Məhkəmə qərarları › İş №2-1(112)-3016/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3016/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3016/2022 21.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X12 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış və texniki pasportun verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar bağ massivində yerləşən sahəsi 600 kv.m-dən ibarət 192 saylı bağ sahəsinə dair mülkiyyət hüqunu təsdiq edən çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri X9 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 16/290 saylı qərarına əsasən keçmiş Çingiz İldırım adına Politexnik İnstitutunun 262 nəfərdən ibarət işçi kollektivinə Qobustan qəsəbəsi, Şıxlar kəndində “Arzu” X2 yaradılması məqsədilə torpaq sahəsinin ayrılması və tikintisi qərara alınmşdır. Daha sonra isə həmin bağ torpaq sahəsi yuxarıda qeyd etdiyi işçi kollektivinə paylanmışdır. O, da, 1987-ci ildən “Arzu” X2 üzvü olmaqla ona Qobustan qəsəbəsi Şıxlar kəndində sahəsi 600 kv.m olan torpaq sahəsi üzərində 192 saylı bağ evi və bu barədə adına 2004-cü il tarixli, 192 saylı “Bağçılıq üzvlük kitabçası” verilmişdir. Daha sonra isə “Arzu” X2 xx.xx.1997-ci il tarixli, 10 saylı protokoluna əsasən həmin bağ sahəsinin adına özəlləşdirilməsi üçün protokoldan çıxarış da verilmişdir. Bundan başqa həmin bağ sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən adına A № 247607 saylı, xx.xx.2009-cu il tarixli plan-ölçü verilmişdir. Beləliklə, 34 ildən çoxdur ki, o, həmin bağdan istifadə etməklə ona dair üzvlük haqqı ödəmişdir. Dəfələrlə cavabdehə ərizə ilə müraicət edərək yuxarıda qeyd etdiyi 192 saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını və bu barədə çıxarışın verilməsini xahiş etsə də, lakin, hər dəfə o, müxtəlif bəhanələr gətirməklə ərizəsinə dair etriaz məktubu vermişdir. Belə ki, əvvəlcə cavabdeh ilkin məlumatlarında onun guya bağçılıq yoldaşlıq təsərrüfatının üzvləri siyahısında adının olmamasını bəhanə gətirsə də, lakin, müvafiq sənədləri ona təqdim etdikdən sonra bu dəfə xx.xx.2021-ci il tarixli, **********08 nömrəli məktubunda guya əvvəlki məktubda göstərilən çatışmamazlıqların aradan qaldırılmadığı əsas gətirilmişdir. Beləliklə də, cavabdeh konkret olaraq əsassız bəhanələrlə onun istifadəsində olan bağ sahəsinə dair çıxarış verməkdən imtina etmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli, **********08 nömrəli imtina məktubunu aşağıda göstərdiyi qanunlara müvafiq olaraq əsassız hesab edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilərək bildirilmişdir ki, iddaçı müvafiq tələblə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. Bu səbəblərdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********73 saylı xx.xx.2019-cu il tarixli, **********08 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri X9 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 16/290 saylı qərarına əsasən keçmiş Çingiz İldırım adına Politexnik İnstitutuna 262 nəfərdən ibarət işçi kollektivinə Qobustan qəsəbəsi, Şıxlar kəndində “Arzu” X2 yaradılması məqsədilə torpaq sahəsinin ayrılması və tikintisi qərara alınmışdır. İşdə olan Azərbaycan Texniki Universiteti “Arzu” X5 tərəfindən verilmiş 192 nömrəli bağçının üzvlük kitabçasının surətindən görünür ki, İddiaçı 1987-ci il tarixdə X5nə üzv qəbul edilmiş, üzvlük kitabçası 2004-cü il tarixdə verilmişdir. Üzvlük kitabçasında X8 heyətinin xx.xx.1987-ci il tarixli, 01 nömrəli və Azərbaycan Texniki Universitetinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1987-ci il tarixli, 01 nömrəli protokollarına əsasən İddiaçı X5nə üzv qəbul edilməsi, sahənin ünvanı - Bakı-Səlyan yolunun 61-ci km-yi, Şıxlar kəndi, “Arzu” X5, bağ sahəsinin ölçüsü 600 kv.m, nömrəsi 192 göstərilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A № 247607 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, torpaq sahəsinin planı və ölçüsü Qaradağ rayonu, Şıxlar bağ massivi İddiaçı Bakı şəhəri XDS İK-nin xx.xx.1987-ci il tarixli, 16/290 saylı Qərarı və “Arzu” bağçılıqyoldaşlığın xx.xx.1997-ci il tarixli, 10 saylı protokolu ilə 600 kv.m torpaq sahəsi 192 saylı bağ evi tikintisi üçün torpaq sahəsi ilə bağlı tərtib edilmişdir. X11 kitabında xx.xx.2009-cu il tarixdə, 18661 nömrə ilə uçota alınmışdır. İşdə olan “Arzu” Bağçılıq-Yoldaşlıq Birliyinin xx.xx.1997-ci il tarixli iclasının 10 saylı protokolundan çıxarışdan görünür ki, 1987-ci ildə püşk atma yolu ilə Azərbaycan Texniki Universitetinin əməkdaşı İddiaçı Ağamalı qızına “Arzu” X3 olan 192 saylı sahə (6 sot) ayrılmışdır. O, həmin sahənin mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan torpaq sahəsinin planı və ölçülərinin müəyyənləşdirilməsi üçün protokoldan çıxarış istəyir. Halhazırda onların əməkdaşlarına Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş sahənin özəlləşdirilməsi məsələsinə baxılır. Ona görə 192-ci sahənin sahibi İddiaçı Ağamlı qızının protokoldan çıxarışı tələb olunur. Çıxış edən üzvlər qeyd etmişlər ki, İddiaçı Ağamalı qızını onlar yaxşı tanıyırlar və onun ailə üzvlərinin bağın abadalaşdırılmasında böyük rolları vardır. Təklif olunmuşdur ki, ona protokoldan çıxarış verilsin. İşdə olan Azərbaycan Texniki Universitetinin X6 üzrə prorektoru tərəfindən 23 fevral 2011-ci il tarixdə təsdiq edilmiş Azərbaycan Texniki Universitetinin Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi yaxınlığında yerləşən “Arzu” Bağçılıq-yoldaşlıq Birliyinin üzvlərinin siyahısından görünür ki, həmin siyahıda iddiaçının adı 159-cu sırada qeyd edilmişdir. Dəqiqləşdirilmiş siyahı “Arzu” X5 və Azərbaycan Texniki Universitetinin X4 İdarə Heyətində müzakirə edilmiş və təsdiq olunmuşdur. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli, **********08 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətlərinə **********73 nömrəli, xx.xx.2019-cu il tarixli və **********40 nömrəli, xx.xx.2021-ci il tarixli məktublarda cavab verilmiş, lakin qeyd olunan çatışmazlıqlar aradan qaldırılmamışdır. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixli, **********90 nömrəli məktubla “Arzu” X2 üzvlərinin siyahısı təqdim edilmişdir. İdarənin arxivində olan siyahıda iddiaçının adı aşkar edilməmişdir. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********08 nömrəli məkubla Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar bağ massivində yerləşən, 600 kv.m torpaq sahəsi olan 192 saylı bağ sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin A seriyalı, 247607 nömrəli, xx.xx.2009-cu il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsinə əsas olmuş sənədlərin, həmçinin sözügedən bağ sahəsinə dair bütün icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 16/290 saylı qərarı, “Arzu” Bağçılıq-Yoldaşlıq tərəfindən təsdiq edilmiş protokoldan çıxarış, üzvlük kitabçası, cizgi, sxematik xəritə əlavə edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 27 sentyabr 2021-ci il tarixli, **********08 nömrəli imtina məktubu almışdır Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: İlk öncə cavabdeh etirazında göstərmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adı aşkar olunmamışdır. İmtina məktubunun həmin hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işdə olan sənədlərə əsasən müəyyən edilmişdir ki, Bakı şəhər X9 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 16/290 saylı qərarına əsasən keçmiş X7 İnstitutunun 262 nəfərdən ibarət işçi kollektivinə Qobustan qəsəbəsi, Şıxlar kəndində “Arzu” X2 yaradılması məqsədilə torpaq sahəsinın ayrılması qərara alınmışdır. “Arzu” X2 262 nəfərlik siyahısı tərtib olunmuş və həmin siyahı cavabdehin arxivində hazırda mövcuddur. “Arzu” X2 İdarə Heyətinin və aktiv bağbanların xx.xx.1997-ci il tarixli iclasının 10 saylı protokolundan çıxarışa əsasən 1987-ci ildə püşk atma yolu ilə Azərbaycan Texniki Universitetinin əməkdaşı İddiaçı Ağamlı qızına “Arzu” X3 192 saylı (6 sot) bağ sahəsi ayrılmışdır. İddiaçı Ağamalı qızına protokoldan çıçxarış vermək tələb olunmuş, və həmin iclasın nəticəsinə əsasən İddiaçı protokoldan çıxarışın verilməsi qərara alınmışdır. Azərbaycan Texniki Universiteti “Arzu” X5 tərəfindən iddiaçıya 2004-cü il tarixdə bağçının üzvlük kitabçası verilmişdir. Həmin üzvlük kitabçasında göstərilmişdir ki, X2 idarə heyətinin xx.xx.1987-ci il tarixli, 01 nömrəli və Azərbaycan Texniki Universtietinin Həmkarlar İttifaqı Komitəsinin xx.xx.1987-ci il tarixli, 01 nömrəli protokollarına əsasən X5nə üzv qəbul edilmişdir. X5 tərəfindən ilkin tərtib olunmuş siyahıda iddiaçının adı aşkar olunmasa da, iş materiallarında olan Azərbaycan Texniki Universitetinin X6 üzrə Prorektoru tərəfindən 23 fevral 2011-ci il tarixdə təsdiq edilmiş, “Arzu” X5 və Azərbaycan Texniki Universitetinin X4 İdarə Heyətində müzakirə edilərək təsdiq edilmiş Azərbaycan Texniki Universitetinin Bakı şəhəri Qaradağ rayonu Şıxlar qəsəbəsi yaxınlığında yerləşən “Arzu” X2 üzvlərinin siyahısında 159-cu sırada qeyd edilmişdir. Göründüyü kimi, sözügedən hallar cavabdehin imtinasının əsasını təşkil edən həmin arqumenti əsassız edər və iddiaçının mübahisəli bağ sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilməsi üçün əsas kimi götürülə bilməz. Məhkəmə həmçinin iddia tələbinin maddi hüquqi əsası ilə bağlı qeyd edir ki: «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilmişdir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9-cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: (maddə 8.0.7.) 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə görə hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təşbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar bağ massivində yerləşən sahəsi 600 kv.m olan 192 saylı bağ sahəsinə dair İddiaçı Ağamalı qının mülkiyyət hüququ qeydiyyata alınmaqla buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar