Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3039/2023 08.08.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanova Fəridə Sultan qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisasıhüquqşünas, vəkil), cavabdehin nümayəndəsi X1 (Bakı şəhərində qeydiyyatdadır, hüquqşünas işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı "iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması öhdəliyinin qoyulması” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinə qarşı iddia qaldıraraq iddiaçının riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə qərar qəbul etməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kiçik sahibkar olaraq 2021-ci ildə Nazirlər Kabinetinin meyarlarına əsasən riskli əməliyyatlar hesab olunan bir neçə əməliyyatlar həyata keçirmiş, yəni avtomobil təmiri məqsədilə ehtiyat hissələrinə sənəd almamışdır. Buna görə DVX-i ilə yazışmalar aparılmış və faktiki xərclərin xərc sənədləri hesab edilmədən dəqiqləşdirilmiş bəyannamələr, əməliyyat dövriyyəsi barədə rəsmi bank çıxarışı, habelə vergi orqanı tərəfindən tövsiyyə edildiyi kimi dəqiqləşdirilmiş bəyannamə, zəmanət məktubu cavabdehə təqdim edilmişdir. İddiaçının 2021-ci ildə faktiki dövriyyəsi 40588.33 manat təşkil etmişdir. Buna baxmayaraq vergi orqanı tərəfindən 42870 manat riskli EQ qeydə alındığı üçün iddiaçı hesabatı tövsiyyə olunduğu kimi təqdim edərək qanunla hesablanmalı vergi məbləğini artıqlaması ilə büdcəyə ödəmişdir. Bundan sonra iddiaçı vergi orqanına müraciət edərək riskli vergi ödəyiciləri siyahısından çıxaırlmasını xahiş etmişdir. Çünki Dövlət Sığorta Şirkəti riskli sahibkarlarla iş birliyinə davam etmir. İddiaçı da artıq 8 aydır ki, fəaliyyətlə məşğul ola bilmir, gördüyü işlərin və xidmətlərin hesabını ala bilmir. Lakin cavabdeh orqan müraciətin təmin edilməsindən xx.xx.2022-ci il tarixli **********416700 saylı məktubla imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsi iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarının 2.1-ci və 3,1.1-ci müddəalarına əsasən vergi ödəyıcilərinın təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi hal riskli əməliyyatlar olaraq qiymətləndirilir.Fiziki şəxs İddiaçı tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində cəmi 34,7 min manat dəyərində təqdim edilmiş qaimə-faktura üzrə satışda "Sol fara, sağ padnoşka, qapı, padnoşka, arxa bufer” və digər avtomobil ehtiyat hissələrinin qeyd olunduğu müəyyən edilmişdir Lakın vergi ödəyicisinin elektron qaimə-faktura üzrə alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Eyni zamanda cəmiyyətin təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı müəyyən edilmişdir.Göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-cı il tarixli, 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1,3.1.1-ci və 2.1.3.-cü bəndlərinə əsasən fiziki şəxs İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və xx.xx.2021-ci il tarixli, **********055200 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərar çıxarılaraq vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir.Bundan əlavə araşdırılan dövrdən sonrakı xx.xx.2021-xx.xx.2021-cı il tarixlərində də vergi ödəyicisi tərəfindən cəmi 14,6 min manat dəyərində təqdim edilmiş elektron qaimə-faktufaların (arxa bufer, stupiça paçemnik, ekran, fara və s) riskli əməliyyatlar olunduğu müəyyən olunmuşdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
II. İddianın növü və mümkünlüyü
4. Məhkəmə qeyd edir ki, hazırkı iddia məcburetmə iddia növünə aiddir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
III. Məhkəmə iclasında iştirak edən tərəflərin izahatları və tədqiq edilən sənədlər.
5.Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.İddiaçı tərəfindən məhkəməyə iddiaçının vergi ödəyicisi olması haqqında şəhadətnamə, riskli vergi ödəyiciləri siyahısından çıxarılması üçün cavabdehə etdiyi müraciətlər, habelə zəmanət məktubu, ödəniş tapşırığı, bəyannamələr, alqı-satqı müqavilələri, vergi ödəyicisinin obyekti barədə məlumat,elektron alış aktları, icarə müqaviləsi, iddiaçının obyektinin yerləşdiyi yer haqqında arayış təqdim edilmişdir. 8.Cavabdeh tərəfindən məhkəməyə iddiaçı barədə xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə “ qərar, xx.xx.2021-ci ildə riskli vergi ödəyici olması barədə bildiriş, riskli vergi ödəyiciləri pəncərəsinə daxil edilmiş eqaimə fakturalar barədə məlumatlar təqdim edilmişdir. 9.Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində cəmi 34,7 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə satışda qeyd olunan mallar elektron-qaimə faktura üzrə vergi ödəyicinin alışında əks olunmadığı, eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı müəyyən edildiyi üçün iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul edilmiş və bu barədə iddiaçıya bildiriş göndərilmişdir, iddiaçı isə bunun müqabilində dəqiqləşdirilmiş vergi bəyannaməsini məhkəməyə təqdim etmiş və həmin bəyannamədə göstərilmiş vergi məbləğini büdcəyə ödəmiş, gələcək fəaliyyətində qanunazidd və qüsurlu əməliyyatların aparılmayacağı barədə yazılı zəmanət vermiş və özünün riskli vergi ödəyiciləri siyahısından çıxarılmasını xahiş etmişdir, lakin müraciəti təmin edilməmişdir.
IV. Məhkəmənin mövqeyi 10.Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. 11.Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
12. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Həmin Məcəllənin 15.1.8-ci maddəsinə əsasən vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək, 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 1.1-ci bəndinə əsasən bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. Həmin Meyarların 1.2-ci bəndinə əsasən bu Meyarlarda istifadə olunan anlayışlar Vergi Məcəlləsində nəzərdə tutulan mənaları ifadə edir. Həmin Meyarların 1.3-cü bəndinə əsasən riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. Həmin Meyarların 2.1-ci bəndinə əsasən aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Həmin Meyarların 3.1-ci bəndində göstərilir: vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). 13.Məhkəmə inzibati işə baxan zaman müəyyən etmişdir ki, iddiaçı həqiqətən də xx.xx.2021-ci ildə cavabdehin qərarı ilə riskli vergi ödəyicisi hesab olunmuşdur, buna səbəb iddiaçının təqdim edilmiş qaimə fakturalar üzrə satışda qeyd olunan malların elektron qaimə faktura üzrə vergi ödəyicinin alışında əks olunmaması, eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) qeydə alınmaması olmuşdur, lakin işin faktiki hallarından göründüyü kimi iddiaçı riskli vergi ödəyicisi hesab edilməsi barədə bildirişi aldıqdan sonra dəqiqləşdirilmiş vergi bəyannaməsini vergi orqanına təqdim etmiş və həmin bəyannamədə göstərilmiş vergi məbləğini büdcəyə ödəmiş, gələcək fəaliyyətində qanunazidd və qüsurlu əməliyyatların aparılmayacağı barədə cavabdehə yazılı zəmanət təqdim etmişdir.
14. Cavabdeh tərəfindən xx.xx.2021-ci ildən sonra iddiaçının riskli vergi əməliyyatlarını aparması barədə, yəni iddiaçının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli, 265 nömrəli Qərarı ilə təsdiq edilmiş Meyarlara hazırda da uyğun gəlməsinə dair hər hansı bir sübut təqdim edilməmişdir. 15.Cavabdehin etirazında iddiaçının təsərrüfat subyektinin (obyektinin) qeydə alınmadığı barədə bildirdiyinə gəldikdə isə inzibati iş materiallarında olan xx.xx.2022-ci il tarixli icarə müqaviləsindən göründüyü kimi iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi,64 ünvanda 20 kv metr sahəni icarəyə götürmüş, bu barədə məlumatı cavabdehə təqdim etmişdir. 16.“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 17.Məhkəmə hesab edir ki, iddiaçının hazırda qanunvericilikdə nəzərdə tutulmuş riskli vergi ödəyicisi meyarlarına uyğun gəlməməsi onun riskli vergi ödəyicisi olmamasını göstərir və belə olan halda “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun yuxarıda qeyd edilən müddəalarına əsasən iddiaçının xeyrinə olan halların araşdırılmamaqla və nəzərə almamaqla, iddiaçının müraciətini təmin edərək onun riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etməməklə cavabdeh iddiaçının hüquqlarını pozmuşdur. 18.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 19.Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 20.Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası təmin edilməli, İddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin üzərinə qoyulmalıdır. 21.Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. 22.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 33, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı riskli vergi ödəyicisi siyahısından çıxarılması barədə qərar qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova