Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3012/2023 26.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları
1. İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciətlər etmiş, Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********4 nömrəli, xx.xx.2022-ci il tarixli sonuncu imtina məktubunda göstərmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. "Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi xx.xx.1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi, onun ümumi iş stajı 25 ildən az (18 il 2 ay 17 gün (xx.xx.1978-xx.xx.1985-ci il, xx.xx.1985xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1992xx.xx.1997-ci il, xx.xx.2010-xx.xx.2010-cu il və xx.xx.2010-xx.xx.2010-cu il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 34560,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı bu günə cəmi 15096,51 manat təşkil edir.
2. Bundan sonra İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırması
3. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.1978-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasından göründüyü kimi xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 26 il (xx.xx.1978 - xx.xx.1986-cı il, xx.xx.1986 - xx.xx.1989-cu il, xx.xx.1989 - xx.xx.1991-ci il, xx.xx.1991 - xx.xx.1992-ci il, xx.xx.1992 - xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. xx.xx.1978-xx.xx.1986-ci il, xx.xx.1986-xx.xx.1989-cu il tarixləri arasındakı dövrdə "Azərsənayetikinti" X3 Ordenli 4№-li Trestin 42№-li Tikinti idarəsində 1-ci dərəcəli fəhlə, 2ci dərəcəli elektrik qaynaqçısı işləmişdir. Bu faktı təsdiq edən Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilən xx.xx.2020-ci il tarixli 01 nömrəli arayış iddia ərizəsinə əlavə edilmişdir. xx.xx.1992-xx.xx.2004-cü il tarixləri arasındakı dövrdə isə Bakı şüşə zavodunda qaz qaynaqçısı (svarşik) vəzifəsində işləmişdir. Bu faktı təsdiq edən Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən verilən 08 yanvar 2020-ci il tarixli 01 nömrəli arayış iddia ərizəsinə əlavə edilmişdir. Göstərilən peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) siyahısına daxildir. Odur ki, 2006-cı il 1 yanvar tarixinədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə çalışdığı müddət 22 il 07 ay təşkil edir.
4. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya etirazında iddiaçıya ünvanlanmış imtina məktubundakı dəlillərə istinad etmiş, həmçinin bildirmişdir ki, İddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur. xx.xx.2021-ci il tarixdə iddiaçının 60 yaşı tamam olmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 01 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1989-cu il tarixədək fəhlə və elektrik qaynaqçısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş "xxxx" ATSC-nin xx.xx.2020-ci il tarixli 01 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1998-ci il tarixədək qaz qaynaqçısı (svarşik) vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşin faktiki hallarına əsasən müəyyən olunur ki, İddiaçı ümumi iş stajı qanunvericiliklə tələb olunan müddətdən azdır.
5. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III.Məhkəmənin mövqeyi
7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
8. Belə ki, iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
9. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
10. Qeyd olunan normada “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13-cü maddəsində isə göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:
11. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.
12. 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır.
13. Beləliklə, sadalanan normalardan görünür ki, 2 nömrəli siyahı üzrə kişilərə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həmin şəxsin: - 2006-cı ilin yanvarın 1-dək ümumi stajı 25 ildən; - güzəştli iş stajı 12 il 6 aydan az olmamalıdır. İ tələb üzrə
14. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1961-ci ildə Laçın rayonu, Hacılar kəndində doğulmuşdur, onun 57 yaşı xx.xx.2018-ci ildə tamam olmuşdur.
15. İşdə olan ИT-İ №1336954 nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1978-xx.xx.1985-ci il tarixlərdə "Azərsənayetikinti" X3 Ordenli 4 nömrəli Trestin 42 nömrəli Tikinti idarəsində 1-ci dərəcəli fəhlə, 2-ci, 3-cü, 4-cü, 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifələrində işləmişdir. xx.xx.1985-xx.xx.1986-cı il tarixlərdə “Qırmızı oktyabr” Bakı Tütün kombinatında maşinist-tənzimləyici vəzifəsində işləmişdir. xx.xx.1986-cı il tarixdə 4 nömrəli Trestin 42 nömrəli Tikinti idarəsinə 5-ci dərəcəli elektrik qaynaqçısı vəzifəsinə təyin edilmiş, xx.xx.1989-cu il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1989-xx.xx.1991-ci il tarixədək “Azərsənayetikinti” Sənaye Tikinti İstehsalat Birliyində 4-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmişdir. xx.xx.1991-xx.xx.1992-ci il tarixlərdə “Motor” kiçik müəssisəsində 4-cü dərəcəli elektrik-qaz qaynaqçısı işləmişdir. xx.xx.1992-ci il tarixdə Bakı şüşə zavoduna 4-cü dərəcəli elektrik-qaz qaynaqçısı vəzifəsinə təyin edilmiş, AR Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il 153 saylı sərəncamına əsasən şüşə zavodunun bazasında "xxxx" ATSC təsis olunması ilə əlaqədar Bakı şüşə zavodu "xxxx" ATSC hesab olunmuşdur. İddiaçı xx.xx.1998-ci il tarixdə 5-ci dərəcəli qaz qaynaqçısı vəzifəsinə təyin edilmiş, xx.xx.2004-cü il tarixdə işdən azad edilmişdir.
16. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
17. İddiaçının əmək kitabçasındakı qeydlər nəzərə alındıqda görünür ki, onun xx.xx.2006-cı il tarixə 25 il 11 ay 8 gün ümumi iş stajı olmuşdur.
18. İşdən görünür ki, cavabdeh iddiaçının 25 ildən az əmək stajı olmasına əsasən iddiaçıya imtina cavabı vermiş, bu zaman onun xx.xx.1997-xx.xx.2004-cü il tarixlərdəki əmək stajını nəzərə almamışdır.
19. Məhkəmə cavabdehin bu imtinası ilə razılaşır. Belə ki, işdə olan 01 saylı xx.xx.2020-ci il tarixli "xxxx" ASC-nin arayışından görünür ki, “iddiaçı X1 həqiqətən 01 iyun 1992-ci ildən (əmr № 63/k, 01 iyun 1992-ci il) 22 Noyabr 2004-cü ilədək (əmr № 36/k, 22 Noyabr 2004 cü il) Bakı şüşə zavodunda aşağıda göstərilən illərdə güzəştli pensiya almaq hüququ olan iş şəraitində işləmişdir. 01 iyun 1992-ci ildən (əmr № 63/k, 01 iyun 1992-ci il) 30 aprel 1998-ci ilədək (əmr № 23/k, 26 aprel 1998-ci il) qaz qaynaqçıları (svarşik) vəzifəsində işləmişdir. Qaz qaynaqçıları (svarşik) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarına əsasən güzəştli şəraitdə yaşa görə əmək pensiyası hüquqi verən şüşə istehsalı keramik, çini və saxsı məmulatlarının istehsalı üzrə 15-ci maddəsinin 15.4-cü bölməsinə aiddir. Arayış T-2 kartoçkası və Əmrlər kitabı əsasında yazılmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 153 saylı 21 aprel 1997-ci il tarixli sərancamına əsasən Bakı şüşə zavodunun bazasında "xxxx" X4 Cəmiyyəti təsis olunması ilə əlaqədar olaraq Bakı şüşə zavodu "xxxx" X4 Cəmiyyəti adlandırılmışdır.”
20. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisə onun həmin müəssisədə 1992-1998ci illərdə işləməsi barədə arayış vermişdir.
21. İddiaçının 1998-2004-cü illərdəki əmək fəaliyyəti ilə bağlı məhkəmə tərəfindən həmin müəssisəyə əlavə sorğu göndərilmiş, sorğuya "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 06 saylı cavab məktubunda göstərilmişdir ki, "xxxx" X4 cəmiyyəti 24 mart 1998-ci il tarixindən yenidən qurma işləri ilə əlaqədar olaraq öz istehsalat fəaliyyətini müvəqqəti dayandırmışdır. Bu səbəbdən X1 24 mart 1998-ci ildən (əmr 23/k, 26 mart 1998-ci il), 22 noyabr 2004-cü ilədək (əmr № 36/k, 22 noyabr 2004-cü il) öz hesabına ödənişsiz məzuniyyətə buraxılmışdır.
22. İşdə olan "xxxx" ASC-nin xx.xx.1998-ci il tarixli 23/k nömrəli əmrdən çıxarışdan görünür ki, ASC xx.xx.1998-ci il tarixindən yenidənqurma işləri ilə əlaqədar istehsalat fəaliyyətini müvəqqəti dayandırdığına görə X1 öz hesabına məzuniyyətə buraxılmışdır.
23. Göründüyü kimi, iddiaçının əmək kitabçasında onun xx.xx.1992-xx.xx.2004-cü illərdə "xxxx" ASC-də işlədiyi qeyd olunsa da, işin halları ilə onun xx.xx.1998-xx.xx.2004-cü illərdə öz hesabına məzuniyyətdə olması tam təsdiq olunur.
24. Belə olan halda aydın olur ki, hazırkı iş üzrə müəyyən edilməli əsas məsələ şəxsin ödənişsiz məzuniyyətdə olduğu müddətin onun ümumi iş stajına daxil edilməsinin mümkün olub olmamasıdır.
25. Məsələ ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının öz hesabına məzuniyyətə çıxdığı xx.xx.1998-ci il tarixdə qüvvədə olan “Məzuniyyətlər haqqında” Qanunun 3-cü maddəsinə əsasən işçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: əsas və əlavə məzuniyyətlərdən ibarət olan əmək məzuniyyətləri; anaların və uşaqların mühafizəsi üçün, habelə təhsil və yaradıcılıqla əlaqədar sosial məzuniyyətlər; ödənişsiz məzuniyyətlər. Həmin Qanunun 14-cü maddəsinə əsasən uşağa qulluq etməklə əlaqədar qismən ödənişli sosial məzuniyyətlərin, bir aydan çox müddətə verilmiş ödənişsiz məzuniyyətlərin müddətləri; habelə azadlıqdan məhrum edilmədən islah işlərinə cəlb edilən şəxslərin cəza çəkdiyi müddət məzuniyyət hüququ verən əmək stajına daxil edilmir. Qanunun 29-cu maddəsinə görə qohumluq borcunun yeridə yetirilməsi ilə bağlı ailə; məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə və digər üzürlü səbəblərə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Həmin Qanunun 30-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər qanunvericilikdə nəzərdə tutulan hallarda işçilərin arzusu və tərəflərin qarşılıqlı razılığı ilə verilir.... İşverənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi (bağlaşması) ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. İstinad edilən normalardan görünür ki, xx.xx.1999-cu il tarixədək qüvvədə olan “Məzuniyyətlər haqqında” Qanuna əsasən şəxsə verilən ödənişsiz məzuniyyətin müddəti məhdudlaşdırılmamış, həmin məzuniyyət dövrünün bir aydan artıq hissəsinin məzuniyyət hüququ verən əmək stajına daxil edilməməsi nəzərdə tutulmuşdu.
26. xx.xx.1999-cu il tarixdə qüvvəyə minən Azərbaycan Respublikasının Əmək Məcəlləsi isə ödənişsiz məzuniyyətlə bağlı fərqli müddəalar müəyyən etmişdir. Həmin Məcəllənin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Həmin Məcəllənin 146.2-ci maddəsinə görə işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.
27. Göründüyü kimi, qanunverici xx.xx.1999-cu il tarixədək ödənişsiz məzuniyyətin müddətini tənzimləməsə də, sonradan həmin məzuniyyətin 6 aydan artıq olmamasını müəyyən etmişdir. Eyni zamanda obyektiv səbəblər olduğu halda işin dayandırılması ilə əlaqədar olaraq işçi ödənişsiz məzuniyyətə göndərildikdə bu məzuniyyətin müddətinin əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmaması təsbit edilmişdir.
28. İşdən görünür ki, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 153 saylı 21 aprel 1997-ci il tarixli sərancamına əsasən Bakı şüşə zavodu özəlləşdirilərək bazasında "xxxx" X4 Cəmiyyəti təsis olunmuş, müəssisənin fəaliyyətinin təşkili və yenidən qurulması ilə bağlı iddiaçıya xx.xx.1998-xx.xx.2004-cü illərdə, yəni 5 il 7 ay 29 gün ödənişsiz məzuniyyət verilmiş, bu boşdayanma olmamış, həmin dövrdə iddiaçıya hər hansı bir əmək haqqı ödənilməmişdir.
29. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1998-xx.xx.2004-cü illərdə ödənişsiz məzuniyyətdə olduğu dövrün yalnız 6 ayı onun ümumi iş stajına daxil edilə bilər. İddiaçının işləmədiyi yerdə qalan 5 il 2 aya qədər müddətin isə ümumi staja daxil edilməsi mümkünsüzdür (bax: oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1823/2020, 2-1(102)-1527/2021, 2-1(103)-1338/2022 saylı inzibati məhkəmə işlərinə).
30. Belə olan halda isə müəyyən olunur ki, iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı qanunvericiliyə əsasən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ilkin şərti ödəmir.
31. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır (iddiaçı ilkin tələbi ödəmədiyindən ikinci tələbə qiymət verilmə zərurəti aradan qalxır).
32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova