Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-303/2023 17.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: "xxxx" MMC) qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə texniki pasportun tərtib edilməsi və torpaq sahəsinin mülkiyyət formasının dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixli, **********13 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, təqdim edilmiş texniki pasportda göstərilən torpaq sahəsinin baş planı ilə faktiki vəziyyəti arasında perimetrik ölçü və konfiqurasiya fərqləri mövcuddur. Həmçinin, qeyd edilən fərdi yaşayış evi paylı mülkiyyət olduğundan texniki pasportda göstərilən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə payçıların razılıq ərizələri təqdim edilməmişdir. Bundan əlavə, ünvan 1 ünvanda olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması məsələsinə münasibət bildirilməsi ilə bağlı aidiyyəti quruma sorğu göndərilmişdir. Sorğuya cavab olaraq bildirilmişdir ki, qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi ünvan və ətraf ərazi layihələndirildiyindən hər hansı sənədləşmə işinin aparılması məqsədəuyğun deyildir. Bundan sonra İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yaşayış evinin altında yerləşən torpaq sahəsinin özəlləşdirilməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən yaşayış evinin altında yerləşən ümumi sahəsi 307.6 kv.metr olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun onun adına qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-7653/2021 saylı qərardadı ilə "xxxx" MMC üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən bir mərtəbəli evin altında olan torpaq sahəsinin öz adına özəlləşdirilərək qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla imtina etmişdir. İddiaçı hesab edir ki, imtina əsassızdır. Belə ki, Yasamal Rayon Məhkəməsinin 06 mart 2007-ci il tarixli, 2-162/2007 saylı qətnaməsi ilə payçılar arasında olan payları bölünmüş, aradan hasar çəkilmiş və cavabdeh təşkilat həmin məhkəmədə də maraqlı şəxs kimi iştirak etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli iddiaya dair yazılı etirazında imtina məktubunda göstərilən dəlillərə istinad etmiş, əlavə olaraq göstərmişdir ki, qeyd olunan əmlak "xxxx" MMC tərəfindən **********, ********** nömrələri ilə müraciət olunmuş ümumi sahə daxilində yerləşir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbini müdafiə etdilər və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia ərizəsinə etiraz etdi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan: - 21.11.1985-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən xx.xx.1971-ci il tarixdə vəfat etmiş X5 əmlakı vərəsəsi olan arvadı X1. Həmin şəhadətnamədə miras əmlak olaraq ünvan 2 ünvanda 524,8 kv.m. torpaq sahəsində yerləşən ümumi sahəsi 116 kv.metr olan A tikilisinin ½ hissəsi göstərilmişdir. - 27.07.2001-ci il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, 12 saylı Dövlət Notariat kontoru tərəfindən xx.xx.1992-ci ildə təsdiq edilən və reyestrdə 2 kitab 762 № ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 27 yanvar 1998-ci ildə vəfat etmiş X3 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi İddiaçıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri, TİB-n 20.07.01-ci il tarixdə verdiyi 30/1470 №-li arayışa və 15.06.86-cı il tarixdə TİB-n 242 №-li kitabın 16406-cı səh. verdiyi 30/703 qeydiyyat vəsiqəsinə əsasən mərhuma məxsus Bakı şəhəri, Şirvan-zadə küçəsi, ev 38-dən ibarətdir. - Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyatı İdarəsinin seriya FM, 015125 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Şirvan-zadə küçəsindəki ümumi sahəsi 261,9 kv.m olan 38 saylı fərdi yaşayış evi müəyyən edilmiş paylarda İddiaçı, X13 və X8 adına xx.xx.2001-ci il tarixdə xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir. - İşdən görünür ki, Yasamal Rayon Məhkəməsinin 2-162/2007 saylı qətnaməsi ilə ünvan 3 ünvanda yerləşən mülkün həyətinə giriş hissəsinin bölünərək, daş hasar inşa etdirməklə - eni 1,85 m. hissə İddiaçı, eni 1,75 m. hissədə isə iş üzrə cavabdehlər X9, X12 verilməsi, hasar bölgüyə uyğun olaraq 15 m. sədd boyunca, 2,5 m. hündürlüyündə inşa edilməsi, hasarın inşası üçün çəkiləcək xərclərin İddiaçı aid edilməsi qət edilmişdir. - İşdə olan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən 1981-ci ilin may ayında X6 verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda ünvan 2 ünvanda yerləşən torpaq sahəsinin ölçüsü 577.3 kv. metr göstərilmişdir. İddiaçı hazırda onun mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 407-İVQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 684 saylı Fərmanının 3.1-ci bəndinə görə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərə aid edilmişdir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportu təqdim etmişdir. Lakin işdən görünür ki, iddiaçının istifadəsində olan mübahisəli torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 164 nömrəli Sərəncamı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsinə verilmişdir. Belə ki, işdə olan həmin Sərəncamdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov, Seyfəddin Dağlı, İsmayıl Qutqaşınlı və Mikayıl Müşfiq küçələrinin əhatəsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 4.20 ha torpaq sahəsinin həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında “LUX RESİDENCE" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tənzimlənməsi şərti ilə yeni yaşayış binalarının və qeyriyaşayış sahələrinin tikintisi üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır. İşdə olan 10/445 nömrəli, 05 aprel 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən may 1981-ci ildə X6 verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilən evin yerləşdiyi torpaq sahəsinin 225 saylı orta məktəbin yanından gəldikdə Seyfəddin Dağlı küçəsinin cənub tərəfində yolun kənarında yerləşdiyi müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Azərbaycan SSR Kommunal Nazirliyi tərəfindən may 1981-ci ildə X6 verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportda göstərilən evin yerləşdiyi torpaq sahəsinin (İddiaçı istifadəsində olan sahə) Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 164 nömrəli Sərəncamı ilə üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarə əsasında istifadəsinə verilmiş (yerquruluşu planında nəzərdə tutulan) 4,2 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçının mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etdiyi torpaq sahəsinin digər şəxsin istifadəsinə verilməsi ilə bağlı inzibati akt mövcuddur. “İnzibati icraat haqqında” Qanunun 64.1ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin sözügedən hüquqmüəyyənedici sənədlər əsasında "xxxx" MMC-yə ayrılmış sahə ilə üst-üstə düşdüyü iş üzrə müəyyən olunduğundan, üçüncü şəxsə torpaq sahəsinin ayrılmasına dair həmin hüquqmüəyyənedici sənədlər iddiaçı tərəfindən mübahisələndirilmədiyindən və hazırda öz qüvvəsini saxladığından, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. O da qeyd olunmalıdır ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra həmin torpaq sahəsi ilə bağlı hüquqlarını təsdiq edən yeni sübutlara (məsələn, üçüncü şəxsə torpaq sahəsinin ayrılması barədə sərəncamın onun istifadəsində olan torpaq sahəsinə münasibətdə ləğv edilməsinə və ya dəyişdirilməsinə) əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. İş üzrə 100 (bir yüz) manat məhkəmə ekspertizası xərci İddiaçı tutularaq dövlət büdcəsinə (X7, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №2-1(112)-303/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-303/2023
17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver