Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3036/2023 15.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “işlədiyi müddətin ümumi iş stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin olunması, ödənilməli olan məbləğin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1992-ci ildən xx.xx.2004-cü il tarixədək işlədiyi müddətin ümumi iş stajına daxil etməklə, yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yaranan gündən ödənilməli olan məbləği ödəniş etmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1978-xx.xx.1983-cü illərdə ət və süd kombinatında 3-cü dərəcəli qablaşdırma şöbəsində işçi, xx.xx.1983-xx.xx.1985-ci illərdə X2 termobağlayıcı vəzifəsində işçi, xx.xx.1988-xx.xx.1988-ci il Bakı şəhəri, Ticarət birliyi, 6 nömrəli univermaqda işçi, xx.xx.1988-xx.xx.2004-cü il Bakı Ət kombinatında, kolbasa sexində işçi, xx.xx.2018-xx.xx.2020-ci il Tahirov Malik adına Ət və ət məhsulları müəsisəsində, qablaşdırıcı vəzifəsində işçi, xx.xx.2021-ci ildən hal-hazıradək Tahirov Vüqar adına Ət və ət məhsulları müəsisəsində işçi işləyir. Ümumi iş stajı 26 il 7 ay 9 gündür. İddiaçının qeyd edilən iş stajı olduğundan 18 may 2022-ci il tarixində yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, lakin imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, əmək kitabçasında qeyd olunmuş xx.xx.1992-ci ildən xx.xx.2004-cü ilə qədər olan dövrlərin araşdırılması zərurəti yaranmış və Fondun Abşeron-Xızı regional filialının xx.xx.2022-ci il tarixində keçirdiyi monitorinqin nəticəsinə əsasən iş yeri olan “Bakı Ət İstehsalı Kombinatı”nın xx.xx.1992-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyildir. Qeyd olunanlara əsasən müvafiq dövrlərin əmək stajı kimi təsdiqlənmədiyindən və buna müvafiq olaraq 25 il sığorta stajı tamamlanmadığına görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin əsaslandırması tamamilə qanunsuz və əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İş icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçıya verilən imtina qanuni və əsaslı olmuşdur. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ərizə ilə müraciət etmişdir. İddiaçının Filiala daxil olmuş ərizəsinə aidiyyəti üzrə baxılaraq xx.xx.2022-ci il tarixli **********5 nömrəli məktubla bildirilmişdir ki, Mərkəzi Filiala təqdim edilmiş əmək kitabçasının surətinə əsasən xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi “Bakı Ət İstehsalı Kombinatı”nın faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından həmin dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən D.Hacı Əli-Bəyli Qanunla müəyyən olunmuş pensiya yaşına xx.xx.2022-ci il tarixdə (yəni 62.5 yaşda) çatmışdır. Belə ki, D.Hacı Əli-Bəylinin təqdim etdiyi əmək kitabçasının surətinə əsasən onun sığorta stajı (xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil aldığı illər nəzərə alınmaqla) 14 il 1 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 10 il 10 ay sığorta stajına uyğun olaraq 8.808,90 manat, xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək 4.164,67 manat olmaqla, ümumilikdə 12.973,57 manat təşkil edir ki, bu məbləğ onun pensiya yaşının tamam olduğu tarixə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Bundan başqa, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun Abşeron-Xızı regional filialının xx.xx.2022-ci il tarixdə keçirdiyi monitorinqin nəticəsinə əsasən İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş “Bakı Ət İstehsalı Kombinatı”nın xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum deyil. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər stajı kimi təsdiqlənmədiyindən, ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bununla da, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixəcən işlədiyi müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmadığı səbəbindən, eləcə də onun əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığı üçün sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliklə mümkün hesab edilməmişdir. Bu səbəbdən, iddiaçıya pensiya təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.1992-ci ildən xx.xx.2004-cü il tarixədək işlədiyi müddətin ümumi iş stajına daxil etməklə, hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya hüququnun yaranan gündən ödənilməli olan məbləği ödəmək öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəqiqləşdirilməsinə dair ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı verdiyi izahatında iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Elektron məhkəmə sisteminin şəxsiyyət vəsiqəsi məlumatları bölməsindən görünür ki, Xətai RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1959-cu il tarixdə Gürcüstan Respublikasının Bolnisi şəhərində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi barədə müraciətinə baxılmış və iddiaya etirazın məzmununa uyğun imtina cavabı verilmişdir. -xx.xx.1978-ci il tarixdən doldurulmağa başlamış iddiaçının ИТ-İ № ******* saylı əmək kitabçasının surətindən görünür ki, X5 xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək 25№li Şəhər Peşə-texniki Məktəbində təhsil almışdır. xx.xx.1978-ci ildən xx.xx.1983-cü ilədək X14 3-cü dərəcəli, 2-ci dərəcəli qablaşdırma şöbəsində işçi (xx.xx.1979-cu ildə Bakı Ət Emalı Zavodu və Şəhər Süd Zavodunun əsasında Bakı Ət və Süd Kombinatı yaradılmışdır), xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilədək X10 İzolyasiya Kombinatında 2-ci və 3-cü dərəcəli izolyasiya işçisi, xx.xx.1988-ci ildən xx.xx.1988-ci ilədək 6 nömrəli univermaqda işçi, xx.xx.1988-ci ildən xx.xx.2004-cü ilədək Bakı Ət kombinatında 2, 3, 4-cü dərəcəli qəlibçi, 3-cü dərəcəli kartonajçı, xx.xx.2018-ci ildən xx.xx.2020-ci il X1 aid Ət və ət məhsulları istehsal müəsisəsində qablaşdırıcı vəzifəsində işləmişdir. xx.xx.2021-ci ildən hal-hazıradək Tahirov Vüqar adına Ət və ət məhsulları müəsisəsində fəhlə işləyir. Məhkəmənin sorğusuna cavab olaraq verilmiş: -Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, dövlət reyestrində fəaliyyəti aktiv olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.1998-ci il tarixdə, 2832 nömrə ilə dövlət qeydiyyatından keçməsi, hüquqi ünvanının AZ1031, ünvan 2 X6 olması barədə məlumat mövcuddur. xx.xx.1998-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 2.4-cü bəndinə əsasən Cəmiyyət Bakı Ət Kombinatının bazasında yaradılır və onun hüquqi varisidir. Sorğuda adı qeyd edilən İddiaçı qeyd olunan cəmiyyətdəki əmək fəaliyyəti ilə bağlı bildirilmişdir ki, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarətin, eləcə də hesabatların qəbulu vergi orqanlarına həvalə edildiyi xx.xx.2019-cu il tarixdən etibarən vergi orqanlarına 2018-ci ilin 4-cü, 2019-cu ilin 1-4-cü, 2020-ci ilin 1-4-cü, 2021-ci ilin 1-4-cü və 2022-ci ilin 1-3-cü rübləri üzrə təqdim edilmiş bəyannamələrdə İddiaçı məlumatları əks olunmamışdır. -Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, VÖEN olmayan Bakı Ət Emalı Kombinatı xx.xx.1995-ci il tarixdə D-684 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, lakin Bakı Ət Emalı Kombinatının hüquqi varisliyi barədə hüquqi şəxslərin dövlət reyestri məlumatlarında heç bir məlumat aşkar edilməmişdir. -Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Ət Emalı Kombinatının arxiv sənədləri Dövlət Arxivinin Bakı Fiilialına təhvil verilməmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.1988-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Bakı Ət Emalı Kombinatında işlədiyi dövrlərin qeyd olunan maddənin tələblərinə uyğun olaraq sığorta stajına əlavə edildiyi bildirilmişdir. -Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bakı Ət Emalı Kombinatı 14 iyun 1996-cı il tarixdə Azərbaycan Respublikasının statistik vahidlərin dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ət Emalı Kombinatının dövlət əmlakının registrində qeyd aparılıbaparılmamasına dair xx.xx.2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, keçmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Ət Emalı Kombinatının bazasında "xxxx" ASC təsis edilmiş və onun səhmləri 100% özəlləşdirilmişdir. -İnzibati icraat materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 20 iyun 2022-ci il tarixli № **********2 saylı qərarından görünür ki, iddiaçıya xx.xx.2018-ci il tarixinə qədər psk olmadığı üçün yaşa görə pensiya hüququnun yaranmadığı, xx.xx.1992-xx.xx.2004-cü illərdə Bakı Ət İstehsalı Kombinatında işləmə faktı öz təsdiqini tapmadığı qeyd olunaraq pensiya təyinatı aparılmamışdır. İşin faktiki hallarından görünür ki, xx.xx.1959-cu il təvəllüdlü iddiaçı hüququ yarandığı xx.xx.2022-ci il tarixdən (62,5 yaş) yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bu məqsədlə cavabdehə etdiyi müraciəti təmin edilməmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının əmək kitabçasına əsasən ümumi stajı qanunla tələb olunan müddətdən (25 il) az- 14 il 1 ay təşkil edir və həmin staja münasibətdə onun toplamış olduğu pensiya kapitalının məbləği tələb olunan 34560 manatdan az- 12.973,57 manat təşkil edir. Cavabdeh iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 1992-ci ilin yanvarından 2004-cü ilin oktyabrınadək (ümumilikdə 12 il, 09 ay, 10 gün) “Bakı Ət Emalı Kombinatı”nda işlədiyi dövrü sığorta stajına daxil etməmiş, bunu müəssisənin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvanın məlum olmaması ilə əsaslandırmışdır. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəxsin: -qanunla müəyyən edilmiş pensiya yaşına çatması; -fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası” 5.2-ci bəndinə əsasən, 1 iyul 2021 - 30 iyun 2022-ci illər dövrü üzrə qadınların yaşa görə əmək pensiyası təyin edilməsi üçün yaş həddi 62 il 6 ay yaş müəyyən edilmişdir. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması və iddiaçının fərdi hesabının sığorta hissəsində minimum əmək pensiyasının təyin edilməsinə imkan verən pensiya kapitalının da toplanmadığı işin mübahisələndirilməyən halını təşkil edir. İşin yeganə mübahisələndirilən məsələsi iddiaçının sosial sığorta stajı ilə bağlıdır. Məhkəmə cavabdehin imtina dəlilinə münasibətdə qeyd edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları’nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Normaların tələblərindən göründüyü kimi, Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. Məhkəmə bildirir ki, cavabdehin mübahisələndirdiyi iddiaçının xx.xx.1992xx.xx.2004-cü illərdəki “Bakı Ət Emalı Kombinatı”nda işlədiyi dövrə münasibətdə nəzərə alınmalıdır ki, iddiaçı həmin müəssisədə əmək fəaliyyətinə xx.xx.1988-ci il tarixdə başlamış, əmək fəaliyyətini fasiləsiz olaraq eyni müəssisədə 11 oktyabr 2004-cü il tarixə kimi davam etdirmiş, bu barədə onun əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. Cavabdeh iddiaçının xx.xx.1988-xx.xx.1992-ci illərdəki stajını qəbul etsə də, xx.xx.1992xx.xx.2004-cü illərdə olan stajı əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsinə görə saymır. Halbuki, məhkəmənin fikrincə, 1988-1992-ci illərin iddiaçının stajına daxil etməklə cavabdeh “Bakı Ət Emalı Kombinatı”nın faktiki olaraq mövcud olmasını qəbul etmişdir. Həmçinin vurğulanmalıdır ki, iş materialları ilə də “Bakı Ət Emalı Kombinatı”nın dövlət qeydiyyatına alındığı müəyyən edilmişdir. Ona görə də müəssisənin arxiv sənədlərinin təhvil verilməməsi iddiaçının qazandığı iş stajına dair əmək kitabçasındakı qeydlərin mötəbərliyinə təsir etməli deyil. Başqa sözlə, “Bakı Ət İstehsalı Kombinatı”nın arxiv sənədlərinin saxlandığı ünvanının məlum olmaması iddiaçının məsuliyyət sferasına aid olmadığından onun pensiya hüququnun məhdudlaşması ilə nəticələnə bilməz. Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Belə olan halda, cavabdeh tərəfindən mübahisələndirilməyən iş stajı (14 il 01 ay) ilə iddiaçının mübahisəli əmək fəaliyyəti dövrü (12 il, 09 ay, 10 gün) toplandıqda onun qanunla tələb olunan 25 ildən artıq sığorta stajı mövcud olur (14 il, 01 ay + 12 il, 09 ay, 10 gün = 26 il, 10 ay, 10 gün). “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə araşdırması ilə iddiaçının 25 il sığorta stajına malik olduğu müəyyən edildiyindən ona yaşa görə əmək pensiyası təyin edilməsindən cavabdehin imtinası qanunazidd sayılmalı, iddia əsaslı olduğundan təmin edilməli və İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2004-cü il tarixədək işlədiyi müddət ümumi iş stajına daxil edilməklə, hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməli olan məbləğin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İPM-in: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2004-cü il tarixədək işlədiyi müddət ümumi iş stajına daxil edilməklə, hüququnun yarandığı xx.xx.2022-c il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməli olan məbləğin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3036/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3036/2023
15.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver