Məhkəmə qərarları › İş №2-1(112)-3024/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3024/2020

27.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3024/2020 27.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, cavabdehin nümayəndəsi, eyni zamanda vəkili X2 (Ünvanı: Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi 16, mənzil 9; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: “Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosu, vəkil) iştirakı ilə, iddiaçı - İddiaçı cavabdeh - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı “pensiyanın yenidən hesablanaraq ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı əmək pensiyasının yenidən hesablanması tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim edilmişdir. xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddiaçının “İddiaçı faktiki xidmət illərinin 37 il 6 gün olmasını nəzərə alaraq onun pensiya təminat xərcliyinin 100 faizi məbləğində yenidən hesablanması və 1 qrup əlil həyat yoldaşı X1 müalicəsi üçün keçmiş dövr üçün fərq məbləğinin tam şəkildə ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsi”nə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası xx.xx.2020-ci il tarixə təyin olunmuşdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, İddiaçı 2014-cü ilin dekabr ayında Daxili İşlər orqanlarından xidmətdən xaric edilmişdir və xx.xx.2015-ci il tarixli məlumat vərəqinə əsasən xx.xx.2014-cü il tarixdə 35 il 10 ay 13 gün iş stajı ilə müvafiq təminat xərcliyinin 95 faizi məbləğində əmək pensiyası təyin edilmişdir. DİO-da xidmətdən əsassız çıxarıldığından xx.xx.2015-ci il tarixdə yenidən DİO-ya qaytarıldığına görə əmək pensiyasının dayandırılması barədə DSMF-yə ərizə ilə müraciət etdi. xx.xx.2016-cı ıl tarixdə öz xahişi ilə təqaüdə çıxdı və ona 37 il 6 gün iş stajı ilə müvafiq təminat xərcliyinin 100 faizi məbləğində əmək pensiyası təyin edildi. Əvvəlki pensiya məbləğinin sonrakından çox olduğunu nəzərə alaraq məcbur qalıb məhkəməyə müraciət etdi və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə xx.xx.2015-ci il tarixli məlumat vərəqinə əsasən xx.xx.2014-cü il tarixdə təyin edilmiş yaşa görə əmək pensiyasının xx.xx.2016-cı il tarixdən yenidən hesablanaraq verilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin qərarı qismən icra olunmuş, yəni faktiki iş stajı 37 il 6 gün olduğu halda, pensiyası 35 il iş stajı ilə müvafiq təminat xərcliyinin 95 faizi məbləğində hesablanmışdır. Yuxarıda qeyd edilənlərə əsasən, iş stajının faktiki olaraq 37 il 6 gün olması nəzərə alınaraq müvafiq təminat xərcliyinin 100 faizi məbləğində əmək pensiyasının yenidən hesablanması və ötən dövrə görə fərq məbləğinin ödənilməsi üçün xx.xx.2019-cu il tarixdə cavabdehə ərizə ilə müraciət etdi. Həmin idarənin xx.xx.2019-cu il tarixli **********0 saylı cavab məktubuna əsasən ərizənin təmin edilməsi əvvəlki məhkəmə qərarının tələbləri baxımından mümkün hesab edilmir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçıya 16 dekabr 2014-cü il tarixindən 21 avqust 2015-ci il tarixli məlumat vərəqəsi əsasında 35 il 10 ay 13 gün xidmət ilinə görə həmin məlumat vərəqəsindəki təminat xərcliyinin (886.85 manat) 95 faizi məbləğində pensiya təyin edilmişdir. Daxili İşlər Nazirliyi tərəfindən cavabdehə daxil olmuş 07 noyabr 2015-ci il tarixli məktuba əsasən, iddiaçının daxili işlər orqanlarında yenidən xidmətə qəbul olunması ilə əlaqədar olaraq pensiya ödənişi dayandırılmışdır. Xidmətdən tərxis olunduqdan sonra iddiaçıya aid Daxili İşlər Nazirliyi tərəfindən cavabdehə təqdim olunmuş 25 yanvar 2017-ci il tarixli məlumat vərəqəsinə əsasən 37 il 6 gün xidmət illərinə görə təminat xərcliyinin 100 faizi məbləğində. Lakin iddiaçı bununla razılaşmamış, məhkəməyə müraciət etmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli 2-1(81)-5302 nömrəli Qərarı ilə qət edilmişdir ki, iddiaçının pensiyası 25 yanvar 2017-ci il tarixli məlumat vərəqəsinə əsasən deyil, 21 avqust 2015-ci il tarixli məlumat vərəqəsinə əsasən (harada ki iddiaçının xidmət illəri 35 il 10 ay 13 gündür) hesablansın. Qətnamədən şikayət verilməmiş, qətnamə artıq qüvvəyə minmişdir. Hazırda isə iddiaçı pensiyasının 25 yanvar 2017-ci il tarixli məlumat vərəqəsindəki xidmət illərinə uyğun olaraq hesablanmasını istəyir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi, eyni zamanda vəkili göstərilənlərə əsasən iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İddia ərizəsindən görünür ki, iddiaçı hazırkı tələblə İddiaçı faktiki xidmət illərinin 37 il 6 gün olmasını nəzərə alaraq onun pensiya təminat xərcliyinin 100 faizi məbləğində yenidən hesablanması və 1 qrup əlil həyat yoldaşı X1 müalicəsi üçün keçmiş dövr üçün fərq məbləğinin tam şəkildə ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsini tələb edir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmiş və cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqularını pozmur. Belə ki, iş materiallarından və tərəflərin izahatlarından aşağıdakılar müəyyən edilir: İddiaçıya əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 26 avqust 2015-cil tarixində İdarəyə 21 avqust 2015-ci il tarixli 01 nömrəli məlumat vərəqəsi göndərmiş və həmin məlumat vərəqəsinə əsasən iddiaçının xidmət illəri 35 il 10 ay 13 gün (təqvimi xidmət illəriniz 31 il 3 ay 4 gün, güzəştli xidmət illəriniz 4 il 7 ay 9 gün), sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı isə 385,00 manat, rütbə maaşın 134,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 40 faizi miqdarında əlavə -207,60 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavə -96,25 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 64,00 manat olmaqla cəmi təminat xərcliyinin 886,85 manat göstərilmişdir. Həmin məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə uyğun olaraq 5 noyabr 2015-ci il tarixində İdarə tərəfindən iddiaçıya 35 il 10 ay 13 gün xidmət müddətinə görə təminat xərcliyinin (886,85 manat) 95 faizi-842,51 manat məbləğində pensiya təyin edilmiş və pensiyası hüququnun yarandığı 16 dekabr 2014-cü il tarixindən hesablanmışdır. Əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 8832,67 manat məbləğində pul vəsaiti xx.xx.2015xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində hissə-hissə müvafiq kart hesabına köçürülmüşdür. İddiaçının daxili işlər orqanlarında yenidən xidmətə qəbul olunması ilə əlaqədar pensiya ödənişi dayandırılmışdır. Xidmətdən yenidən tərxis olunduqdan sonra ona aid Daxili İşlər Nazirliyi tərəfindən İdarəyə təqdim olunmuş 25 yanvar 2017-ci il tarixli 1267 nömrəli məlumat vərəqəsinə əsasən 37 il 6 gün xidmət müddətinə görə pensiya ödənişi bərpa edilmişdir. Bundan sonra iddiaçı köhnə məlumat vərəqəsinə uyğun olaraq əmək pensiyasının yenidən hesablanmasına dair məhkəmədə iddia qaldırmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli 2-1(81)- 5302/2017 nömrəli qərarı ilə xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsindən İddiaçı barəsində cavabdehə ünvanlanmış məlumat vərəqinə əsasən 17 dekabr 2014-cü il tarixdən təyin edilmiş yaşa görə əmək pensiyasının xx.xx.2016-cı il tarixdən yenidən hesablanaraq verilməsi və xx.xx.2016-cı il tarixdən sonrakı dövr üçün yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə həvalə edilməsi qərara alınmışdır. (hakim E.Məmmədov) 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli 2-1(81)- 5302/2017 nömrəli Qərarı qanuni qüvvəyə minmiş və icra edilərək iddiaçının əmək pensiyası 29 dekabr 2016-cı il tarixindən yenidən hesablanmışdır. Hazırkı iddia tələbindən göründüyü kimi iddiaçı əmək pensiyasının 25 yanvar 2017ci il tarixli 1267 nömrəli məlumat vərəqəsində göstərilən (hansı ki, məhkəmə qaydasında imtina etdiyi) 37 il 6 gün xidmət müddətinə görə əlavəni nəzərə almaqla məhkəmə qərarı ilə pensiya təyin edilməsini tələb etdiyi məlumat vərəqəsində (hansı ki, həmin vaxt xidmətdən buraxılarkən 37 il stajı yox idi) göstərilən təminat xərcliyi əsasında yenidən hesablanmasını tələb edir. Yəni pensiya təyin edilməsi üçün göndərilən məlumat vərəqəsi tərtib edilərkən (xidmətdən buraxılarkən) mövcud olmuş stajının yox, sonradan işlədiyi və topladığı stajının və həmin stajın verdiyi əlavənin nəzərə alınmaqla pensiyasına əlavə edilməsini tələb edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən hərbi qulluqçunun təminat xərcliyi hərbi xidmətdən buraxıldığı günə mövcud olan məbləğə uyğun hesablanır. İddiaçı hərbi xidmətdən buraxıldığı gün, yəni hazırda pensiyanın təyin edilməsinə əsas olan məlumat vərəqəsi tərtib edilərkən müvafiq iş stajına malik olmamışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası — bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları» təsdiq edilmişdir. Qaydaların 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara – Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Qaydaların 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının pensiyası məhkəmənin qanuni qüvvəyə minmiş qərarı (1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli 2-1(81)-5302/2017 nömrəli Qərarı) əsasında xx.xx.2015-ci il tarixli məlumat vərəqinə uyğun hesablandığından və həmin vaxt, yəni hərbi xidmətdən buraxıldığı günə müvafiq iş stajına (37 il 6 gün) malik olmadığından iddia əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat İdarəsinə qarşı İddiaçı faktiki xidmət illərinin 37 il 6 gün olmasını nəzərə alaraq onun pensiya təminat xərcliyinin 100 faizi məbləğində yenidən hesablanması və 1 qrup əlil həyat yoldaşı X1 müalicəsi üçün keçmiş dövr üçün fərq məbləğinin tam şəkildə ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə həvalə edilməsinə dair iddiası təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar