Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3033/2022 25.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 03 yanvar 1989-cu il tarixdə "anadangəlmə ürək qüsuru" ilə doğularaq sağlamlıq imkanları məhdud olaraq əlil olan oğlu X1 yaşınadək iddiaçı tərəfindən böyüdülərək tərbiyə edilməsi və 18 yaşınadək sağlamlıq imkanlarının mədudluğuna görə Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" Qanunun 8.2-ci maddəsinə əsasən ona xx.xx.2020-ci il tarixdən etibarən yaşa görə pensiya təyin edilməsi üçün cavabdehin üzərinə müvafiq öhdəliyin qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon şöbəsinin əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi qərara alınmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddia tələbinin “İddiaçı əlilliyi müəyyən edilmiş uşağını (X10) səkkiz yaşınadək tərbiyə etməsi nəzərə alınmaqla xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunması qərara alınmışdırr. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının oğlu X11 03 yanvar 1989-cu ildə "anadangəlmə ürək qüsuru" ilə doğulmuşdur. Həmin vaxt onlar ailəliklə Qaradağ rayonu, Qobustan qəsəbəsində yaşadığından həmin qəsəbədə olan 9 saylı X3 poliklinika şöbəsində dispanser qeydiyyatda olaraq daimi həkim nəzarətində olmuşdur. Oğlu 16 yaşına kimi iki dəfə, 1992-ci ildə Topçubaşev adına X2, 2003-cü ildə isə İran İslam Respublikasında ürək əməliyyatı keçirmiş, anadangəlmə ürək qüsurlu olmaqla sağlamlıq imkanları məhdud uşağına iddiaçı qulluq edərək tərbiyə etmişdir. Cavid 2 dəfə cərrahi əməliyyat olunduğuna görə 2011-ci ilə hərbi həkim komisiyasının rəyi ilə hərbi xidmətə yararsız olması müəyyən edilərək hərbi xidmətə aparılmamışdır. Cavidin qeydiyyatda olduğu 9 saylı X3 poliklinika şöbəsindən xx.xx.1996 və xx.xx.1999 il tarixlərdə verilmiş forma 88 əsasında 2005-ci liə, yəni 16 yaşına kimi müavinət almışdır. O, özü xx xxxxxxxx 1963-cü il təvəllüdlü olmaqla hazırda 58 yaşı vardır. Azərbaycan Respublikasının "Əmək pensiyaları haqqında" Qanunun 8.2-ci maddəsinə görə səkkiz yaşına kimi sağlamlıq imkanları məhdud oğlu Cavid Hacıyevə qulluq edərək tərbiyə etdiyindən yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası almaq hüququ vardır. Onlar bir neçə dəfə Bakı şəhərində yaşayış yerini dəyişməyə məcbur olduğundan evdən-evə köçən zaman oğlunun 16 yaşına kimi müavinət alması ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin verdiyi müvafiq qərarları və oğlunun müavinət alması ilə əlaqədar sənədləri itirmişdir. Onun yaşa görə pensiya hüququ yarandığından 2020-ci ilin noyabr ayında Bakı şəhəri, 1 saylı "Asan xidmət" Mərkəzinə müraciət etmişdir. Həmin mərkəz tərəfindən başqa sənədlərlə yanaşı Cavidin sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi barədə TSEK-nın qərarını tələb edərək pensiya təyin etməkdən imtina etmişdir. Həmin qərarları əldə etmək üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq orqanlarına və Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə müracət etsə də lazım olan qərarları və müavinət alınması ilə əlaqədar qərarları əldə edə bilməmişdir. Sağlamlıq imkanları məhdud oğlu Cavid Hacıyevin iddiaçı tərəfindən himayə və tərbiyə edilməsini Qaradağ rayonu, Oubustan qəsəbəsində yaşayan qonşuları, S.Nəcəfov küçəsi ev 9, mənzil 34- də yaşayan X7, həmin küçədə ev 8, mənzil 30-da yaşayan X5 və həmin küçə ev 7, mənzil 23-də yaşayan X6 Bakı şəhəri, 45 saylı notariat ofisində öz ərizələri ilə təsdiq etmişlər. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2020-ci il tarixli 13-19\2\169 saylı arayışla da oğlu Cavid Hacıyevi 8 yaşınadək iddiaçı tərəfindən döyüdüb tərbiyyə edilməsi bir daha təsdiq edilmişdir. Beləliklə də Azərbaycan Respublikası "Əmək pensiyaları haqqında" Qanunun 8.2-ci maddəsinə əsasən iddiaçının sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə pensiya almaq hüququ vardır. Lakin müvafiq sənədləri itirdiyindəm pensiya ala bilmir. Ona görə də ona xx.xx.2020-ci il tarixdən etibarən pensiya təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia tələbini müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya qarşı yazılı etirazına uyğun izahat verərək iddia tələbinin əsassız olduğunu və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya əmək pensiyası təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” AR qanununa əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermir və ya azı 25 il sığorta stajına malik olmadığına görə müraciətinin müsbət həlli mümkün olmamışdır. Qeyd edirlər ki, iddiaçının övladı X9 qulluq etdiyi xx.xx.1999-cu il tarixdən (ilkin müayinə tarixi) xx.xx.2005-ci il tarixədək (16 yaşınadək) qulluq etdiyi dövr əmək kitabçasında qeyd olunan sığorta stajı illəri ilə üst-üstə düşdüyündən həmin dövr ümumi sığorta stajına daxil edilməmişdir. Eyni zamanda onun təqdim etdiyi əmək kitabçasının surətinə əasən xx.xx.1981-ci il tarixdən 01 10.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövrlər sığorta stajına daxil edilməklə 24 il 3 ay 23 gün sığorta stajı mövcuddur. İddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 2020-ci ilin 1 iyul tarixindən qadınların pensiya yaşı 62 yaş müəyyən olunmuşdur. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Belə ki, qeyd olunanlara əsasən bildirirlər ki, minimum pensiya təminatı üçün tələb olunan 25 il sığorta stajı və fərdi hesabının sığorta hissəsində pensiya təminatına imkan verən kapitalı olmadığı üçün ona “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - xx.xx.1963-cü il təvəllüdlü İddiaçı AZE 14950947 nömrəli şəxisyyət vəsiqəsinin surəti. - xx.xx.1989-cu il təvəllüdlü X8 AZE 14667786 nömrəli şəxisyyət vəsiqəsinin və 426891 nömrəli Doğum haqqında şəhadətnaməsinin surəti. - İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının surəti. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının xx.xx.2020-ci il tarixli imtina məktubu. - məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 32 saylı şəhər Poliklinikasının 04 nömrəli xx.xx.2022-ci il tarixli məktub və ona qoşma olan sənədlər. - məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktub və ona qoşma olan sənədlər.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən) Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, iddiaçı hazırkı tələblə cavabdeh orqana müraciət etmişdir. İş materiallarından görünür ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinə verilən imtina məktubunda göstərilmişdir: “Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi sağlamlıq imkanı məhdud uşağınız X8 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarı yoxdur. Bu səbəbdən sizə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması mümkün hesab olunmur.” Məhkəmə cavabdehin imtina məktubunda göstərdiyi dəlilləri ilə bağlı bildirir ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı xx.xx.2022-ci il tarixli məktubla X8 müavinət işinin surəti məhkəməyə təqdim edilmişdir. X8 müavinət işinin surətindən görünür ki, 1993-cü ildən etibarən X8 uşaqlıqdan əlil olması ilə əlaqədar olaraq müvafiq müavinət təyin edilərək ödənilmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan imtina məktubunda X8 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının olmamasını bildirsə də, məhkəmənin sorğusuna cavab olaraq X8 əlilliyi ilə bağlı ona təyin edilmiş müavinət işini məhkəməyə təqdim etdiyindən, cavabdehin qeyd edilən dəlili əsassızdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na əsasən: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1.Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyasıhüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etirazını isə onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, cavabdehin qeyd etdiyi bu arqumentin heç bir hüquqi əsası yoxdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Bundan başqa, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun iddiaçının işlədiyi müddətə aid olan dövrdə qüvvədə olmuş: -2-ci maddəsinə əsasən, sosial sığorta məcburi dövlət sığortası və könüllü sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası işəgötürənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir; -12-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar; -14-cü maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçı təşkilata verilən pul vəsaitidir. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əməyin ödənişi fonduna (gəlirə) nisbətdə faizlə müəyyən edilir və sığortaedənin (olunanın) vəsaitləri hesabına ödənilir. Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı ödəmələri üzrə xərclər çıxıldıqdan sonra hər ay üçün sonrakı ayın əvvəlində nağd və ya nağdsız hesablaşma qaydasında ödənilir. Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə yaranmış borc məbləğləri sığortaedənlərin bank təşkilatlarında olan hesabından tutulur. - 18-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu) həyata keçirir və məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir; məcburi dövlət sosial sığortası qaydalarını pozan sığortaedənlərə maliyyə sanksiyaları tətbiq edir; məcburi dövlət sosial sığorta haqqı ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedəni xəbərdar edir, xəbərdarlıq müddətində bu hərəkətlər aradan qaldırılmadıqda, hesablaşma və digər hesablar üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasını qanunvericili də müəyyən olunmuş qaydada dayandırır və s. Sadalanmış qanunvericiliyin müddəaları onu ehtiva edir ki, məcburi sosial sığorta ödənişlərini həyata keçirməli olan müəssisə tərəfindən müvafiq ödənişlər aparılmadığı təqdirdə dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığortası qaydalarını pozan sığorta edənlərə qarşı müvafiq tədbirləri görməlidir. Həmin qurum tərəfindən ödənişlərin aparılması ilə bağlı bildiriş göndərilməli, müəyyən edilmiş müddət ərzində sığortaedən borcu ödəmədiyi təqdirdə, onun hesablarına sərəncamlar qoyulmalıdır. Daha sonra həmin sərəncamın qoyulmasındandan 90 gün ərzində də borc ödənilmədikdə, onun məhkəmə qaydasında alınması üçün həmin qurum ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə borclarının ödənilməsi üçün iddia qaldırmaq hüququna malik olmuşdur. Məhkəmə qeyd edir ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-ci il tarixdən sonra işlədiyi müddətdə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının fərdi hesabın sığorta hissəsində öz əksini tapmaması onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Həmin vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 31 avqust tarixli, 781 nömrəli Fərmanı ilə edilmiş Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamənin: 9.7. Qanunvericilik çərçivəsində sığortaedənlərdə məcburi dövlət sosial sığorta haqlarının düzgün hesablanmasına, xərclənməsinə və ödənilməsinə nəzarət edir; 9.8. Sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını qəbul edir; 10.2. Öz, səlahiyyətləri daxilində məcburi dövlət sosial sığorta haqlarının yığılması, habelə qanunvericilikdə nəzərdə tutulmuş sosial müdafiə məqsədlərinə çəkilən xərclərin maliyyələşdirilməsi qaydaları barədə təlimat, metodiki göstərişlər və digər normativ sənədləri işləyib hazırlamaq və təsdiq etmək; 10.3. Məcburi dövlət sosial sığortası, əmək pensiyaları dair qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməsinə və vəsaitlərin təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirmək; 10.8. Məcburi dövlət sosial sığorta haqları ödənilmədikdə və ya ödənilməsi gecikdirildikdə sığortaedənlərin hesablaşma və digər hesabları üzrə köçürmə əməliyyatlarının (büdcəyə və digər icbari ödənişlər istisna olmaqla) aparılmasının dayandırılmasına, eləcə də yaranmış borc məbləğinin sığortaedənlərin bank təşkilatlarında olan hesabından tutulmasına dair qanunvericiliyə uyğun tədbir görmək; 10.9. Ödəmə qabiliyyəti olmayan sığortaedənlərin fəaliyyətinin dayandırılması və əmlakının satılması yolu ilə məcburi dövlət sosial sığorta haqqı üzrə debitor borclarının ödənilməsi üçün məhkəmələrdə iddia qaldırmaq; 10.10. Təşkilati-hüquqi formasından və mülkiyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxs statusunda olan müəssisə, idarə və təşkilatlardan, onların filial və nümayəndəliklərindən, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığortasına aid olan məlumatları və sənədləri tələb etmək; Yuxarıda qeyd edildiyi kimi cavabdeh inzibati orqanın tabe olduğu qurum tərəfindən məcburi sosial sığorta haqlarının ödənilməsinin təmin edilməsi üçün kifayət qədər təsir mexanizmləri (səlahiyyətlər) mövcud olduğu halda vaxtında həmin məbləğlərin ödənilməsinin təmin edilməməsi cavabdeh inzibati orqan və işəgötürənin (dövlət qurumudur) təqsiridir. İş materiallarında olan əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işləmişdir. Beləliklə, iddiaçının əmək kitabçasına əsasən 25 ildən (25 il 17 gün) artıq iş stajı mövcuddur. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsinə əsasən: 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılmaqla aşağıdakı qaydada müəyyənləşdirilir:
Kişilərin yaş Qadınların yaş Dövr həddi həddi 1 iyul 2017 - 30 iyun 2018 63 il 6 ay 60 il 6 ay 1 iyul 2018 - 30 iyun 2019 64 il 61 il 1 iyul 2019 - 30 iyun 2020 64 il 6 ay 61 il 6 ay 1 iyul 2020 - 30 iyun 2021 65 il 62 il 1 iyul 2021 - 30 iyun 2022 65 il 62 il 6 ay 1 iyul 2022 - 30 iyun 2023 65 il 63 il 1 iyul 2023 - 30 iyun 2024 65 il 63 il 6 ay 1 iyul 2024 - 30 iyun 2025 65 il 64 il 1 iyul 2025 - 30 iyun 2026 65 il 64 il 6 ay 1 iyul 2026-cı il və sonrakı 65 il 65 il
Göründüyü kimi, mövcud qanunvericiliyə əsasən 1 iyul 2020 - 30 iyun 2021-ci il tarixədək olan dövr üçün 62 yaşı tamam olmuş qadınların yaşa görə əmək pensiyası hüququ yaranmış olur. İş materiallarından isə görünür ki, iddiaçının xx.xx.2020-ci il tarixdə 57 yaşı tamam olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından və müvafiq olaraq 25 ildən çox iş stajı olduğundan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 8.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının 57 yaşdan pensiya hüququ yaranmış olur. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçı əlilliyi müəyyən edilmiş uşağını səkkiz yaşınadək tərbiyə etməsi, həmçinin iddiaçının 25 ildən artıq iş stajına malik olması və xx.xx.2020-ci il tarixdə 57 yaşının tamam olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçının yaşa görə əmək pensiyasının xx.xx.2021-ci il tarixdən təyin olunmasına dair iddia tələbi təmin edilməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı əlilliyi müəyyən edilmiş uşağını (X10) səkkiz yaşınadək tərbiyə etməsi nəzərə alınmaqla xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı əlilliyi müəyyən edilmiş uşağını (X10) səkkiz yaşınadək tərbiyə etməsi nəzərə alınmaqla xx.xx.2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalının üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev