Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3016/2023 17.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X5 Ağa qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 17 dekabr 1998-ci il tarixli 2201 saylı sərəncamına əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 177 A saylı torpaq sahəsi icarə hüququ əsasında ona məxsusdur, torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 17 dekabr 1998-ci il tarixli 2201 saylı sərəncamına əsasən, Razin küçəsi 6 saylı bina ilə 4 saylı binanın arasında yerləşən alğı-satqı məntəqəsinin daşdan tikilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin 1 fevral 2021-ci il tarixli, BA-00180-2021 saylı məktubda, sözügedən sərəncamın arxivdə mövcud olduğu göstərilmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 6 saylı bina ilə 4 saylı binanın arasında qeyri-yaşayış sahəsinə 20 iyul 2015-ci il tarixdə memarlıq planlaşdırmanın eskiz layihəsi tərtib edilmiş və Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən isə təsdiqlənmişdir. xx.xx.2017-ci il tarixli, 22 nömrəli icazə sənədinə əsasən, Qara-Çuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 6 saylı bina ilə 4 saylı binanın arasında yerləşən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınaraq xx.xx.2017-ci il tarixdən ona tikinti obyektinin istismarına Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir. O, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin İdarənin ona ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubunda onun hüququnun dövlət qeydiyyatından imtina edilmişdir. Lakin hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarını pozur. Belə ki, Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 17 dekabr 1998-ci il tarixli 2201 saylı sərəncamına əsasən ona sözügedən qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilmiş, xx.xx.2017-ci il tarixdə isə tikinti obyektinin istismarına Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir. Qanunvericiliklə tələb olunan sənədlər cavabdehə təqdim edilsə də, müraciətindən imtina edilmişdir. Odur ki, pozulmuş hüququnun bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, sərəncamın araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının müvafiq tələblə bağlı müraciəti xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. Sərəncamın araşdırılması zamanı müəyyən edilmişdir ki, elektron kadastr məlumatına əsasən qeyri-yaşayış binası yaşayış binalarının önündə ətrafı yaşıllıq olan ərazidə yerləşir. Həmçinin tikintiyə icazə və tikinti obyektinin istismarına icazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Eyni zamanda qeyri-yaşayış binasına dair layihə Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya **********91 saylı, xx.xx.2022-ci il tarixli və **********21 saylı, xx.xx.2022-ci il cavab məktubları ünvanlanmışdır. Məlumat üçün bildirilmişdir ki, İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş texniki baxış zamanı müəyyən edilmişdir ki, qeyri-yaşayış binasından 2.4 metr məsafədə 10 kV-luq transformator yarımstansiyası yerləşir. Bundan başqa, təqdim edilən tikinti obyektinin istismarına icazə sənədində qeyri-yaşayış binasının ümumi sahəsi 110.43 kv.m göstərilsə də, faktiki ölçü 99.6 kv.m-dir. İddiaçının nümayəndəsi və vəkili tərəfindən etiraza mülahizə təqdim edilərək bildirilmişdir ki, cavabdeh etirazında imtina üçün 3 əsas göstərmişdir: 1. Elektron kadastr məlumatına əsasən qeyri-yaşayış binası yaşayış binalarının önündə ətrafı yaşıllıq ərazidə yerləşir. 2. Tikinti obyektinin istismarına icazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. 3. Qeyri-yaşayış binasına dair layihə Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmamışdır. Lakin göstərilən imtina əsasları tamamilə əsasssızdır. Belə ki: Daşınmaz əmlakın yaşayış binalarının önündə ətrafı yaşıllıq ərazidə yerləşməsi ilə bağlı qeyd olunmalıdır ki, Suraxanı Rayon İcra Hakimiyyəti Başçısının 17 dekabr 1998-ci il tarixli 2201 saylı sərəncamına əsasən, Razin küçəsi 6 saylı bina ilə 4 saylı binanın arasında yerləşən alqı-satqı məntəqəsinin daşdan tikilməsinə icazə verilmişdir. Bundan başqa, cavabdehin yuxarı orqanı olan Əmlak Məsələləri Dövlət Xidmətinin 25 yanvar 2022-ci il tarixdə onunla mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmışdır. Bu isə cavabdehin qeyd olunan dəlilinin əsassızlığına dəlalət edir. Çünki, sözügedən əmlak yaşıllıq ərazidə yerləşsə idi, ona qeyri-yaşayış sahəsi tikməyə icazə verməzdilər və onunla icarə müqaviləsi bağlanmazdı. Cavabdeh etirazında Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı" ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.11.11.5 və 4.11.12-ci bəndlərinə istinad etməklə, yerli icra hakimiyyəti başçısının təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək; müvafiq ərazidə İİİ məsuliyyət səviyyəli binaların tikintisinə icazə vermək vəzifələri göstərilsə də, Əsasnamənin 4.18.2-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli binaların memarlıq layihəsi təsdiq edildikdən və qeydiyyatdan keçdikdən sonra tikintiyə icazə sənədi vermək səlahiyyəti şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid edilmədiyi qeyd edilmişdir. Lakin, cavabdehin qeyd etdiyi normativ əsas hazırkı iddiaya münasibətdə tətbiq oluna bilməz. Belə ki, istinad edilən normalarda tikiləcək və yaxud tikilməsi nəzərdə tutulan qeyri-yaşayış binalarının məsuliyyət səviyyəsindən asdı olaraq tikintisinə icazə verilməsi səlahiyyətinin şəhər icra hakimiyyəti başçılarına və ya şəhər rayonlarının icra hakimiyyəti başçılarına aid olmasından bəhs edilir. Hazırkı işdə isə iddia predmeti olan qeyri-yaşayış binası yeni tikili deyildir, qeyri-yaşayış sahəsi uzun müddətdir ki, mövcuddur və onun istifadəsindədir. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 17 dekabr 1998-ci il tarixli 2201 saylı, sərəncamına əsasən, Razin küçəsi 6 saylı bina ilə 4 saylı binanın arasında yerləşən alqı-satqı məntəqəsinin daşdan tikilməsinə icazə verilmiş, həmin sərəncamı alıdqdan sonra elə həmin ildə qeyri-yaşayış binası tikilmişdir. Göründüyü kimi, sözügedən sərəncam cavabdehin istinad etdiyi “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin təsdiq edilməsindən əvvəl verilmişdir. Bundan əlavə, cavabdehin bu mövqeyi “İnzibati icraat haqqında Qanunun 19- cu maddəsinin tələblərinə də, ziddir. Belə ki, həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Əgər yerli icra hakimiyyəti orqanı Sərəncam vermişdirsə və həmin Sərəncamın dəyişdirilməsi, yaxud ləğv edilməsi haqda hər hansı bir məlumat yoxdursa, Sərəncam mötəbərdir. Tikinti obyektinin istismarına icazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməməsi əsasına gəldikdə isə qeyd edilməlidir ki, “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 895 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında inşa edilmiş və 1 yanvar 2018-ci il tarixədək tikinti obyektinin sahibinin müraciəti əsasında obyektin istismarına icazəni yerli icra hakimiyyəti tərəfindən verilə bilərdi. Hazırkı işdə olan, xx.xx.2017-ci il tarixli, 22 nömrəli icazə sənədinə əsasən, Qara- Çuxur qəsəbəsi Əhməd Mehbalıyev küçəsi 6 saylı bina ilə 4 saylı binanın arasında yerləşən tikintisi başa çatmış obyektin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyü nəzərə alınaraq xx.xx.2017-ci il tarixdən ona tikinti obyektinin istismarına Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 17 dekabr 1998-ci il tarixli 2201 saylı sərəncamına əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 110,43 kv.m olan qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı, iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 2201 nömrəli, 17 dekabr 1998-ci il tarixli “Qaraçuxur qəsəbəsi, Razin küçəsi 6 saylı bina ilə 4 syalı binanın arasında yerləşən alğı-satqı məntəqəsinin tikilməsinə icazə verilməsi barədə” sərəncamından görünür ki, İddiaçı məxsus Razin küçəsi, 6 saylı bina ilə 4 saylı binanın arasında yerləşən alğı-satqı məntəqəsinin daşdan tikilməsinə icazə verilmişdir. İşdə olan cizgidən görünür ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 2201 nömrəli, 17 dekabr 1998-ci il tarixli sərəncamına əsasən təklif olunan sahənin cizgisi təsdiq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 01 fevral 2021-ci il taixli, BA-00180-2021 nömrəli məktubdan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Suraxanı rayon İcra Hakimiyyətinin arxiv fondu üzrə xx.xx.1998-ci il tarixli, 2201 saylı sərəncamının və həmin sərəncama əlavə edilmiş sənədlərin təsdiq edilmiş kserosurətləri təqdim edilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli, 22 nömrəli “Tikinti obyektinin istismarına” icazə sənədinin surətindən görünür ki, Bakı şəhəri, Qara Çuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsi, 6 saylı bina ilə 4 saylı binanın arasında yerləşən ümumi sahəsi 110.43 kv.m, faktiki ölçüsü 110.43 kv.m olan, 1 mərtəbəli qeyri-yaşayış sahəsinin təqdim olunmuş sənədlərə əsasən tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normaitv sənədlərin tələblərinə və tikinti layihəsinə uyğun inşa edildiyini və ondan təyinatı üzrə istifadənin mümkünlüyünü nəzərə alaraq xx.xx.2017-ci il tarixindən İddiaçı tikinti obyektinin istismarına icazə verilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş A seriyalı 708152 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən dövlət mülkiyyətində olan torpaq sahəsi icarə hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “Bakı Torpaq” Layihə Smeta Bürosu Memarlıq və Planlaşdırma Bölməsi tərəfindən təsdiq edilmiş layihədən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur qəsəbəsi, Əhməd Mahbalıyev küçəsi, 6 saylı bina ilə 4 saylı binanın arasında yerləşən qeyri-yaşayış sahəsinin layihəsi tərtib olunmuş və layihə Suraxanı rayon İcra Hakimiyyətinə təqdim edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********21 nömrəli məktubun surətindən görünür ki, ididaçının müraciətinə baxılaraq bildirilmişdir ki, müraciətində qeyd olunan məsələ ilə bağlı **********91 nömrəli, xx.xx.2022ci il tarixli məktubla cavab verilmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********22 nömrəli məktubla ünvan 4 ünvanında yerləşən torpaq sahəsinə dair A seriyalı 708152 nömrəli topraq sahəsinin planı və ölçüsü və onun verilməsinə əsas olmuş iddiaçı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanmış 25 yanvar 2022-ci il tarixli, 1276 nömrəli “Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” müqavilə təqdim edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 04 oktyabr 2022-ci il tarixli, **********21 nömrəli və xx.xx.2022-ci il tarixli, **********91 nömrəli imtina məktubu almışdır Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə cavabdehin etirazında əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: Cavabdehin sözügedən qeyri-yaşayış sahəsinə dair etirazında göstərilən dəlillər aşağıdakılardan ibarət olmuşdur:
1. Elektron kadastr məlumatına əsasən qeyri-yaşayış binası yaşayış binalarının önündə ətrafı yaşıllıq olan ərazidə yerləşir.
2. Tikintiyə icazə və tikinti obyektinin istismarına icazə sənədi Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Eyni zamanda qeyri-yaşayış binasına dair layihə Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmamışdır.
3. Qeyri-yaşayış binasından 2.4 metr məsafədə 10 kv-luq transformator yarımstansiyası yerləşir.
4. Təqdim edilən tikinti obyektinin istismarına icazə sənədində qeyri-yaşayış binasının ümumi sahəsi 110.43 kv.m göstərilsə də, faktiki ölçü 99.6 kv.m-dir. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İlk olaraq cavabdeh elektron kadastr məlumatına əsasən qeyri-yaşayış binasının yaşayış binalarının önündə ətrafı yaşıllıq olan ərazidə yerləşməsini və qeyri-yaşayış binasından 2.4 metr məsafədə 10 kv-luq transformator yarımstansiyası yerləşməsini bildirsə də, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 2201 nömrəli sərəncamı ilə mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən daşdan tikilməsinə icazə verilməsi, həmin sərəncam əsasında yerləşmə cizgisinin verilməsi, həmçinin cavabdehin yuxarı orqanı olan Əmlak Məsələləri Dövlət Xidmətinin 25 yanvar 2022-ci il tarixdə iddiaçı ilə mübahisəli daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə dair icarə müqaviləsi bağlaması cavabdehin qeyd olunan dəlilinin əsassızlığına dəlalət edir. Cavabdehin digər dəlili istismara icazə sənədinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilməli olması, layihənin isə Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılmalı olmasıdır ki, həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki, hazırki işdə iddia predmeti olan qeyri-yaşayış binası yeni tikili deyildir. Qeyri-yaşayış sahəsi uzun müddətdir ki, mövcuddur və onun istifadəsindədir. Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 17 dekabr 1998-ci il tarixli 2201 saylı sərəncamına əsasən, Razin küçəsi 6 saylı bina ilə 4 saylı binanın arasında yerləşən alğı-satqı məntəqəsinin daşdan tikilməsinə icazə verilmiş, həmin sərəncamı aldıqdan sonra elə həmin ildə qeyri-yaşayış binası tikilmişdir. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə isə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli Fərmanı ilə təsdiq edilmişdir. Belə olan təqdirdə, “Yerli icra hakimiyyələri haqqında” Əsasnamənin müvafiq müddəalarının hazırki mübahisəyə tətbiqi yolverilməzdir. Eləcə də məhkəmə qeyd edir ki, “Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 may 2016-cı il tarixli 895 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında inşa edilmiş və 1 yanvar 2018ci il tarixədək tikinti obyektinin sahibinin müraciəti əsasında obyektin istismarına icazəni yerli icra hakimiyyəti tərəfindən verilə bilərdi. 1 yanvar 2018-ci il tarixdən Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazənin veirlməsi, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəyin verilməsi, eləcə də şəhərsalma kadastrının aparılması Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə olunmuşdur. Cavabdehin təqdim edilən tikinti obyektinin istismarına icazə sənədində qeyriyaşayış binasının ümumi sahəsinin 110.43 kv.m göstərilsə də, faktiki ölçüsünün 99.6 kv.m olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, istismara icazə sənədinin surətindən görünür ki, qeyri-yaşayış binasının faktiki sahəsi də 110.43 kv.m göstərilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdehin sözügedən əsaslarla imtinası formal olmaqla iddiaçının mülkiyyət hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir. İnzibati ədliyyə mərhələsində isə məhkəmələr inzibati aktın məqsəd və xarakterini, inzibati icraat mərhələsində yol verilmiş pozuntuların bu aktın qəbul edilib-edilməməsinə göstərəcəyi təsiri nəzərə alaraq, şəxsin qanuni gözləntiləri ilə publik maraqların nisbətinin qorunması və Konstitusiyanın müdafiə etdiyi dəyərlər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə işdə olan bütün sübutları qiymətləndirməklə və bütün prosessual imkanlardan istifadə etməklə şəxsin hüquqlarının qeydiyyata alınması vəzifəsinin müvafiq inzibati orqanın üzərinə qoyulub-qoyulmaması barəsində ədalətli qərar qəbul etməlidir. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2-ci maddəsinin (A zərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur) tələbləri təmin edildiyindən, iddiaçının sözügedən qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” 1 saylı Protokolun (Paris, 20 mart 1952-ci il) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X3rşı” qərarının 139-cu bəndində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsində “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqları və maraqla da, “mülkiyyət hüquqları” hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən marağın “hüquq” kimi tanınmaması, istərsə də, bu qanunla tərəfindən həmin marağın “mülkiyyət hüququ hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət hesab edilməsinin qarşısını almır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən «mülkiyyət» və «əmlak» anlayışı iqtisadi maraq-ların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairə-sinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqları-nın mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiy-yət» anlayışı müstəqil məna daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında) iddia inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinin 1-ci hissəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 17 dekabr 1998-ci il tarixli 2201 saylı sərəncamına əsasən ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 110,43 kv.m olan qeyri-yaşayış sahəsinə dair İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva