Məhkəmə qərarları › İş №2-1(112)-3037/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3037/2020

30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3037/2020 30.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X6 (Hüquq şöbəsinin baş mütəxəssisi, ünvan 2 mənzil 59 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə (3-cü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və 19 saylı şəhər Poliklinikası cəlb olunmaqla) qarşı ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (3-cü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, 19 №-li şəhər Poliklinikası) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mənə, xx.xx.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdeh AR ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə doğulmuşdur. xx.xx.2017-ci il tarixdə ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti 5 il olaraq qeyd olunmuşdur. Yəni o, xx.xx.2022-ci ildə yenidən qiymətləndirmədən keçməli idi. Əlilik təyinatı zamanı diaqnoz bölməsində «ÜİX:Aterosklerotik kardioskleroz. İnfarktdan sonrakı karidoskleroz. Gərginlik stenokardiyası F.S-İİİ Dissirkulyator ensofalopatiya. Ekstrosistolik aritmiya. QDÇ-İİİ, AKŞcərrahi əməliyyatından sonrakı vəziyyət. Xroniki xolesistit. Xr pankreatit. ÜÇ-İİİ.Skolioz İ dərəcə. OU hipertonik angiopatiya. Hipertoniya xəstəliyi İİİ mərhələ» qeyd olunmuşdur. Daha sonra müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlilik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Sonradan ona məlum olmuşdur ki, ona təyin olunmuş pensiya dayandırılmışdır. Həmin halı araşdıran zaman məlum olmuşdur ki, əlilliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Əlillik» altsistemində etibarsız hesab edilmişdir. Ətraflı şəkildə məlumat əldə etmək və əlilliyinin bərpası üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli 02/02-45 №-li məktubu ilə qiymətləndirməyə əsas verən göndərişi əsassız hesab edilmişdir. Bununla əlaqədar əlilik müayinəsi Nazirliyin «Əlillik» altsistemində etibarsız hesab edilmişdir. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən ona qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Bundan əlavə cavabdeh inzibati orqan əlilliyinin etibarsız hesab edilməsi üçün Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli 02/02-45 №-li məktubunu əsas götürsə də, həmin məktubun surətini və ya məzmunu ona təqdim etməmişdir. Bundan başqa ona məxsus əlillik etibarsız hesab edilsə də, bu barədə ona hər hansı bir məlumt verilməmişdir. Aidiyyəti qurumlara müraciət ünvanladıqdan sonra nəhayət ki, bir məlumat verilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır. Əlillik meyarlarının müəyyən olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 №-li Qərarı ilə təsdiq edilmişdir. Həmin Qərarda əlilliyin vaxtından əvvəl ləğv və ya etibarsız hesab olunması halları qeyd olunmamşıdır. Göründüyü kimi cavabdeh tərəfindən hüquqları kobudcasına pozulmuş və onun sosial təminat hüquqları məhdudlaşdırılmışdır. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı əlillik vəziyyəti Bakı şəhəri 19 saylı Şəhər Poliklinikasının 0108003AACTB saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və “ÜİX:Aterosklerotik kardioskleroz.İnfarktdan sonrakı kardioskleroz. Gərginlik stenokardiyası F.S-111.Dissirkulyator ensofalopatiya. Ekstrosistolik aritmiya.QDÇ-lll. AKŞcərrahi əməliyyatından sonrakı vəziyyət.Xroniki xolesistit. Xr.pankreatit. ÜÇ-lll. Skolioz İ dərəcə.OU hipertonik angiopatiya.Hipertoniya xəstəliyi İİİ mərhələ” xəstəliyi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixli, 02/02-45 nömrəli məktubu ilə 105 nəfərə göndəriş rəsmiləşdirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 140 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.3.1-ci bəndinin tələblərinə əməl edilməməsi ilə bağlı Səhiyyə Nazirliyinin İşçi qrupunun xx xxx 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron reyestri”ndə etibarsız edildiyi, göndərişin əsassız rəsmiləşdirildiyi üçün etibarsız hesab edildiyi bildirilmişdir. İddiaçı adı göndərişləri etibarsız edilmiş adlı siyahıda 18-ci sətrdə qeyd edilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarına əsasən vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyəti Bakı şəhəri 19 saylı Şəhər Poliklinikasının 0108003AACTB saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Göndərişi rəsmiləşdirən tibb idarəsi tərəfindən əlilliyin təyininə əsas olan 0108003AACTB saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan X3 0108003AACTB saylı, xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, İddiaçı 19 nömrəli Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunmuşdur və bu barədə göndəriş “Tibbi-sosial ekspert komissiyasına göndərişlər reyestri”nə daxil edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə ÜİX: Aterosklerotik kardioskleroz. İnfarktdan sonrakı kardioskleroz. Gərginlik stenokardiyası. F.S-İİİ. Dissirkulyator ensofalopatiya. Ekstrosistolik aritmiya. QDÇ-İİİ AKŞ – cərrahi əməliyyatından sonrakı vəziyyət. Xroniki xolesistit. Xr.pankreatit. Üç – İİİ. Skolioz İ dərəcə. OU hipertonik angiopatiya. Hipertoniya xəstəliyi İİİ mərhələ diaqnozu ilə xx.xx.2022-ci il tarixədək ümumi xəstəlik səbəbi ilə 4405003AABNR saylı Forma 88 arayışı əsasında ikinci dərəcəli əlillik təyin edilmişdir. İşdə olan Gürcüstan Respublikası Tbilisi şəhəri X2 tərəfindən verilmiş xx.xx.2019cu il tarixli sağlamlıq vəziyyəti haqqında arayışdan görünür ki, İddiaçı klinikada ÜİX “İİİ dərəcəli gərginlik stenokardiyası” diaqnozu ilə müalicədə olmuşdur. 2013-cü ildə yanvar və sentyabr aylarında “Diaqnostika Xidməti” Klinikasında prosedur həyata keçirilmişdir: koronoqrafiya və angioplastika, yanvarda 1 stend, sentyabr ayında isə 5 stend qoyulmuşdur. 2019-cu ilin aprel ayında “Tiflis ürək-damar klinikasında” koronoqrafiya yerinə yetirilmişdir. Hal-hazırda klinikada profilaktik müayinələrdən keçir. Vəziyyəti stabildir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin **********0 saylı, xx.xx.2019-cu il tarixli imtina məktubundan görünür ki, iddiaçının əlillik vəziyyətinin araşdırılması barədə məktubuna baxılmış və müəyyən olunmuşdur ki, Bakı 19 nömrəli Şəhər Poliklinikasının 0108003AACTB saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixində qiymətləndirilmiş və ümumi səbəbdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Onun müalicə məlumatlarının qeyd edilmiş səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş əsassız hesab edildiyindən (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən xx.xx.2019-cu il tarixli, 02/02-45 nömrəli məktubu) əlilliyi əlillik Alt sistemində etibarsız edilmişdir. İşdə olan sənədlərdən göründüyü kimi cavabdeh tərəfindən iddiaçının əlilliyinin əlillik Alt sistemində etibarsız hesab edilməsinə əsas Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin xx.xx.2019-cu il tarixli, xx/xx-4330 saylı məktubu olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, xx/xx-4330 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş, 105 nəfər şəxsin adına 88 saylı göndərişlər rəsmiləşdirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 140 nömrəli “Tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.3.1-ci bəndinə əməl edilməməsi ilə bağlı məktuba baxılmış, siyahıda adları qeyd olunmuş 105 nəfər şəxsin adına rəsmiləşdirilmiş göndərişlər işçi qrupun xx xxx 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron registri”ndə etibarsız hesab edilmişdir. Həmin qoşmaya əlavə edilmiş siyahının 18-ci sırasında İddiaçı adı qeyd olunmuşdur. (19 nömrəli şəhər poliklinikası). Məhkəmə araşdırması dövründə Səhiyyə Nazirliyinin işçi qrupunun xx xxx 2019-cu il tarixli aktına əsasən İddiaçı adına verilmiş göndərişin etibarsız hesab edilməsinin əsasını təşkil edən sənədlər sorğu əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən tələb edilmiş və iddiaçıya məxsus 19 nömrəli Şəhər Poliklinikasında açılmış ambulator xəstənin tibbi karta əsasında ona əlilliyin müəyyən edilməsi üçün göndərişin göndərildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydalarının 1.3.1-cü bəndində göstərilən tələblərin mövcud olduğu müəyyən edilməmişdir. Belə ki, məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, xx-xx- 1122/20 saylı məktubla Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən İddiaçı aid 19 nömrəli Şəhər Poliklinikasında açılmış ambulator xəstənin tibbi kartının surəti (AZS-025) məhkəməyə təqdim olunmuşdur. Tibbi kartaya əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Baş Səhiyyə X8 Mərkəzi tərəfindən verilmiş epikrizdən görünür ki, İddiaçı xx xxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixədək aorta koronar şuntlamadan sonrakı vəziyyət. Ü.İ.X, stabil gərginlik stenokardiyası İİİ f.s. Tez-tez tutmalarla, səyirci aritmiya. Arterial hipertenziya İİİ mərhələ, yüksək risk. Keçirilmiş miokard ifarktından sonrakı aterosklerotik kardioskleroz. Qan dövranı çatmazlığı İİİ dərəcə. Serebral ateroskleroz kliniki diaqnozu ilə Mərkəzdə müalicədə olmuşdur. Tibbi kartaya əlavə olunmuş X5 İnstitutu Xəstənin xəstəlik tarixindən çıxarış 0674 saylı epikrizdən görünür ki, İddiaçı xx xxxxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək aorta koronar şuntlamadan sonrakı vəziyyət. Ü.İ.X, stabil gərginlik stenokardiyası İİİ f.s. Tez-tez tutmalarla, səyirci aritmiya. Arterial hipertenziya İİİ mərhələ, yüksək risk. Keçirilmiş miokard ifarktından sonrakı aterosklerotik kardioskleroz. Qan dövranı çatmazlığı İİİ dərəcə. Serebral ateroskleroz kliniki diaqnozu ilə müalicədə olmuşdur. İddiaçıya əlilliyin təyin olunduğu vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxslər) dövlət səhiyyə müəssisələri (bundan sonra - səhiyyə müəssisələri) tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) - verilməsini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydalarının 1.2-ci bəndinə əsasən şəxslərə göndərişlər onlara xidmət göstərən ambulator-poliklinika müəssisəsi tərəfindən, stasionar müalicədə olan şəxslərə isə müalicə aldıqları səhiyyə müəssisəsi tərəfindən verilir. Həmin Qaydaların 1.3.1-cü bəndinə əsasən şəxsin son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox (vərəm xəstələri üçün 10 aydan) müalicədə olması və müalicə tədbirləri tam başa çatdıqdan sonra orqanizmin pozulmuş funksiyalarının bərpa olmaması, şəxsin əqli və ya fiziki qüsurları nəticəsində həyat fəaliyyətinin məhdudlaşması göndəriş verilməsi üçün əsaslardandır. Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən İddiaçı aid 19 nömrəli Şəhər Poliklinikasında açılmış ambulator xəstənin tibbi kartında iddiaçıya əlilliyin təyin edilməsi üçün bildiriş göndərilməzdən son 12 ay ərzində eyni xəstəliklə fasiləsiz və ya fasilələrlə ümumilikdə 6 aydan çox müalicədə olması müəyyən edilməmişdir. Belə olan halda ambulator-poliklinika müəssisəsi tərəfindən, hazırki halda 19 nömrəli Şəhər Poliklinikası tərəfindən göndəriş verilməsi üçün həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2016-cı il tarixli 140 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydalarının 1.3.1-cü bəndində göstərilən əsaslar mövcud olmamışdır. İddiaçıya əlillik müəyyən edilən dövr qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.3-cü bəndinə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkimməsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X4 Sosial Ekspertiza və X7 (bundan sonra - TSERAS) ötürülür. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli, 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.3-cü bəndinə əsasən əlilliyin və reablitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələrindəndir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi barədə Bakı şəhər 19 saylı Şəhər Poliklinikası tərəfindən göndərilmiş 0108003AACTB saylı göndəriş, həmin göndəriş rəsmiləşdirilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 140 nömrəli “Tibbi Sosial Ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydaları”nın 1.3.1-ci bəndinə əməl edilməməsi ilə bağlı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin işçi qrupunun xx xxx 2019-cu il tarixli aktına əsasən “Tibbi arayışların elektron reyestri”ndə etibarsız hesab edildiyindən, cavabdeh tərəfindən əsaslı olaraq iddiaçının əlilliyi əlillik Alt sistemində etibarsız hesab edilmişdir. İddiaçının əlilliyinin bərpa olunması üçün əsaslar olmadığından, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar