Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3032/2023 21.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, X6 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Köçəri bağ massivində yerləşən “27” saylı torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh iddiaçının tələbini təmin etməkdən imtina etmiş, xx.xx.2022-ci il tarixli məktubla bildirmişdir ki, təqdim edilmiş sənədlərdə uyğunsuzluq mövcuddur. Belə ki, bağ sahəsinə dair verilən orderdə Bakı şəhər İcraiyyə Komitəsinin qərarının tarixi 09 sentyabr 1990-cı il qeyd edilsə də, lakin orderin arxiv arayışında 4 sentyabr 1990-cı il göstərilmişdir. Həmçinin, 204 nömrəli X1 nəzdində eyni bağ nömrəsi ilə (“27” saylı) digər fiziki şəxsin adına bağ sahəsi ayrılmış və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, göstərilən torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 28 saylı qonşu bağ sahəsinin ərazisinə uyğun gəldiyi müəyyən edilmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Köçəri bağ massivi ünvanında yerləşən sahəsi 1200 kv.m olan, 27 nömrəli torpaq sahəsi üzərində X8 mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə dövlət reyestrindən çıxarışın (arayışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Köçəri bağ massivi ünvanında yerləşən sahəsi 1200 kv.m olan, 27 nömrəli torpaq sahəsinə mülkiyyət hüququnun X10 məxsus olması haqqında dövlət reyestrindən arayışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. II. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Köçəri bağ massivi ünvanında yerləşən, sahəsi 1200 kv.m. olan, 27 saylı bağ sahəsi, 204 nömrəli BTK tərəfindən onun mərhum atası X11 verilmişdir, verildiyi vaxtdan o və ailəsinin daimi istifadəsindədir. X13 vəfat etmiş, bununla əlaqədar Bakı şəhəri 7 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. Bağ sahəsinə dair Xəzər Rayon Məhkəməsinin 21 iyun 2018-ci il tarixli qətnaməsi olmuşdur, bundan başqa, məhkəmənin 18 fevral 2019-cu il tarixli qərardadı vardır. Torpaq sahəsinə dair heç bir mübahisə yoxdur. 27 nömrə ilə özəlləşmiş bağın onların 27 nömrəli torpağı ilə heç bir əlaqəsi yoxdur. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında imtina məktubunda göstərilənlərə istinad etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia bağ sahəsinə mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsindən ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, iş materiallarından olan və məhkəmə iclasında tədqiq edilən: - Bakı şəhər XDS icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 6/265 nömrəli qərarından görünür ki, həmin qərarla Köçərli 204 nömrəli bağ-tikinti kooperativi üzvlərinin siyahısı təsdiq edilmiş, ünvan 2 ünvanında qeydiyyatda olan X9 adı siyahıda 13-cü sırada qeyd olunmuşdur. - Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Köçəri bağlar sahəsindəki 204 nömrəli kooperativinin 13 nömrəli orderindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 6/265 nömrəli qərarına əsasən X11 Köçəri bağlar sahəsində 204 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 27 nömrəli bağ sahəsi ayrılmışdır. -318038 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.1991-ci il tarixdə vəfat etmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-4004/2018 saylı qətnaməsindən görünür ki, ərizəçi X17 ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Xəzər rayonunda “Köçərli 204" saylı bağ-tikinti kooperativinin üzvü kimi bağ sahəsinin ayrılması barədə Bakı şəhəri X20 İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli 6/265 saylı qərarının babası X12 məxsus olması və anasına məxsus Bakı şəhəri Qaradağ rayon VVAQ şöbəsi tərəfindən tərtib edilmiş İ-ИЕ seriyalı 304696 saylı doğum haqqında şəhadətnamənin ata qrafasında qeyd edilən “X13”nun babası “X14” ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin həmin qətnaməsi ilə, ərizə təmin edilmiş, Bakı şəhəri Xəzər rayonunda “Köçərli 204” saylı bağ-tikinti kooperativinin üzvü kimi bağ sahəsinin ayrılması barədə Bakı şəhəri X20 İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli 6/265 saylı qərarının və həmin qərara əsasən Azərbaycan SSR Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən tərtib edilmiş 13 saylı orderin X10 məxsus olması, Qubadlı rayon ZAQS şöbəsi tərəfindən tərtib edilmiş 18 avqust 1950-ci il tarixli ИЕ seriyalı 002407 saylı evlənmə haqqında şəhadətnamədə və X15 məxsus A3 seriyalı 033583 saylı 06 iyul 1962-ci il tarixli doğum haqqında şəhadətnamənin ata qrafasında qeyd edilən “X16”nun “X13” ilə eyni şəxs olması faktları müəyyən edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, iş materiallarına əlavə edilmiş İ-ИЕ seriyalı 088896 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Cəmiş oğlu xx xxxx 1956-cı ildə anadan olmuşdur. X3, anası X4r. Bakı şəhəri 7 saylı xüsusi notariat ofisinin xx.xx.2022-ci il tarixli 116 nömrəli məktubundan görünür ki, X8 xx.xx.1991-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsəsinin xx.xx.2022-ci il tarixli ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə vərəsəlik işi açılmışdır. Qanunvericiliyin tələbinə əsasən mərhumun oğlu İddiaçı mərhumun varisidir. ünvan 3 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. Beləliklə, işin istinad olunan hallarından görünür ki, Bakı şəhər XDS icraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 6/265 nömrəli qərarı ilə X10 Köçəri bağlar sahəsində 204 nömrəli BTK nəzdində 0,12 ha sahəsi olan 27 saylı bağ sahəsi ayrılmışdır. İddiaçı hazırda C.Abdilovun vəfat etdiyini, onun C.Abdilovun vərəsəsi olmasını nəzərə alaraq 27 saylı bağ sahəsinə mülkiyyət hüququnun C.Abdilova məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə həmin Qanunun 9-cu maddəsinin müddəaları 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə münasibətdə isə bu əsaslara icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış aid edilmişdir. İddiaçı bu sənədlərdən bağ sahəsinin C.Abdilova verilməsi ilə bağlı müvafiq qərar və orderi təqdim etmişdir. Belə olan halda aydındır ki, iddiaçının qanuni əsaslarla C.Abdilova ayrılmış və istifadəsində olmuş bağ sahəsinə hüquqlarının qeydə alınmasını tələb etmək hüququ mövcuddur. Lakin işdən görünür ki, cavabdeh işin bu hallarını nəzərə almamış və iddiaçıya imtina cavabı vermişdir. Cavabdehin imtinasının dəlilləri aşağıdakılardan ibarətdir:
1. bağ sahəsinə dair verilən orderdə Bakı şəhər İcraiyyə Komitəsinin qərarının tarixi 09 sentyabr 1990-cı il qeyd edilsə də, lakin orderin arxiv arayışında 4 sentyabr 1990-cı il göstərilmişdir;
2. 204 nömrəli X1 nəzdində eyni bağ nömrəsi ilə (“27” saylı) digər fiziki şəxsin adına bağ sahəsi ayrılmış və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır;
3. göstərilən torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 28 saylı qonşu bağ sahəsinin ərazisinə uyğun gəldiyi müəyyən edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən bu dəlilləri əsaslı hesab etmir. Belə ki, 13 saylı orderdə qərarın tarixi xx.xx.1990-cı il əvəzinə xx.xx.1990-cı il göstərilsə də, qərarın nömrəsi eyni olmuş, həmçinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-4004/2018 saylı qətnaməsi ilə “Köçərli 204” saylı bağ-tikinti kooperativinin üzvü kimi bağ sahəsinin ayrılması barədə Bakı şəhəri X20 İcraiyyə Komitəsinin 04 sentyabr 1990-cı il tarixli 6/265 saylı qərarının və həmin qərara əsasən Azərbaycan SSR Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən tərtib edilmiş 13 saylı orderin X10 məxsus olması hüquqi fakt kimi müəyyən edilmiş, həmin qətnamə qanuni qüvvəsini almışdır. 204 nömrəli X1 nəzdində eyni bağ nömrəsi ilə (“27” saylı) digər fiziki şəxsin adına bağ sahəsi ayrılması və iddiaçının göstərdiyi torpaq sahəsinin bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 28 saylı qonşu bağ sahəsinin ərazisinə uyğun olmasına gəldikdə, məhkəmə qeyd edir ki, işdə olan Bakı şəhəri XDS İK-nin xx.xx.1990-cı il tarixli 7/348 nömrəli qərarından görünür ki, Mərdəkan rayonu, Köçəri massivində 204 saylı BTKnın tərkibində X7 bağ sahəsi ayrılmışdır. Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Köçəri bağlar sahəsindəki 204 nömrəli kooperativinin 28 nömrəli orderinə əsasən X7 19 oktyabr 1990-cu il tarixli 7/348 nömrəli qərarına əsasən Köçəri bağlar sahəsində 204 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 28 saylı bağ ayrılmışdır. xx.xx.2020-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 204 saylı BTK, 28 saylı bağ sahəsinə X5 mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə qeydə alınmışdır. Eyni zamanda işdə olan Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Köçəri bağlar sahəsindəki 204 nömrəli kooperativinin 50 nömrəli orderinə əsasən X7 19 oktyabr 1990-cu il tarixli 7/348 nömrəli qərarına əsasən Köçəri bağlar sahəsində 204 nömrəli BTK nəzdində 0,12 hektar torpaq sahəsi olan 27 saylı bağ ayrılmışdır. RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 27 saylı bağ sahəsinə X5 mülkiyyət hüququ xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. Göründüyü kimi, Bakı şəhəri XDS İK-nin xx.xx.1990-cı il tarixli 7/348 nömrəli qərarı lə Mərdəkan rayonu, Köçəri massivində 204 saylı BTK-nin tərkibində X7 bağ sahəsinin ayrılması qərara alınsa da, F.Əkbərov həmin qərara əsasən iki ayrı order təqdim edərək, ona 2 ayrı bağ sahəsinin ayrıldığını iddia etmiş, cavabdeh də hər iki bağ sahəsinə münasibətdə F.Əkbərovun mülkiyyət hüququnu qeydə almışdır. Baxmayaraq ki, həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən eyni BTK daxilində bir şəxsə iki ayrı bağ sahəsinin ayrılması nəzərdə tutulmamışdır. Həmçinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyinin Köçəri bağlar sahəsindəki 204 nömrəli kooperativi tərəfindən verilmiş 50 nömrəli orderdən görünür ki, orada bağın nömrəsinə düzəliş edilmişdir (24 rəqəmi 27 rəqəminə düzəldilmişdir). Məhkəmə qeyd olunanları, C.Abdilov barəsində qəbul edilmiş qərar və ona verilmiş orderin mübahisələndirilmədiyini və hazırda qüvvədə olduğunu nəzərə alaraq hesab edir ki, cavabdehin eyni bağ nömrəsi ilə digər fiziki şəxsin adına bağ sahəsi ayrılmasına görə iddiaçıya imtina cavabı verməsi əsassız olmuşdur. Digər tərəfdən, əgər iddiaçının hazırda göstərdiyi torpaq sahəsi bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 28 saylı bağ sahəsinə uyğun gəlirsə, deməli, cavabdehin 28 saylı bağ kimi F.Əkbərovun adına qeydə aldığı torpaq sahəsi də başqa nömrəli bağın ərazisinə uyğun gəlir. Belə olan halda isə sual yaranır ki, cavabdeh hansı əsasla 28 saylı bağ sahəsinin ərazisinə uyğun gəlməyən torpaq sahəsini 28 saylı bağ sahəsi kimi F.Əkbərovun adına qeydə almışdır?! Məsələnin araşdırılması ilə bağlı məhkəmə tərəfindən cavabdehə müvafiq sorğu verilmiş, cavabdeh isə həmin sorğunu cavablandırmayaraq, xx.xx.2023-cü il tarixli məktubunda iddiaçının göstərdiyi torpaq sahəsinin sərhədlərinin mişar daşı ilə hasarlandığını, sənəd üzrə sahəsinin 0.12 ha, faktiki sahəsinin 0.1426 ha təşkil etdiyini və sxematik xəritəyə əsasən sözügedən sahənin 28 saylı bağın ərazisinə uyğur gəlməsini bildirməklə kifayətlənmişdir. Məhkəmə cavabdehin özü tərəfindən Köçəri bağ massivindəki 204 saylı BTK-nın nəzdində olan 28 saylı bağa dair F.Əkbərovun mülkiyyət hüququnun digər ərazi üzrə qeydə alındığını nəzərə alaraq hesab edir ki, iddiaçının göstərdiyi ərazinin 28 saylı qonşu bağ sahəsinin ərazisinə uyğun olmasına istinadən C.Abdilovun hüququnun qeydə alınmasından imtinası əsaslı sayıla bilməz. Çünki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Beləliklə, göstərilənlərə əsasən müəyyən olunur ki, C.Abdilov mübahisəli torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlərə malik olmuş, həmin sənədlərə əsasən onun 27 saylı bağa dair mülkiyyət hüququ yaranmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. İşin yuxarıda istinad olunan hallarından isə müəyyən olunur ki, iddiaçı bu əsası cavabdehə təqdim etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq,
qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Köçəri bağ massivi ünvanında yerləşən 0,12 ha sahəsi olan 27 saylı bağ sahəsinə mülkiyyət hüququnun vəfat etmiş mərhum X10 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova