Məhkəmə qərarları › İş №2-1(112)-3021/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3021/2022

31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3021/2022 31.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün hüququn yarandığı tarixdən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək, ona hüququ yarandığı zamandan -1994-cü il iyul tarixindən indiyədək olan dövrlərin yardımının hesablanıb verilməsini xahiş etmişdir. Cavabdeh İddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış **********6 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” xx.xx.2001-ci il tarixli, 613 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün hər ay 55.000 manat (2006-cı il yanvarın 1-dən öncə Azərbaycan manatının denaminasiya olunmasından əvvəl olan nominal dəyər) məbləğində müavinət təyin edilmişdir, lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 641 nömrəli Fərmanına uyğun olaraq müharibə veteranlarına 80 manat Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə xx.xx.2019-cu il tarixdən sözügedən müavinət Prezident təqaüdü ilə əvəz edilmişdir. "Sosial müavinətlər məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 641 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlər məbləğinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı almış şəxslərə 55000 (əlli beş min) manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və “Sosial müavinətlər haqqında" Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq nəzərdə tutulmuş güzəştlər “Veteran vəsiqəsi” təqdim edildikdə həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya müharibə veteranları üçün nəzərdə tutulan təqaüd “Veteran vəsiqəsi” təqdim edildiyi (xx.xx.2021-ci il) tarixdən qanunauyğun olaraq təyin edilmişdir. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Prezident təqaüdü”nün hüququ yaranan zamandan hesablanıb verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddiasını dəqiqləşdirərək, iddia tələbinin “müharibə veteranı üçün nəzərdə tutulmuş vəsaitin son 3 ilinin hesablanıb verilməsinin cavabdehə həvalə edilməsi” şəklində qəbul edilməsini xahiş etmiş, iddianın dəqiqləşdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. 1990-cı illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi hərbi xidmətə çağırılmışdır. 1994-cü il tarixində Ordudan tərxis olunduqdan sonra Rusiya Federasiyasına işləməyə getmişdir. Bir müddət orada yaşadıqdan sonra Azərbaycana qayıtmışdır. Müharibə veteranı adının təsis olunması ilə bağlı məlumatı olmamışdır. Müdafiə Nazirliyinə müraciət etmiş və ona 02 iyul 2021-ci il tarixində, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin M/V seriyalı 089200 nömrəli vəsiqəsi verilmişdir. Vəsiqə verilən xx.xx.2021-ci il tarixinədək müharibə veteranına verilən yardımı almadığına görə, hüququ yarandığı zamandan-iyul 1994-cü il tarixdən indiyədək olan dövrlərin yardımının hesablanıb verilməsini cavabdeh təşkilatdan xahiş etmişdir. Cavabdeh tərəfin ona verdiyi cavabda hər vəchlə bildirilmişdir ki, veteran vəsiqəsi təqdim edildiyi vaxtdan ödəmə aparılır və ödəmənin əvvəlki üç illik müddət tətbiq olunmaqla aparılması yolverilməzdir. O, SSRİ Silahlı Qüvvələrinə çağırılaraq hərbi xidmət keçmiş, hərbi xidmətini başa vurduqdan sonra, Azərbaycana qayıtmışdır. Azərbaycan Respublikasının əraziləri düşmən təcavüzünə məruz qaldığı vaxtlarda, onun ərazi bütövlüyü uğrunda və Qarabağ ərazisində gedən döyüşlərdə könüllü olaraq iştirak etmiş və bütün müvafiq sənədləri mövcuddur, müharibə veteranı adının və vəsiqəsinin verilməsilə bağlı hüquqi hallar ona tamamilə şamil olunur. Cavabdeh iddia ərizəsinə dair xx.xx.2021-ci il tarixli, **********0 nömrəli yazılı münasibətini (etirazı) məhkəməyə təqdim etmiş və bildirmişdir ki, İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçıya Müdafiə Nazirliyinə etdiyi müraciəti əsasında, 2 iyul 2021-ci il tarixdə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin M/V seriyalı 089200 nömrəli vəsiqəsi verilmişdir. İddiaçının həmin veteran vəsiqəsi əsasında DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ona müharibə veteranı statusunu aldığı vaxtdan, yəni xx.xx.2021-cİ il tarixdən Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üzrə ödənişin verilməsindən isə əsaslı olaraq imtina etmişdir. Sözügedən Fərmanın 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət yox, Prezident təqaüdü təyin edilir. Beləliklə, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında ölkə başçısının 15 aprel 2019-cu il tarixli Fərmanı 01 aprel 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı vəsiqəsi” 2 iyul 2021-ci il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki aylar və illər üzrə ödənilməsi qaydasının nəzərdə tutulmaması hazırki halda iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququnu istisna edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazı müdafiə etdi və iddia tələbinin təmin olunmaması haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətin edilməsinə dair hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdən görünür ki, iddiaçıya xx.xx.2021-ci il tarixdə müharibə veteranı adı və buna müvafiq olaraq 089200 nömrəli vəsiqə verilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinin xx.xx.2021-ci il tarixli, 122 nömrəli arayışından görünür ki, iddiaçı Azərbaycan Respublikasının Müharibə Veteranıdır. İddiaçı xx.xx.2021-ci il tarixdə müharibə veteranları üçün nəzərdə tutulan təqaüdün ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə müraciət etmiş, cavabdehin xx.xx.2021-ci il tarixli **********8 saylı məktubu ilə iddiaçıya xx.xx.2021-ci il tarixdən müddətsiz aylıq 80 manat məbləğində təqaüd təyin edildiyi bildirilmişdir. İddiaçı hazırda ona müharibə veteranı vəsiqəsinin verildiyi xx.xx.2021-ci il tarixdən əvvəlki 3 il üçün müavinətin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixədək mövcud olmuş qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi və həmin kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarət idi ki, müharibə veteranı statusu almış şəxslərə sözügedən müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Bu zaman “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə istinad olunurdu. Belə ki, həmin maddəyə əsasən müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə də şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını müəyyən etməklə yanaşı, həm də sözügedən müavinətlərin müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməli olduğunu təsbit etmişdir. Yəni müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Lakin “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 992 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi ilə bağlı normativ hüquqi aktların layihələrinin on beş gün müddətində hazırlanıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılmış, həmin Sərəncamın icrası məqsədilə 15 aprel 2019-cu il tarixdə “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 641 saylı Fərmanı qəbul edilmişdir. Fərmanın 2.1.1-ci bəndinə əsasən sözügedən təqaüdün 2019-cu il 1 aprel tarixədək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilməsi müəyyən edilmişdir. Fərmanın 3-cü hissəsinə əsasən həmin Fərman 2019-cu il 1 aprel tarixdən tətbiq edilir. Eyni zamanda “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 25 fevral tarixli 992 nömrəli Sərəncamının icrası ilə əlaqədar qəbul edilmiş “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 640 nömrəli Fərmanının 1.7-ci bəndi ilə “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Beləliklə, 2019-cu il 1 aprel tarixdən qüvvəyə minmiş yeni qanunvericiliyə əsasən qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi sosial müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Bu səbəbdən müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyil və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması istisna edilir. Belə ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 2019-cu il 1 aprel tarixdən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı normayaradıcı tərəfindən yeni hüquq qaydası müəyyən edilmişdir. Belə olan halda məhkəmə qüvvədə olan qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddiaçı müharibə veteranı vəsiqəsini Prezident təqaüdü təyin edildiyi vaxtdan sonra aldığından (02 iyul 2021-ci il) və ona həmin andan etibarən Prezident təqaüdü təyin olunduğundan, onun Prezident təqaüdünün müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki 3 il üçün sosial müavinətin hesablanaraq ödənilməsi barədə tələbi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırkı halda cavabdehin hərəkəti qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar