Məhkəmə qərarları › İş №2-1(112)-3031/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3031/2023

16.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3031/2023 16.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən “Ş- 97/4” saylı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, **********49 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, elektron kadastr məlumatına əsasən qeyd edilən torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinə ayrılmış ərazidə yerləşdiyi müəyyən edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 0,12 ha sahəsi olan “Ş-97/4” saylı torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına müraciət etmiş, həmin müraciətə 25 fevral 2022-ci il tarixdə cavab verilmiş və keçmiş Əzizbəyov Rayon İHB-nın (indiki Xəzər İH) arxiv fondu üzrə xx.xx.1997ci il tarixli, 470 saylı sərəncamın surəti ona təqdim olunmuşdur. Həmin sərəncamın surəti və Əzizbəyov RİHB-nın 470 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Ş 97/4 saylı torpaq sahəsinin yerini və müvafiq koordinatlarını özündə əks etdirən yerləşmə sxeminin surəti iddia ərizəsinə əlavə edilmişdir. Bu faktlar daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və çıxarışın verilməsi üçün əsasdır. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı etirazında imtina məktubunda göstərilən əsaslara istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının İddiaçı torpaq sahəsinin ayrılması haqqında xx.xx.1997-ci il tarixli, 470 nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Çobanzadə küçəsi, 33 nömrəli evin 14 saylı mənzilində yaşayan, heç bir yerdə işləməyən ailə tərkibi 4 nəfərdən ibarət olan İddiaçı Şağan qəsəbəsində Ş 97/4 nömrəli sahədə fərdi ev tikmək üçün 1200 kv.metr torpaq sahəsi ayrılmışdır. Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Əzizbəyov RİHB-nın 470 saylı, xx.xx.1997ci il tarixli sərəncamı ilə Şağan qəsəbəsində vətəndaş İddiaçı ayrılmış Ş 97/4 saylı torpaq sahəsinin yerləşmə sxemi tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, mübahisəli torpaq sahəsi mişar daşı ilə hasara alınaraq iki hissəyə bölünmüşdür, üzərində 2 ədəd yaşayış evi mövcuddur. Torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə ölçüsü 1200 kv.metr, faktiki sahəsi 1475 kv. metrdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********99 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Ş-97/4 saylı torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. İddiaçı hazırda istifadəsində olan həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınmasını xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli 113 nömrəli Fərmanına əsasən Qanunun 8.0.1-ci maddəsində müəyyən edilmiş "icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları həyata keçirir. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, yerli icra hakimiyyəti orqanlarının aktlarını bu əsaslardan birinə aid etmişdir, hansı ki, iddiaçı bu əsası - Bakı şəhəri Əzizbəyov rayonu İcra Hakimiyyəti Başçısının İddiaçı torpaq sahəsinin ayrılması haqqında xx.xx.1997-ci il tarixli, 470 nömrəli Sərəncamı cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı ona ayrılmış həmin torpaq sahəsi ilə bağlı hüquqlarının qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. İşdən görünür ki, cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina edərkən mübahisəli torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinə ayrılmış ərazidə yerləşməsinə istinad edir. İşdə olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi ictimai-siyasi sənədlər arxivinin 1-2-27/2-152/2023 nömrəli, 17 aprel 2023-cü il tarixli məktubundan da görünür ki, qeyd olunan torpaq sahəsinin yerləşdiyi əraziyə baxış keçirilmiş və həmin ərazinin ləğv edilmiş Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin (keçmiş Tərəvəzçilik-Südçülük Sovxozu) balansında olan torpaq sahələrinin ərazi hüdudları daxilində yerləşdiyi müəyyən olunmuşdur. Müvafiq arxivdə aparılmış araşdırma zamanı İddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı məlumat aşkar edilməmişdir. Sözügedən torpaq sahəsində yaşayış olmadığından faktiki istifadəçisi ilə bağlı məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, bu hal iddiaçının hüquqlarının qeydə alınmasında imtina üçün əsas kimi qəbul edilməməlidir. Belə ki, işdə olan Xəzər rayonu İcra Hakimiyyəti Başçısının Şağan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-12-3/2-65/2023 nömrəli, 25 may 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, məktuba əlavə olunmuş cizgi və koordinat əsasında İddiaçı ayrılmış torpaq sahəsinin yerləşdiyi əraziyə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, İddiaçı aid torpaq sahəsinin yerləşdiyi ərazilər Əzizbəyov (Xəzər) rayon İcra Hakimiyyətinin və Şağan qəsəbə nümayəndəliyinin sərhədləri daxilində yerləşir. Həmin ərazidə yaşayan qonşuların sənədlərində həm Əzizbəyov RİH-nin ayırdığı (29 dekabr 2000-ci ilədək) torpaq sahələrinin, həmçinin də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin (Tərəvəzçilik-südçülük sovxozunun 21 may 2003-cü il) balansında olmuş torpaq sahələrinin ayrılması haqqında sərəncamlara təsadüf edilmişdir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin torpaqayırma sənədlərinin 2003-cü ildən etibarən başlanmasını nəzərə alaraq belə qənaətə gəlmək olur ki, müəssisənin sərhədlərinin dəqiqliyini özündə əks etdirən xəritələr həmin dövrə (21 may 2003-cü ilədək) qədər tərtib edilməmişdir. Sərhədlər həmin vaxtda (xx.xx.1997-ci il) dəqiq olmadığından İddiaçı xx.xx.1997-ci il tarixində qəsəbə nümayəndəliyinin sərhədləri daxilində olmaqla fərdi həyətyanı torpaq sahəsi ayrılmışdır. Torpaq sahələrinin ayrılmasını özündə əks etdirən bölgü sxemi və ya digər məlumatların nümayəndəlikdə mövcud olmadığı bildirilmişdir. Göstərilənlər Bakı şəhəri Xəzər rayonu İcra Hakimiyyəti Başçısının İ müavininin 5- 12/2-1215/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda öz əksini tapmışdır. Belə ki, sözügedən məktubda qeyd olunmuşdur ki, məsələlərin araşdırılması ilə bağlı Xəzər RİHBnın Şağan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məktub ünvanlanmış və alınan məlumatda əraziyə baxış keçirildiyi, sözügedən ərazidə yaşayan vətəndaşlarda həm Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin həm də, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd Təsərrüfatı Müəssisəsinin 2003-cü ilədək torpaqayırma sənədlərinin mövcud olması bildirilmişdir. Eyni zamanda 2003-cü ilədək torpaq sahələrinin sərhədlərinin dəqiqliyini özündə əks etdirən xəritələr, bölgü sxemləri olmadığından Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1997-ci il tarixli, 470 nömrəli Sərəncamla vətəndaş İddiaçı Şağan qəsəbəsində fərdi ev tikmək üçün dövlət mülkiyyətində olan torpaq sahəsinin ayrıldığı qeyd olunmuşdur. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 1997-ci ilə aid sərəncamlar və ona aid digər sənədlər Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən, xx.xx.1997-ci il tarixli, 470 saylı Sərəncamın hansı əsaslarla verilməsi barədə məlumat təqdim etmək mümkün olmamışdır. Göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçıya 1997-ci ildə ayrılmış, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Kənd təsərrüfatı müəssisəsinin torpaqayırma sənədləri, o cümlədən ayrıc aktı həmin tarixdən sonra tərtib edilmişdir. Belə olan halda aydındır ki, mübahisəli torpaq sahəsi ayrılarkən Kənd təsərrüfatı müəssisəsinin ayrıc aktı daxilində yerləşməsi ilə bağlı hər hansı bi sübut mövcud olmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya ayrılmış torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məsqədilə ayrılmış torpaq olmaqla, həmin dövrdə torpaq sahəsini ayırma səlahiyyətinə malik qurum tərəfindən ayrılmışdır. Qanunvericiliyin həmin sənədi hüququların dövlət qeydiyyatı üçün əsas kimi nəzərdə tutması isə iddiaçıda mülkiyyət hüququna “qanuni gözlənti” yaratmışdır. Belə ki, “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının əsaslandığı belə bir hüquqi akt mövcud olmuşdur. Bundan başqa, işdən görünür ki, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının iddiaçıya torpaq sahəsinin ayrılması barədə sərəncamı ləğv olunmamışdır və hazırda qüvvədədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunsun. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən 1200 kv.metr sahəsi olan “Ş-97/4” saylı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar