Məhkəmə qərarları › İş №2-1(112)-3028/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3028/2023

19.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3028/2023 19.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, podratçı "xxxx" MMC ilə sifarişçi kimi çıxış edən hazırkı İddiaçı arasında 27 aprel 2013-cü il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının XV mərtəbəsində, 3 otaqlı, 51 nömrəli, sahəsi 140,6 kv.m olan mənzilinə dair çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 45 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən mənzil sahəsinin qiyməti hər kv.m üçün 1.066,86 manat həcmində müəyyənləşdirilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti 150.000 manat olmaqla dəyişilməz qalır. Mənzilin dəyəri kimi 150.000 manat pul vəsaiti İddiaçı tərəfindən tam şəkildə 27 aprel 2013-cü il tarixli AXU 84 saylı kassa mədaxil orderi ilə "xxxx" MMC-nin hesabına ödənilmişdir. Bu barədə ona kassa mədaxil orderinin qəbzi verilmişdir. Tərəflər arasında bağlanmış göstərilən müqavilənin 1.1-ci bəndinə əsasən podratçı "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının XV mərtəbəsində, 3 otaqlı, 51 saylı, sahəsi 140,6 kv.m olan mənzilini tikib sifarişçi İddiaçı təhvil verilməsini öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq podratçı "xxxx" MMC Bakı şəhəri, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının XV mərtəbəsində, 3 otaqlı, 51 saylı, 140,6 kv.m mənzilini tikib 24 iyun 2017-ci il tarixdə sifarişçi İddiaçı təhvil vermişdir. Buna dair 24 fevral 2017-ci il tarixdə mənzilin təhviltəsliminə dair akt tərtib edilmişdir. “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 529 saylı 19 fevral 2019-cu il tarixli Fərmanının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Həmin Fərmanın 5.2-ci bəndində göstərilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq: istismarına icazə verilmiş çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) tərkib hissələri üzərində mülkiyyət hüquqlarının Dövlət qeydiyyatına alınmasını hüquq sahibinin müraciəti əsasında qanunla müəyyən olunmuş müddətdə təmin etsin. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən "xxxx" MMMC-in adına Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən yaşayış binasına dair istismarına sadələşdirilmiş formada icazə verilmiş yaşayış obyekti kimi icazə verilmiş və həmin bina tikintilərin dövlət reyestrinə daxil edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 oktyabr 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi həmin Məcəllənin 146.1-ci, 146.2-ci, 178.1-ci və 178.2-ci maddələrinin və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 113-cü maddəsinin müddəalarına uyğun olaraq tətbiq edilməlidir. Pay yığımına hüququ olan şəxslər mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir. Göstərilənlərə əsasən "xxxx" MMC (podratçı) ilə İddiaçı (sifarişçi) arasında 27 aprel 2013cü il tarixdə bağlanmış "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa etdiyi çoxmənzilli yaşayış binasının XV mərtəbəsində, 3 otaqlı, 51 saylı, 140,6 kv.m ölçüdə mənzilinə dair çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə əsasında göstərilən mənzilə dair pay haqqını - mənzilin dəyərini tam ödədiyindən, həmin mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququ yaranmışdır. Odur ki, həmin mənzilə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Buna görə də iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının XV mərtəbəsində, 3 otaqlı, sahəsi 140,6 kv.m olan 51 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi ilə bağlı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin cavabdeh əsassız olaraq həmin mənzilin iddiaçının adına qeydə alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən imtina etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139-1-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1, 12.1, 15-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 529 saylı, 19 fevral 2019-cu il tarixli Fərmanının müddəalarına, İPM-in 2, 34.1, 68, 69-cu maddələrinə əsaslanaraq, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının XV mərtəbəsində, 3 otaqlı, sahəsi 140,6 kv.m olan 51 saylı mənzili üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin İPM-in 47-ci maddəsinə uyğun olaraq məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı eturazlnda bildirilir ki, İddiaçı iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələblə 8 sentyabr 2022-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı 9 dekabr 2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçi) "xxxx" MTK ("xxxx" MMMC) göstərilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 23 dekabr 2020-ci il tarixli çıxarışında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" Mənzil-Tikinti Kooperativinin hüquqi varisi olduğu göstərilmişdir. Bununla yanaşı, müvafiq ünvanda İdarənin mütəxəssisləri tərəfindən texniki inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. ünvan 1 ünvanında yerləşən 51 saylı mənzilə dair iddiaçının müraciətinə əlavə olunmuş sənədlər "xxxx" MMC tərəfindən təsdiq edilmişdir. "xxxx" MTK-nın hüquqi varisi hal-hazırda "xxxx" MMC olduğundan, qeyd olunan ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra, notarial qaydada təsdiq olunmuş alqı-satqı müqavilələri əsasında hüquqların dövlət qeydiyyatı aparıla bilər. Bu səbəblərdən ərizənin icrası İdarə tərəfindən mümkün olmamış və bu barədə iddiaçıya **********70 saylı 29 sentyabr 2022-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin 1 avqust 2018-ci il tarixli 226 nömrəli Fərmanının birinci bəndinə əsasən Bakı ŞİH Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir. Həmin fərmanın ikinci bəndinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsini (tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Mənzil X1 tərəfindən verildiyi hallar istisna olmaqla) Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirir. Göstərilənlərə və «Daşınmaz əmlakın dövlət reyestri haqında» Qanunun 7, 8, 11.1ci maddələrinə, əsaslanaraq, İPM-in 48.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, iddianın təmin olunmaması məhkəmədən xahiş olunur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı tərəf məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının XV mərtəbəsində, 3 otaqlı, sahəsi 133,9 kv.m olan 51 saylı mənzili üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İşin məhkəmə baxışı ilə bağlı iclasıən vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPMin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə İddiaçı arasında 27 aprel 2013-cü il tarixdə müqavilə bağlanmışdır. Müqavilənin müaddəalarında nəzərdə tutulmuşdur ki, "xxxx" MMC Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının XV mərtəbəsində 3 otaqlı, 51 saylı, 140,6 kv.m sahəsi olan mənzilin tikilib İddiaçı təhvil verilməsini, sonuncu isə tikilən mənzili qəbul edib haqqının "xxxx" MMC-yə ödənilməsini öhdələrinə götürmüşlər. İş materiallarında olan "xxxx" MMC-nin 01/04 nömrəli 27 aprel 2013-cü il tarixli maliyyə arayışında qeyd olunur ki, İddiaçı "xxxx" MMC-dən 27 aprel 2013-cü il tarixli 80 nömrəli müqavilə ilə Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində inşa edilən 1 saylı blokun XV mərtəbəsində yerləşən 140,6 kv.m sahəsi olan 51 saylı mənzilə görə müəssisəyə 150.000 manat pul ödəmişdir. İddiaçı 80 saylı müqavilə üzrə borcu qalmamışdır. İş materiallarında olan cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş 15 iyul 2022-ci il tarixli müayinə aktının surətindən görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi, 717 məhəllədə yerləşən binanın 3 otaqlı, 51 saylı mənzilinin sahəsi 133,9 kv.m-dir. İşin məhkəmə araşdırılması ilə işdə iştirak edən şəxslərin iddia ilə bağlı mövqeləri aşağıdakı kimidir. İddiaçı mövqeyi – mənzilə dair "xxxx" MMC ilə bağlanmış müqavilə mövcud olduğu və həmin müqavilə üzrə borcun olmaması barədə “maliyyə arayışı” verildiyi halda, mənzil onun mülkiyyəti sayılır və onun mülkiyyət hüquqlarının qeydiyyata alınmaması qanunsuz hərəkətdir. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin mövqeyi – iddiaçı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməlidir, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı 9 dekabr 2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" MTK ("xxxx" MMMC) göstərilmişdir, vətəndaşın İdarəyə təqdim etdiyi müqavilə "xxxx" MMC ilə bağlanmışdır. Ona görə də iddia əsassızdır. Azərbaycan Respublikası Konstitisiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389-cu maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir. «İnzibati icraat haqqında» Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəısinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: - (8.0.6) mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə görə mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1-ci (Tikinti obyektinin istismarına icazənin məqsədi) maddəsinə əsasən tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2019-cu il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2019-cu il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) AR Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2019-cu il yanvarın 1dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və AR Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə “iddianın mümkünlüyü” ilə bağlı qeyd edir ki, iddiaçı mənzilə dair müvafiq müqavilə bağladığından və cavabdehə hüquqlarının qeydiyyata alınması ilə bağlı müraciət etməklə imtina cavabı aldığından, iddianı qaldırmaq üzrə subyektiv hüquqa malikdir. Cavabdeh tərəf də daşınmaz əmlakın dövlət reyestrini aparan səlahiyyətli orqan kimi çıxış edir. Qaldırılan iddia növünə görə “öhdəliyin icrası haqqında” iddiaya aid olduğundan, bu qəbildən olan mübahisələr üzrə İPM-n müddəaları “iddia müddəti” nəzərdə tutmur. Həmçinin iddianın mümkünsüzlüyünü şərtəndirən hər hansı digər hallar da mövcud deyil. Odur ki, iddia mümkün sayılır. İPM-in 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Bakı şəhərinin Nəsimi rayonu Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Mübahisənin ərazi aidiyyəti belədir ki, mübahisəyə baxılması üçün İPM-in 8.1.1-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq daşınmaz əmlakın olduğu yer (Bakı şəhərinin Nəsimi rayonu) üzrə inzibati məhkəmə kimi Bakı İnzibati Məhkəməsi səlahiyyətlidir. İnzibati mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmə iş üzrə müəyyən edilən hallarla bağlı aşağıdakılar qənaətlərini diqqətə çəkir: 1) Üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan mənzilin yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin ("xxxx" MMC və ya "xxxx" MTK, yaxud "xxxx" MMMC) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Bu səbəbdən “tikinti obyektinin istismarına icazənin verilməsi” sənədində həmin xüsusat inzibati orqanın imtinası üzrə əsas kimi formal xarakterlidir; 2) "xxxx" MMC ilə İddiaçı arasında “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında” 27 aprel 2013-cü il tarixdə bağlanmış müqavilə həmçinin hər hansı qaydada mübahisələndirilmədiyindən, o cümlədən ləğv edilmədiyindən, etibarsız sayılmadığından qüvvədədir və hazırkı inzibati işdə mötəbər sübut qismində qiymətləndirilir; 3) İddiaçı 27 aprel 2013-cü il tarixli müqavilə üzrə müvafiq mənzilin dəyərini tam şəkildə ödədiyindən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən ona mülkiyyət hüququ əldə etmişdir, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1 maddəsinə və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə həmin hüquq qeydiyyat alınmalıdır. Qeyd olunanların məcmusunda məhkəmə belə qənaətə gəlir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlkət reyestrində qeydiyyata alınmasından imtinası qanuni qiymətləndirilmir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal hesab edilir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının XV mərtəbəsində, 3 otaqlı, sahəsi 133,9 kv.m olan 51 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 4.1, 23.1, 58.7, 69, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının XV mərtəbəsində, 3 otaqlı, sahəsi 133,9 kv.m olan 51 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar