Məhkəmə qərarları › İş №2-1(112)-3021/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3021/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3021/2023 08.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək qardaşının 1992-2015-ci illər üçün pensiyasının dəqiqləşdirilməsi üçün ekspertizia təyin olunmasını, həmin illər üçün verilməli olan pensiya məbləğinin dəqiqləşdirilərək ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım göstərilərək, qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianın mümkün sayılmasını və təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izhatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. Belə ki, İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2015-ci il tarixli (İş No 2- 1(82)-2216/2015) qərarı ilə iddiaçının iddia tələbi təmin olunmuş, qəyyumu olduğu Allahqulu Nəcəfqulu oğlunun xx.xx.1980-cı ildən xx.xx.1989-cu ilədək, xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə kimi, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilə kimi "İnkişaf-2” kiçik müəssisəsində fəhlə işlədiyi dövrlərin iş stajı sığorta stajına daxil edilməklə onun pensiyasının yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xəzər rayon şöbəsinə həvalə olunmuşdur. Bu qərara əsasən xx.xx.2020-ci il tarixdə İcra vərəqəsi icra üçün Xəzər Rayon İcra Şöbəsinə göndərilmişdir. Xəzər Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə qərar qəbul edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2216/2015 nömrəli, xx.xx.2920-ci il tarixli icra sənədinə xitam verilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə 8-1(112)-29/2021 iddiaçının şikayəti təmin olunmuş, Bakı İnzibati Məhkəməsinin 2-1(82) 2216/2015 nömrəli, xx.xx.2920-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi haqqında Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2216/2015 nömrəli, xx.xx.2920-ci il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi qeyd olunmuşdur. Həmin qərardad qanuni qüvvəyə minmiş və iş üzrə başqa sənədlərlə birlikdə Bakı şəhər Xəzər Rayon İcra Şöbəsinə göndərilmişdir. Göründüyü kimi, hazırkı iddia tələbi qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş müvafiq məhkəmə qərarının icra olunması ilə bağlıdır. İddia tələbindən görünür ki, iddiaçı hüquqi varisi olan mərhum qardaşı Allahqulu Nəcəfqulu oğlunun 1992-2015-ci illər üçün pensiyasının dəqiqləşdirilməsi üçün ekspertiza təyin olunmasını, həmin illər üçün verilməli olan pensiya məbləğinin dəqiqləşdirilərək ödənilməsini tələb edir. Göründüyü kimi hazırki mübahisə predmeti olan pensiyanın təyin edilməsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. Məhkəmə qeyd edir ki, məhkəmə aktı qüvvədə olduğu halda, yenidən eyni predmetli tələbə baxılması və onun əsaslılığının müəyyənləşdirilməsinə yönəlmiş araşdırmanın aparılması yolverilməzdir. Əgər iddiaçının mərhum qardaşı Allahqulu Nəcəfqulu oğlunun pensiyasının yenidən hesablanmasına dair qanuni qüvvədə olan məhkəmə qərarı mövcuddursa, o halda, təyin edilmiş pensiya məbləğinin hesablanıb ödənilməsi məsələsi məhkəmə qərarının icrası qaydasında həll edilməlidir. İnzibati orqanlar qanuni qüvvədə olan məhkəmə qərarları əsasında təyin edilmiş pensiyanın hesablanmasına münasibətdə həmin qərarların qanuni qüvvəsini və məcburi icra edilməli olmasını şübhə altına alacaq şəkildə davrana bilməz, o cümlədən məhkəmə aktı qüvvədə olmağa davam etdiyi halda qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla onun icrasını dayandıra bilməzlər. Bu qaydada yanaşma, faktiki olaraq məhkəmə qərarlarının təftişinə gətirib çıxarmaqla, dövlətin adından çıxarılmış həmin qərarların məcburi icrasını ortadan qaldırmış olur. Nəzərə alınmalıdır ki, məhkəmə qərarının icrası qaydasında pensiyanın yenidən hesablanmasıilə bağlı, eyni məzmunlu iddia qaldırılması yolverilməzdir, iddiaçı bu halda icraya nəzarət edən məhkəməyə ərizə ilə müraciət etməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra edilməsi ilə bağlı olduğundan, həmin tələbə müstəqil iddia icraatı çərçivəsində baxılması mövcud qanunvericilikdə nəzərdə tutulmadığından, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəlləsinin 79.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra olunur. Həmin Məcəllənin 79.2-ci maddəsinə əsasən məhkəmə qərarının borclu tərəfindən könüllü şəkildə icra olunmadığı hallarda, həmin qərarın icrası bu Məcəllənin müvafiq fəslində və “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada həyata keçirilir. "İcra haqqında" Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçıya izah olunur ki, hazırkı iddia tələbi ilə bağlı olaraq məhkəməyə müstəqil iddia tələbi ilə deyil, qüvvədə olan məhkəmə qərarının davamı olaraq ərizə ilə müraciət edilməlidir. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-nin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar