Məhkəmə qərarları › İş №2-1(112)-3033/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3033/2021

09.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3033/2021 09.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun ünvan 1 ünvanına (yaşadığı yer üzrə) qeydiyyata alınmağı ilə bağlı öhdəliyin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında yaşayır. Atası o, azyaşlı olan dövrdə cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilib və ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Anası vəfat etdiyi üçün ona qohumları baxıb. O, artıq yetkinlik yaşına çatmışdır və hazırda yaşadığı yerə qeydiyyata düşmək istəyir. Bununla bağlı həbsdə olan atası etiraz etmir. O, bu ünvanda yaşadığı üçün yaşadığı yer üzrə qeydiyyata alınmalıdır. Bununla bağlı cavabdeh Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət etsə də, ərizəsinə cavab olaraq bildirilmişdir ki, guya onun yaşadığı yer üzrə qeydiyyata alınmağı qanuna müvafiq deyildir. Eyni zamanda bu cavab məktubunda qeyd olunmuşdur ki, məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Cavabdeh qurum tərəfindən onun həmin ünvana qeydiyyata alınmamağı qanunaziddir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan SSR Komunal Təsərrüfatı Nazirliyinin şəxsi mülkiyyət hüququ ilə vətəndaşlara məxsus olan evlərin texniki inventiraziyasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, V.Əmirsəyyadov küçəsi, D 1, 6A evə dair texniki göstəricilərlə bağlı pasport tərtib edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********82 №-li, 09.02.2021-ci il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 30.12.2020-ci il tarixli, 078-31495 №-li məktubdan görünür ki, ünvan 4 ünvanı sistemdə tapılmadığından orada qeydiyyatda olan şəxslər barədə məlumat verilməsi mümkün deyildir. - Bakı şəhər Nərimanov rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 04.11.2019-cu il tarixli, 07831216M №-li məktubdan görünür ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Aanununun 5-ci maddəsinin tələblərinə əsasən qeydiyyata alınan şəxs müvafiq sənədlərlə ( dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) birlikdə RPİ-nin QMB-nə müraciət etməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə Nərimanov r, V.Əmirsəyyadov küç, D 1, ev.6 A ünvanına tərəflərindən qeydiyyata alınması qanuna müvafiq deyildir. Odur ki, bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiqdir. - Bakı şəhər İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil-Kommunal Təsəsrrüfatı Birliyi 30 saylı Mənzil Komunal İstismar Sahəsinin 30/0839 №-li, 09.07.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ünvan 8 ünvanında anadan olduğu gündən 25.11.2014-cü ilə kimi qeydiyyatda olub, hal-hazırda göstərilən ünvanda qeydiyyatsız yaşayır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Həbsxanası tərəfindən təsdiq edilmiş məhkum X1 razılıq ərizəsindən görünür ki, övladı İddiaçı qeydiyyatda olduğu ünvan 9 ünvanına qeydiyyata düşməsinə etiraz etmir (razıdır). Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, V.Əmirsəyyadov küçəsi, D1, ev 6A ünvanında qeydiyyatsız yaşayır. Həmin ünvan üzrə əmlak daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı sözügedən ünvana qeydiyyata alınması ilə bağlı Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə müraciət etmişdir. İddiaçı yaşadığı həmin yaşayış sahəsinə dair qanunvericiliklə müəyyən edilmiş order, qeydiyyat vəsiqəsi (və ya reyestrdən çıxarış), kirayə və ya icarə müqaviləsi təqdim etməmiş və bu səbəbdən də cavabdeh inzibati orqan onu yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. Hazırda iddiaçı cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaa üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb oluna bilməz. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Qanunun qeyd edilən tələblərindən görünür ki, şəxsin yalnız qanuni əsaslarla yaşadığı ev onun yaşayış yeri sayıla bilər ki, həmin yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün də həmin şəxs tərəfindən ərizə-anketlə birlikdə şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin müvafiq icra hakimiyyəti orqanına təqdim olunması tələb olunur. Qeyd edilən Qanunun 8-ci maddəsinin tələbindən isə görünür ki, bu qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İşin halları ilə isə iddiaçının daimi yaşamaq məqsədilə qanuni əsaslarla həmin yaşayış evinə köçüb yaşamasına hüquq verən sənədlərin mövcudluğu müəyyən edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı mübahisəli ünvanda olan yaşayış sahəsinə qeydiyyata alınmasını tələb etsə də, həmin yaşayış sahəsinə qanuni əsaslarla köçüb yaşaması və buna hüquq verən sənədlərin, yəni ünvan 9 ünvanına dair orderin, qeydiyyat vəsiqəsinin (və ya reyestrdən çıxarışın), kirayə və ya icarə müqaviləsinin mövcudluğu tərəfindən sübuta yetirilmədiyindən cavabdeh orqan iddiaçı qeydiyyata almaqdan imtina etməkdə haqlı olmuşdur. Bu imtina qanuna zidd deyildir və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Ona görə də iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar