Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3012/2022 19.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı, cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 06.11.2007-ci il tarixli Sərəncamının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1988-ci ildə doğma yurdundan qaçqın düşərkən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi valideynləri tərəfindən alınmışdır. X3 zamanı döyüşlərdə iştirak edərək yaralanmışdır. İİ qrup Qarabağ Müharibəsi əlilidir. 2007-ci ildə yaşayış şəraitinin yaxşılaşdırılması üçün Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək, ona ev və ya torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 06.11.2007-ci il tarixli Sərəncamı ilə mərhum atasına məxsus fərdi yaşayış evinin həyatyanı sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Maddi vəziyyəti ilə əlaqədar olaraq hazırki vaxtadək həmin Sərəncamla göstərilən evi tikə bilməmişdir. Hazırda həmin Sərəncama görə ona dövlət tərəfindən yaşayış şəraitinin yaxşılaşdırılması üçün köməklik göstərilə bilmir. Yaşadığı fərdi yaşayış evi valideynləri tərəfindən o, hərbi xidmətdə olan zaman inşa edilmişdir. 2000-ci ildə ailə həyatı qurarkən valideynləri tərəfindən inşa edilmiş evə arvaını gəlin gətirmişdir. Binəqədi rayon İcra Hakimiyyət Başçısının 06.11.2007-ci il tarixli Sərəncamı ilə tikintisinə icazə verilmiş fərdi yaşayış evini inşa etdirə bilmədiyi üçün həmin orqana müraciət edərək Sərəncamın ləğv edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqanın 2021-ci il tarixili cavab məktubu ilə müraciətinə imtina cavabı verilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqan əsassız imtina məktubu ilə pozduğu konstitusion hüququ məhkəmə vasitəsi ilə bərpa olunmalıdır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 15.10.2020-cu il tarixli bildirişi ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddia ərizəsində qeyd olunanların nəzərə alınmaqla iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndəsi X6 iddianı qəbul etməyərək, iddiaçı tərəfindən hazırki sərəncamın mübahisələndirmə müddətinin ötürüldüyünün nəzərə alınmaqla məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan; iddiaçıya məxsus ASAN1 tərəfindən 14.05.2019-cu il tarixdə verilmiş AA ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və elektron məhkəmə informasiya sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi barədə məlumatdan müəyyən olunur ki, xx.xx.1969-cu ildə doğulmuş İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin 06.11.2007-ci il tarixli 379 saylı sərəncamının surətindən müəyyən olunur ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 8 mart küçəsi 47 saylı evin sakini İİ qrup Qarabağ əlili vətədaş İddiaçı Rayon icra Hakimiyyətinə müraciət edərək, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi 8 Mart küçəsində yerləşən evə atası X5 məxsus olan 47 saylı evin həyətyanı torpaq sahəsində (121,0 kv.m) təqdim olunan layihə əsasında bir mərtəbəli kürsülü fərdi yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmiş və lazımi sənədləri təqdim etmişdir. Sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, sözügedən fərdi yaşayış evi Texniki İnventarlaşdırma va Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində 03 nömrəli reyestr kitabının 350 saylı səhifəsində 31.08.1998-ci il tarixdə qeydiyyata alınaraq 30/867 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən vətəndaş X2 mülkiyyətinə verilmiş və 13.06.1990-cı ildə evin texniki pasportu tərtib edilmişdir. Qeyd edilənlərə və vətəndaş İddiaçı İİ qrup Qarabağ Müharibəsi əlili olmasını və mənzil şəraitinin çox ağır olduğunu nəzərə alaraq Sərəncam verilmişdir. Sərəncamda aşağıdakı göstərişlər qeyd olunmuşdur: - Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat vəsiqəsinə (30/867, 31.08.1988-ci il ) əsasən vətəndaş H.Y.Veyisovun xüssi mülkiyyətində olan Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 8 mart küçəsində yerləşən 47 saylı evin həyətyanı torpaq sahəsində (121,0 kv.m) təqdim edilən layihə əsasında bir mərtəbəli kürsülü fərdi yaşayış evinin inşa edilməsinə icazə verilsin; - Tikinti işləri aparılarkən ətraf əazinin sanitar-texniki normalara uyğun olaraq təmiz və yanğından mühafizə qaydalarına riayət edilməklə saxlanılması, qonşuluqda yaşayan sakinlərdə narazılıqlar yaradılmaması və tikinti işləri başa çatdıqdan sonra sərəncamın surəti və layihənin müvafiq sənədləşdirmə işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə təqdim edilməsi vətəndaş İ.H.Hüseynova tapşırılsın.; - Tikilinin su, qaz, işıq və kanalizasiya sisteminin mövcud kommunikasiyalara qoşulmasının və Rayon Yanğın Təhlükəsizliyi Xidməti ilə razılaşdırılmasının qüvədə olan müvafiq norma və qaydaların tələblərinə uyğun yerinə yetirilməsi vətəndaş İddiaçı tapşırılsın.; Sərəncamın surəti nəzarət üçün Rayon İcra Hakimiyətinin Təsərrüfat Şöbəsinə, M.Ə.Rəsulzadə qəsəbə nümayəndəsinə, Rayon Polis İdarəsinə və məlumat üçün vətəndaş İddiaçı göndərilsin. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 02.11.2021-ci il tarixli BA-05146-2021 №-li məktubunda qeyd olunmuşdur ki, İddiaçı barəsində Binəqədi rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə 06.11.2007-ci il tarixli, 379 saylı sərəncamı və ona əlavə edilmiş digər sənədlər Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Qeyd olunan məktubla məhkəməyə təqdim olunmuş aşağıdakı sənədlərdən: - ünvan 4 ünvanında yaşayan İddiaçı tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanmış 03.10.2007-ci il tarixli ərizədə o, göstərmişdir ki, ev şəraitinin dözülməz dərəcədə ağır olması ilə əlaqədar müraciət edir. O, vətən müharibəsi uğrunda döyüşən minlərlə insanlardan biridir. Müharibədə iştirak etmiş İİ qrup əlildir. Atasının həyətində 1,5 ha sahə olduğuna görə həmin yerdə ev tikmək üçün sərəncam verməyi xahiş etmişdir. - Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 06.11.2007-ci il tarixli 379 saylı sərəncamın surətindən müəyyən olunur ki, İddiaçı Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinə müraciətinə əsasən Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat vəsiqəsinə (30/867, 31.08.1988-ci il) əsasən vətəndaş H.Y.Veyisovun xüsusi mülkiyyətində olan Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi 8 mart küçəsində yerləşən 47 saylı evin həyətyanı torpaq sahəsində (121,0 kv.m) təqdim edilən layihə əsasında bir mərtəbəli kürsülü fərdi yaşayış evinin inşa edilməsinə icazə verilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətinin 08.12.2021-ci il tarixli 04/09-11-31/2416 saylı məktubunda qeyd olunmuşdur ki, Binəqədi Rayon İcra Hakimiyyətinin arxivində 2016- 2020-ci illəri əhatə edən dövr üzrə sənədlər mövcuddur və 2016-cı ildən əvvəlki illəri əhatə edən dövrə aid sənədlər Azərbaycan Respublikasının Dövlət Arxivinə təhvil verilmişdir. Bu səbəbdən də, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 06.11.2007-ci il tarixli 379 saylı Sərəncamının və Sərəncamın verilməsinə əsas olmuş sənədlərin təqdim olunması barədə məlumatın verilməsi ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Dövlət Arxivinə müraciət olunması tövsiyə olunmuşdur. Qeyd olunmuş Sərəncamın İddiaçı rəsmi qaydada təqdim olunub-olunmaması, təqdim olunduğu təqdirdə hansı tarixdə təqdim olunması barədə məlumatın verilməsi ilə bağlı isə bildirilmişdir ki, Sərəncamın qəbul olunması tarixindən 14 il keçdiyindən məsələnin araşdırılması mümkün olmamışdır. Hazırkı tələblə bağlı iddiaçının ərizəsinə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 06.10.2021-ci il tarixli 04-/09-11-11/v-30-068 saylı cavab məktubunda qeyd edilmişdir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 06.11.2007-ci il tarixli 379 saylı Sərəncamının ləğv olunmasına köməklik göstərilməsi barədə Binəqədi Rayon İcra Hakimiyyətinə ünvanlanmış 04.10.2021-ci il tarixli V-30-068 saylı müraciətə tərəflərindən baxılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda qanunsuz və qanuni inzibati aktların ləğv olunması üçün nəzərdə tutulmuş əsaslar olmadığından müraciətdə qeyd olunmuş məsələnin müsbət həlli mümkün deyildir. İddia tələbindən məlum olur ki, hazırda iddiaçı cavabdeh inzibati orqan olan Bakı şəhəri Binəqədi rayon İcra hakimiyyətinin 379 saylı 06.11.2007-cı il tarixli sərəncamın ləğvini məhkəmədən xahiş edir. İPM-nin 2.2.1-ci maddəsinin tələblərini (şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inizbati məhkəmə icraatı qaydasında baxılır) nəzərə aldıqda məlum olur ki, iddiaçının bu iddiası mübahisələndirmə haqqında iddialara aiddir. 2011-ci il yanvarın 1-dən qüvvəyə minmiş İPM-nin 38.1-ci maddəsinə əsasən isə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibti aktın təqdim olunduğu vaxtdan 30 gün müddətinə qaldırıla bilər. İnzibati mühakimə icraatı qaydasında baxılan mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. Mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. əlverişsiz inzibati akt olmalı; 3. İddia qanunla nəzərdə tutulmuş müddətdə verilməli; 4. İddiaçının hüquqlarının pozulması əsaslandırılalı; 5. Qanunla tələb olunduqda digər əlavə şərtlərə əməl olunmalıdır. İPM-nin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Müvafıq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 2.0.3-cü maddəsinə görə maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Oxşar müddəa İnzibati Prosessual Məcəllənin qüvvəyə minməsinə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsində də öz əksini tapmışdı. Həmin maddəyə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddiаçının öz hüququnun pozulduğunu bildiyi vаxt qüvvədə olаn və ümumi (publik) hüquq münаsibətlərindən əmələ gələn işlər üzrə icrааtı tənzimləyən Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin İİ yаrımbölməsinin müddəаlаrınа görə, mаrаqlı şəxs müvаfiq icrа hаkimiyyəti orqаnının və yerli özünüidаrə orqаnının, sаir orqаn və təşkilаtlаrın, onlаrın vəzifəli şəxslərinin qərаrı, hərəkəti (hərəkətsizliyi) ilə əlаqədаr mübаhisə qаldırа bilər (296.1-ci mаddə). Şəxs özünün hüquq və аzаdlığının pozulduğu bаrədə onа məlum olаn gündən qаnundа bаşqа müddət müəyyən edilməyibsə, 1 аy müddətində ərizə ilə məhkəməyə mürаciət etmək hüququnа mаlikdir (həmin Məcəllə 298-ci mаddə). Yuxarıda qeyd edildiyi kimi iddiaçının mübahisə açdığı qərar 2007-ci ildə verilmişdir. Həmin vaxt da qüvvədə olmuş qanunvericiliyə görə maraqlı şəxs hüququnun pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində məhkəməyə müraciət etmək hüququ varidi. İddiaçı həmin vaxtdan cavabdehin qəbul etdiyi qərarı mübahisələndirməyə dair subyektiv hüququ yaranmasına baxmayaraq məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarındagöstərilmişdir ki,“iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını ntizamlandırır, onları özhüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddi müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlarac istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyekti əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər buqaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 01 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İş materiallarından görünür ki, Bakı şəhər Binəqədi rayon İcra hakimiyyəti Başçısının 379 №-li 06.11.2007-cı il tarixli sərəncamının (sərəncamın surəti iddia ərizəsinə əlavə olunmuşdur) ləğv olunması barədə iddiaçının iddia ərizəsi 07.10.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Beləliklə, işin hallarından və sadalan normaların tələblərindən məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi üçün müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüş, yalnız sərəncamın qəbul edildiyi və iddiaçıya təqdim olunduğu vaxtdan (noyabr 2007-cı il) 14 ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının sərəncamın ləğv olunması tələbinə dair iddiası mümkün sayılmamalıdır. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3012/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3012/2022
19.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver