Məhkəmə qərarları › İş №2-1(112)-3013/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3013/2024

27.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3013/2024 27.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Bakı şəhəri X7, X4) “hüquqların dövlət qeydiyyatına alınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə Bakı şəhəri X5 buna dair № 36 saylı sərəncamı ilə Yeni Suraxanı qəsəbəsi Mərkəzi küçə döngə 3-də yerləşən İddiaçı adına olan 400 kv. m torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə Bakı şəhəri Səbail Bələdiyyəsinin və X1 iş üzrə üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunması qərara alınmışdır.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı Yeni Suraxanı qəsəbəsi Mərkəzi küçə döngə 3də yerləşən 400 kv.m boş torpaq sahəsi onun istifadəsinə verilmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri X5 buna dair №36 saylı sərəncamı mövcuddur. İddia ərizəsinə əlavə olunan alqı-satqı aktından göründüyü kimi torpağın alqı satqısı ilə bağlı X12 ilə bələdiyyə arasında alqı-satqı edilmiş və tərəfindən üç milyon beş yüz min manat məbləğində nəqd şəklində ödəniş edilmiş və 231009 saylı qəbz təqdim edilmişdir. İddia ərizəsinə vətəndaş İddiaçı ayrılan torpaq sahəsinin sxemi əlavə edilmişdir. 1 saylı Bakı Ərazi idarəsi tərəfindən cavab məktubunda Elektron baza məlumatlarına görə torpaq sahəsinin dövlət mülkiyyətində olması və faktiki ərazinin 410 kv.m olması qeyd olunmuşdur. X6 ünvanlana sorğunun nəticəsi olaraq Suraxanı Rayonu Yeni Suraxanı qəsəbəsi Mərkəzi küçə döngə 3 ünvanında yaşayan vətəndaş İddiaçı 400 kv.m torpaq sahəsininin X5 mülkiyyətində olmasına dair 12 noyabr 2020-ci il tarixli cavab məktubu iddia ərizəsinə əlavə edir. Göründüyü kimi arxiv arayışı olaraq iddiaçıya məxsus olan sənədlərin təstiq olunmuş surəti təqdim olunmuş və iddia tələbinə əlavə olunur. Azərişıq ASC-nin 27 senytabr 2023cü il tarixli cavab məktubundan göründüyü kimi qeyd olunan torpaq sahəsi Azərişıq ASCnin balansında olan yüksək gərginlik elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir. İddiaçının cavabdehə ünvanladığı müraciətin rəsmi göndəriş qəbzinin surətini iddia tələbinə əlavə edir və bildirir ki, cavabdehin torpaq sahəsini özəlləşdirilməsindən imtina əsası torpaq sahəsini kadastrının olmamasıdır. Müvafiq orqanlar tərəfindən təqdim olunan sənədlərin surətini iddia ərizəsinə əlavə edir.

4. İddiaçının müraciətinə cavabdeh imtina məktubunda bildirmişdir ki, “sözügedən ünvana İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, göstərilən faktiki torpaq sahəsi 410.0 kv.m təşkil edir. Elektron baza məlumatlarına əsasən sözügedən sahə dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə elektron bazada məlumatda aşkar edilməmişdir. Torpaq sahəsinə dair yerləşmə cizgisində istinad, istinad məsafəsi və perimetrik ölçülər qeyd edilmədiyindən sənəd üzrə mövqeyini təyin etmək tərəfimizdən mümkün olmamışdır”.

5. Cavabdehin iddiaya yazılı etirazında qeyd edilmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinə dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 nömrəli fərmanının həmin dövrdə qüvvədə olan bəndinə əsasən təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Həmçinin, bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Plenumun Qərarında hüquqi mövqe mövcuddur. Sərəncamda torpaq sahəsinin iddaçının istifadəsinə verilməsi qeyd edilmişdir. İdarənin mütəxəssisləri tərəfindən yoxlama-ölçü işləri aparılan zaman məlum olmuşdur ki, faktiki torpaq sahəsi 410 kv.m təşkil edir. İdarənin elektron kadastr məlumatlarına əsasən göstərilən torpaq sahəsi Dövlət mülkiyyətindədir. Sahənin Bələdiyyə ərazisi olması barəsində elektron bazada məlumat aşkar edilməmişdir. Bundan əlavə olaraq təqdim edilmiş yerləşmə cizgisində istinad məsafələri, perimetrik ölçülər və sahə göstərilmədiyindən sənədin həmin sahəyə aid olub-olmamasını araşdırmaq mümkün olmamışdır. Qeyd edilənlərlə yanaşı, torpaq sahəsinə digər fiziki şəxsin (X4) müraciəti olmuşdur.

6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir.

II. İddianın növü və mümkünlüyü

7. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

9. İddia mümkündür.

III. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar

10. Bakı şəhəri X5 xx.xx.2022-ci il tarixli 36 nömrəli sərəncamında qeyd edilmişdir ki, vətəndaş İddiaçı Yeni Suraxani qəsəbəsi Mərkəzi küçə döngə 3-də yerləşən 400 kv.m boş torpaq sahəsi onun istifadəsinə verilsin.

11. Torpaqların alqı-satqısına dair akta qeyd edilmişdir ki, X10 ərazisində 400 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2022-ci il tarixli 36 nömrəli qərar qəbul edilmişdir.

12. Bakı şəhəri Suraxanı rayonu X5 xx.xx.2020-ci il tarixli arayışında qeyd edilmişdir ki, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Mərkəzi küçə döngə 3 ünvanında yaşayan vətəndaş İddiaçı 400 kv.m boş torpaq sahəsi X7 mülkiyyətinə aiddir.Təqdim olunmuş xx.xx.2002-ci il tarixli N 36 saylı sərəncam əsli ilə düzdür.

13. Məhkəmənin sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, X5 xx.xx.2022-ci il tarixli 36 nömrəli sərəncamı Bələdiyyələrlə iş mərkəzində qeydiyyatdan keçməmişdir.

14. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı filialının xx.xx.2023-cü il tarixli 3-48-2F/2-07587/2023 nömrəli məktubunda bildirilmişdir ki, X5 arxiv sənədləri, o cümlədən xx.xx.2022-ci il tarixli, 36 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

15. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli məktubla Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, Mərkəzi küçə, döngə 3 ünvanında yerləşən torpaq sahəsinə dair müayinə aktının və ortofotonun, sözügedən torpaq sahəsinin qonşuluğunda qeydiyyatdan keçmiş torpaq sahələrinə dair sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixində tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”nda qeyd olunur: - Torpaq sahəsi üç tərəfdən mişar daşla hasarlanıb, bir tərəfdən şərtidir. - Torpaq sahəsinin koordinatları əlavə olundu. JN – 10207D saylı KOD ******* nömrəli şəhadətnaməyə əsasən Suraxanı rayon İcra Hakimiyyəti başçısının 15 sentyabr 2000-ci il tarixli 1314 saylı sərəncamı ilə Yeni Suraxani qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində yerləşən 0,04 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X3 mülkiyyətinə verilmişdir. JN – 29579D saylı KOD ******* nömrəli şəhadətnaməyə əsasən Suraxanı rayon İcra Hakimiyyəti başçısının 19 oktyabr 2000-ci il tarixli 1618 saylı sərəncamı ilə Yeni Suraxani qəsəbəsi, Bakı-Aeroport yolunun sol tərəfində yerləşən 0,04 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X2 mülkiyyətinə verilmişdir.

IV. Məhkəmənin mövqeyi

16. İddia tələbi X5 xx.xx.2022-ci il tarixli 36 nömrəli sərəncamı ilə iddiaçıya ayrılan 400 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasıdır.

17. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

18. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;

20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”.

21. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir.

22. Məhkəmə qeyd edir ki, dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr səlahiyyətlidir.

23. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən:

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

24. Məhkəmə qeyd edir ki, X5 xx.xx.2022-ci il tarixli 36 nömrəli sərəncamı və onun qəbul edilməsi üçün əsas olan sənədlərin Dövlət Arxiv İdarəsinin arxivindən əldə edilməsi mümkün olmamışdır.

25. Torpaq sahəsi üzərində hüququn növünə münasibətdə məhkəmə qeyd edir ki, Torpaq Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinə əsasən, məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Həmin maddənin 3-cü hissəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

26. Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət obyektlərinin — dağmədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. 3-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 4-cü hissəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər.

27. Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır.

28. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət mülkiyyətində saxlanılan torpaqların siyahısı müəyyən edilir.

29. Həmin qanunun 7-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları... ...Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün ayrılan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları.

30. Məhkəmə qeyd edir ki, cavabdehin etirazda göstərdiyi torpaq sahəsinin bələdiyyə ərazisi olmaması ilə bağlı əldə olunan sənədlərə əsasən müəyyən olunur ki, mübahisə predmeti olan torpaq sahəsinin qonşuluğunda qeydiyyatdan keçmiş torpaq sahələri mülkiyyətçilərinə Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə verilmişdir. Odur ki, qeyd edilən torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olan torpaqlara aiddir. Həmin torpaq sahəsinin “Torpaq islahatı haqqında” Qanunun tələbinə uyğun olaraq bələdiyyə mülkiyyətinə verilməsi isə müəyyən olunmur.

31. Həmçinin məhkəmə qeyd etməyi zəruzi hesab edir ki, bələdiyyə tərəfindən qəbul edilmiş akt kollegial orqan olan bələdiyyənin qərarı ilə deyil, sədrin təkbaşına qəbul etdiyi sərəncamla həyata keçirilmişdir. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 16-cı maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir.

32. Yuxarıda göstərilənlərə məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

34. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar