Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3037/2024 06.08.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı X3, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X3 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı (3-cü şəxs: ƏƏSMN Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı) “yeni məlumat vərəqəsinin tərtib olunması və s.” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyinin, hərbi qulluqdan buraxıldığı günə aldığı miqdarda (sonraki artımlar nəzərə alınmaqla) olan məbləğini yeni məlumat vərəqəsinə yazmaqla Fonda ötürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə ƏƏSMN Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılır ki, iddiaçı tərəfindən pensya təyin olunsa da, pensiya məbləği məhz məlumat vərəqəsində səhv qeyd olunan təminat xərcliyini uyğun hesablanmışdır. İddiaçı yeni məlumat vərəqəsinin tərtib olunması ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin xx.xx.2015-ci il tarixli 101/302Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən qeyd olunan Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdığına görə gömrük orqanlarında xidmətinə xitam verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Qeyd olunan Qaydalar "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunması qaydalarını müəyyən edir. Göründüyü kimi "Əmək pensiyaları haqqında” Qanunun 1 0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarət olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması" Qaydalarının 2-ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxsin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixdə pensiyanın yenidən hesablanması və keçən müddət ərzində ödənilməmiş pensiyanın ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. Bildiririk ki, iddiaçıya 31 dekabr 2015-ci il tarixdən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş bölməsi tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. 1 mart 2020-ci il tarixdən ona əmək pensiyası Mərkəzi Filial tərəfindən ödənilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - “bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə aylıq pul ödənişidir”. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən əmək pensiyasına əlavələr hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin - 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər- Azərbaycan Respublikası Müdafiə Nazirliyi - üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilir. Hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə pensiya təyinatı onların təminat xərcliyi əsasında həyata keçirilir. ‘‘Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi və ya xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi əmək pensiyası hüququnun yarandığı tarixdən onun müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fonda təqdim edilir. Sözügedən Qaydaların 4-cü bəndinə görə əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən Fonda təqdim edilir. Həmçinin 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 2.2.7- ci bəndinə görə, qulluq stajına görə əlavələrin hesablanması üçün hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə yaşa görə, habelə onların ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün şəxsin müraciətinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” 2007-ci il 23 avqust tarixli 135 nömrəli Qərarı ilə müəyyən edilmiş qaydada və formada həmin şəxslərin xidmət etdikləri dövlət orqanlarının təqdim etdiyi məlumat vərəqi əsasında baxılır. Qeyd olunanlara əsasən üçüncü şəxs iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı X6 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, məhkəmə araşdırılması zamanı hazırki iş üzrə məlumat vərəqəsinin məhz Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilməsi müəyyən edilmiş, bu hal tərəflər arasında mübahisə doğurmamışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan: Naxçıvan MR Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 30 dekabr 2015-ci il tarixli, 101/302Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin 2-ci bəndinə əsasən X3 xidmətinə 30 dekabr 2015-ci il tarixdə xitam verilmişdir. Məlumat vərəqəsindən görünür ki, iddiaçı X3 iş stajı 11 il 09 ay 29 gün, təqvim ili üzrə xidmət illəri 22 il 01 gün, ümumilikdə cəmi iş stajı 35 il 10 ay təşkil edir. Göstərilən təminat xərcliyində vəzifə maaşı kimi 339 manat, rütbə maaşı 134 manat, xidmət illərinə əlavə 141,90 manat, ərzaq payı üzrə kompensasiya 32 manat, büdcədən kənar inkişaf fon. vəzifə maaşına əlavə 525,78 manat göstərilmişdir. Məlumat vərəqəsinin tərtibatına əsas olmuş əmək haqqı cədvəllərindən görünür ki, iddiaçının təminat xərcliyi 2015-ci ilin 11 ayı üzrə müəyyən edilmişdir. “Əmək pensiyasının təyin edilməsi” haqqında xx.xx.2020-ci il tarixli qərarı, **********8 nömrəli qərar ilə iddiaçıya xx.xx.2020-ci il tarixdən pensiya təyin olunmuşdur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin 113-cü maddəsinə əsasən Gömrük orqanlarında xidmət etmiş vəzifəli şəxslərin və onların ailə üzvlərinin pensiya təminatı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: Adıçəkilən Qanunun: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla 20.14.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə müvafiq təminat xərcliyinin—50 faizi və 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 1 faizi miqdarında əlavə olunmaqla. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X5 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı gömrük orqanında xidmət edən şəxs olduğundan, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaların 1-ci bəndində göstərilən şəxslərin əhatə dairəsinə düşür ki, ona təminat xərcliyinin hesablanması bir qayda olaraq “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə uyğun aparılır. Qanunvericiliklə təminat xərcliyinə nələrin daxil olduğunu və daxil olan məbləğlərin məhz hansı günə uyğun hesablanmalı olmasını aydınlaşdırmaq lazımdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ hesab edilir. Göründüyü kimi qüvvədə olan qanunvericiliyin tələblərində təminat xərcliyinin tərkibini - aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğlər formalaşdırır. Lakin norma konkret olaraq nəzərə alınmalı olan məbləğləri məhz hərbi qulluqçunun hərbi xidmətdən buraxıldığı günə uyğun götürülməsini şərtləndirmişdir. Hazırki işdən isə görünür ki, cavabdeh tərəfindən iddiaçının təminat xərcliyi düzgün müəyyən olunmamışdır ki, bu da məlumat vərəqəsində səhv məlumatların göstərilməsinə və iddiaçıya düzgün pensiya hesablanmamasına əsas olmuşdur. Belə ki, təkzib olunmaz haldır ki, iddiaçı 30 dekabr 2015-ci il tarixdə yaş həddinə çatdığına görə onun xidmətinə xitam verilmişdir. Göründüyü kimi onun ehtiyata buraxıldığı tarix 30 dekabr 2015-ci ilə təsadüf edir. Lakin cavabdeh məlumat vərəqəsini tərtib edərkən iddiaçının təminat xərcliyini 2015-ci ilin yanvar ayından 30 dekabr 2015-ci il tarixədək deyil, həmin ilin yanvar ayından noyabr ayınadək olan dövrü göstərərək, təminat xərcliyini müəyyən etmişdir. Halbuki, qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərində konkret şərt kimi məhz təminat xərcliyinin şəxsin ehtiyata buraxıldığı günə uyğun hesablanmalı olması nəzərdə tutulmuşdur ki, hazırki halda cavabdeh bu halı əsaslandıra bilməmiş, bu hesablamanın aparılmasına əsas olan obyektiv arqumentlər təqdim edə bilməmişdir. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.5-ci maddəsinə əsaslanaraq təminat xərcliyinin, hərbi qulluqdan buraxıldığı günə aldığı miqdarda (sonraki artımlar nəzərə alınmaqla) olan məbləğini yeni məlumat vərəqəsinə yazmaqla Fonda ötürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. İnzibati Prosessual Məcəlləsinin: 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2.Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia tələbi təmin olunmalıdır. qərara aldı:
İddia təmin edilsin. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.5-ci maddəsinə əsasən iddiaçı X3 təminat xərcliyinin, hərbi qulluqdan buraxıldığı günə aldığı miqdarda (sonraki artımlar nəzərə alınmaqla) olan məbləğini yeni məlumat vərəqəsinə yazmaqla Fonda ötürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov