Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3019/2022 30.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, tərcüməçi X3, İddiaçı iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh-Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın bərpa edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ödənilmiş pensiya məbləğinin geri ödənilməsi barədə qərarının ləğv edilməsi və ona yəni, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı 25 oktyabr 2016-cı il tarixindən, 50 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə uyğun olaraq, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “d” bəndinin tələblərinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) “Əmək pensiyasının dayandırılması haqqında” 18.02.2021-ci il tarixli **********1 saylı və “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 07.09.2021-ci il tarixli **********5 saylı Qərarlarının ləğv edilməsi və ona, yəni İddiaçı təyin olunmuş əmək pensiyasının dayandırıldığı 30.11.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o 47 yaşı tamam olan tarixdə DSMF-nin Nizami rayon şöbəsinə müraciət edərək ona təyyarə bələdçisi vəzifəsində topladığı staj əsasında 47 yaşdan güzəşti şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Həmin şöbə tərəfindən ona 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək aylıq ödənişlər edilməyə başlanmışdır. Pensiya təyinatı zamanı keçmiş SSRİ dövründə topladığı ümumi və güzəştli iş stajı (yəni hüquqi münasibətlərin yarandığı dövrdə qüvvədə olmuş qaydalara əsasən) əsas götürülmüşdür. Lakin cavabdeh onun əmək pensiyasının ödənilməsini dayandırmış, buna səbəbin nə olduğunu bildirməmiş və indiyədək ona ödənilmiş pensiya məbləğinin geri ödənilməsi barədə qərar çıxarmışdır. O, cavabdehə müraciət edərək, təyyarə bələdçisi vəzifəsinin güzəştli pensiya hüququ verməsi səbəbilə 28 oktyabr 2016-cı ildən, 50 yaşından, 01 yanvar 2006-ci il tarixinədək qüvvədə olmuş „Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin d) bəndinin tələblərinə əsasən, təyyarə bələdçisi vəzifəsində topladığı iş stajına görə güzəştli şərtlərlə əmək pensiyasının yenidən təyin edilməsini xahiş etmişdir. Cavabdeh öz cavab məktubunda ona 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparılmasının qanunvericiliyə zidd olmasını bildirmiş, eyni zamanda ona 52 yaşının tamam olduğu tarixdə pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təyinatına imkan vermədiyi üçün həmin yaşda belə pensiya təyinatının mümkün olmadığını bildirmişdir. Yəni ona 50 yaşdan pensiya təyinatına ümumən münasibət bildirməmişdir. Əlavə olaraq, cavabdeh indiyə qədər ona ödənilmiş pensiya məbləğinin cavabdehə geri ödənilməsi barədə qərar çıxarmışdır. Cavabdehin onun pensiya hüquqularını birtərəfli qaydada öz mülahizəsinə əsasən pozduğu və xahişi rədd edildiyi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı-İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.4-ci maddəsinə görə inzibati orqanının inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 34.2-ci maddəsinə görə müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati akt sayılmayan əlverişsiz hərəkətlərin edilməməsini və ya dayandırılmasını tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür və İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. ИТ-İ seriyalı ******* №-li, 03.12.1984-ci il tarixli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 01.12.1984-cü ildə Mülki Aviasiya Bakı Birləşmiş Aviadəstəsində təyyarə bələdçiləri xidmətinə təyyarə bələdçisi vəzifəsinə qəbul edilmişdir (Əmr № 94/N, 29.11.1984); 05.07.1985-ci ildə 3-cü dərəcəli təyyarə bələdçisi verilmişdir (Əmr № 60/N, 25.07.1985); 01.01.1988-ci ildə Mülki Aviasiya Bakı Birləşmiş Aviadəstəsinin adı dəyişdirilərək Bakı Mülki Aviasiyanın adlandırılmışdır (Əmr № 257AZUQA, 24.11.1987); 25.01.991-ci ildə “Bakı” aeroportunun yenidən təşkili ilə əlaqədar olaraq Bakı “AZAL TRANS” nəqliyyat avia şirətində həmin vəzifəyə keçirilmişdir (Əmr № 6/N, 25.01.1991);. 01.05.1992-ci ildə BNA “AZALTRANS” adı dəyişdirilərək Bakı Nəqliyyat Aviaşirkəti “Azal Avia” avia şirkəti adlandırılmışdır (Əmr № 80/i 24.08.1993); 23.08.1993-cü ildə "xxxx" Avia müəssisəsinə keçirilməklə işdən azad edilmişdir (Əmr № 80/i, 24.08.1993); 227.08.1993-cü ildə köçürülmə ilə təyyarə bələdçisi xidmətinə təyyarə bələdçisi vəzifəsinə qəbul edilmişdir (Əmr № 121/İ, 30.08.1993); 01.02.1993-cü ildə "xxxx" MABAM ("xxxx" Mülki Aviasiya Birliyi Avia Müəssisəsi) adı dəyişdirilərək "xxxx" Aviasiya Müəssisəsi adlandırılmışdır (Əmr № 409, 07.12.1993); 19.11.1994-cü ildə Bakı Avia nəqliyyat şirkətinə köçürülməklə işdən azad edilmişdir (Əmr № 95/İ, 21.09.1994); 16.12.1994-cü ildə Bakı Avia Nəqliyyat Şirkəti “Azalavia” "xxxx" aviasiya müəssisəsindən köçürülməklə 5-ci dərəcə üzrə TBX təyyarə bələdçisi vəzifəsinə işə qəbul edilmişdir (Əmr № 135/İ. 16.12.1994); 01.04.1997-ci ildə BNA “Azalavia” yenidən təşkil edilməsi ilə əlaqədar olara MAŞ “AZAL” təyyarə bələdçisi vəzifəsinə təyin edilmişdir (Əmr № 12/İ, 21.07.1997-ci il); 07.07.1998-ci ildə əsas işçinin olmaması müddətində baş təyyarə bələdçisi vəzifəsinə keçirilmişdir (Əmr № 39/İ 07.07.1998); 07.11.2000-ci ildə əmək müqaviləsi ləğv edilmişdir (Əmr № 155/ş, 07.11.2000); Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Orqanı tərəfindən verilmiş AZ seriyalı 00183 H/L №-li “Mülki Aviasiya Gəmi Bələdçisinin Şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı “1985-ci ildən 2000-ci ilədək Azərbaycan Hava Yolları Dövlət Konsernində işlədiyi peşəyə uyğun olaraq dərəcələr verilmişdir. Azərbaycan Respublikasının "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 31.05.2021-ci il tarixli 126 № arayışda qeyd olunmuşdur ki, Təyyarə bələdçisi vəzifəsində işləmiş (Aruşanova) İddiaçı uçuş xidməti cəmi 27 (iyirmi yeddi) il 5 (beş) ay təşkil edib. Bu arayış vəzifəli şəxslər tərəfindən təsdiq edilmiş və möhürlənmiş uçuş və əmək kitabçalarının, ödəniş cədvəllərinin, ödəniş cədvəllərinin əsasında tərtib edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 12 saylı qərarının 21.3-cü maddəsinə əsasən, güzəştli şərtlər üzrə təqaüdün təyin edilməsi üçün RSTŞ-yə verilir. Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin 10.06.2021-ci il tarixli 8-995 nömrəli məktubu ilə İddiaçı təqdim olunmuş 10.06.2021-ci il tarixli S-995 saylı arxiv arayışında qeyd olunmuşdur ki, xx.xx.1966-cı il təvəllüdlü Seyidova (Aruşanova) Kəmalə Ənvərovna həqiqətən Mülki Aviasiya Sistemində çalışmışdır: Mülki Aviasiya Bakı Birləşmiş Aviadəstəsi- 01.12.1984-cü ildə Təyyarə bələdçiləri xidmətinə təyyarə bələdçisi vəzifəsinə qəbul edilmişdir (Əmr № 94/ş, 29.11.1984); 05.07.1985-ci ildə Təyyarə bələdçiliyi üzrə 3-cü dərəcə verilmişdir (Əmr № 60/ş, 25.07.1985); 23.08.1993-cü ildə Bratsk aviamüəssisəsinə keçiirilməsi ilə əlaqədar Azərbaycan Respublikası ƏM-nin 36-cı maddəsinə əsasən işdən azad olunmuşdur (Əmr № 80/ş, 24.08.1993); 16.12.1994-cü ildə “Azalavia” Bakı Nəqliyyat Aviaşirkəti Təyyarə bələdçiləri xidmətinə təyyarə bələdçisi vəzifəsinə VTC üzrə 5-ci dərəcə ilə X1 qəbul edilmişdir (Əmr № 135/ş, 16.12.1994); 07.11.2000-ci ildə Azərbaycan Respublikası ƏMnnin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasını kobud şəkildə pozduğu üçün əmək müqaviləsi ləğv edilmişdir (Əmr № 155/ş, 07.11.2000). Arayış şəxsi T-2 kartı və şəxsi heyət üzrə əmrlər əsasında tərtib edilmişdir. Təqaüd sənədlərinin rəsmiləşdirilməsi üçün təqdim olunur. Məhkəmənin müvafiq sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş İddiaçı məxsus 084520 saylı pensiya işinə əlavə olunmuş aşağıdakı sənədlərdən: Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsinin 30.06.2014-cı il tarixli 461 nömrəli qərarının surətindən müəyyən olunur ki, İddiaçı 25.10.2013-cü il tarixdən yaşa görə ömürlük pensiya təyin olunmuşdur. Azərbaycan Resppublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul olunmuş 18.02.2021-ci il tarixli **********1 saylı qərarla İddiaçı 25.10.2013-cı il tarixdən təyin olunmuş güzəştli şərtlərlə yaşa görə təyin olunmuş pensiya dayandırılmışdır. Dayandırılmanın səbəbi kimi DSMF-nin Aparatının Daxili nəzarət departamentindən daxil olmuş **********6 nömrəli 02.09.2020-ci il tarixli məktubu göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul olunmuş 07.09.2021-ci il tarixli ********** saylı “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərardan müəyyən olunur ki, AR ƏƏSMN tabeliyində DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı 25.10.2013- 31.09.2020-ci il tarixləri arasındakı dövr ərzində İddiaçı 1.521,16 manat məbləğində artıq əmək pensiyasının ödənilməsinə dair sənədlər nəzərdən keçirilərək: xx.xx.1966-cı il tarixində doğulmuş ünvan 2 ünvanında yaşayan (qeydiyyatda olan) İddiaçı 25.10.2013- 31.09.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 15621,16 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində tələbkar DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış məktubda qeyd olunmuşdur ki, ona vaxtilə əmək pensiyası təyin edilərkən təqdim etdiyi əmək kitabçasında və "xxxx" QSC-nin ona dair 27 may 2004-cü il tarixli S-830 nömrəli arayışında 01.12.1984-30.11.2000-ci il tarixləri arasındakı dövr ərzində “AZAL" aviasiya şirkətində təyyarə bələdçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Fondun aidiyyəti mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı işlədiyi təyyarə bələdçisi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda qeyd olunan mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərə aid olmadığı halda ona 25.10.2013-ci il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 47 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edildiyi aşkar edilmişdir. Bundan başqa ona dair sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi ümumi iş stajı 20 ildən az (15 il 10 ay 18 gün) təşkil edir. Eyni zamanda 52 yaşının tamam olduğu 28.10.2018-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə hazırda 46800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi hazırki vaxta 14.874,52 manat təşkil edir. Qeyd olunanlara əsasən ona 25.10.2013-31.09.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15621,16 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq ondan artıq ödənilmiş pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarılması xahiş olunmuş və əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 25.02.2022-ci il tarixli 12/839 saylı məktubda qeyd olunmuşdur ki, xx.xx.1966-cı il təvəllüdlü İddiaçı (Aruşanova) həqiqətən Azərbaycan Respublikasının Mülki Aviasiya sistemində 01.12.1984-cü ildən 23.08.1993-cü ilə kimi, 16.12.1994-cü ildən 07.11.2000-ci ilə kimi təyyarə bələdçisi vəzifəsində çalışmışdır. 07 dekabr 1944-cü il tarixdə Çikaqo şəhərində imzalanmış "Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiya"ya Azərbaycan Respublikasının qoşulması Azərbaycan Respublikası Milli Məclisinin 14 iyul 1992-ci il tarixli 204 nömrəli qərarı ilə rəsmiləşdirilmişdir. Həmin Konvensiyanın 37-ci maddəsinə uyğun olaraq, 25 mart 1949-cu il tarixdə İCAO Şurası tərəfindən Konvensiyaya 9 nömrəli Əlavə şəklində "Standartlar və tövsiyə edilən təcrübə. Rəsmiyyətlərin sadələşdirilməsi" qəbul edilərək sentyabr 1949-cu ildə qüvvəyə minmişdir.1948-ci il aprelin 13-də Şura, Razılığa Gələn dövlətlərin diqqətini öz milli qaydalarında, təcrübədə mümkün olduğu dərəcədə, normativ xarakter daşıyan İCAO Standartlarında əks olunan eyni təriflərdən istifadə edilməsinin məqsədəuyğunluğuna, habelə hava hərəkətinin təhlükəsizliyi və müntəzəmliyi üçün əhəmiyyətli olan istənilən əlavə milli qaydalar daxil olmaqla, Standartlardan kənara çıxmaların göstərilməsinin məqsədəuyğunluğuna yönəltdiyi qətnamə qəbul etmişdir. Yuxarıda göstərilənlərə əsasən, Beynəlxalq Mülki Aviasiya Konvensiyasına "Rəsmiyyətlərin sadələşdirilməsi" adlı 9 nömrəli Əlavəyə uyğun olaraq hava gəmisinin heyəti və uçuş heyəti ilə bağlı aşağıdakı təriflər müəyyən edilmişdir: Uçuş heyətinin üzvü. Xidməti ucus müddətində hava gəmisinin idarə edilməsi ilə bağlı vəzifələr həvalə edilmiş və şəhadətnaməyə məxsus heyət üzvü". “Heyət üzvü. Xidməti uçuş müddətində hava gəmisində müəyyən vəzifələri verinə yetirmək ücün istismarçı tərəfindən təyin edilmiş şəxs." Beləliklə, Azərbaycan Respublikasının tam hüquqlu üzvü olduğu beynəlxalq müqavilələrin normalarına və təriflərinə uyğun olaraq ucus heyəti üzvü və heyət üzvü anlayışları fərqli mənalara malikdir. Yəni, təyyarə bələdçiləri sərnişinləri qarşılamaq və yerləşdirmək, uçuş zamanı qidanın təqdim edilməsini təşkil etmək, sərnişinlərin və təyyarənin təhlükəsizliyini təmin etmək, ilk tibbi yardım göstərmək vəzifələri həvalə edilmiş heyət üzvləridir, olmaqla yanaşı eyni zamanda hava gəmisinin idarə edilməsi ilə məşğul deyillər və buna görə də uçuş heyətinin üzvləri hesab edilə bilməzlər. Təyyarə bələdçiləri, böyük təyyarə bələdçiləri, təlimatçı-təyyarə bələdçiləri, hava gəmilərinin bort operatorları, böyük bort operatorları, təlimatçı-bort operatorları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə əsaslanaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısına uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası hüququna malikdirlər. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı 01.12.1984-cü ildən 23.08.1993-cü ilə kimi və 16.12.1994-cü ildən 07.11.2000-ci ilədək “AZAL” Aviasiya şirkətində təyarə bələdçisi vəzifəsində işləmişdir. İş materiallarından göründüyü kimi, iddiaçıya 25.10.2013-cı il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən 47 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, daha sonra cavabdeh tərəfindən iddiaçının xüsusi iş stajının olmamasına istinad edilərək, təyin edilmiş əmək pensiyası 18.02.2021-ci il tarixli qərarla dayandırılmış və cavabdehin “artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” 07.09.2021-ci il tarixli **********5 nömrəli qərarı ilə, İddiaçı 25.10.2013- 31.09.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 15621,16 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək, DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. İddiaçı hazırda həmin qərarları mübahisələndirir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqan tərəfindən heç bir qanuni əsas olmadan iddiaçıya pensiyanın ödənilməsi dayandırılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 26 oktyabr tarixli 231 №-li Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nın 2-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri) (bənd 2.1.); “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. İddiaçı “Azal” aviasiya şirkətində işlədiyi təyyarə bələdçisi peşəsinin yuxarıda qeyd olunan hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvlərinə (digər uçuş mütəxəssisləri) aid olub-olmamasına dair məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Aviadaşıyıcısı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş cavab məktubunda təyyarə bələdçiləri, böyük təyyarə bələdçiləri, təlimatçı-təyyarə bələdçiləri, hava gəmilərinin bort operatorları, böyük bort operatorları, təlimatçı-bort operatorlarının güzəştli şərtlərlə əmək pensiyası hüququna malik olduqları qeyd olunmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda, həmin halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilən əmək pensiyasının dayandırılması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsində nəzərdə tutulmuş heç bir əsas (sübut) məhkəməyə təqdim olunmamışdır. Bundan əlavə məhkəmə qeyd edir ki, artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən: 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2. Bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Qeyd edilən maddədən görünür ki, əmək pensiyaçısına artıq məbləğ ödənilmişsə, əmək pensiyaçısının razılığı olduqda pensiyanı təyin edən orqan artıq ödənilmiş məbləği əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən 20 faizinədək miqdarda tuta bilər. Əgər əmək pensiyaçısı belə razılıq verməzsə, onda bu məbləğ məhkəmə qaydasında tutulmalıdır. Lakin işin yuxarıda sadalanan hallarından görünür ki, cavabdeh artıq ödənilmiş məbləğin iddiaçıya ödənilən pensiyadan tutulması barədə qərar qəbul etsə də, bu zaman iddiaçının razılığını almamışdır. İşdən iddiaçının belə bir razılığının olması da müəyyən olunmur ki, iddiaçı hazırkı iddianı qaldırmışdır. Belə olan halda aydın olur ki, cavabdehin qanunvericiliklə məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qəbul etdiyi qərar qanunsuz olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 81.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati akt, o cümlədən inzibati şikayət üzrə qəbul olunmuş qərar onu qəbul etmiş inzibati orqan tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Lakin bu normalar maddənin tələbindən göründüyü kimi, qanunda başqa qayda nəzərdə tutulmadığı halda tətbiq edilir ki, belə başqa qayda “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində müəyyən edilmişdir. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 3.3-cü maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının xüsusi qanunları ilə bu qanunda nəzərdə tutulmuş müddəaları tamamlayan müddəalar və ya inzibati icraatla bağlı xüsusi qaydalar müəyyən oluna bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 52 və 90.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13.09.2011-ci il tarixli Qərarında oxşar məsələ ilə bağlı Konstitusiya Məhkəməsi öz mövqeyini belə ifadə etmişdir ki, "İnzibatı icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş inzibati aktı qəbul etmiş inzibati orqanın tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etməsi və bunun üçün məhkəmənin qərarının tələb olunmaması məsələsinə gəldikdə isə vurğulanmalıdır ki, inzibati orqan yalnız öz səlahiyyətləri çərçivəsində qərar qəbul edə bilər. Eyni ilə vergi orqanı da öz səlahiyyətləri daxilində qərar qəbul edə və onu məhkəmə qərarı tələb olunmadan icraya göndərə bilər. Lakin Vergilər Məcəlləsinin 90.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya görə vergi öhdəliyinin yerinə yetirilməməsinə görə vergi ödəyicisinin siyahıya alınmış əmlakının hərraca çıxarılması məhkəmənin səlahiyyətinə aid edilmiş və onun qərarı əsasında həyata keçirilir. "İnzibati icraat haqqında” Qanunun 82.2-ci maddəsində nəzərdə tutulmuş prosedur vergi qanunvericiliyinin pozulmasına görə şəxsin əmlakının hərraca çıxarılmasına aid edilə bilməz.” Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, nə qədər ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsində əmək pensiyaçısının razılığı olmadıqda artıq ödənilmiş pensiya məbləğinin ona ödənilən əmək pensiyasında tutulması məhkəmənin səlahiyyətinə aid edilmiş, belə bir tutulmanın yalnız məhkəmə qərarı ilə həyata keçirilə biləcəyi müəyyən olunmuşdur, onda cavabdehin məhkəmənin səlahiyyətinə aid məsələ ilə bağlı qəbul etdiyi 07.09.2021-ci il tarixli qərarı qanunsuzdur və ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” 18.02.2021-ci il tarixli **********1 №li və “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 07.09.2021-ci il tarixli **********5 №li Qərarları ləğv edilməli və İddiaçı təyin olunmuş əmək pensiyasının dayandırıldığı 30.11.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” 18.02.2021-ci il tarixli **********1 №li və “Artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 07.09.2021-ci il tarixli **********5 №li qərarları ləğv edilsin. İddiaçı xx.xx.1966-cı il təvəllüdlü İddiaçı güzəştli şərtlərlə yaşa görə təyin olunmuş əmək pensiyasının dayandırıldığı 30.11.2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3019/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3019/2022
30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver