Məhkəmə qərarları › İş №2-1(112)-3010/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3010/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3010/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “sayğacın quraşdırılması və müqavilənin bağlanılması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının sahiblik və istifadəsində olan Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park (həyət evləri), küçə 5, 12 nömrəli fərdi yaşayış evində onun adına qaz sayğacının quraşdırılması və təbii qazdan istifadə üçün nəzərdə tutulmuş alqısatqı müqaviləsinin İddiaçı ilə X2 arasında bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park (həyət evləri), küçə 5, 12 nömrəli fərdi yaşayış evində yaşayır. Həmin evə Cavabdeh tərəfindən G-4 markalı 1402AZ**********63 nömrəli qaz sayğacı quraşdrılmışdır. 02 dekabr 2022-ci il tarixdə, haqqında danışılan sayğacın yenisi ilə əvəz olunması üçün, həmin tarixli, ******* nömrəli müvafiq Akt tərtib olunmuşdur. Bundan sonra, köhnə sayğac cavabdehin məsul şəxsləri tərəfindən aparılmışdır. Ancaq həmin vaxt tərəflər arasında hansısa bir akt, tələbnamə və bu kimi digər hər hansı bir rəsmi məlumat iddiaçıya bildirilməmişdir. Daha sonra, qaz pulunu ödəyərkən, post terminaldan verilmiş xəbərdarlığa görə, yekun borc məbləğinin olması barədə qəbzdə göstərilmişdir. Dəfələrlə bu barədə cavabdehə şifahi qaydada bildirilmiş olsa da, hər dəfə bir bəhanə gətirilmiş və müxtəlif fikir və ifadələr işlədilmişdir. Sonra müəyyən olmuşdur ki, "xxxx" İB- nin əməkdaşları ilk əvvəl xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt tərtib edərək, guya iddiaçının yaşadığı evdə (Abşeron rayonu, Xırdalan şəhəri, AAAF park (həyət evləri), küçə 5, ev 12) quraşdırılmış qaz sayğacında kart qəbul olunmur, hansısa kənar əşya aşkar olundu və sayğac nisbi işləməklə istismara yararsız olması aşkar edilmişdir. Birincisi, qeyd edilən aktdan heç vaxt onun (iddiaçının) xəbəri olmamışdır. Həmin ünvanda iddiaçı özü yaşayır, əgər bu barədə bildirilmiş olsa idi, iddiaçı hər bir halda öz etiraz və irdadlarını Aktda göstərərdi. Ona görə ki, bu Akt ümumilikdə iddiaçının xəbəri olmadan tərtib edilmiş və həqiqəti əks etdirəməyən bir "sənəd" olmuşdur. Qeyd olunan həmin Akt və eləcə də onun əsasında tərtib edilmiş xx.xx.2023-cü il tarixli Tələbnamə adlı sənəd rəsmi qaydada göndərilməmiş və iddiaçı bacısı ilə birlikdə 23 fevral 2024-cü il tarixdə qeyd edilən sənədlərin kserosurətlərini qaz idarəsindən şəxsən götürmüşdür. Göstərilən sənədlərlə tanış olduqdan sonra, iddiaçıya bəlli olmuşdur ki, tərtib edilmiş akt əsassız və qanunsuzdur. Bu elə Aktın özünün mətnindən də görünür. Birincisi, aktda iddiaçının adının deyil, tam başqa şəxsin - X1 - adı göstərilir. Ancaq haqqında danışılan fərdi yaşayış evi iddiaçı ilə AAAF Park arasında 12 mart 2016-cı il tarixdə bağlanmış, A/0005 nömrəli "Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı haqqında Müqavilə"yə əsasən iddiaçıya məxsus olmuşdur. Sonradan, yəni artıq 2023-cü il tarixdə Fərid Məmmədovun burada mübahisələndirilən aktda, həmçinin cavabdeh tərəfindən tərtib edilmiş tələbnamədə adının qeyd olunmasının hüquqi əsası olmamışdır. Bu isə onu bildirir ki, cavabdeh tərəfindən tərtib edilmiş bu sənədlər həm həqiqəti əks etdirməmiş, həm də ümumiyyətlə tərtib edilərkən qeyd edilən sənədlərdə göstərilən hallar baş verməmişdir. İkinci tərəfdən, aktda qeyd olunur ki, guya Fərid Məmmədov aktı imzalamaqdan imtina etmişdir. Fərid Məmmədov orada yaşamırsa, bu aktı imzalamaqdan necə imtina edə bilər? Bu hansı məntiqə və hansı düşüncəyə uyğun gəlir? Yəni, mübahisələndirilən akt harada və hansı saatda, eləcə də tarixdə tərtib edilibsə, hazırki iş üzrə iddaçı cavabdehin əməkdaşları ilə birgə olmamışdır. Üçüncü tərəfdən, tərtib edilmiş aktla cavabdehin özünün irəli sürdüyü tələbnamə adlı sənəddə də uyğunsuzluq vardır. Belə ki, aktda baxış keçirilərkən aşkar olunmuş nöqsan kimi qaz sayğacında kartın qəbul olunmaması, kənar əşyanın aşkar olunması və sayğacın nisbi işləməklə istismara yarasız olması göstərildiyi halda, ancaq tələbnamədə sayğacın çıxış plastmas borşunun deşilməsi bildirilir. Buradan da görünür ki, cavabdehin məsul şəxsləri ümumiyyətlə heç özləri bilməmişlər ki, nəyi axtarıb tapıblar və hansı əsaslar üzərindən də akt və ya tələbnamə tərtib ediblər. Bu artıq cavabdehin özünün tərtib etdiyi sənədlərin özününü əsassızlığı və qanunazidd olmasını özündə əks etdirir. Eyni zamanda, X3 imtna etdiyi bildirilir və digər bilinməyən 3 nəfər şəxsin Aktın doğruluğunu təsdiq etmələri göstərilir. Bu şəxslər kimdir, ümumiyyətlə belə şəxslər varmı, bunlar hansı səlahiyyətlə Dövlətin adından tərtib edilmiş Aktın doğruluğunu təsdiq etmələri barədə Aktda bir dənə də olsun məlumat verilmir. Çünki Akt tərtib edilərkən, gizlin qaydada, ümumiyyətlə heç gəlib yerdə baxış keçirmədən Akt tərtib etmişlər. Bundan başqa, qeyd olunan köhnə sayğac iddiaçının yaşadığı fərdi yaşayış evinin çöl hissəsində olmuşdur. Əlavə olaraq, sayğac götürülüb aparıldıqdan sonra, cavabdehin əməkdaşları necə yoxlayıblar, hansı qaydada və texnologiya ilə müəyyənləşdirmişlər ki, sayğacda həmin problem vardır? Bütün bu xüsustaların dəqiqləşdirilməsi və aydınlaşdırılması üçün iddiaçı xx.xx.2024-cü il tarixli şikayətlə "xxxx" İB-nə rəsmi qaydada müraciət olunmuş və müraciət də cavabdeh tərəfindən xx.xx.2024-cü il tarxidə də rəsmi qaydada alınmışdır. Həmin müraciəti cavabdeh bu günə qədər cavablandırmamış, ümumiyyətlə əhəmiyyət belə verməmişdir. Bütün bu yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının barəsində tərtib edilmiş, xx.xx.2023-cü il tarixli, ******* nömrəli Akt ləğv edilməli və onun əsasında hesdablanmış 1 864,13 (bir min səkkiz yüz altmış dörd manat, 13 qəpik) manat məbləğində borc silinməlidir. Bu səbəbdən, iddiaçı tərəfindən 02 aprel 2024-cü il tarixli iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə müraciət edərək, "xxxx" İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın ləğv olunması, həmin akt əsasında iddiaçıya hesablanmış 1 864,13 (bir min səkkiz yüz altmış dörd manat, 13 qəpik) manat dəymiş ziyanın (borcun) silinməsi (ləğv olunması barədə) qətnamə qəbul edilməsini xahiş etmişdir. İşə baxan məhkəmə verilmiş iddia tələblərinin rədd olunması barədə xx.xx.2024-cü il tarixli, 2(011)-4124/2024 nömrəli qətnamə qəbul etmişdir. İddia tələbinin rədd olunmasının hüquqi əsası kimi, İddiaçı həmin iddia ərizəsini verərkən, onun subyektiv hüququnun olmamasının əsas gətirilməsi olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qaz sayğacının quraşdırıldığı yaşayış evi İddiaçı sahiblik və istifadəsində olsa da, ancaq sayğacın quraşdırılması barədə iddiaçı ilə cavabdeh arasında hər hansı bir müqavilə olmamış və quraşdırılmış sayğac isə başqa şəxsə aid olmuşdur. Buna görə də, iddiaçının hansısa hüquqlarının pozulmasından burada danışmaq olmaz (qətnamənin 23, 24 və 25-ci bəndləri). Qətnamə ilə həmçinin o da müəyyənləşdirilmişdir ki, belə bir mübahisəni isə ancaq qazın alqı-satqı müqaviləsi üzrə müqavilə tərəfi olan şəxs mübahisələndirə bildiyindən, iddia tələbləri də tam rədd olunmalıdır (qətnamənin 26 və 27-ci bəndləri). Belə olan halda, qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Ancaq cavabdeh inzibati orqana iddiaçı dəfələrlə şifahi qaydada müraciət etmiş olsa da, hər dəfə qaz sayğacı kimin adınadırsa həmin şəxsin razılığı ilə iddiaçının adına rəsmiləşdirilməsinin mümkün ola biləciyini vurğulamışlar. Lakin, iddiaçı əgər həmin şəxsi tanmırsa və sayğacın da onun deyil, cavabdehin təqsiri üzündən iddiaçının razılığı olmadan başqa şəxsin adına müqavilə bağlamış cavabdeh orqan bunu necə edə bilər? Yaşayış evi uzun müddətdir ki, iddiaçıya faktiki sahiblik və istifadə hüquqları əsasında məxsusdursa, cavabdeh inzibati orqan özünün səlahiyyətlərini aşaraq belə bir müqaviləni başqa şəxslə bağlaması və sonra da, həmin sayğac üzrə yaranmış borcu necə istəyə bilər ki, digər tərəfdən, iddiaçıya heç zaman alqı-satqı müqaviləsinin bağlanmasına dair ona nə məlumat verilmiş, nə də ki bu barədə məlumatlı ola-ola, sonradan belə bir müqaviləni bağlamaqdan necə imtina edə bilərdi? Bütün bu xüsusatlara görə iddiaçı bu dəfə məcbur olub rəsmi qaydada cavabdeh inzibati orqana əvvəlcə ərizə ilə müraciət etmişdir. Ərizəyə əsasən, iddiaçının sahiblik və istifadəsində olan fərdi yaşayış evində onun adına qaz sayğacının quraşdırılması, təbii qazdan istifadə üçün nəzərdə tutulmuş müvafiq müqavilənin bağlanmasına göstəriş verilməsini xahiş etmişdir. Ərizə rəsmi qaydada, yəni 05 avqust 2024-cü il tarixdə cavabdehə ünvanlanmış və cavabdeh də həmin rəsmi müraciəti 08 avqust 2024-cü il tarixdə əldə etmişdir (almışdır). Artıq həmin müraciətin üzərindən 35 gündən artıq vaxt keçməsinə baxmayaraq, ərizə nə cavablandırılmış, nə də ki ərizədə göstərilən xahiş, inzibati orqan tərəfindən yerinə yetirilməmişdir. Nəzərə alsaq ki, təbii qazdan istifadə ilə bağlı onun satışını əhaliyə satan yeganə inzibati orqan hazırki iş üzrə inzibati orqandır. Bu orqandan başqa, AR-da qazdan istifadəyə görə başqa bir qurumla alqı-satqı müqaviləsinin bağlanması qeyri-mümkündür. Çünki bu inziabti orqan təbii inhisar subyektidir və ancaq onunla bağlanmalıdır ki, iddiaçının təbii qazdan istifadə ilə bağlı hüquq münasibətlərində işitrakı mümkün olsun. Lakin, inzibati orqan həm özünün qanunazidd hərəkətləri ilə bu müqaviləni aidiyyəti olmayan şəxslə bağlamış, eləcə də həmin müqavilə bağlanarkən, qazın həqiqi istifadəçisi və istehlakçısı olan şəxsə xəbər verilməmişdir. Bu günləri başqa şəxsin adına olan sayğaca görə yaranmış ödənişlər iddiaçı tərəfindən ödənilir, lakin sayğac adiyiyyəti olmayan şəxsin adınadır, çünki müqavilə də həmin aidiyyəti olmayan şəxslə bağlanmışdır. Odur ki, ididiaçının hüquqlarının bərpa olunması və təbii qazdan harada və kim tərəfindən həqiqətən istifadə olunursa, həmin şəxslə də müqavilə bağlanmalıdır. Buna görə də hazırki iş üzrə cavabdehin tərəfindən belə bir alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməlidir.

3. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın mümkünlüyü

5. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.

7. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarının:

4. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

13. Qanunvericiliklə onlara inzibati akt qəbul etmək, eləcə də ümumi (publik) hüquq sahəsində hakimiyyət səlahiyyətlərinin həyata keçirilməsi ilə bağlı faktiki xarakterli hərəkətlər etmək səlahiyyətinin verildiyi konkret hallar istisna olmaqla, təbii inhisar subyektləri “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan sayılmırlar.

14. Təbii inhisar subyektləri dövlət və ictimai maraqları təmin etməyə yönəlmiş fəaliyyətlərin həyata keçirilməsi ilə əlaqədar həm onların fəaliyyətinin dövlət tənzimlənməsini həyata keçirən orqanlarla (rəqabət orqanı, Tarif (qiymət) Şurası və digər tənzimləyici qurumlar), həm də təsərrüfat subyektləri və istehlakçılarla münasibətlərə daxil olurlar. Buna görə, məhkəmələr ilk növbədə, təbii inhisar subyektlərinin iştirakçısı olduğu mübahisələrin qeyd edilən iki kateqoriya münasibətlərdən məhz hansının çərçivəsində yarandığını aydınlaşdırmalıdırlar. Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduqları münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır. Çünki təbii inhisar fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı qərarların qəbul olunması, hərəkət və ya hərəkətsizliyin edilməsi publik maraqlar naminə hakimiyyət səlahiyyətlərinin icrası qaydasında həyata keçirilən, eləcə də ünvanlandığı təbii inhisar subyektləri barəsində hüquqi nəticələr yaradan fəaliyyətdir. Müvafiq olaraq belə fəaliyyətin həyata keçirilməsi nəticəsində hüquqlarının pozulduğunu iddia edən təbii inhisar subyektləri tərəfindən təbii inhisarları tənzimləyən orqanlara qarşı qaldırılmış iddialara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduqları münasibətlər (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) isə konkret subyektlərə təbii inhisar fəaliyyətinə aid edilmiş sahələr üzrə məhsulun satışı və ya xidmətlərin təqdim edilməsinə yönəlmiş iqtisadi fəaliyyət olmaqla son nəticədə mülki-hüquqi xarakter daşıyır. Həmin münasibətlər xüsusi hüquq rejiminə tabe edildiyinə görə, bununla bağlı yaranmış mübahisələr inzibati hüquq sahəsində yaranmış münasibətlər kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.

8. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda cavabdeh “Cavabdeh inzibati orqan qismində göstərilməmişdir. Göründüyü kimi Cavabdeh inzibati orqan deyildir.

10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarının “qərara aldı” hissəsində qeyd olunur: 1.Təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır.

2. İnzibati xətalar haqqında işlər üzrə təbii inhisar subyektinin qəbul etdiyi inzibati aktlardan verilən şikayətlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 431.1.3-cü maddəsinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır.

3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır.

11. Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 189 nömrəli, 19 iyul 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Təbii inhisar subyektlərinin siyahısı"na görə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti təbii inhisar sübyektlərinə aid edilərək bu siyahıya daxil edilmişdir.

12. İddia ərizəsindən görünür ki, iddiaçı ilə cavabdeh arasında mübahisə iddiaçıya məxsus ünvanda quraşdırılmış qaz sayğacının dəyişdirilməsi və yeni sayğacın üzərində olan borcun iddiaçının hesabına köçürülməsi nəticəsində nəticəsində yaranmış hüquq münasibətlərindən irəli gəlir. Belə olan halda, tərəflər arasında olan hüquq münasibəti inzibati xarakter daşımır, xüsusi hüquq münasibət kimi müəyyənləşdirilir.

13. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının: 11-ci bəndinə əsasən inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

14. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən iddianın lazımi qaydada qaldırılması tələbinə riayət edilməmişdir. Belə ki, hazırkı mübahisə inzibati orqan olmayan hüquqi şəxslə iddiaçı arasındakı istehlak və müqavilə münasibətlərindən irəli gəlir. Hazırda iddiaçı üçün səmərəli hüquq müdafiə vasitəsi müvafiq iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etməkdir.

15. Odur ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya səmərəli hüquq müdafiə vasitəsi izah olunduğundan iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.

16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar