Məhkəmə qərarları › İş №2-1(112)-3035/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3035/2022

14.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3035/2022 14.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər Cavabdeh2, X5 və X6 cəlb olunmaqla) qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh2 iki azyaşlı övladı X5 və X6 ilə birlikdə ona məxsus xüsusi mülkiyyətində olan ünvan 1-dan qeydiyyatdan çıxarılmasının cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, o ünvan 1 ünvan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışa əsasən 11.02.2012-ci il tarixdə 1588 nömrəli reyestr kitabının 145437 nömrəli vərəqində qeydiyyata alınmaqla onun tam mülkiyyətindədir. Cavabdeh2 ailə qurandan sonra həmin mənzildən köçüb getmiş, lakin qeydiyyatdan çıxmamışdır. Cavabdeh2 onun xüsusi mülkiyyətində olan mənzilində qeydiyyatda olduğundan onun iki azyaşlı övladı X5 və X6 ona məxsus həmin mənzildə qeydiyyata salınmışdırlar. Halhazırda həmin mənzildə iddiaçı, həyat yoldaşı və iki azyaşlı övladı da qeydiyyatdadırlar. Cavabdeh2 Bakı şəhəri, Biləcəri qəsəbəsində özlərinə məxsus ünvansız fərdi yaşayış evi və Abşeron rayonu, Masazır qəsəbəsi, Gənclər şəhərciyi deyilən sahədə yerləşən binada mənzili vardır. Cavabdeh2 iki azyaşlı övladı ilə iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaları mülkiyyət hüququnun həyata keçirilməsinə (məsələn, gələcəkdə satmaq istəyinə) mane olur, kommunal xərclər (məişət tullantısı üçün ödəniş və s.) baxımından əlavə problemlər yaradır. Ona görə də, Cavabdeh2 həmin mənzildən qeydiyyatdan çıxarılması üçün Binəqədi rayon Polis İdarəsinə müraciət etsə də, bundan imtina edilmiş və iddaçıya 24.08.2021-ci il tarixli 059-310365 nömrəli məktubla yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilməsinin mümkün olması cavabı verilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul eilməsini xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı münasibət məhkəməyə təqdim edilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq, şifahi məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişi üçüncü şəxslərin qeydiyyatda olduğu ünvan 1 ünvana göndərilmiş, lakin həmin bildirişlər poçt idarəsi tərəfindən zərfin üzərində “bu ünvanda yaşamır” sözləri qeyd olunaraq məhkəməyə geri qaytarılmışdır. Cavabdeh məhkəməyə məktub ünvanlayaraq, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud maddi və prosessual hüquq normalarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 11 fevral 2012-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmakın Dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 8 ünvanında yerləşən 36 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. -Cavabdeh tərəfindən verilmiş 24.08.2021-ci il tarixli, 059-310365 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış, X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə müvafiq olaraq əlaqədar məhkəməyə müraciət etməsi bildirilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən 04.08.2021-ci il tarixdə verilmiş ******* saylı arayışdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh2, 28.02.2011-ci il təvəllüdlü X6 və 01.12.2016-cı il təvəllüdlü X5 ünvan 1 ünvanında qeydiyyatdadırlar. Məhkəmə araşdırması dövründə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 8, ünvanında yerləşən 36 saylı mənzilin hazırda kimin mülkiyyətində olmasına dair məlumatın və buna dair sənədlər, həmçinin İddiaçı adına verilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MA seriyalı, ******* ssaylı, **********31- 05101-093020 nömrəli Çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surəti sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Sorğuya cavab olaraq məhkəməyə təqdim olunmuş Bakı şəhər İcra Hakimiyyəti Başçısıın Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş 19 iyul 2010-cu il tarixli 127/4 saylı Sərəncamdan görünür ki, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə air icarə müqaviləsi X1 ölümündən sonra İddiaçı adına dəyişdirilərək mənzilin icarədarı hesab edilmişdi. Sorğuya əsasən həmçinin ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilə dair İddiaçı adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 11.02.2012-ci il tarixli, ********* nömrəli Çıxarışın təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Beləliklə işin hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Hüseynzadə küçəsi, ev 8, ünvanında yerləşən 36 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş üzrə üçüncü şəxs Cavabdeh2 ailə qurduqdan sonra sözügedən mənzildən köçüb getmiş, azyaşlı övladları X5 və X6 ilə özünə məxsus mənzildə ayrıca yaşamaqdadırlar. İddiaçı üçüncü şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb edir ki, bu da həmin şəxslərin ona məxsus mənzildə yaşamaması, qeydiyyatının formal olması ilə əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci bəndinə əsasən, şəxs yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, Cavabdeh2 və azyaşlı övadları X5 və X6 iddiaçıya məxsus ünvan 1 ünvanında yaşamadıqları halda onların həmin ünvanda formal olaraq qeydiyyatda qalmaları iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin tələbindən göründüyü kimi, yaşayış yerini dəyişdirmiş şəxs yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olduğundan, iddiaçının iş üzrə üçüncü şəxsin ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsinə dair tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda qeydiyyatda olan Cavabdeh2 və azyaşlı övladları, X5 və X4 qeydiyyatdan çıxarılmaları vəzifəsi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar