Məhkəmə qərarları › İş №2-1(112)-3023/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3023/2023

11.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3023/2023 11.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "çıxarışın verilməsi" haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Səbail rayonu Badamdar Bələdiyyəsinin ərazisindəki torpaq sahəsinin satılması barədə 2005-ci il 05 dekabr tarixli 183 nömrəli qərarı üzrə bələdiyyənin balansında olan, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Badamdar şossesi, 38 saylı evin qarşısında daş hasara alınmış 170 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilərək müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 15 noyabr 2005-ci il tarixdə torpaq ’sahəsi’ almaq üçün Badamdar Bələdiyyə orqanına müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanın iclasında baxılmış və Badamdar Bələdiyyə ərazisində 170.0 kv.m torpaq sahəsinin satılması barədə 2005-ci il 05 dekabr tarixli 183 nömrəli qərar qəbul edilmişdir. Bu qərara əsasən, Badamdar şossesi, 38 saylı evin qarşısında daş hasara alınmış 170 kv.m torpaq sahəsi iddiaçının adına alqı-satqı yolu ilə sənədləşdirilmişdir. Torpağın satış dəyəri xx.xx.2005-ci il tarixidə Badamdar Bələdiyyəsinin xəzinəsinə ödənilmişdir. Beləliklə, iddiaçı Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Badamar şossesi, 38 saylı evin qarşısında daş hasara alınmış 170 kv.m torpaq sahəsindən ailə mənzil şəraitini yaxşılaşdırmaqdan ötrü uzun müddətdir ki, istifadə etmir. Bu daşınmaz əmlak uzun müddətdir ki, iddiaçının qanuni istifadəsindədir. İddiaçı burada abadlıq işləri görmüş, öz şəxsi vəsaiti hesabına torpaq sahəsinin qayğısına qalmışdır. Beləliklə, torpaq sahəsinin hal-hazırda iddiaçının istifadəsində olması da danılmaz faktdır. İddiaçı düşünür ki, bu fakt sözügedən torpaq sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat alınaraq dövlət reyestrindən çıxarışın verilməsi üçün müvafiq quruma müraciət etmək hüququ verir. Yaranmış zərurətdən asılı olaraq, iddiaçı cavabdeh orqan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etməli olmuşdur. İddiaçı xx.xx.2021-ci il tarixli, ********** saylı müraciət ərizəsi ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqlarının daşmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasının xahiş etmişdir. Cavabdeh qurum Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********73 saylı, xx.xx.2021-ci il tarixli məktubu ilə müraciətinə imtina olunmuşdur. İmtina olaraq o əsas götürülmüşdür ki, iddiaçı tərəfindən təqdim olunmuş torpaq alqı-satqısına dair akt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamış, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi sənədlər toplusuna əlavə edilməmişdir. İddiaçı hesab edir ki,imtina əsassız və qanunsuzdur. Çünki müvafiq quruma müarciət edərkən, iddiaçı bütün hüquqmüəyyənedici sənədləri təqdim etmişdir. Təqdim etdiyi sənədlərin Dövlət Torpaq və Xəritəçəkmə komitəsi tərəfindən təsdiq olunmaması iddiaçının iradəsindən kənar bir haldır. Həmin müvafiq qurum sənədlərin tərtibi zamanı aktı təsdiq edərək iddiaçıya təhvil verməli idi. Bu səbəbdən bu məsələdə iddiaçının heç bir məsuliyyəti olmamaqla bərabər, müvafiq qurumun öz işini düzgün yerinə yetirməməsi və iddiaçının sənədində səhvliyə yol verilməsinin neqativ nəticələrini qətiyyən qəbul etmir. İddiaçı düşünür ki, onun hüquq və azadlıqları kobud şəkildə pozulur.

3. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçı tərəfindən təqdim olunmuş torpaq alqı-satqısına dair akt keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq olunmamış, Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi sənədlər toplusuna əlavə edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət Akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanlarının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tərbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 6.5-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini keçmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yerli qurumları və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda bildirilmişdir ki, iddiaçı müvafiq tələblə xx.xx.2021-ci il tarixində 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş torpaq sahəsinə dair alqı-satqı aktı ləğv edilmiş DTXK tərəfindən təsdiq edilməmiş və yerləşmə cizgisi təqdim edilməmişdir. Bununla yanaşı, elektron kadastr baza məlumatına əsasən torpaq sahəsi bütünlüklə neft kəmərinin mühafizə zonasında yerləşir və dövlət mülkiyyətindədir. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması ilə əlaqədar elektron kadastr baza məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. Bu səbəblərdən ərizənin icrası tərəfimizdən mümkün olmamışdır və bu barədə iddiaçıya **********73 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubları ünvanlanmışdır. Məlumat üçün bildiririk ki, torpaq sahəsi üzərində bitişik zirzəmisi olan ikimərtəbəli (yol tərəfdən baxdıqda relyefə görə zirzəmili + 1 mərtəbəli) qeyri-yaşayış tikilisi mövcuddur. Tikilinin bir hissəsində Bakı Koreya Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə əsasən elektrik, rabitə, neft-qaz və nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariyamühafizə zonaları altındakı bələdiyyə torpaqlarının çoxmərtəbəli çoxmənzilli, fərdi yaşayış və bağ evlərinin, qarajların tikintisi və sahibkarlıq fəaliyyəti məqsədilə zəruri tikililərin inşası üçün, habelə çoxmənzilli yaşayış evlərinə aid torpaq sahələrinin kənar məqsədlər üçün xüsusi mülkiyyətə, istifadəyə və icarəyə verilməsinə yol verilmir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş istismar olunan neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydalarının 4-cü bəndinin 1-ci hissəsinə əsasən ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq, zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədi ilə borunun marşurutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədə mühafizə zonası müəyyən edilir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf muhitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

5. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Əmlak Məsələləri Dövlət Xidməti inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

6. Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Bakı şəhəri Səbail Rayon Badamdar Bələdiyyəsi inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

7. Səbail rayonu Badamdar Bələdiyyəsinin 05 dekabr 2015-ci il tarixli, 183 nömrəli “Bələdiyyə ərazisində torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi barədə” Qərarda qeyd olunur ki, Badamdar qəsəbəsi İ yaşayış massivi, Badamdar şossesi 38 saylı evin qarşısında daş hasara alınmış 170 m2 torpaq sahəsi İddiaçı adına alqı-satqı yolu ilə sənədləşdirilmişdir.

8. ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışının surətindən (elektron) görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Badamdar şossesi, ev 38 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzilə xüsusi mülkiyyət hüququ (tam) X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021ci il tarixdə qeydiyyata alınmışdır.

9. Reyestrdə 4Ə-334 nömrəsi ilə qeyd olunmuş Daşınmaz əmlakın bağışlanması” müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, Badamdar şossesi, ev 38 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 308.7 kv.m. olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsini X1 mülkiyyətinə verir.

10. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək (dəftərxana vasistəsilə) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir.

II. İddianın geri götürülmüş sayılması

11. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

12. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

13. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

14. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

15. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

16. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

17. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

18. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

19. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

20. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

21. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir... ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

22. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

23. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.

24. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.

25. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar