Məhkəmə qərarları › İş №2-1(112)-3012/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3012/2024

07.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3012/2024 07.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı vəkili (nümayəndəsi) X1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyasının yenidən hesablanması və əlavə edilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək sığorta kapitalındakı 38954 manatın hesablanması və pensiyanın üzərinə əlavə edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2002-ci il tarixində hərbi qulluqçu kimi yaşa görə kapitan rütbəsində pensiyaya buraxılmışam. Mülki əməkdaş kimi xx.xx.2011- ci il tarixindən xx.xx.2020-ci tarixinə kimi işləmiş və “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1 maddəsinə əsasən 38954 manat məbləğin hal-hazırda aldığı pensiyanın üzərinə əlavə edilməsi xahişi ilə cavabdehə etmişdir. Cavabdeh orqan iddiaçının müraciətinə 3-17- 1/2-V-1662271 saylı məktubla imtina cavabı vermişdir.

3. Cavabdeh orqan məhkəməyə təqdim etdiyi yazılı etiraz məktubunda bildirmişdir ki, iddiaçı ona təyin olunmuş əmək pensiyasının yenidən hesablanması üçün Mərkəzi Filiala xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Mərkəzi Filial tərəfindən inzibati icraatın nəticəsi olaraq xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-9583/2023 nömrəli qərar qəbul edilmiş və iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-1/2-V-166227/2023 nömrəli imtina məktubu ünvanlanmışdır. Bundan narazı qalan iddiaçı Mərkəzi Filiala qarşı “əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıa Müdafiə Nazirliyi tərəfindən xx.xx.2002-ci il tarixdən sabiq hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilib. Hərbi qulluqçu kimi əmək pensiyası təyin edildikdən sonra iddiaçının topladığı pensiya sığorta kapitalına əsasən pensiyasının yenidən hesablanması ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Mərkəzi Filiala müraciəti daxil olub. Bununla əlaqədar olaraq bildiririk ki, sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyasının 994,63 manat məbləğində aşağıdakı tərkibdən ibarət olmaqla ödənilib: - əmək pensiyasının sığorta hissəsi - 290,47 manat; - qulluq stajına görə əmək pensiyasına əlavə - 613,74 manat; - maddi yardım - 90,42 manat. Eyni zamanda, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 41280,56 manat pensiya sığorta kapitalı qeydə alınıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən “bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin (qulluq stajına görə əmək pensiyasına əlavələr alan şəxslər) əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır”. Sözügedən Qanunun 45-ci maddəsinə əsasən “gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı güzəştli şərtlə pensiyaya çıxma yaşı ilə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı arasındakı ayların sayı qədər artırılır”. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11 -ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq həmin Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarının təsviri əsaslandırıcı hissəsində də təsbit edilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə əsasən, əmək pensiyası təyin olunduqdan sonra əmək fəaliyyətini davam etdirən pensiyaçıların pensiyası yenidən hesablanarkən pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği azaldılır”. Məlum olduğu kimi, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsi Plenumunun qərarı giriş, təsviri-əsaslandırıcı və nəticə hissələrindən ibarətdir. Sözügedən Qanunun 65.3.3-cü və 65.3.4-cü maddələrinə əsasən təsviri-əsaslandırıcı hissədə konstitusiya işinə baxılması zamanı müəyyən edilmiş hallar və qərarın çıxarılması üçün rəhbər tutulmuş Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikasının başqa qanunlarının maddələri göstərilir. Göründüyü kimi, “Əmək pensiyaları haqqında” Qanunun 29.2-ci maddəsinə uyğun olaraq pensiyanın sığorta hissəsindəki artım qədər qulluq stajına görə əlavənin azaldılması Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən Qərarının təsviri-əsaslandırıcı hissəsində müəyyən edilmiş hallardan biri olmaqla həmin qərarın tərkib hissəsidir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının sonuncu dəfə işdən azad olunduğu tarixədək (7 aprel 2020-ci il) topladığı sığorta kapitalını sonraki illər üzrə indeksləşdirilməklə müəyyən edilmiş 41280,56 manat "Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun olaraq gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına 72 (41280,56:72=573,34 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (290,47 manat) üzərinə əlavə olunmaqla pensiyasının sığorta hissəsi 863,81 (290,47+573,34) manat müəyyən edilib. Eyni zamanda, sözügedən Qanunun 1 yanvar 2023- cü il tarixədək qüvvədə olmuş 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq iddiaçının qulluq stajına görə əlavəsinin məbləği (613,74 manat) həmin artım qədər (573,34 manat) azaldılıb. Nəticədə, hazırda iddiaçının əmək pensiyasının sığorta hissəsi 863,81 manat, qulluq stajına görə əmək pensiyasına əlavənin məbləği 40,40 (613,74- 573,34) manat təşkil edib. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən etibarən 994,63 manat müəyyən edilib. Cavabdeh orqan yuxarıda qeyd edilənləri və İPM-nin 47-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı “əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2-1(112)-15026/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilən ərizədə qeyd olunmuşdur ki, İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2002-ci il tarixdən etibarən ona hərbi qulluqçu kimi xidmət illərinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının cavabdeh inzibati orqan tərəfindən hesablanaraq əmək pensiyasının üzərinə əlavə olunması barədə qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin faktiki hallarına əsasən cavabdeh hesab edir ki, icraatda olan 2-1(112)-3012/2024 nömrəli is üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmənin nəzərinə çatdırılır ki, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2024 tarixli 3-17-1/3-7-2494/2024 nömrəli ‘‘Əmək pensiyasının yenidən hesablanması haqqında" Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçının əmək pensiyası azadılmamaqla yenidən hesablanmışdır. Nəticə etibarilə cavabdeh hesab edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbərinə əsasən işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda sadalananları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.2-ci maddəsini rəhbər tutaraq cavabdeh orqan İddiaçı “qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2-1(112)- 3012/2024 nömrəli inzibati iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-2494/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması” haqqında Qərara əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmışdır. Həmin qərara əsasən iddiaçının hesablama tarixinə qədər pensiya məbləği 1106,03 manat, hesablamadan sonra xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-2494/2024 nömrəli qərarı ilə 1717,54 manat məbləğində müəyyən olunmuşdur.

6. İnzibati Prosessual Məcəllədən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

7. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli 3-17-1/3-7-2494/2024 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” Qərara əsasən iddiaçının əmək pensiyası yenidən hesablanaraq iddiaçıya təyin edilmiş pensiya məbləğində artım müəyyən olunmuşdur (əmək pensiyasının məbləği 1106,03 manatdan 1717,54 manata təyin edilmişdir). İddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisə artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir.

8. Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar