Məhkəmə qərarları › İş №2-1(112)-3038/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3038/2025

11.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3038/2025 11.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlu katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1 və (vəkili )Nümayəndə3, cavabdehin nümayəndələri X2 və Nümayəndə4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********026100 nömrəli qərarının ləğv edilməsi” tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti 1.İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********897200 saylı qərarı ləğv edilməsi, Cəmiyyətə əlavə hesablanmış 52454,63 manat əlavə dəyər vergisi və bu müddət ərzində hesablanmış əlavə faiz və maliyyə sanksiyaları ləğv edilməsi, Cəmiyyətin bank hesablarından sərəncamlar qaldırılması və bank hesablarından tutularaq dövlət büdcəsinə ödənilmiş artıq vəsaitin Cəmiyyətə geri qaytarılması” barədə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 24 avqust 2024-cü il tarixli **********897200 nömrəli qərarı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 10 iyun 2024-cü il tarixli **********119300 nömrəli qərarların ləğv edilməsi, Cəmiyyətə əlavə hesablanmış 52454,63 manat əlavə dəyər vergisi və bu müddət ərzində hesablanmış əlavə faiz və maliyyə sanksiyalarının ləğv edilməsi, Cəmiyyətin bank hesablarından sərəncamların qaldırılması və bank hesablarından tutularaq dövlət büdcəsinə ödənilmiş artıq vəsaitin cəmiyyətə geri qaytarılmasının təmin edilməsi barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin 18 oktyabr 2024-cü il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Daha sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********026100 nömrəli qərarının ləğv edilməsi və cəmiyyətə əlavə hesablanmış 52454,63 manat əlavə dəyər vergisi və bu müddət ərzində hesablanmış əlavə faiz və maliyyə sanksiyaları ləğv edilməsi, Cəmiyyətin bank hesablarından sərəncamlar götürülməsi və bank hesablarından tutularaq dövlət büdcəsinə ödənilmiş artıq vəsaitin Cəmiyyətə geri qaytarılması” kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 10 fevral 2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehin xx.xx.2024-cü il tarixli, **********026100 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 11 aprel 2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Azerbaijan İC Distribution" MMC Rusiya Federasiyasının rezidenti olan “Softexno" Şirkəti arasında imzalanmış lisenziya və distribüsiya müqavilələri əsasında “1C” proqram təminatlarını Azərbaycan Respublikasında satışını həyata keçirir. Müqavilənin maddələrinə əsasən proqram təminatının satış yalnız proqram təminatının istifadə hüququnu daxil edir. 1 yanvar 2022-ci tarixinə qədər qüvvədə olmuş Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən proqram təminatı üzrə qeyri-rezidentlərə ödənilən royaltidən həmin dövrdə qüvvədə olan Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən yalnız 14% ödəmə mənbəyindən vergi tutularaq dövlət büdcəsinə ödənilirdi. Vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********404300 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmişdir. Təyin edilmiş müddət ərzində “Azerbaijan İC Distribution" MMC vergi orqanına zəruri sənədləri təqdim etmişdir. Buna baxmayaraq, vergi orqanı tərəfindən 2024-cü ilin mart ayı üzrə əlavə olaraq 52454,63 manat əlavə dəyər vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********119300 nömrəli qərar qəbul etmiş və "xxxx" MMC-ə göndərmişdir. “Azerbaijan İC Distribution" MMC bu qərardan müvafiq olaraq 13 iyun, 21 iyun və 2 iyul 2024-cü il tarixində vergi orqanlarına şikayət etmişdir. Təqdim edilən əsasları nəzərə almayaraq, cavabdeh “İnzibati şikayətin təmin edilməməsi haqqında” “24" avqust 2024-cü il tarixli **********897200 saylı Qərar qəbul etmişdir. Qərarda Vergi Məcəlləsinin 13.2.8 (Mal - hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su. Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır) və 13.2.11 (Xidmət (iş) - malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət. ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur) maddələrini qarşılaşdıraraq. 13.2.9 (Qeyri-maddi aktivlər - intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar) maddəsini heç olmamış kimi göstərərək, qeyri-maddi aktivləri ƏDV vergisi məqsədləri üçün xidmətlərlə eyniləşdirməyə cəhd etmişdir. xx.xx.2021-xx.xx.2021-ci il dövrü üçün "xxxx" MMC təqdim edilmiş gəlirlərdən 65137,60 manat ƏDV hesablamış və yalnız 710,21 manat ƏDV-ni əvəzləşdirmişdir. Nəticədə 64427,39 manat dövlət büdcəsinə ƏDV vergisi ödəmişdir. Bu da vergi orqanının iddia etdiyi 52454,63 manat həcmində əvəzləşdirilə bilən ƏDV vergisindən 11972,76 manat çoxdur. Bu onu göstərir ki, Cəmiyyət həmin dövr üçün ƏDV vergisini tam olaraq dövlət büdcəsinə ödəmişdir. Buna görə vergi orqanın 3 (üç) ildən sonra həm iqtisadi, həm də qanunvericilik baxımından hər hansı iddia qaldırması əsassızdır. İddiaçı MMC-nin müqaviləsinə əsasən proqram təminatının satışından 10% gəlir əldə edir. Hazırda Cəmiyyət bir-başa fəaliyyətindən zərərdədir və əlavə fəaliyyətlər (təlim, proqram təminatının lokallaşdırılması xidmətləri) hesabına zərəri bağlamağa çalışır. Cəmiyyət vergi orqanının bu qanunsuz hərəkəti nəticəsində 3 (üç) aydan çoxdur ki, təchizatçılar qarşısında öhdəliklərini icra edə bilmir, hər gün zərər edir, fəaliyyəti get-gedə azalır. Ofisin icarə haqqını ödəyə bilmədiyi üçün ofisi təhvil verərək çıxmışdır. 1 Sentyabr 2024-cü il tarixindən tam onlayn formatda işləyir. Hazırda müflis olma təhlükəsi ilə üzüzədir. Cəmiyyətdə 7 nəfər əməkdaş çalışır. Onların çoxu ailə başçısıdır və işsiz qalma ehtimalları var. İddiaçı göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Azərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, Uçot-baza məlumatlarına əsasən Cəmiyyətin xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına və ƏDV məqsədləri üçün qeydiyyata alındığı, əsas fəaliyyət növünün “proqram təminatının topdan satışı”ndan ibarət olduğu, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında “Ofis” adlı təsərüfat subyektinin (obyektinin) xx.xx.2023-cü il tarixdə qeydiyyata alındığı müəyyən edilmişdir. Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2024- cü il tarixədək olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 306-cı sətirinin + qeydiyyatda olmayan qeyri-rezidentlər üzrə təqdim edilmiş hesabatlara əsasən 1035619,0 manat dövriyyə məbləği ilə 2023-ci il üzrə təqdim edilmiş ÖMV bəyannamələrinin Royaltilərdən gəlir Qeyri-rezidentin AR-da müvafiq gəlirləri (1606.2 B1) + Daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı üzrə gəlir Qeyri-rezidentin AR-da müvafiq gəlirləri (1607.2 B1) + Beynəlxalq rabitə həyata keçirilərkən rabitə xidmətləri üçün ödəmələr üzrə gəlir (1608.2 B1) + Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlir (1608.4 B1) sətirlərində qeyd olunmuş 1345726,0 manat məbləğlər arasında 310107,0 manat fərq müəyyən edilmişdir ki, bu da kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən vergi ödəyicisinə vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2024-cü il tarixli **********404300 nömrəli məktub göndərilərək müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş uyğunsuzluq məktubuna əsaslandırılmış münasibət bildirilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024-cü ilin mart ayı üzrə 52454,63 manat əlavə dəyər vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********119300 nömrəli qərar qəbul olunmuş və vergi ödəyicisinə göndərilmişdir. Daha sonra Cəmiyyət tərəfindən xx.xx.2024-cü il tarixdə 2024-cü ilin mart ayı üçün dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edilmişdir. Vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə 2024-cü ilin mart ayı üçün təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannaməsi üzrə analoji uyğunsuzluğa əsasən 52454,63 manat vergi məbləği hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********026100 nömrəli qərar qəbul edilərək vergi ödəyicisinə göndərilmişdir. Vergi Məcəlləsinin 63.1-ci maddəsinə əsasən şikayətlər üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması və işin düzgün həlli üçün bütün faktiki halların hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə inzibati şikayətlərin icra müddəti artırılmış və bu barədə maraqlı şəxsə xx.xx.2024-cü il tarixli **********074000 nömrəli məktubla məlumat verilmişdir. Belə ki, inzibati araşdırma zamanı Cəmiyyət tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2024- cü il tarixədək olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 306-cı sətrində (Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən qeyrirezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatlar) bəyan edilmiş 1054311,15 manat məbləğlə (2024-cü ilin mart ayı ƏDV bəyannaməsi üzrə hesablanmış kameral istisna olmaqla) müvafiq dövr üçün təqdim edilmiş ÖMV bəyannamələrinin 1606-cı (Royaltilərdən gəlir) və 1608-ci (Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan və AR-nın ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirləri) sətirlərində göstərilən ümumi 1345725,74 manat məbləğin müqayisəsi nəticəsində 291414,59 manat fərq yaranmış və yaranmış fərq kameral vergi yoxlaması ilə aradan qaldırılaraq 2024-cü ilin mart ayı ƏDV bəyannaməsinə 52454,63 manat əlavə vergi məbləği hesablanmışdır. Eyni zamanda Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yerdə ƏDV-yə cəlb edilir. Buna əsasən qeyri-rezident tərəfindən proqram təminatının mülkiyyət hüququ ilə birlikdə rezident alıcıya təqdim edilməsi zamanı alıcı tərəfindən qeyri-rezidentə aparılan ödəmələr ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə və 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. Proqram təminatından istifadə hüququnun alınmasına görə qeyri-rezidentə royalti şəklində aparılan ödəmələr 14 faiz dərəcə ödəmə mənbəyində vergiyə və 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

İİ.İddianın növü və mümkünlüyü

4.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 35.1.Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 5.Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsində göstərilən məzmunda çxış edərək iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iddia ərizəsində göstərilən məzmunda çxış edərək iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etirazda göstərilən məzmunda çxış edərək iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə4 iddia ərizəsinə etirazda göstərilən məzmunda çxış edərək iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8.İş materiallarında olan:

19 yanvar 2021-ci il tarixli lisenziya müqaviləsindən görünür ki, nizamnamə əsasında fəaliyyət göstərən direktor X3 tərəfindən təmsil olunan bundan sonra “Lisenziar” adlandırılacaq "xxxx" MMC bir tərəfdən və Nizamnamə əsasında fəaliyyət göstərən X1 şəxsində təmsil olunan İddiaçı MMC (bundan sonra Lisenziyat) digər tərəfdən, birlikdə “Tərəflər” adlandırılacaq bu lisenziya müqaviləsini aşağıdakı barədə bağlamışlar: Müəllif hüquqları sahiblərindən müvafiq səlahiyyətə malik olan Softexno MMC EHS proqramlarından və məlumatlar bazasından istifadəyə dair aşağıdakı qeyri-müstəsna (məhdud) hüquqları, bundan sonra “Məhsullar” (sadə qeyri-müstəsna lisenziya) ödəniş müqabilində Lisenziata verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə **********026100 nömrəli 24 iyul 2024-cü il tarixli və Qərarı ilə İddiaçı barədə mart 2024-cü il bəyannamə və hesabat dövrü üzrə 67.605,49 manat əlavə dəyər vergisi hesablanmışdır. Qərarın qəbul edilməsinə əsas – tərəfindən xx.xx.2024-cü il tarixdə 2024-cü ilin mart ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə vergi məbləği azaldılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 24 avqust 2024-cü il tarixli **********897200 nömrəli Qərarı ilə İddiaçı kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2024 -cü il tarixli inzibati şikayətinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı tərəfindən “Bəyannamələrin (hesabatların) qəbul edilməsi haqqında” xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021,xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2022-ci il tarixli bildirişlər, əlavə dəyər vergisi bəyannaməsi, əlavə dəyər vergisinin bəyannaməsinə əlavə nömrə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, ödəmə mənbəyindən tutulan vergi bəyannaməsi, ödəmə mənbəyindən tutulan vergi bəyannaməsi əlavə 1, 2 məhkəməyə təqdim edilmişdir.

İV.Məhkəmənin mövqeyi

9.Məhkəmə tərəflərin izahat və çıxışlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır.

10.Azərbaycan Respublikasının Vergi Məcəlləsində göstərilir:

Maddə 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. Maddə 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Maddə 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Maddə 13.2.8 Mal – hər hansı maddi və ya qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və istilik enerjisi, qaz və su. Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri- maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Maddə 13.2.9. Qeyri-maddi aktivlər – intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar. Maddə 13.2.11. Xidmət (iş) – malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət. Maddə 13.2.23. Royalti – ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir. Maddə 16. və 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; 16.1.3-1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən mühasibat uçotunu məcburi qaydada elektron formada aparmalı şəxslər tərəfindən siyahısı və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsini təmin etmək. Maddə 23. və 23.1. Vergi orqanlarının hüquqları aşağıdakılardır: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; 23.1.2. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara, habelə kommunal və rabitə xidmətləri göstərən vergi ödəyiciləri tərəfindən abunəçilər üzrə göstərilən və vergilərin hesablanmasına əsas verən xidmətlərin müddəti, həcmi, dəyəri, ödənişləri və digər iqtisadi göstəricilərini hesablayan və özündə əks etdirən, digər xidmət təminatçıları ilə qarşılıqlı hesablaşmaların aparılması üçün məlumatları saxlayan sistemlərə birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək. Maddə 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Maddə 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Maddə 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Maddə 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Maddə 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Maddə 125. və 125.1. Qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur: 125.1.1. dividend - bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq; 125.1.2. faizlər - bu Məcəllənin 123-cü maddəsinə uyğun olaraq; 125.1.3. rezident müəssisəsinin və ya sahibkarın riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri - 4 faiz; 125.1.4. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri - 6 faiz. Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutuma obyekti deyildir; 125.1.5. bu Məcəllənin 125.1.1-ci – 125.1.4-cü, 125.1.6-cı – 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri – 10 faiz; 125.1.6. rezident müəssisəsinin və ya sahibkarın muzdlu işlə əlaqədar ödədiyi gəlir - bu Məcəllənin 101-ci maddəsində göstərilən dərəcələrlə; 125.1.7. icarə haqları və royalti (bu Məcəllənin 125.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla) - bu Məcəllənin 124-cü maddəsinə uyğun olaraq. 125.1-1. Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli ödəniş xidməti təchizatçısı və ya xarici ödəniş xidməti təchizatçısının yerli filialı həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur Maddə 168.1.5. İşlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer bu fəslin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir: patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi; (“o cümlədən istifadəyə verilməsi” ifadəsi xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə edilmişdir). Mübahisənin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına və ƏDV məqsədləri üçün qeydiyyata alınmış, iddiaçının əsas fəaliyyəti “proqram təminatının topdan satışı”ndan ibarətdir. İddiaçı ilə qeyri-rezident şirkət "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli “Distribüter lisenziya müqaviləsi”nə əsasən iddiaçı proqram təminatının istifadəsi ilə bağlı hüquq (lisenziya) əldə etmiş və bununla bağlı qeyri-rezidentə vəsait ödəmişdir. Proqram təminatındən istifadə ilə bağlı iddiaçının müqaviləyə əsasən əldə etdiyi lisenziya cavabdeh tərəfindən ƏDV məqsədləri üçün xidmət kimi qəbul edilmişdir. Cavabdeh kameral vergi yoxlaması çərçivəsində iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə əlavə dəyər vergisinin hesablanmasının və ödənilməsinin düzgünlüyünün yoxlanılması üçün xx.xx.2024-cü il tarixli məktub göndərərək zəruri olan sənədlərin təqdim edilməsini tələb etmişdir. Kameral vergi yoxlamasının nəticəsi olaraq iddiaçıya 2024-cü ilin mart ayı üzrə ƏDV üzrə 52454,63 manat məbləğində əlavə vergi hesablanması barədə xx.xx.2024-cü il tarixli “Vergilərin,sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, xx.xx.2024-cü il tarixdə 2024-cü ilin mart ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə vergi məbləği azaldılmışdır. Hazırda iddiaçı həmin qərarın qanunsuz və əsassız olduğunu iddia edərək onun ləğv olunmasını məhkəmədən xahiş edir. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərilmiş - xx.xx.2021- xx.xx.2021-ci il dövrü üçün təqdim edilmiş gəlirdən 65137,60 manat ƏDV hesablanması, bu məbləğin yalnız 710,21 manat ƏDV-nin əvəzləşdirilməsi, nəticədə dövlət büdcəsinə 64427,39 manat ƏDV ödəməsi, bunun da vergi orqanının iddia etdiyi 52454,53 manat məbləğində əvəzləşdirilə bilən ƏDV vergisindən 11972,76 manat cox olması kimi dəlilləri cavabdeh təkzib etməmişdir. Cavabdeh iddiaya dair etirazında iddiaçıya əlavə 52454,63 manat məbləğində ƏDV vergisinin hesablanmasını onunla əsaslandırmışdır ki, “Cəmiyyət tərəfindən xx.xx.2021ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 306-ci sətirində (Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən qeyrirezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatlar) bəyan edilmiş 1054311,15 manat məbləğdə (2024-cü ilin mart ayının ƏDV bəyannaməsi üzrə hesablanmış kameral istisna olmaqla) müvafiq dövr üçün təqdim edilmiş ÖMV bəyannamələrinin 1606-ci (Royaltilərdən gəlir) və 1608-ci (Qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə olunan və AR-nin ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirləri) sətirlərində göstərilən ümumi 1345725,74 manat məbləğin müqayisəsi nəticəsində 291414,59 manat fərq yaranmış və yaranmış fərq kameral vergi yoxlaması ilə aradan qaldırılaraq 2024-cü ilin mart ayı ƏDV bəyannaməsinə 52454,63 manat əlavə vergi məbləği hesablanmışdır.” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən, mal anlayışı hər hansı maddi və ya qeyri-maddi əmlakı (aktivi), o cümlədən elektrik və istilik enerjisini, qaz və suyu ehtiva edir. Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri- maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Həmin Məcəllənin 13.2.9-cu maddəsinə görə, qeyri-maddi aktivlərə intellektual, o cümlədən ticarət nişanları, digər sənaye mülkiyyəti obyektləri, habelə müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar aid edilir. Həmin Məcəllənin 13.2.11-ci maddəsinə əsasən, xidmət (iş) – malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyətdir. Həmin Məcəllənin 13.2.23-cü maddəsinə əsasən, royalti – ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri- maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir. Həmin Məcəllənin 168.1.5-ci maddəsinə əsasən, işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer bu fəslin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır. Bu maddənin müddəaları aşağıdakı xidmətlərə tətbiq edilir: patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, o cümlədən istifadəyə verilməsi; Qeyd: “o cümlədən istifadəyə verilməsi” ifadəsi Vergi Məcəlləsinə xx.xx.2022-ci il tarixdən əlavə edilmişdir. Göründüyü kimi məhz həmin tarixdən sonra patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların yalnız mülkiyyətə verilməsinə və ya güzəşt edilməsinə görə deyil, həm də istifadəyə verilməsinə görə vergiyə cəlb olunması qanuni hesab olunmalıdır. Cavabdeh isə 3 il üçün (xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü tarixədək) apardığı kameral vergi yoxlaması nəticəsində iddiaçı tərəfindən ƏDV üzrə hesablanmasının və ödənilməsinin düzgün olmamasının məhz hansı dövr (ay) üzrə aşkar edilməsini dəqiq və konkret göstərməmiş, yalnız 2024-cü ilin mart ayı ƏDV bəyannaməsi üzrə hesablanmış kameral qaydada hesablamanın istisna olduğunu qeyd etmişdir. Halbuki, vergi orqanının keçirdiyi kameral vergi yoxlaması zamanı iddiaçı tərəfindən əlavə dəyər vergisinin hesablanmasının və ödənilməsinin düzgün olub-olmaması xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək və xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək olan dövrlərə münasibətdə müvafiq olaraq həmin vaxt qüvvədə olan qanun normaları əsasında müəyyən edilməlidir. Belə ki, hazırkı mübahisə üzrə tərəflər arasında vergitutma ilə bağlı vergi münasibətlərinə vergi qanunvericiliyinin xx.xx.2022-ci ildən qüvvəyə minmiş normalarının qüvvəsi geriyə şamil edilə bilməz. Vergi ödəyicisi barədə əlverişsiz inzibati aktı qəbul etmiş vergi orqanı inzibati aktı məsuliyyət qərarını yazılı şəkildə əsaslandırmalıdır. Qərarda əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən aparılmış iddiaçının mübahisələndirdiyi qərar ilə nəticələnən kameral vergi yoxlaması vergi qanunvericiliyinin tələblərinə uyğun olmamışdır. Qeyd etmək zəruridir ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin, o cümlədən, vergi yoxlamalarından və sahibkarlıq fəaliyyətinə nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə hallarının qarşısının alınmasından və bunun üzərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir. 11.“İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununa əsasən:

2.0.1. İnzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.3. Maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.4. Ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; 2.0.5. İnzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir;

11. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Beləliklə, göstərilənlərə əsasən, məhkəmə cavabdeh inzibati orqanın qanunvericiliklə üzərinə düşən vəzifələri icra etmədən iddiaçının hüquqlarına müdaxilə edən qərar qəbul etməsini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməlidir.

12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 13.Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********026100 nömrəli qərarı” ləğv edilməlidir. 14.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 15.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

16.Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı barədə qəbul edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********026100 nömrəli qərarı” ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar