Məhkəmə qərarları › İş №2-1(112)-3031/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3031/2020

17.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3031/2020 17.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialına qarşı “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli, 123 nömrəli qərarının qüvvəyə mindiyi tarixdən ona şamil edilərək əlavə haqqın hesablanaraq verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı məhkəmədə iddia qaldıraraq, “Nazirlər Kabinetinin 123 nömrəli sərəncamının verilməsinin təmin edilməsini və birdəfəlik ödənilməsini cavabdehin üzərinə qoyulmasını” xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar olaraq onlara əlavə haqqın verilməsi Qaydası haqqında” xx xxx 2008-ci il tarixli 123 saylı Qərarının qüvvəyə mindiyi tarixdən ona şamil edilərək əlavə haqqın hesablanaraq hissəhissə və yaxud birdəfəlik verilməsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1979-cu il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işə qəbul olunmuş, həmin nazirlikdə və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində kiçik və böyük rəis heyəti üzrə müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.2010-cu ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı MTCM-dən pensiyaya çıxmışdır. Xidmət illəri 32 il 11 ay 2 gün, güzəştli xidmət illəri 13 il 10 ay 5 gün, cəmi xidmət illəri 46 ay 9 ay 7 gün təşkil etmişdir. Lakin ona Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi rütbəli əməkdaşı kimi qulluq illərinə görə 50 faiz əlavə verilmir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinin nümayəndəsi D.Qurbanova tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddia mümkünsüz sayılmalıdır. Belə ki, iddiaçı ona qulluq illərinə görə 50 faiz əlavənin verilmədiyini iddia etmişdir. Halbuki, həmin məbləğ iddiaçıya ödənilir. Belə ki, iddiaçıya xx xxxx 2010-ci il tarixdən cavabdeh tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasındakı sonrakı artımlar nəzərə alınmaqla xx.xx.2019-cu il tarixdən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cavabdehə daxil olmuş aylıq vəzifə və rütbə maaşlarının məbləğlərinə əsasən iddiaçının sonuncu xidmət keçdiyi vəzifəsinə uyğun olaraq vəzifə maaşı 358.00 manat, rütbə maaşı 127.00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşlarının 50 faizi miqdarında əlavəsi – 242.50 manat, usta məharət dərəcəsinə görə vəzifə maaşının 25 faizi miqdarında əlavəsi 89.50 manat, ərzaq payı əvəzinə kompensasiya 64.00 manat olmaqla iddiaçının təminat xərcliyi 881.00 manat təşkil etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci və 20.15-ci maddələrinin tələblərinə uyğun olaraq 46 il, 9 ay, 7 gün xidmət müddətinə görə iddiaçıya təminat xərcliyinin 100 faizi miqdarında əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi iddiaçı xidmət illərinə görə 50 faiz əlavə haqq almışdır. Sonda iddianın mümkünsüz sayılması barədə qərardad qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsinin nümayəndəsi D.Qurbanova tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etiraza əlavədə isə qeyd edilmişdir ki, iddiaçıya xidmət illərinə görə əlavənin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Qərarına uyğun olaraq müəyyənləşdirilmişdir. Belə ki, həmin qərara əsasən 30 ildən yuxarıda iş stajına görə əlavənin məbləği vəzifə və rütbə maaşları cəminin 50 faizi məbləğində müəyyənləşdirilir. Göründüyü kimi iddiaçıya xidmət illərinə görə 50 faiz əlavə məbləğ ödənilir. Sonda iddianın mümkün sayılmaması məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, xx.xx.2010-cu ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı MTCM-dən pensiyaya çıxmışdır. Xidmət illəri 32 il 11 ay 2 gün, güzəştli xidmət illəri 13 il 10 ay 5 gün, ümumi stajı 46 il 9 ay 7 gün təşkil etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və X6 İş İdarəsinə yazdığı pensiyasının yenidən hesablanması ilə bağlı məktubuna müsbət cavab verilməmiş, onun qanunvericiliklə müəyyən edilmiş hüququ pozulmuşdur. Belə ki, onun əmək kitabçasına əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.2010-cu il tarixədək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində xüsusi rütbəsi kiçik və orta rəis heyətin nəzarətçi, baş nəzarətçi və müəssisə rəisinin nəzarətçilər üzrə köməkçisi vəzifəsində qulluq etmişdir. O, ədliyyə orqanlarında xidmət etmiş hərbi qulluqçu hesab olunmadığından, əksinə olaraq, ədliyyə orqanlarında xidmət etmiş xüsusi rütbəli işçi olduğundan "Ədliyyə orqanları işçilərin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 saylı Qərarının qüvvəyə mindiyi tarixdən ona şamil olunmalıdır. Odur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ədliyyə orqanları işçilərin qulluq illərinin hesablanması və bununla əlaqədar olaraq onlara əlavə haqqın verilməsi Qaydası haqqında” xx xxx 2008-ci il tarixli 123 saylı Qərarının qüvvəyə mindiyi tarixdən ona şamil edilərək əlavə haqqın hesablanaraq hissə-hissə və yaxud birdəfəlik verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, iddiaya dair etirazda və etiraza əlavədə göstərilənlərə uyğun məzmunda izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X5 İdarəsi xx.xx.2019-cu il tarixli, ********** saylı məktubla iddiaçının xx.xx.2019-cu il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Penitensiar Xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülkı işçilərə və hərbi qulluqçulara bölünür. Qanunun 33.2-ci maddəsinə görə Penitensiar Xidmətin xüsusi rütbəsi olan əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir (göründüyü kimi, Penitensiar Xidmətin hərbi qulluqçuları ədliyyə orqanlarının işçiləri sırasına aid edilmir). Həmin Qanunun 35.2-ci maddəsinə əsasən Penitensiar Xidmətdə hərbi quluqçuların, o cümlədən, müddətli həqiqi hərbi xidmət keçənlərin xidmət keçmə qaydaları “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunları, “Hərbi qulluqçular haqqında” Əsasnamə, “Azərbaycan Respublikası Silahlı X2” və digər normativ hüquqi aktlarla tənzimlənir. Qeyd olunanlara əsasən bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli, 123 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 1-ci bəndində yalnız ədliyyə orqanları işçilərinin (xüsusi rütbəsi olan əməkdaşların və mülki işçilərin) qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi məsələsi tənzimləndiyindən sözügedən Qaydanın əmək pensiyasının hesablanması zamanı tətbiq edilməsi mümkün hesab olunmur. Məhkəmə, əvvəla, qeyd edir ki, cavabdehin nümayəndəsinin iddiaya dair yazılı etirazında və etiraza əlavəsində göstərilmiş iddianın mümkün sayılmaması əsasları ilə razılaşmır, ona görə ki, iş materiallarından da məlum olur ki, iddiaçıya xidmət illərinə görə müvafiq qaydada hesablanan 50 faiz əlavə haqqın verilməsinin hüquqi əsasları və iddiaçının tələbinin hüquqi əsasları fərqlidir. Belə ki, pensiya işi materiallarına əsasən müəyyən olunduğu kimi iddiaçıya əlavə haqq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1994-cü il tarixli 67 nömrəli “Azərbaycan Respublikası hərbi qulluqçularının və hərbi vəzifəlilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Qərarının 2 saylı əlavəsinə əsasən hesablanıb ödənildiyi halda, hazırkı tələbin hüquqi əsası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nda öz təsbitini tapmışdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçı “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli, 123 nömrəli qərarının ona şamil edilməsini tələb etməkdə haqlıdır və bu onun subyektiv hüququdur. Ən azından nəzərə alınsa ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli, 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”ının iddiaçıya tətbiq edilməsi onu fərqli hüquqi statusla (əvvəl hərbi qulluqçu, sonra ədliyyə qulluqçusu kimi) təmin edir. Göstərilən əsasla işə mahiyyəti üzrə baxlması mümkün hesab edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqları pozulmuşdur və iddia aşağıdakı əsaslara görə təmin qismən edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus ******* saylı əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, İddiaçı oğu N saylı hərbi hissənin N nömrəli əmrinə əsasən xx.xx.1979-cu il tarixdə N saylı hərbi hissədə nəzarətçi təyin olunmuş, 365 ş/h saylı, xx.xx.1997-ci il tarixli əmrə əsasən xx.xx.1997-ci il tarixdən MQİBİ-nin 7 saylı KM-nın nəzarətçi vəzifəsinə təyin olunmuş, 598 ş/h saylı, xx.xx.2005-ci il tarixli əmrə əsasən həmin tarixdən böyük nəzarətçi vəzifəsinə təyin olunmuş, xx.xx.2007ci il tarixli, 141 ş/h saylı əmrlə həmin tarixdən Penitensiar Xidmətin 7 saylı MTCM-nin rəisinin nəzarətçilər xidməti üzrə köməkçisi vəzifəsinə təyin edilmiş, 49 ş/h saylı, xx.xx.2008-ci il tarixli əmrə əsasən Penitensiar Xidmətin sərəncamına götürülmüş, 379 ş/h nömrəli, xx.xx.2008-ci il tarixli əmrə əsasən həmin tarixdən 7 saylı MTCM-nin böyük nəzarətçi vəzifəsinə təyin edilmiş, 107 ş/h saylı, xx.xx.2010-cu il tarixli əmrə əsasən həmin tarixdən “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.10-cu maddəsinə müvafiq olaraq (qulluqda olmanın son yaş həddinə çatdıqda) pensiyaya çıxmaqla tutduğu vəzifədən azad olunaraq ədliyyə orqanlarında qulluqkeçməsinə xitam verilmişdir. İş materiallarından göründüyü kimi iddiaçılar Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı MTCM-də nəzarətçi vəzifəsində -xüsusi rütbədə qulluqda olmaqla təqaüdə çıxmış və hazırda pensiyaçıdır. Cavabdeh tərəf iddiaçının hərbi qulluqçu olmasını iddia etmiş olsa da, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun preambulası ilə müəyyən edilir ki, bu Qanun Azərbaycan Respublikasının ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Həmin Qanunun 1.1-ci maddəsinə əsasən, ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Əsasnaməsi ilə müəyyən edilir ki, həmin orqan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin baş idarə səlahiyyətli müstəqil struktur qurumudur. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunun 33.1-ci maddəsinə görə isə Penitensiar Xidmətin işçiləri xüsusi rütbəsi olan əməkdaşlara, mülki işçilərə və hərbi qulluqçulara bölünür. Xüsusi rütbəsi olan əməkdaşlar (bundan sonra əməkdaşlar) sıravi heyətdən, kiçik, orta, böyük və ali rəis heyətindən ibarətdir. Mülki işçilər dövlət qulluqçularından və dövlət qulluqçusu olmayan işçilərdən ibarətdir. Həmin Qanunun 33.2-ci maddəsinə görə Penitensiar Xidmətin əməkdaşları və mülki işçiləri ədliyyə orqanlarının işçiləridir. Göründüyü kimi qanunvericilik Penitensiar Xidmətin xüsusi rütbəsi olan əməkdaşlarını ədliyyə orqanlarının işçiləri hesab etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 saylı qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 2.1-ci maddəsinə əsasən ədliyyə orqanları işçilərinin əlavə haqq almaq hüququ verən qulluq illərinə onların ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutan vəzifələrdə işlədiyi müddət (2.1.1), ədliyyə orqanlarında əvvəllər tətbiq edilən rütbə dərəcəsi olan vəzifədə işlədiyi müddət (2.1.2), ədliyyə orqanlarında xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə işlədiyi müddət (2.1.3), ədliyyə orqanlarında stajorluq və sınaq müddəti (2.1.4), ədliyyə orqanlarında qulluq edərkən vəzifəsinin və əmək haqqının saxlanması şərtilə işçinin qulluqdan ayrıldığı müddət (2.1.5), məzuniyyət dövrləri (2.1.6), ədliyyə orqanları işçilərinin sərəncamda olduqları və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldıqları müddət (2.1.7), peşə fəaliyyəti ilə bağlı ədliyyə orqanının müvafiq göndərişinə əsasən Azərbaycan Respublikasının və xarici dövlətlərin tədris müəssisələrində təhsil aldıqları müddət (2.1.8) və ədliyyə orqanları işçilərinin ilkin hazırlıq, ixtisasartırma və yenidən hazırlıq kurslarına cəlb edildikləri müddət (2.1.9) daxildir. “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın 3.1-ci maddəsinə əsasən ədliyyə orqanlarında 30 ildən yuxarı qulluq illərinə görə verilən əlavə haqq vəzifə maaşından və xüsusi rütbəyə görə əlavədən hesablanmaqla 50 faiz məbləğində ödənilir. Cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus pensiya işi materiallarında olan sənədlərdən müəyyən edilir ki, İddiaçı DSMF-nin Xətai rayon şöbəsinin 10/531 saylı, xx.xx.2010-cu il tarixli qərarına əsasən 2010-cu ilin mart ayından etibarən əmək pensiyası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin məlumat vərəqəsinə əsasən İddiaçı Xidmətdə son vəzifəsi 7 saylı MTCM-nin böyük nəzarətçisi, sonuncu rütbəsi isə ədliyyə baş giziri olmuş, təqvimi xidmət illəri 32 il, 11 ay, 02 gün təşkil etmiş, ona xidmət illərinə görə 50 faiz əlavə haqq hesablanıb ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı xüsusi rütbə nəzərdə tutan vəzifələrdə çalışmış oldugundan “Ədliyyə orqanlarının işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 123 saylı qərarı ona da şamil edilməlidir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 37.7-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmənin qənaəti belədir ki, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. İddiaçının “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydasının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli, 123 nömrəli qərarının ona şamil edilməsi və bununla əlaqədar olaraq əlavə haqqın hesablanaraq verilməsi barədə cavabdeh orqana xx.xx.2017-ci il tarixdən sonra müraciət etməsi iş materialları ilə öz təsdiqini tapır. Məhkəmənin gəldiyi nəticəyə görə, pensiyaçılara əmək pensiyasının düzgün hesablanmaması onların artıq qazanmış olduqları mülkiyyətdən məhrum edilməsi deməkdir. Bu isə Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə ziddir. Əmək pensiyası qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə müvafiq olaraq vətəndaşlara verilən aylıq pul ödənişi olmaqla onların mülkiyyətini təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, pensiya hüququ Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, əvvəllər ödəmələrin edilməsi ilə şərtləndirilməsindən asılı olmayaraq, sosial dəstək tədbirlərindən söhbət getdikdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə dair işlər üzrə ümumilikdə tətbiq olunan bütün prinsiplər bərabər şəkildə qüvvədə qalırlar (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın xx xxxxx 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın xx xxxxxx 2009-cu il tarixli Qərarı, §76-77). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli, 123 nömrəli qərarı İddiaçı şamil edilməli, onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 37.7-ci maddəsində göstərilmiş müddət üzrə həmin Qanunun 37.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla yenidən hesablanmalı, bu hesablama zamanı fərq məbləği yaranacağı halda, həmin fərq məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 37.7-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialına həvalə edilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli, 123 nömrəli Qərarının İddiaçı şamil edilməsi, onun əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 37.7-ci maddəsində göstərilmiş müddət üzrə həmin Qanunun 37.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla yenidən hesablanması, bu hesablama zamanı fərq məbləği yaranacağı halda, həmin fərq məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş 37.7-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X5 üzrə Mərkəzi Filialına həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar