Məhkəmə qərarları › İş №2-1(112)-3011/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3011/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3011/2022 14.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialına ərizə ilə müraciət edərək, ona ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, həmin müraciətin aidiyyəti üzrə göndərildiyi Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının əri X2 məxsus xx.xx.1973-cü il tarixdə tərtib edilmiş əmək kitabçasının surətinə əsasən onun sığorta stajı 15 il 25 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (15 il 4 ay) azdır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X7, Daxili nəzarət və Monitorinq Departamentinin xx.xx.2021-ci il tarixli xidməti məruzəsinə əsasən iddiaçının ərinin xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixinədək işlədiyi “Səda” kooperativinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvanı məlum olmadığı üçün həmin dövrlərin araşdırılması mümkün olmamış və qeyd edilən dövrlər sığorta stajına əlavə edilməmişdir. Bundan sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 9 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, mərhum həyat yoldaşı X1 vəfatına qədər iş stajının 15 il 11 ay 27 gün olması faktını müəyyən edib cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialını (bundan sonra – cavabdeh) göstərmiş, həmçinin işin aidiyyəti üzrə göndərilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1471/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, hüququnun yarandığı vaxtdan ona ailə başçısının itirilməsinə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. İİ. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, mərhum həyat yoldaşı X3 ilə 22 dekabr 1977-ci ildə rəsmi nikaha daxil olmuşdur. Həyat yoldaşı 10 iyun 2012-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra onun həyat tərzində dəyişiklik əmələ gəlmiş və ehtiyaclar içərisində yaşamağa başlamışdır. Çünki evdar qadın olmaqla bir sənət sahibi olmamış və yaşadığı müddət xəstəliklərlə müşayiət olunmuşdur. Həyat yoldaşı X1 əmək fəaliyyəti 1973-cü ilin fevral ayının 02-dən əmək kitabçasında qeyd edilmiş, bəzi iş fəaliyyətləri və hərbi xidmət müddəti qeydə alınmamışdır. Bu səbəbdən yanlış olaraq Dövlət Sosial Müdafiə Fondu araşdırma aparmış və həyat yoldaşının iş stajını 15 il 25 gün hesablamışdır. Lakin həyat yoldaşı X1 vəfatına qədər 18 il 11 ay 27 gün iş stajı olmuşdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında bildirmişdir ki, təqdim edilmiş mərhum X2 məxsus xx.xx.1973-cü il tarixində tərtib edilmiş əmək kitabçasının surətinə əsasən sığorta stajı 15 il 25 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (15 il 4 aydan) azdır. Həmçinin əmək kitabçasında qeyd olunmuş xx.xx.1988-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək işlədiyi “Səda" kooperativinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün həmin dövrlərin araşdırılması mümkün olmamış və qeyd edilən dövrlər sığorta stajına əlavə edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2020 - 30 iyun 2021-ci il üzrə qadınlara pensiya təyin edilməsi üçün yaş həddi 62 ildir. İddiaçının cavabdehə müraciət etdiyi dövrdə qüvvədə olan ƏPQ-nin 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ dərəcə əlilliyi olan şəxsdirsə. ƏPQ-nin 17.1-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının həmin qanunun 12.1-ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. ƏPQ-nin 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. İstinad olunan normalardan göründüyü kimi, arvada 1 iyul 2020 - 30 iyun 2021-ci il üzrə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün aşağıdakı şərtlər tələb olunur:

1. 62 yaşın tamam olması;

2. ölüm gününədək ailə başçısının ümumilikdə 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajının olması. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1959-cu ildə Cəlilabad rayonunda anadan olmuşdur və onun 62 yaşı xx.xx.2021-cı ildə tamam olmuşdur. İşdə olan nikahın bağlanması haqqında İ-ЖГ № 456633 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X6 ilə xx.xx.1951-ci il təvəllüdlü X3 arasında xx.xx.1977-ci il tarixdə nikah bağlanmış, iddiaçı nikahdan sonra soyadını “Məmmədova”ya dəyişdirmişdir. Beləliklə, sadalananlara əsasən müəyyən olunur ki, iddiaçı mərhum Y.Məmmədovun arvadı olmaqla onun ailə üzvü olmuş, iddiaçı xx.xx.2021-ci il tarixdə yaşa görə pensiya təyin olunması üçün tələb olunan yaş həddinə (62 yaş) çatmışdır. Deməli, iş üzrə tələb olunan ilkin şərt ödənilir. İkinci şərtə gəldikdə, işdə olan AZ-İ № 541770 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.1951-ci il təvəllüdlü X3 xx.xx.2012-ci il tarixdə 61 yaşında ölmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.4-cü maddəsinə əsasən əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər. ƏPQ-nin 12.1-ci maddəsinə əsasən iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyini üçün vəfat edən ailə başçısının tələb olunan minimum sığorta stajı 15 il 4 aydır ((61- 15)×4÷12= 46×4÷12= 184÷12= 15 il 4 ay). İş materiallarında olan SSR Nazirlər Sovetinin Texniki-peşə təhsili üzrə Dövlət Komitəsinin 08827 nömrəli, 28 mart 1970-ci il tarixli şəhadətnaməsindən görünür ki, X3 xx.xx.1969-xx.xx.1970-ci illərdə 8 nömrəli orta texniki peşə məktəbində peşə təhsili almış, ona 3-cü dərəcəli nəqliyyat vasitəsinin sürücüsü ixtisası verilmişdir. İşdə olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, X3 xx.xx.1970xx.xx.1972-ci illərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Y.Məmmədova məxsus xx.xx.1973-cü il tarixdə tərtib edilmiş əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1973-xx.xx.1973-cü illərdə Azərbaycan SSR Nazirlər Sovetinin “Azərkəndtəsərrüfatıtexnikası” X4 3-cü dərəcə sürücü, xx.xx.1974xx.xx.1977-ci illərdə, habelə xx.xx.1980-xx.xx.1983-cü illərdə Azərbaycan SSR Kənd Tikinti Nazirliyində 3-cü dərəcə sürücü, xx.xx.1984-xx.xx.1988-ci illərdə Azərbaycan SSR Avtomobil Nəqliyyat Nazirliyi Cəlilabad ekspedisiya nəqliyyat müəssisəsində 3-cü dərəcəli sürücü, xx.xx.1988-xx.xx.1991-ci illərdə “Səda” kooperativində qapıçı işləmişdir. Məhkəmə qeyd edir ki, ƏPQ-nin 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... ...ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti;... Məhkəmə qeyd edir ki, istinad olunan normalar nəzərə alınmaqla işdə olan sənədlərə əsasən müəyyən olunur ki, Y.Məmmədovun vəfat etdiyi tarixə 18 il 3 ay 18 gün iş stajı olmuşdur. Deməli, iddiaçı ona ailə başçısını itirməyə görə pensiya təyin edilməsi üçün tələb olunan ikinci şərti də ödəmişdir. İşdən görünür ki, cavabdeh “Səda" kooperativinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığı üçün Y.Məmmədovun həmin müəssisədə işlədiyi dövrü araşdırmaq mümkün olmadığından iş stajına daxil etməmiş, bununla da onun vəfat etdiyi tarixə 15 il 25 gün stajının olması əsası ilə iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Lakin işdən görünür ki, Y.Məmmədovun “Səda" kooperativində işlədiyi dövr nəzərə alınmasa belə, onun təhsil, hərbi xidmət dövrü, “Səda" kooperativi istisna olmaqla, digər müəssisələrdə işlədiyi dövrlər nəzərə alındıqda vəfat etdiyi tarixə 15 il 6 ay 14 gün sığorta stajı olmuşdur, bu isə tələb olunan 15 il 4 aydan çoxdur. İşdən görünür ki, cavabdeh bu halı nəzərə almamış, Y.Məmmədovun təhsil aldığı dövrü onun sığorta stajına daxil etməmiş, lakin bununla bağlı hər hansı bir əsaslandırma təqdim etməmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, həm yaş, həm də staj üzrə tələb ödənildiyindən iddiaçının qanunvericiliklə ona 62 yaşının tamam olduğu tarixdən ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsini tələb etmək hüququ olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı :

İddia təmin edilsin. İddiaçı 62 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar