Məhkəmə qərarları › İş №2-1(112)-303/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-303/2020

09.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-303/2020 09.07.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə qarşı əmrin ləğv edilməsi, işlədiyi vəzifəyə bərpa edilməsi və xidmətdən xaric olunduğu dövr üçün pul müavinətinin ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun daxili işlər orqanlarında xidmətdən xaric edilməsinə dair Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2019-cu il tarixli, Ə-1197 ş/h-038-19 saylı əmrinin ləğv edilməsi, iddiaçının daxili işlər orqanlarında xidmətə əvvəl işlədiyi vəzifəyə bərpa edilməsi və xidmətdən xaric olunduğu və bu səbəbdən əmək haqqı ala bilmədiyi bütün dövr üçün pul müavinətinin hesablanıb ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 18 ildən artıq Daxili İşlər Nazirliyində işləmişdir. Həmin müddət ərzində o, heç vaxt intizam məsuliyyətinə cəlb olunmamış və müsbət davranışı ilə xarakterizə olunmuşdur. Lakin xx.xx.2019-cu il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2019-cu il tarixli, Ə-1197 ş/h-038-19 saylı əmri ilə iddiaçı - Bakı şəhəri Yasamal rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) xidmətdən xaric olunmuşdur. Xidmətdən xaric olunarkən iddiaçıya əmrin surəti deyil, əmdən çıxarış verilmişdir. Buna görə də xidmətdən xaric olunmanın dəqiq əsasları ona məlum deyildir. Ehtimal edir ki, bu iddiaçının xidməti fəaliyyəti zamanı deyil, öz evində olarkən ailə mübahisəsi zəminində arvadına kiçik ölçülü əşya atması və onun bununla əlaqədar hüquq-mühafizə orqanlarına şikayəti ilə bağlıdır. Həmin hadisə ilə bağlı aparılan araşdırma nəticəsində nə cinayət işi, nə də inzibati xəta haqqında iş qaldırılmayıb və iddiaçı arvadı ilə barışmışdır. Hesab edir ki, iddiaçının iş vaxtı deyil, işdən kənar vaxtda olmaqla evdə arvadı ilə mübahisəsi daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilə və iddiaçının xidmətdən xaric olunması üçün əsas ola bilməz.“Polis haqqında” Azərbaycan Respublikası Qanununun 33cü maddəsinin 1-ci bəndinin 3-cü yarımbəndinə görə polis əməkdaşlarına ləkə gətirən hərəkət etdikdə polis əməkdaşı intizam məsuliyyətinə cəlb edilir. Həmin maddənin 2-ci bəndinin 7-ci yarımbəndinə əsasən xidmətdən xaric edilmə polis əməkdaşına tətbiq edilən intizam tənbehlərindən biri kimi müəyyən olunmuşdur. 4-cü yarımbəndinə əsasən polis əməkdaşının intizam məsuliyyətinə cəlb edilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzimlənir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində “Daxili işlər orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 114-cü maddəsinə əsasən xidməti intizam qaydalarını pozduğuna görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: 1)məzəmmət; 2)töhmət; 3) şiddətli töhmət; 4) xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 5) tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə: 6) xüsusi rütbənin bir pillə aşağı salınması; 7) xidmətdən xaric edilmə. Həmin Əsasnamənin 135-ci maddəsinin 9-cu bəndinə görə daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Buradan göründüyü kimi xidmətdən xaric edilmə sonuncu və ən sərt cəzadır. Halbuki mübahisələndirilən əmrdə iddiaçının əvvəllər hər hansı intizam tənbehinə məruz qalmasına və ya onun bir polis əməkdaşı kimi mənfi xarakterizə olunmasına dair hər hansı məlumat yoxdur. Beləliklə iddiaçının mənfi xarakterizə olunması sübut olunmadığına görə onun barəsində ən sərt intizam tənbehinin seçilməsini və bununla bağlı əmri düzgün hesab etmir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in bu müddəasının tələblərini və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2020-ci il tarixli Məlumatına əsasən Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X2 tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 02 iyul tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 2020-ci il 09 iyul tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən verilmiş Ə-1197 ş/h-038-19 saylı, 21 avqust 2019-cu il tarixli əmrdən çıxarışdan görünür ki, polis serjantı, Bakı şəhəri Yasamal rayon Mühafizə İdarəsinin polis nəfəri İddiaçı 21 avqust 2019-cu il tarixdən “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən (daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) müvafiq olaraq xidmətdən xaric edilmişdir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 avqust 2019-cu il tarixli qərardan görünür ki, X3 07 avqust 2019-cu il tarixdə əri İddiaçı tərəfindən yaşadığı ünvan 1 ünvanında döyülərək xəsarət almışdır. X1 müraciəti əsasında toplanmış material üzrə zərərçəkmiş şəxsin şikayəti olmadığına görə Azərbaycan Respublikasının CPM-nin 39.1.8-ci maddəsinə istinad edilməklə cinayət işinin başlanması rədd edilmişdir. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin İ bəndinin 3-cü hissəsinə əsasən polis əməkdaşı - polis əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə intizam məsuliyyətinə cəlb edilir. Həmin Qanunun 33-cü maddəsinin İİ hissəsinin 7-ci bəndinə əsasən polis əməkdaşına xidmətdən xaric edilmə intizam tənbehi tətbiq edilə bilər. Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi daxili işlər orqanlarının sıravi və rəis heyəti əməkdaşlarına şamil olunur. Həmin Nizamnamənin 3.1-ci bəndinə əsasən hər bir əməkdaş Azərbaycan Respublikasının Konstitusiyasına, Qanunlarına və digər qanunvericilik aktlarına riayət etməlidir. Həmin Nizamnamənin 3.2-ci bəndinə əsasən bu Nizamnaməyə “DİO əməkdaşlarının X5”nin və polis andının tələblərinə, DİN-in digər normativ-hüquqi aktlarında müəyyən olunmuş qaydalara əməl etməli, rəislərin və komandirlərin əmrlərini yerinə yetirməlidir. Həmin Nizamnamənin 3.3-cü bəndinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarına hörmətlə yanaşmalı, insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, hüquqi və fiziki şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqazidd əməllərdən fədakarlıqla qorumalıdır. “Daxili işlər oqanları əməkdaşlarının X5”nin: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. 2-ci maddəsinə əsasən Anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. Daim yadda saxlamalıdır ki, hətta bir əməkdaşın Andını pozması, xidməti borcunu yerinə yetirməməsi və nalayiq hərəkətə yol verməsi, bir çox əməkdaşın fədakar əməyi və nümunəvi xidməti hesabına əldə olunmuş uğurlara və nüfuza kölgə sala bilər. 3-cü maddəsinə əsasən dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. Vətəndaşlarla ünsiyyətdə diqqətli və nəzakətli olmalı, bunu zəiflik əlaməti deyil, əksinə, qanunun gücünə arxalanan haqq və ədalətin təzahürü kimi qəbul etməlidir. 12-ci maddəsinə əsasən cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməli, ailəsinin, o cümlədən, uşaqlarının və valideynlərinin qayğısına qalmalı, nigahda sədaqətli olmalı, qadın-kişi münasibətlərində riyakarlığa və pozğunluğa yol verməməli, başqalarını da buna sövq etməməlidir. 15-ci maddəsinə əsasən yaşayış yeri və anket məlumatlarında dəyişikliklər baş verdikdə, dərhal bu barədə xidmət etdiyi orqanın rəisini məlumatlandırmalıdır. Müəyyən edilmiş qaydada icazə almadan yaşadığı (işlədiyi) inzibati rayonu tərk etməməli, məzuniyyətə çıxarkən məzuniyyətini keçirəcəyi yeri bildirməlidir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqındaƏsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə xidmətdən xaric edilə bilər. Məhkəmə araşdırması dövründə iddiaçının şəxsi işinin təsdiq edilmiş surəti, işdən azad olunması ilə bağlı əmrin təsdiq edilmiş surəti, o cümlədən işdən azad olunmasına səbəb olan hallar barədə məlumat sorğu əsasında cavabdehdən tələb edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq xx.xx.2019-cu il tarixli, 038-29051-1219 saylı məktubla iddiaçının daxili işlər orqanlarında xidmətdən xaric edilməsi ilə bağlı əmrlərin və arxiv şəxsi işindən xidməti siyahısının surəti məhkəməyə təqdim olunmuşdur. Həmin məktub əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Ə219-038-19 saylı, 20 avqust 2019-cu il tarixli əmrindən görünür ki, daxili işlər orqanları əməkdaşının adını uca tutmalı, davranışı ilə digərlərinə nümunə olmalı, vətəndaşların hüquqlarını qorumalı və hər kəsi hüquqa zidd əməllərdən müdafiə etməli, eləcə də ailəsinin qayğısına qalmalı olduğu halda qeyri-rəsmi nikah münasibətində yaşadığı vətəndaş E.Məhərrəmova ilə dəfələrlə mübahisə edərək münaqişəli vəziyyət yaratdığına, cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etmədiyinə, xx.xx.2019-cu il tarixdə xidmətdən kənar vaxtında yaratdığı növbəti münaqişə zamanı E.Məhərrəmovanın hamilə olduğunu bildiyi halda sonuncunu döyərək ona bədən xəsarəti yetirdiyinə, anket məlumatlarında dəyişiklik baş verməsi barədə xidmət etdiyi hissə rəhbərliyinə məruzə etmədiyinə, habelə xidmətdə mənfi xarakterizə olunduğuna, həmin hərəkətləri ilə «Daxili işlər oqanları əməkdaşlarının X5»nin 1, 2, 3, 12 və 15-ci maddələrinin, eləcə də Azərbaycan Respublikası daxili işlər orqanlarının İntizam Nizamnaməsi»nin 3.1, 3.2, 3.3 və 3.9-cu bəndlərinin tələblərini kobud surətdə pozduğuna, bununla da daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Yasamal Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis serjantı İddiaçı həmin İdarənin Sıravi və kiçik rəis heyətinin yığıncağının qərarı da nəzərə alınmaqla «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilməsi əmr edilmişdir. Həmin məktuba əlavə edilmiş İddiaçı şəxsi işinə baxış keçirilərkən müəyyən edildi ki, iddiaçıya xx.xx.2010-cu il tarixdə vəzifə borcunun icrasına etinasız yanaşaraq, təyin olunduğu postda xidməti sayıqlığını itirərək yatdığına və obyektin etibarlı mühafizəsini təyin etmədiyinə, bununla da “PPXN”-nin tələblərini pozduğuna görə “şiddətli töhmət”, xx.xx.2016-cı il tarixdə xidməti postda sayıqlığını itirərək yatdığına görə “məzəmmət”, xx.xx.2018-ci il tarixdə xidməti sayıqlığını itirərək yatdığına görə “töhmət” növündə intizam tənbehləri tətbiq edilmişdir. Məhkəmə araşdırması dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Ə219-038-19 saylı, 20 avqust 2019-cu il tarixli əmrində iddiaçının xidmətdən xaric edilməsinə əsas olaraq göstərilmiş halların mövcud olması iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapmışdır. Belə ki, iddiaçıya məxsus şəxsi işə baxış keçirilərkən müəyyən edildi ki, o, xidmətdə mənfi xarakterizə olunaraq, vəzifə borcunun icrasına etinasız yanaşaraq, təyin olunduğu postda xidməti sayıqlığını itirərək yatdığına görə müxtəlif tarixlərdə barəsində intizam tənbehləri tətbiq edilmişdir. Həmçinin anket məlumatlarında subay olduğunu göstərsə də, lakin faktiki olaraq X3 ilə evli olmuş və sonuncunu yaşadıqları ünvanda hamilə olduğunu bildiyi halda döyərək ona xəsarət yetirmiş və E.Məhərrəmova aldığı bədən xəsarətlərindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilmişdir. X1 müraciəti əsasında toplanmış material üzrə zərərçəkmiş şəxsin şikayəti olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. Halbuki daxili işlər orqanının əməkdaşı olaraq iddiaçı daxili işlər orqanları əməkdaşının adını uca tutmalı, davranışı ilə digərlərinə nümunə olmalı, vətəndaşların hüquqlarını qorumalı və hər kəsi hüquqa zidd əməllərdən müdafiə etməli, eləcə də ailəsinin qayğısına qalmalı olduğu halda bunlara riayət etməmişdir. Bu səbəbdən də xidmətdə mənfi xarakterizə olunaraq, onun hərəkətləri Yasamal RMİ-nin Sıravi və kiçik rəis heyətinin yığıncağında müzakirə edilmiş və onun daxili işlər orqanlarında xidmətdən xaric olunması barədə Baş Mühafizə İdarəsinin rəhbərliyi qarşısında vəsatət qaldırılması haqda qərar qəbul edilmişdir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Ə219-038-19 saylı, 20 avqust 2019-cu il tarixli əmrinə əsasən «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Göstərilən hallar iddiaçı tərəfindən mübahisələndirilən əmrin qanuni və əsaslı olması nəticəsinə gəlmək üçün əsas olduğundan, habelə iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, iddiaçının sözügedən əmrin ləğv edilməsi barədə tələbi rədd edilməlidir. İddia tələbi Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin xx.xx.2019-cu il tarixli, Ə-1197 ş/h-038-19 saylı əmrinin ləğv edilməsi hissəsində əsassız olduğundan, ondan irəli gələn iddiaçının daxili işlər orqanlarında xidmətə əvvəl işlədiyi vəzifəyə bərpa edilməsi və xidmətdən xaric olunduğu və bu səbəbdən əmək haqqı ala bilmədiyi bütün dövr üçün pul müavinətinin hesablanıb ona ödənilməsi barədə tələbləri də əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar