Məhkəmə qərarları › İş №2-1(112)-3033/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3033/2023

07.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3033/2023 07.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə (üçüncü şəxslər Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti və X4 S.A. şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi) qarşı “yerləşmə cizgisinin verilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ.İşin halları İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə (bundan sonra – Cavabdeh) ərizə ilə müraciət edərək, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində, 17 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600,0 kv.m torpaq sahəsinə dair cizgi aktının verilməsini xahiş etmişdir. Cavabdeh Ə-195/3-091/3-H1 saylı, xx.xx.2022-ci il tarixli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, RİH-ə təqdim olunan sənədlərə əsasən müəyyən edilmişdir ki, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində, 17 nömrəli sahədə fərdi yaşayış evinin tikintisi üçün ona ayrılmış 600,0 kv.m torpaq sahəsi haqqında Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 502 saylı sərəncamı əsasında xx.xx.2000-ci il tarixdə sözügedən torpaq sahəsinə dair akt tərtib olunaraq ona verilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 59-cu maddəsinə və “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 dekabr 2000-ci il tarixli qanununa əsasən 01 yanvar 2001-ci il tarixdən etibarən Bakı şəhərində vətəndaşlara fərdi yaşayış və bağ evləri, fərdi və kooperativ qaraj tikintisi üçün torpaq sahəsinin ayrılması rayon İcra Hakimiyyətlərinin səlahiyyətləri xaricindədir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya verilmiş Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı Aeroport yolunun cənub hissəsində, 17 nömrəli sahədə yerləşən 600 (altı yüz) kv.m torpaq sahəsinə dair 05 aprel 2000-ci il tarixli aktın möhürlə təsdiqlənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 502 saylı sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Suraxanı rayonu, Bül-bülə qəsəbəsi, Bakı Aeroport yolunun cənub hissəsində 17 nömrəli sahədə yerləşən 600 kv.metr torpaq sahəsinin plan-ölçü sxeminin (yerləşmə cizgisinin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərara qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, xx.xx.2023-cü il tarixli qərardadı ilə “X4 Kompani S.A” şirkətinin Azərbaycan Respublikasındakı Filialı üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü il tarixdə Lerik rayonunun Veri kəndində anadan olmuşdur. Ona mənzil şəraitini yaxşılaşdırmaq və fərdi yaşayış evi tikmək üçün Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən 28 mart 2000-ci il tarixdə 502 nömrəli sərəncamla Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində 17 nömrəli sahədə 600 (altı yüz) kv.metr torpaq sahəsi ayrılmışdır. Həmçinin həmin torpaq sahəsinə dair ona Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən 05 aprel 2000-ci il tarixdə akt verilərək, həmin aktda torpaq sahəsinin ölçüləri qeyd olunaraq, naturada pay bölgüsü aparılmış və daimi nişanlar qoyulmuşdur. Aktın arxa hissəsində sözügedən torpaq sahəsinə dair yerləşmə sxemi verilmişdir. Lakin buna baxmayaraq, torpağa dair verilmiş 05 aprel 2000-ci il tarixli akt Rayon İcra Hakimiyyəti tərəfindən imzalansa da, möhürlə təsdiq edilməmişdir. O, həmin torpaq sahəsinin üzərində ev inşa etmiş və uzun illərdir yaşayır. Hal-hazırda torpaq sahəsinə dair mülkiyyət hüququ əldə etmək zərurəti yaranmışdır. Bununla bağlı o, ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə müraciət etmiş, ona bildirmişlər ki, həmin akt möhürlə təsdiqlənməlidir. O, təkrar cavabdehə, yəni Suraxanı Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, cavabdeh orqan xx.xx.2022-ci il tarixli Ə-195/3-091/3-t/1 saylı cavab məktubu ilə torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsini təsdiqləsə də, möhürlə təsdiqlənməsindən imtina etmişdir. Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəmə dəftərxanası vasitəsi ilə məhkəməyə təqdim edilmiş iddiaya yazılı münasibətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnamə”də Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək və surətini təsdiqləmək səlahiyyətləri nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqam”nın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş "Yerqurluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerqurluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Qeyd olunanları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndinə istinadən Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “aktın möhürlə təsdiqlənməsi" tələbinə dair iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsinə verilmiş ərazilərə aiddir. Bundan başqa, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin faktiki vəziyyətdə tən yarısı və üzərindəki yaşayış evi Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Torpaq sahəsi ilə bağlı təqdim olunmuş yerləşmə cizgisi faktiki sahəni əks elətdirmir (qeyri-müəyyən sahəyə tərtib olunub). Torpaq sahəsi Azərbaycan Respublikasının 20 sentyabr 2005-ci il tarixli, 997-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X4 Kompani S.A” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları, eləcə də neft və texniki su kəmərlərinin (10-15 metr), fəaliyyətdə olan neft quyularının (20-25 metr) mühafizə zonası daxilində yerləşir və bu səbəbdən, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etiraza uyğun çıxış edərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin nümayəndəsi yazılı etiraza uyğun çıxış edərək, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, digər üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə verilmişdir. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırda iddiaçı cavabdehdən ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini xahiş edir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, vətəndaş X3 icra aparatına müraciət edərək, fərdi yaşayış evi tikmək üçün torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Bakı şəhər Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.1998-ci il tarixli, 1773 nömrəli sərəncamından görünür ki, vətəndaş X2 fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində 17 nömrəli sahədə 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Vətəndaş Ə.Rəhimova ayrılmış sahədə 185-000-İİİC nömrəli bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. xx.xx.2000-ci il tarixdə vətəndaş İddiaçı Sənan oğlu rayon icra aparatına müraciət edərək, qarşılıqlı razılaşma əsasında vətəndaş X2 ayrılmış torpaq sahəsinin ona ayrılmasına icazə verilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 502 nömrəli sərəncamından görünür ki, Suraxanı rayonu icra hakimiyyəti Başçısının 14 oktyabr 1998-ci il tarixli 1773 saylı sərəncamında 1-ci və 2-ci bəndində dəyişiklik aparılmışdır. Vətəndaş İddiaçı Sənan oğluna fərdi yaşayış evi tikmək üçün Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolunun cənub hissəsində, 17 nömrəli sahədə, 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Vətəndaş İddiaçıa ayrılmış sahədə 185-000-İİİC nömrəli bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İşdə olan 05 aprel 2000-ci il tarixli Akta əsasən Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 502 nömrəli sərəncamına əsasən Bülbülə qəsəbəsi, Bakı Aeroport yolunun cənub hissəsində 17 nömrəli sahədə, 600 kv.metr torpaq sahəsinin ölçülərini naturada ifadəsi ilə pay bölgü aparılmış və daimi nişanlar qoyulmuş, həmin akta torpaq sahəsinin cizgisi əlavə edilmişdir. İddiaçı hazırda həmin cizginin möhrlə təsdiq edilmədiyinə istinad edərək, ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisinin tərtib edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, mübahisəli sərəncamın qəbul edildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 28-ci bəndinə əsasən: -1. İcra hakimiyyəti başçısının aşağıdakı səlahiyyətləri vardır: 1) müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək; 2) müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqların istifadə edilməsini planlaşdırmaq; 3) müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil etmək; 4) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin, torpaq istifadəçilərinin hüquqlarının müdafiə edilməsinə kömək etmək; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin həmin dövrdə qüvvədə olan 65-ci maddəsinə əsasən: - 1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. - 2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. - 3. Torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edildikdən sonra həmin sahənin sərhədləri yerdə (naturada) müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. - 4. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planının və təsvirinin hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. - 5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaq-kadastr sənədlərinin aparılması Qaydaları”nın 13-cü bəndinə görə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Yerquruluşu Layihə İnstitutu və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsinin Yerquruluşu Layihə İnstitutu torpağın mülkiyyətə, daimi və müvəqqəti istifadəyə verilməsi haqında səlahiyyətli orqanlar tərəfindən qəbul edilmiş qərar və ona əlavə edilmiş 1:10 000 və ya 1:25 000 miqyasında ayrılan sahənin planı əsasında onun cizgisini torpağa mülkiyyət və istifadə hüququna dair mövcud formalarda əks etdirir. Sadalanan normalardan müəyyən olunur ki, torpaq qanunvericiliyinə əsasən torpaqayırma prosesi torpaq sahəsinin şəxsin istifadəsinə verilməsi barədə ilkin torpaqayırma sənədlərinin - qərar, sərəncam və s. hüquqmüəyyənedici sənədlərin qəbul edilməsi, ayrılmış torpaq sahəsinin naturada bölünüb təhvil verilməsini, sərhədlərinin yerində və xəritədə müəyyən edilərək yerləşmə cizgisinin hazırlanması, torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi kimi ardıcıl hərəkətləri əhatə edir. Qanunvericilik qeyd edilən torpaqayrıma ilə bağlı hərəkətlərin icrasını isə bilavasitə torpaqayıran quruma həvalə etmişdir. Məhkəmə qeyd edir ki, işdə olan xx.xx.2000-ci il tarixdə tərtib edilmiş torpaq sahəsinə dair cizgidə torpaq sahəsinin istinad məsafələri qeyd edilmədiyindən iddiaçıya ayrılmış həmin torpaq sahəsinin harada yerləşməsini, o cümlədən iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin həmin cizgidə göstərilən torpaq sahəsinə uyğun gəlməsini müəyyən etmək mümkünsüzdür. İddiaçı hazırda ona ayrılmış torpaq sahəsinin yerləşmə cizgisini tələb edərkən hüquqi marağı faktiki istifadə etdiyi əmlaka hüququnun qeydə alınması məqsədilə məhz ilkin ona ayrılmış torpaq sahəsinin deyil, istifadə etdiyi torpaq sahəsinin yerləşmə cizgisinin verilməsinə yönəlmişdir. Lakin iş materiallarından görünür ki, həmin torpaq sahəsi yaşayış məntəqələri torpaqlarına deyil, sənaye təyinatlı torpaqlara aiddir. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, mövcud koordinatlar 740,0 kv.metr təşkil edir. Vahid elektron kadastr baza məlumatlarına əsasən faktiki sahənin tən yarısı və üzərindəki yaşayış evi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşir. Torpaq sahəsi ilə bağlı təqdim olunmuş yerləşmə cizgisi faktiki sahəni əks etdirmir (qeyri-müəyyən sahəyə tərtib olunub). İşdə olan Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2022-ci il tarixli müayinə (baxış) aktına əsasən Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Bakı-Aeroport yolu ünvanında yerləşən torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 600 kv.metrdir, faktiki 740 kv.metrdir, torpaq sahəsi dörd tərəfdən mişar daşla hasarlanmış, torpaq sahəsində bir mərtəbəli yaşayış evi var. Torpaq sahəsinin cizgisində göstərilən yerləşmə ilə faktiki arasında uyğunsuzluq var. Eyni zamanda işdə olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin yazılı etirazından, habelə 16 iyun 2023-cü il tarixli, 14-2/2-2287/2023 nömrəli məktubundan görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında qeyd edilən koordinatlar əsasında əlavə araşdırma aparılmışdır. Həmin koordinatların UTM WGS 84 koordinat sistemində yoxlanılması nəticəsində müəyyən olunmuşdur ki, sözügedən 744 kv.metr torpaq sahəsinin 358 kv.metr hissəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra Azərbaycan Respublikasının 20 sentyabr 2005-ci il tarixli, 997-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Suraxanı neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, neft-qaz əməliyyatları aparmaq məqsədi ilə Podratçının, xüsusi olaraq “X4 Kompani S.A” Şirkətinin vahid və müstəsna olaraq istifadəsinə verilmiş Kontrakt sahəsinin hüdudları daxilində, 386 kv.metr hissəsi isə xaricində yerləşir. Həmçinin müəyyən olunmuşdur ki, həmin koordinatlarda yerləşən torpaq sahəsi 71113 saylı ləğv olunmuş neft-qaz quyusunun 22 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Bu səbəbdən, həmçinin qanunvericiliyin aşağıda göstərilən tələblərinə əsasən, eləcə də istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə, həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Göründüyü kimi, işin hallarının araşıdırılması ilə iddiaçının hazırda yerləşmə cizgisinin tərtib edilməsini tələb etdiyi torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsinə uyğun gəlməməsi, həmçinin həmin ərazinin neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olması və 71113 saylı ləğv olunmuş neft-qaz quyusunun 22 metrlik məsafəsində mühafizə zonasında yerləşməsi müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə əsasən, dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Belə xüsusi hüquqi rejimli mühafizə zonaları müvafiq normativ-hüquqi aktlarla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 fevral 2017-ci il tarixli 31 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları”nın 3.3-cü bəndinə əsasən, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı yarana biləcək qəzalardan mühafizə etmək üçün neftqazçıxarma sənayesi obyektləri ətrafında xüsusi mühafizə zonaları müəyyən edilmişdir. Həmin bəndə görə ləğv olunmuş quyuların mühafizə zonası şəxsi tikililərə qədər minimum 75 metr müəyyən olunmuşdur. İddiaçının istifadəsində olan torpaq sahəsi ləğv olunmuş quyudan 22 metr məsafədə yerləşdiyindən aydındır ki, cavabdeh həmin torpaq sahəsini İddiaçı ayıra bilməzdi. Buna görə də məhkəmə hesab edir ki, 2000-ci il tarixdə iddiaçıya ayrılmış torpaq sahəsinin hazırda istifadəsində olan sahə ilə eynilik təşkil etməsi müəyyən edilmədiyindən, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi isə neft-qaz əməliyyatlarının aparıldığı sənaye təyinatlı torpaq sahəsi olmaqla ləğv edilmiş neft quyusunun mühafizə zonasında yerləşdiyindən iddiaçının hazırkı məzmunda tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar