Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3011/2023 03.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı “artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin tərtib edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ondan əsassız olaraq alınmış 4000 manat artıq ödəmənin qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi ilə əvəz edilməsini və tələbinin artıq ödənilmiş 4000 manat vergi məbləğinin qaytarılması barədə rəy tərtib edilərək maliyyə orqanlarına göndərilməsinə dair öhdəliyin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə tərəfindən ərizə təmin edilmişdir. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 76.3 kvadrat metr olan zirzəmini X3 xx.xx.2015-ci il tarixdə ******* nömrəli alqı-satqı müqaviləsi əsasında 69.000 manata satmışdır. Əmlakı satdıqdan bir neçə gün sonra ona Bakı Vergilər Departamentinin əməkdaşı tərəfindən zəng olunaraq həmin əmlakı satdığı üçün Dövlət Vergi Xidmətinə 4000 manat vergi borcunun olduğu bildirilmişdir. Bakı Vergilər Departamentinin əməkdaşı ona həmin borcu təcili və mütləq ödəməli olduğunu bildirmiş, o, borcun haradan yarandığını soruşduqda əmlak satdığına görə gələn gəlirdən vergi ödəməli olduğunu demişdir. Bundan sonra iddiaçı adına ********** nömrəli VÖEN açdırmış, Bakı Vergilər Departamentinin əməkdaşının təkidi ilə xx.xx.2015-ci il tarixində Vergilər Nazirliyinin hesabına ********* nömrəli mədaxil qəbzi əsasında 4000 manat məbləğində vergi ödəmişdir. xx.xx.2021-ci il tarixində Bakı şəhər X4 üzrə Baş İdarəsindən ona **********604800 nömrəli bildiriş gəlmişdir. Həmin bildirişdə qeyd olunmuşdur ki, xx.xx.2021-ci il tarixə şəxsi hesab vərəqəsində tələb etmə müddəti bitmiş 3800 manat artıq ödəmə məbləği müəyyən edilmiş və qeyd olunan artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsi təmin edilmişdir. Həmçinin qeyd olunmuşdur ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə görə vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin bildirişdən sonra o, Dövlət Vergi Xidmətinə ərizə ilə müraciət edərək ondan tələb olunaraq alınan 4000 manat pulun ona geri qaytarılmasını tələb etmişdir. X7 Xidmətindən verilən cavabda bildirilmişdir ki, “3800 manat məbləğində artıq ödəmə məbləği Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən tələbetmə müddəti bitdiyindən qeydiyyatda olduğu vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixində silinmişdir.” 3800 manat artıq ödəməsi olduğu halda Dövlət Vergi Xidməti tərəfindən ona heç bir məlumat verilməmiş, o da həmin vaxt Bakı Vergilər Departamentinin əməkdaşının tələbinin qanuni olduğunu düşünərək bu barədə maraqlanmamışdır. Halbuki, 5 il ərzində heç bir artıq ödəmə bildirişi gəlmədiyi halda, 5 il, yəni tələbetmə müddəti bitən kimi dərhal 3800 manat artıq ödəmənin olduğu və tələbetmə müddətinin bitməsi barədə onun ünvanına bildiriş gəlmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli iddiaya dair yazılı etirazında iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və bildirmişdir ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi 5 il ərzində artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququna malikdir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 2-ci bəndində vergi ödəyicisinin düzgün tutulmamış və ya artıq ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malik olduğu göstərilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən tələbetmə müddəti bitdiyi üçün vergi ödəyicisinin 3800,0 manat məbləğində vergilər artıq ödəmə məbləği xx.xx.2021-ci il tarixdə silinmişdir. Qeyd edilənlərlə əlaqədar vergi ödəyicisinin artıq ödəmənin qaytarılması barədə müraciətinin icrası mümkün olmamışdır və bu barədə vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli **********994400 nömrəli məktub göndərilmişdir. Əlavə olaraq, 4000 manatın 200 manatına münasibətdə isə vergi ödəyicisi xx.xx.2016-cı il tarixində 2015-ci ilin 4-cü rübü üzrə Sadələşdirilmiş vergi bəyannaməsi təqdim edərək, 200 manat hesablama göstərdiyi üçün həmin tarixdə şəxsi hesab vərəqəsindən azaldılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçı vergi ödəyicisi kimi uçota alınmaq üçün xx.xx.2015-ci il tarixdə cavabdehə müraciət etmiş, cavabdeh İddiaçı xx.xx.2015-ci il tarixdə vergi ödəyicisi kimi uçota almış və ********** nömrəli vergi ödəyicisinin eyniləşdirilməsi nömrəsi vermişdir. İddiaçıya məxsus şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixdə 4000 manat məbləğində ödəniş etmiş, cavabdeh cari bəyannamə əsasında iddiaçıya xx.xx.2016-cı il tarixdə 2015-ci ilin 4-cü rübü üzrə 4000 manat sadələşdirilmiş vergi hesablamışdır. Daha sonra elə həmin tarixli dəqiqləşmiş bəyannamə əsasında iddiaçıya hesablanmış 4000 manat sadələşdirilmiş vergi məbləği azaldılmış, nəticədə iddiaçının 4000 manat artıq ödəməsi yaranmışdır. İddiaçıya məxsus şəxsi hesab vərəqəsindən həmçinin görünür ki, cavabdeh dəqiqləşmiş bəyannamə əsasında xx.xx.2016-cı il tarixdə 2015-ci ilin 4-cü rübü üzrə iddiaçıya 200 manat sadələşdirilmiş vergi hesablamış, həmin məbləğ 4000 manat artıq ödəmədən çıxılmış, nəticədə iddiaçının həmin tarixə 3800 manat artıq ödəməsi yaranmışdır. Şəxsi hesab vərəqəsindən məlum olur ki, xx.xx.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergi Məcələsinin 85.5.-ci maddəsinə əsasən tələbetmə və əvəzləşdirmə müddəti bitmiş 3800 manat artıq ödəməni iddiaçının şəxsi hesab vərəqəsindən azaltmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, iddiaçıya tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə barədə bildiriş göndərilmiş və qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixə şəxsi hesab vərəqəsində tələb etmə müddəti bitmiş 3800 manat artıq ödəmə məbləği müəyyən edilmiş və qeyd olunan artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsi təmin edilmişdir. İş materiallarından görünür ki, iddiaçı bu bildirişi aldıqdan sonra 2022-vi ilin yanvar ayında cavabdehə müraciət edərək artıq ödənilmiş vəsaitin geri qaytarılmasını xahiş etmiş, cavabdeh imtina cavabı verdiyindən hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə cavabdehin imtinasını əsaslı sayır və qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. - maddə 85.5-1. Bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələrində müddətlə bağlı müəyyən edilmiş məhdudiyyətlər məcburi dövlət sosial sığorta haqqına, işsizlikdən sığorta haqqına və icbari tibbi sığorta haqlarına, habelə bu Məcəllənin 38.3.9-cu maddəsində nəzərdə tutulan hallara münasibətdə tətbiq edilmir. - maddə 85.5-2. Vergi ödəyicisi vergi orqanı tərəfindən hesablanmış vergilər, faizlər və tətbiq edilmiş maliyyə sanksiyalarından məhkəməyə şikayət verdikdə həmin şikayətin verildiyi tarixdən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı qəbul olunan tarixədək keçən müddət, habelə bu Məcəllənin 38.7.1-ci, 38.7.2-ci, 38.7.4-cü və 38.7.5-ci maddələri ilə müəyyən olunan müddətlər bu Məcəllənin 85.4-cü və 85.5-ci maddələri ilə müəyyən olunmuş müddətə daxil edilmir. - maddə 87.1. Bu Məcəllənin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilmiş məbləğləri onların hesablanmış məbləğlərindən artıq olduqda, artıq ödənilmiş məbləğlər: 87.1.1. digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilir; 87.1.2. vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilir. - maddə 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na əsasən: - bənd 1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra – Vergi Məcəlləsi) 87.4-cü və 87.5-ci maddələrinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.2-ci maddəsinə, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 7-1-ci maddəsinə, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-24.1-ci maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisindən və ya sığortaedəndən, habelə sığortalıdan düzgün tutulmamış və ya onun tərəfindən artıq ödənilmiş, rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının, eyni zamanda Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisinin (bundan sonra – büdcəyə artıq ödəmələr) məbləğlərinin qaytarılması qaydalarını müəyyən edir. - bənd 2.1. Vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını və ya digər vergilərin, faizlərin maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsi hesabına aid edilməsini, yaxud vergi ödəyicisinin razılığı ilə sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edilməsini vergi hesabatı dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir. - bənd 3.1. Vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. - bənd 4.1. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; - bənd 4.9. Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. - bənd 4.10. Vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi, yazılı ərizənin surəti və ya bu Qaydaların 4.1.3-cü yarımbəndinə uyğun olaraq tərtib edilmiş elektron ərizənin, habelə şəxsi vərəqədən çıxarışın “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə uyğun surətləri vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına müvafiq olaraq kağız daşıyıcıda və ya elektron formada (tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş vergilər üzrə təqdim edilmiş ərizələr istisna olmaqla) və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Beləliklə, istinad olunan normalardan görünür ki, vergi ödəyicisi artıq ödənilmiş vergini hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququna malik olmuş, VM-in 85.5-ci maddəsində müəyyən edilən tələb etmə müddətinə hər hansı bir istisna halı nəzərdə tutulmamışdır. Məhkəmə qeyd edir ki, məhdudlaşdırıcı müddətlərin tətbiq olunması ictimai hüquq münasibətlərinin stabilliyi və müəyyənliyi, idarəetmə şərtlərinin stabilliyinin təmin olunması, dövlətin maraqları və hüquq münasibətlərinin subyektlərinin şəxsi maraqları arasında tarazlığın qorunması kimi konstitusiya dəyərlərinin mühafizəsinə yönəlmişdir. İşdən görünür ki, iddiaçının artıq ödəməsi 2015-ci ilin 4-cü rübü üzrə 4000 manat sadələşdirilmiş vergi ödəməsi nəticəsində yaranmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.2-ci maddəsinə əsasən sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür. Həmin Məcəllənin 221.3-cü maddəsinə görə sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər. Belə olan halda aydındır ki, artıq 2021-ci ildə iddiaçının həmin artıq ödənilmiş vergi məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququnun müddəti bitmiş, yəni iddiaçı bu hüququn vergi orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanını itirmişdir. Buna görə də iddiaçının müvafiq tələblə cavabdehə ilkin olaraq 2022-ci ilin yanvar ayında müraciət etməsini nəzərə alan məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Buna görə də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-3011/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3011/2023
03.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver