraciətçinin daş hasar, darvaza barədə agentlikdə heç bir məlumat yoxdur. Məhkəmənin müvafiq sorğularına cavab olaraq; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********694 №li 06.11.2019-cu il tarixli məktubda göstərilmişdir ki, X3 adına ünvan 2 ünvanında yerləşən torpaq sahəsinə dair RX seriyalı, **********85 reyestr nömrəli çıxarış və ünvan 3 ünvanında yerləşən torpaq sahəsinə dair **********87 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən verilmiş 3/09-8333 №li 07 noyabr 2019-cu il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il tarixli 232 nömrəli Sərəncamına əsasən “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial inkişafına dair Dövlət Proqramı”na əsasən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilmişdir. Sözügedən layihə çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən vətəndaş İddiaçı heç bir kompensasiya ödənilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır. İddiaçı özünə məxsus olan torpaq sahələrinin cavabdeh tərəfindən həyata keçirilən avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində yolun tikintisi altına düşdüyünə görə cavabdehdən ona kompensasiya və tikinti işləri nəticəsində ona dəymişmaddi və mənəvi ziyanın ödənilməsini xahiş etmiş, cavabdeh ərizəni təmin etməmişdir. Odur ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında cavabdehin üzərinə ona kompensasiya ödənilməsi barədə öhdəlik qoyulmasını xahiş etmişdir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Məcəllənin 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağmədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. Həmin Məcəllənin 246.3-cü maddəsinə əsasən torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. Həmin Məcəllənin 246.5-ci maddəsinə əsasən bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. Həmin Məcəllənin 246.7-ci maddəsinə əsasən torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3.1.1-ci maddəsinə əsasən dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Həmin Qanunun 5.1-ci maddəsinə əasən istifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq xüsusi mülkiyyətdə olan torpaqlar və bələdiyyə mülkiyyətində olan torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən torpaqları dövlət ehtiyacları üçün alan orqan (bundan sonra - alan orqan) bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş qaydada qəbul edilən, torpağın alınmasını zəruri edən dövlət ehtiyacının mövcudluğu barədə qərarla müəyyən olunur və torpaqların dövlət ehtiyacları üçün alınmasını konkret halda dövlətin adından icra edir. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konsitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X9rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun birinci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun birinci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. Avropa Məhkəməsi qeyd olunan iş üzrə qərarında göstərmişdir ki, ərizəçiyə adekvat kompensasiyanın təyin edilib-edilməməsi məsələsinin həll edilməsi nəzərə alınmalı olan amillərdəndir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin ekspertiza təyin olunması barədə 09 oktyabr 2019-cu il tarixli qərardadının icrası ilə bağlı “xxxx” MMC tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, X3 xüsusi mülkiyyətində olan, **********85 reyestr nömrəli, sahəsi 0,119633 ha təşkil edən 1037e saylı bağ sahəsinin 0,036627 ha-lıq hissəsinin və Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən, X3 xüsusi mülkiyyətində olan, **********87 reyestr nömrəli, sahəsi 0,12 ha təşkil edən 1036ç saylı bağ sahəsinin 0,041814 ha-lıq hissəsinin qiymətləndirilməsi ilə əlaqədar hesabat məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən vəsatətlə məhkəməyə müraciət olunaraq, iş üzrə təkrar məhkəmə ekspertizasının təyin edilməsi və həmin ekspertizanın keçirilməsində Maliyyə Nazirliyinin mütəxəssisinin iştirakının təmin edilməsi xahiş olunmuş və vəsatətdə göstərilmişdir ki, məhkəmə araşdırması zamanı “xxxx” MMC-nin iddiaçıya məxsus olan Bakı şəhəri Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun kənarında 4.1814 sot və 3.6627 sot torpaq sahələrinin hazırki bazar qiymətinə dair rəyi alınmışdır. 3-cü şəxs hesab edir ki, həmin ekspert rəyləri ilə müəyyən edilmiş məbləğlər həddindən artıq şişirdilmələrə yol verilməklə təyin edilmişdir, torpaqların mövcud bazar qiymətindən tamamilə yüksəkdir. Təqdim edilmiş rəylərdə tədqiqat hər hansı sübutlarla əsaslandırılmamış, xəyali, reallığı əks etdirməyən məbləğlər müəyyənləşdirilmişdir. Həmin rəylərlə müəyyənləşdirilən qiymətlər müvafiq ərazidə torpaqların qiymətləri ilə uzlaşmır. Təqdim edilmiş rəylərdə ümumi anlayışlar açıqlanmışdır. Rəylərdə hansı analoji obyektərin bazar dəyərinin təhlil olunduğu göstərilməmiş, həmçinin hansı uyğun obyektlərin qiymətlərinə istinad olunduğu bildirilməmişdir. Həmin hüquqi şəxs rəylərini mövcud bazar qiymətləri əsasında müəyyən etdiyini bildirsə də, rəylərdə bunu təsdiq edən hər hansı sübuta rast gəlinmir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 23-cü, 24-cü və 75-ci maddələrinin tələblərinə uyğun olaraq torpaqlar dövlət ehtiyacları üçün alınarkən, kompensasiya məbləğləri müəyyən edilərkən, nəzarət orqanının (Azərbaycan Respublikası Maliyyə Nazirliyinin) təklifləri nəzərə alınmalıdır. Həmçinin nəzarət orqanının təklifləri ödənilən kompensasiyanın məbləğində dəyişikliklər edilməsi barədə qərar qəbul edilməsi üçün əsasdır. Bununla bağlı iş üzrə yenidən məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək, ekspertizanın aparılmasında Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri cəlb edilməklə, ekspert qarşısında aşağıdakı sualların qoyulması qərara alınmışdır: İş materiallarında olan Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* və ******* №-li çıxarışlara əsasən iddiaçı İsmayılova (Vəliyevə) Şəbinə Novruz qızının adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi,1037 e saylı və 1036 ç saylı bağ sahələrinin yerləşdiyi müvafiq olaraq 0,119633 ha və 0,12 ha olan torpaq sahələrinin yolun tikintisi altına düşmüş; - 4,18 ha və 3,66 ha torpaq sahələrinin real bazar dəyəri nə qədər təşkil edir? - 4,18 ha və 3,66 ha hissəsinin daş hasarlarının real bazar dəyəri nə qədər təşkil edir? “X5” MMC tərəfindən verilmiş 04 №li 25 may 2021-ci il tarixli ekspert rəyindən göründüyü kimi, ekspert belə nəticəyə gəlmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, o cümlədən təqdim olunmuş sənədlərə və baxış zamanı aşkar olunmuş faktiki vəziyyətə əsasən, Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* və ******* №li çıxarışlara əsasən iddiaçı İsmayılova (Vəliyeva) Səbinə Novruz qızının adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1037 e saylı və 1036 ç saylı bağ sahələrinin yerləşdiyi müvafiq olaraq 0,119633 ha və 0,12 ha olan torpaq sahələrinin yolun tikintisi altına düşmüş 4,18 sot (0,0418 ha) torpaq sahəsinin real bazar qiymətləri ilə təqribi dəyəri 29.816,00 manat, 3,66 sot (0,0366 ha) torpaq sahəsinin real bazar qiymətləri ilə təqribi dəyəri 26.107,00 manat məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* və ******* №li çıxarışlara əsasən iddiaçı İsmayılova (Vəliyeva) Səbinə Novruz qızının adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1037 e saylı və 1036 ç saylı bağ sahələrinin yerləşdiyi müvafiq olaraq 0,119633 ha və 0,12 ha olan torpaq sahələrinin yolun tikintisi altına düşmüş 4,18 sot (0,0418 ha) və 3,66 sot (0,0366 ha) hissəsini əhatə edən daş hasarları barədə hər hansı məlumat inzibati iş materiallarında yoxdur və daş hasarları barədə dəqiq məlumatı baxış keçirilən zaman əldə etmək mümkün olmamışdır. Əlavə olaraq qeyd olunur ki, mişar daşından bir qat (20 sm.) hasarın 1 kv. metrinin hörülməsi üçün görülməli tikinti-quraşdırma işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olraraq 24,40 manat məbləğində müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1037 e saylı və 1036 ç saylı bağ sahələrinin yerləşdiyi müvafiq olaraq 0,119633 ha və 0,12 ha torpaq sahələrinin 4,18 sot (0,0418 ha) və 3,66 sot (0,0366 ha) hissələrinin yolun tikintisi altına düşməsi nəticəsində vurulmuş maddi ziyana görə cəmi 55.923 (29.816,00 + 26.107,00) manat məbləğində pul cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bununla yanaşı iddiaçı özünə məxsus və tam şəkildə uçurulmuş 0.119633 ha torpaq sahəsinin 425 kv/m daş hasarların hər 1 kv. m-nə 20 manat olmaqla 8.500 manat, 0.12 ha torpaq sahəsinin isə 440 kv/m daş hasarların hər 1 kv/m-nə 20 manat olmaqla 8.800 manatın, sökülmüş dəmir darvazaya görə 1.000 manatın və qanunsuz olaraq mülkiyyətdən məhrum edildiyinə görə ona qanunvercilikdə nəzərdə tutulmuş qaydada dəymiş 10.000 manat həcmində mənəvi ziyanın da cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1037 e saylı və 1036 ç saylı bağ sahələrinin yerləşdiyi müvafiq olaraq 0,119633 ha və 0,12 ha torpaq sahələrinin yolun tikintisi altına düşmüş 4,18 sot (0,0418 ha) və 3,66 sot (0,0366 ha) hissəsini əhatə edən daş hasarları barədə hər hansı məlumat inzibati iş materiallarında yoxdur və ekspert tərəfindən daş hasarları barədə dəqiq məlumatı baxış keçirilən zaman əldə etmək mümkün olmamış və iddiaçı tərəfindən bu tələbini təsdiq edəcək heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia bu hissədə sübut olunmadığından təmin oluna bilməz. İddiaçının mənəvi ziyanla bağlı tələbinə gəldikdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il 7 №li Qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Məhkəmə araşdırması zamanı hazırki iş üzrə cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində İddiaçı mənəvi ziyan vurulması sübuta yetirilməmişdir və belə olan halda məhkəmə hesab edir ki, iddia mənəvi ziyanın tutulması hissəsində də təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının nümayəndəsinin izahatına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1037 e saylı və 1036 ç saylı bağ sahələrinin yerləşdiyi müvafiq olaraq 0,119633 ha və 0,12 ha torpaq sahələrinin 4,18 sot (0,0418 ha) və 3,66 sot (0,0366 ha) hissələrinin yolun tikintisi altına düşməsi nəticəsində vurulmuş maddi ziyana görə cəmi 55.923 (29.816,00 + 26.107,00) (əlli beş min doqquz yüz iyirmi üç) manat məbləğində pulun iddiaçıya ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “X5” MMC-nin 226534 №li 25 may 2021-ci il tarixli kassa mədaxil orderindən görünür ki, 300 manat məbləğində ekspertiza xərci İddiaçı tərəfindən Mərkəzə ödənilmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq Cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 300 (üç yüz) manat məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Novxanı- Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndi, 1037 e saylı və 1036 ç saylı bağ sahələrinin yerləşdiyi müvafiq olaraq 0,119633 ha və 0,12 ha torpaq sahələrinin 4,18 sot (0,0418 ha) və 3,66 sot (0,0366 ha) hissələrinin yolun tikintisi altına düşməsi nəticəsində vurulmuş maddi ziyana görə cəmi 55.923 (29.816,00 + 26.107,00) (əlli beş min doqquz yüz iyirmi üç) manat məbləğində pulun İddiaçı ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilsin. İddia qalan hissədə təmin olunmasın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən 300 (üç yüz) manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar