Məhkəmə qərarları › İş №2-1(112)-3018/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3018/2025

21.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3018/2025 21.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsinin bağlanılması barədə sərəncamın qəbul edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “icarə müqaviləsinin bağlanılması barədə sərəncamın qəbul edilməsi” barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddianın məzmunu onunla bağlıdır ki, İddiaçı ünvan 1 ünvanında öz vəsaiti hesabına 116.0 kv.metr olan torpaqdan istifadə edir. Həmin torpaq sahəsindən istifadə faktı Yasamal Bələdiyyəsinin 04/06 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş və İddiaçı vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Hazırda da torpaqdan istifadəyə görə vergi ödəməkdədir. İddiaçı, həmçinin həmin torpaqda yerləşən qeyri-yaşayış sahəsindən istifadəyə görə kommunal xidmətlərlə müvafiq müqavilə bağlamışdır. Torpaq sahəsinin icarəyə verilməsinə dair bələdiyyə müraciət edilsə də, həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması səbəbindən icarə müqaviləsinin bağlanmasından şifahi qaydada imtina edilmişdir. İddiaçı torpaq sahəsinin icarəyə verilməsinə dair cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin onun müraciətləri üzrə rəsmi cavab verilməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının qeyd olunan məsələ ilə bağlı müraciətinə Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 3-21-3/2-M- 2537/02-8/2024 nömrəli məktubu ilə cavab verilərək, müraciətdə göstərilən torpaq sahəsinin iddiaçının istifadəsinə ayrılması barədə hüquqmüəyyənedici sənədlər, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı, ayrıc aktı və ya yerquruluşu planı Xidmətə təqdim edildikdən sonra, həmin torpaq sahəsində inventarlaşdırma işləri aparılmaqla, icarə müqaviləsinin bağlanılması üçün qanunvericiliklə müəyyən edilmiş zəruri tədbirlər görüləcəyi qeyd olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 6-cı və 51-ci maddələrinə, habelə “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli, 291 nömrəli Fərmanına uyğun olaraq torpaq sahəsinin ona ayrılmasına dair müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyəti orqanı) qərarını təqdim etməmişdir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Göründüyü kimi, iddiaçı iddia predmeti olan torpaq sahəsi üzərində hər hansı hüquqmüəyyənedici sənədə malik olmadığından, onun hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ da mövcud deyildir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Vergi ödəyicisi haqqında məlumatdan görünür ki, iddiaçı yerli vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Bakı şəhəri Yasamal Bələdiyyəsinin sədrinin xx.xx.2023-cü il tarixli, 04/06 nömrəli Sərəncamına əsasən ünvan 2 ünvanında qediyyatda olan və Y.ünvan 3şayan İddiaçı ünvan 4 ünvanında öz vəsaiti hesabına istifadə etdiyi sahəsi 116.0 kv.metr olan torpaqdan istifadə etmə faktının təsdiq edilməsi və Yerli (Bələdiyyə) vergi ödəyicisi kimi qeydiyyata alınması qərara alınmışdır. Situasiya planından görünür ki, Yasamal Bələdiyyəsi tərəfindən ünvan 5 ünvanında yerləşən İddiaçı Malik oğlunun istifadəsində olan 116 kv.m torpaq sahəsinə dair situasiyasiya planı tərtib olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. AR İPM-nin: 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: Maddə 51. Torpaq sahəsi üzərində icarə hüququ

1. Torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir.

2. İcarə hüququ ilə torpaq sahələri Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə verilir.

3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər.

4. İcarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. (-) Maddə 56. Torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi əsasları

1. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli, 291 nömrəli Fərmanının: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 51-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərinin öz səlahiyyəti hüdudlarında dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiyalar parkları, sənaye məhəllələri və aqroparklar, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla), Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahəsinin icarəyə verilməsinə münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinin 4-cü hissəsində, 55-ci maddəsinin ikinci abzasında, 56-cı maddəsinin 1-ci hissəsində, 6-cı hissəsinin birinci abzasında və 8-ci hissəsində 66-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiyalar parkları, sənaye məhəllələri və aqroparklar, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə), Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları həyata keçirirlər “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunun: Maddə 3. İcarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. Maddə 4. Torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. Torpağın istifadəsi haqqında sənədlərdə nəzərdə tutulduğu hallarda torpağın istifadəçisi onu icarəyə verə bilər. Maddə 10 (ikinci abzas). Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində yaradılan süni torpaq sahələri istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq sahələrinin icarəyə verilməsi Qaydaları”nın: Bu qaydalar Azərbaycan Respublikasının “Torpaq məcəlləsinə”, “icarə haqqında”, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin “İcarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə olunması tədbirləri haqqında” Fərmanına və “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq hazırlanmışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi bu qaydalara uyğun olaraq həyata keçirilir.

4. Torpaq sahəsinin icarəyə verilməsi barədə Sərəncam imzalandıqdan sonra 5 gün müddətində qanunvericiliyə uyğun olaraq icarə müqaviləsi bağlanılır. İcarə müqaviləsi 3 nüsxədən ibarət tərtib olunur. Bir nüsxə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində, bir nüsxə icarəçidə qalır. Bir nüsxə isə müvafiq yerli icra hakimiyyəti orqanına göndərilir. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin:

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər. İşin faktiki hallarından da göründüyü kimi hazırkı inzibati mübahisə iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsinin yerləşdiyi 116 kv.m torpaq sahəsinə dair iddiaçı ilə icarə müqaviləsinin bağlanılması barədə sərəncamın qəbul edilməsi ilə əlaqədardır. Cavabdeh hesab edir ki, iddiaçı istifadəsində olan torpaq sahəsinə dair icarə müqaviləsinin bağlanmasının təmin edilməsindən imtina edərkən həmin torpaq sahəsinə və üzərində olan qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmadığına əsaslanmışdır. Qeyd olunmalıdır ki, AR İPM-nin 14.3-cü maddəsinin tələbləri baxımından iddianı təminini istisna edən faktiki şərtlərin mövcudluğunu cavabdeh sübut etməlidir ki, həmin hallar da sübut edilməkdədir. Qeyd olunmalıdır ki, dövlət əmlakının icarəyə verilməsinə münasibətdə, həmin əmlakın icarəyə verilməli olub-olmamasının qiymətləndirilməsi cavabdehin səlahiyyətləri çərçivəsindədir. Qanunvericilikdə dövlət əmlakının icarəyə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, həmin vəzifənin hər bir halda icrası qismində çıxış etməməklə, hazırkı qrup münasibətlər üzrə cavabdehin işin faktiki və hüquqi hallarını qiymətləndirməsinə maneə təşkil etmir. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin adından da göründüyü kimi əmlakla bağlı səlahiyyətli qurum kimi dövlət əmlakının satılması, icarəyə və istifadəyə verilməsini müəyyən şərtlər çərçivəsində etməkdə səlahiyyətlidir və məhz dövlətə məxsus əmlakın icarəyə verilməsindən imtinada da səlahiyyətli qurumdur. Məhkəmə də hesab edir ki, cavabdeh həmin səlahiyyətləri çərçivəsində düzgün olaraq iddiaçıya torpaq sahəsinin icarəyə verilməsindən imtina etmişdir. Bu zaman nəzərə alınmalıdır ki, nə iddia olunan torpaq sahəsinə, nə də ki onun üzərində inşa olunmuş qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin mövcudluğu müəyyən olunmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş bələdiyyə sərəncamı və kommunal xidmətlərə dair müqavilə yalnız torpaq sahəsinin və üzərində inşa edilmiş qeyri-yaşayış sahəsinin faktiki istifadəsini təsdiq edən sənədlər olmaqla, onların mülkiyyət və ya digər əşya hüquqlarının mövculuğunu təsdiq edən hüquqmüəyyənedici sənəd kimi qəbul olunması hüquqi baxımından mümkünsüzdür. Həmin qeyri-yaşayış sahəsinin qanuni əsaslarla inşa edilməsi, müvafiq prosedur tədbirlərin görülməsi müəyyən olunmamaqdadır. Bütün bunları nəzərə alaraq Məhkəmə hesab edir ki, cavabdehin torpaq sahəsinin icarəyə verilməsindən imtina etməsi hüquqi cəhətdən əsaslandırılmış, qanunvericiliyin tələblərinə uyğun və səlahiyyət çərçivəsində verilmiş imtina olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar