Məhkəmə qərarları › İş №2-1(112)-3039/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3039/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3039/2025 12.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı üçüncü şəxs X3, “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2022 №-li sərəncamına əsasən Ləhiş bağ massivində 248 № li BTK yaradılmış və iddiaçı həmin bağçılığa üzv qəbul edilərək ona həmin BTK-dan bağ sahəsi ayrılmışdır. İddiaçı həmin bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd etmişdir ki, “...iddiaçı tərəfindən təqdim olunan xx.xx.2023-cü il tarixli, 3-52/2-Ə-115-112/2023 nömrəli arxiv çıxarışında, həmçinin İdarənin arxivində olan 248 nömrəli Bağ Tikinti Kooperativi üzvlərinin siyahısında iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır. Həmçinin iddiçının eyni Bağ Tikinti Kooperativi nəzdində digər torpaq sahəsinə (5974 nömrəli) dair İdarəyə xx.xx.2023-cü il tarixli müraciəti zamanı da eyni sərəncam təqdim olunmuşdur.”. İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5952 nömrəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2022 N°-li sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5952 nömrəli torpaq sahəsi İddiaçı istifadəsinə verilmişdir. Nəzərə alınmalıdır ki, həmin sərəncam hüquqmüəyyənedici sənəd qismində çıxış etməklə iddiaçının bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün əsas qismində çıxış edir. Belə ki, torpaq sahəsinin ayrıldığı və həmin sahənin onun istifadəsində olduğu müddətdə qeyd olunan hüquqmüəyyənedici sənəd hər hansı subyekt tərəfindən mübahisələndirilməyib. Ümumiyyətlə həmin sənəd qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Başqa sözlə desək öz hüquqi qüvvəsini saxlamışdır. İddiaçı torpaq (bağ) sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. İddiaçının bağ sahəsi ilə bağlı Qanunda nəzərdə tutulan sənədə, daha dəqiq desək sərəncam və bağçılıqyoldaşlıq üzvlərinin siyahısına malik olması və həmin sənədlərin hal-hazırda qüvvədə olması təkzib olunmaz haldır. Yəni, hər bir halda iddiaçının torpaq sahəsinə münasibətdə qüvvədə olmuş sərəncamı malik olması bir mənalı şəkildə onun həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı üçün əsasdır. Cavabdeh imtina əsası kimi siyahıda iddiaçıya ayrılan torpaq sahəsinin nömrəsinin və ölçüsünün qeyd edilmədiyini bildirsə də, nəzərə almamışdır ki, ümumiyyətlə siyahıda nəzərdə tutulan ilk 7 nəfərin mülkiyyət hüquqları qeydiyyata alınmış və qeydiyyata alınan zaman torpaq sahəsinin ölçüsü kimi 0,12 ha kimi götürülmüşdür. Eyni zamanda siyahının özün də belə iddiaçıya ayrılan bağ sahəsinin nömrəsi kimi 5952 göstərilmişdir. Göstərilən bütün halları məcmu şəkildə qiymətləndirərək hesab olunur ki, cavabdeh iddiaçının müraciətinin təmin etməməklə yalnız formal əsaslara dayanan dəlillər gətirmişdir. Belə olan halda, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Əlavə olaraq qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin digər fiziki şəhs tərəfindən hasarlandığı, bağ evinin inşa edildiyi həmçinin sahənin faktiki ölçüsünun 0.1260 ha olduğu məlum olmuşdur. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini xahiş etdi. Üçüncü şəxs izahatında bildirdi ki, həmin iddia edilən torpaq sahəsində tikinti işləri onun tərəfindən aparılmışdır. İddiaçı ilə razılığa gəliblər. Odur ki, iddia tələbinin təmin edilməsinə etiraz etmir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətinə cavab vermədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2022 №-li Sərəncamına əsasən Ləhiş bağ massivində 248 № li BTK yaradılmış və iddiaçı həmin bağçılığa üzv qəbul edilərək ona həmin BTK-dan bağ sahəsi ayrılmışdır. İddiaçı ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilmləlidir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1993-cü il tarixli, 2022 №-li Sərəncamını təqdim edir. Qeyd edilən normaların tələblərinə əsasən iddiaçı hüquqmüəyyənedici sənədə malikdir və cavabdeh iddiaçının təqdim etdiyi sənədi mübahisələndirmir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) iddiaçı tərəfindən təqdim olunan xx.xx.2023-cü il tarixli, 3-52/2-Ə-115-112/2023 nömrəli arxiv çıxarışında, həmçinin İdarənin arxivində olan 248 nömrəli Bağ Tikinti Kooperativi üzvlərinin siyahısında iddiaçıya ayrılması nəzərdə tutulan torpaq sahəsinin nömrəsi və ölçüsü qeyd olunmamışdır; 2) iddiçının eyni Bağ Tikinti Kooperativi nəzdində digər torpaq sahəsinə (5974 nömrəli) dair İdarəyə xx.xx.2023-cü il tarixli müraciəti zamanı da eyni sərəncam təqdim olunmuşdur; 3) idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilən zaman torpaq sahəsinin digər fiziki şəhs tərəfindən hasarlandığı, bağ evinin inşa edildiyi həmçinin sahənin faktiki ölçüsünun 0.1260 ha olduğu məlum olmuşdur. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. 1-ci halla bağlı məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən təqdim edilmiş 248 № li BTK-nın arxiv sənədlərində BTK-nın üzvlərinin siyahısında iddiaçının adı qeyd edilmiş, adının qarşısında 5952 nömrəli bağ qeydi aparılmışdır. İddiaçıda hazırda həmin Sərəncama və bağçılığın üzvlərinin siyahısına istinad edərək həmin 5852 № li bağ sahəsinə iddia edir. Həmin Sərəncamda ayrılmış bağ sahəsinin nömrəsinin və ölçüsünün qeyd edilməməsi, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün əsas deyildir. 2-ci dəlillə bağlı məhkəmə qeyd edir ki, iddiaçı ilk növbədə eyni Sərəncama istinad edərək 5974 № li bağ sahəsi ilə bağlı cavabdehə müraciət etmiş və məhkəmədə həmin bağa dair iddia qaldırmışdır. Lakin bağçılığın arxiv qovluğuunda iddiaçının adının qarşısında 5952 № li bağ sahəsi qeyd edildiyindən məhkəmə tərəfindən ona 5952 № li bağ sahəsi ilə müraciət etməsi izah olunmuş və iddiaçı 5974 saylı bağa dair iddia tələbi üzrə iddia ərizəsini geri götürmüş və həmin iş üzrə icraata xitam verilmişdir (İş № 2-1(112)- 3039/2025, xx.xx.2025-ci il tarixli qərardad). 3-cü dəlillə bağlı məhkəmə qeyd edir ki, həmin torpaq sahəsində bağ evi inşa etmiş C.Səfərli hazırkı iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş və sonuncu izahatında iddiaçı ilə razılığa gəlindiyini, bağı özəlləşdirəndən sonra iddiaçı tərəfindən ona satılacağını bildirdi və iddia tələbinin təmin olunmasına etiraz etmədiyini bildirdi. Göründüyü kimi, cavabdehin imtinasının və etirazının dəlilləri kimi istinad etdiyi hallar, iddia tələbinin təmin olunmasından və iddiaçının həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınmasında imtina üçün əsas deyildir. Ona görə də, iddia tələbi qismən təmin edilməli, 5952 №li torpaq sahəsinı iddiaçının mülkiyyət hüququ qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 25-ci maddəsinə görə Qanunun 9-cu maddəsinin müddəaları 2007ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən dövlət mülkiyyətində olan torpaqlardan vətəndaşlara ayrılmış bağ sahələrinin altındakı torpaqlara da şamil edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar massivində yerləşən 5952 nömrəli torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar