Məhkəmə qərarları › İş №2-1(112)-304/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-304/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-304/2023 28.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv olunması tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun barəsində “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156 “e” bəndinə əsasən qəbul etdiyi xx.xx.2020-ci il tarixli “022 əç” nömrəli əmrinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, iddia ərizəsi xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.1989-cu ildə doğulmuşdur. xx.xx.2007-ci il tarixdə Qazax SHXÇDX tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2007-ci ilin aprel ayından 2008-ci ilin oktyabr ayına qədər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunların N saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə baş atıcı vəzifəsində xidmət etmişdir. 2009-cu ilin oktyabr ayında Silahlı Qüvvələrin təlim tədris mərkəzinə motoatıcı manqa kursuna daxil olmuşdur. 2010-cu ilin yanvar ayında həmin kursu fərqlənmə ilə 419/3 kurs üçüncüsü olaraq bitirmişdir. 2010-cu ilin yanvar ayından etibarən Tovuz rayonunda yerləşən “N” saylı h/h Əlibəyli və Ağdam kəndlərində yerləşən döyüş postlarında xidmət etmişdir. xx.xx.2015-ci ildən Xüsusi Təyinatlı Qüvvələrin Göytəpə şəhərində yerləşən “N” saylı h/h mühəndis kəşfiyyatçı qrupunun komandiri vəzifəsində xidmət etmişdir. Orada xidmət etdiyi dövr ərzində şanlı aprel döyüşlərində iştirak etmişdir. 2020-ci ilin iyun ayının 20-də smartfon telefona görə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156 “e” bəndinə əsasən xidmətə uyğunsuzluqla ordudan tərxis olunmuşdur. Ordudan tərxis olunduqdan sonra hüquqlarının bərpa edilməsi üçün iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və qeyd olunan iş üzrə məhkəmə prosesi 2020-ci ilin oktyabr ayının 19-na təyin edilmişdir. Lakin 27 sentyabr 2020-ci il tarixdə Vətən müharibəsi başladığı üçün, o, xx.xx.2020-ci il tarixdə Qazax SHXÇDX tərəfindən hərbi xidmətə (döyüşə) çağırılmışdır. Döyüş vaxtı ikinci ordu korpusunun tərkibində “N” saylı əlahiddə kəşfiyyat taborunun qrupunun baş kəşfiyatçısı vəzifəsində xidmət etmiş və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək torpaqların azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. xx.xx.2021-ci il tarixdə “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156 “e” bəndinə əsasən tərxis edilmiş hərbi qulluqçu təkrar ordudan tərxis edilmişdir. Döyüşlərə qatıldığı zaman özünün iddia ərizəsinə əsasən təyin edilmiş məhkəmə prosesinə xitam verilməsi barədə müraciət etmiş və müraciəti təmin olunmuşdur. Belə ki, döyüşlərə qatılqıqda komandanlıq tərəfindən onlara xidmətə qaytarıldıqları bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddia tələbinə dair yazılı etiraz (münasibət) məhkəməyə təqdim olunmamışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7661/2021 №li iş üzrə çıxartdığı xx.xx.2021-ci il tarixli qərardadı ilə iddia mübahisələndirilən inzibati akt üzrə qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülməsi əsası ilə mümkün sayılmamışdır. Qeyd olunan qərardadla razı olmayan İddiaçı şikayət verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7661/2021 №li iş üzrə çıxartdığı xx.xx.2021-ci il tarixli qərardadının ləğv olunmasını və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1422/2022 №li iş üzrə çıxartdığı xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunaraq, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7661/2021 №li iş üzrə çıxartdığı xx.xx.2021-ci il tarixli qərardadının ləğv olunması və işin sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi 2-1(103)-1422/2022 №li iş üzrə çıxartdığı xx.xx.2022-ci il tarixli qərardadında göstərmişdir ki: - birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə İddiaçı xx.xx.2020-ci il tarixdə işdən azad olunması barədə əmrin, habelə həmin tarixli əmrin ona təqdim (elan) edilməsini təsdiq edən sənədlərin qanunamüvafiq qaydada təsdiq edilmiş surətinin məhkəməyə təqdim olunması barədə məktubla müraciət etsə də, cavabdeh orqan tərəfindən hər hansı sənəd təqdim olunmamışdır; - birinci instansiya məhkəməsi işə iş materiallarında mübahisələndirilən əmrin iddiaçıya nə zaman elan (təqdim) edilməsini təsdiq edən sübutlar mövcud olmadığı halda, iddiaçının qeyd olunan əmr üzrə qanunvericiliklə müəyyən edilmiş şikayət vermə müddətini ötürməklə məhkəməyə müraciət etməsi qərarına gəlmişdir; - bundan başqa, apellyasiya baxışı zamanı işin hallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı daha öncə “N” nömrəli hərbi hissə komandirinin xx.xx.2020ci il tarixli 022 “əç” nömrəli hərbi xidmətdən tərxis olunması barədə əmrini məhkəmə qaydasında mübahisələndirmişdir. - birinci instansiya məhkəməsi iddiaçının daha öncə adıçəkilən əmrlə bağlı iddia ərizəsi ilə nə zaman məhkəməyə müraciət etməsini, eyni zamanda qeyd olunan əmrin nə zaman təqdim (elan) edilməsini araşdrımalı, bundan sonra müddətin ötürülübötürülməməsini, ötürüldüyü təqdirdə üzrlü səbəbdən ötürülüb-ötürülməməsi məsələsini aydınlaşdırmalı, həmçinin üzürlü səbəbdən ötürüldüyü təqdirdə şikayət vermə müddətinin bərpa edilməsinin mümkünlüyünü müzakirə etməlidir. İPM-nin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. İşə yenidən birinci instansiya məhkəməsində baxılarkən İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə prosessual müdətin bərpa olunmasına dair ərizə təqdim edərək, İddiaçı mübahisələndirmə haqqında iddia tələbini irəli sürmək üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə iclası xx.xx.2020-ci il tarixinə təyin olunmuşdur. Lakin xx.xx.2020-ci il tarixdə Vətən müharibəsi başlanmış, iddiaçı xx.xx.2020-ci il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək torpaqların azadlığı urunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi qulluqçu kimi tərxis edilməsinə baxmayaraq iddiaçı döyüşlərə cəlb olunmuş, komandanlıq tərəfindən iddiaçıya artıq xidmətə qaytarıldığı bildirilmiş, buna görə də iddiaçı iddianı geri götürmüşdür. Lakin döyüş qurtardıqdan sonra o, yenidən tərxis olunmuşdur. İddiaçının döyüş bölgəsində olmasına görə bu məsələlərə diqqət etmək imkanının olmaması, cavabdeh orqan tərəfindən iddiaçıya xidmətə qaytarıldığının bildirilməsi nəzərə alınmaqla müddətin ötürülməsi üzrlü hesab olunmalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh inzibati orqana qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndəsinin məkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı və müddətin bərpasına dair verilmiş vəsatəti müdafiə edərək və iddia ərizəsinə və vəsatətə uyğun izahat verərək, məhkəmədən vəsatətin təmin olunmasını, iddianın mümkün sayılmaqla, təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadında şikayətlə bağlı hüquqi mövqeyi nəzərə alınmaqla: - Azərbaycan Respublikası Müdafiə Nazirliyinə xx.xx.2022-ci il tarixli sorğu məktubu ilə müraciət olunaraq, İddiaçı tərxis olunması ilə bağlı xx.xx.2020-ci il tarixli, 022 “əç” №li əmrin, həmin əmrin verilməsinə əsas olmuş sənədlərin və qeyd olunan əmrin rəsmi qaydada İddiaçı təqdim edilməsi ilə bağlı müvafiq təsdiqedici sənədlərin qanunamüvafiq qaydada təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim olunması xahiş olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı Hərbi hissənin xx.xx.2022-ci il tarixli 2511 №li cavab məktubunda göstərilmişdir ki, “N” saylı hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqda “N” saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 022 “əç” nömrəli əmri İddiaçı imzalandığı gün şifahi olaraq elan edilmişdir, əmrin surəti onun şəxsi işinə tikilərək, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu rayon şöbəsinə göndərilmişdir. Məktuba İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqda “N” nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 022 “əç” nömrəli əmrinin (məxfi) və həmin əmrin verilməsinə əsas olan sənədlərin təsdiq olumuş surəti əlavə olunmuşdur. Məktuba əlavə olunmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 022 “əç” nömrəli əmrin surətindən müəyyən olunur ki, qeyd olunan əmrlə kiçik çavuş İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması əmr olunmuşdur. Bundan əlavə məhkəmənin müvafiq sorğularına əsasən cavabdeh inzibati orqan tərəfindən məhkəməyə göndərilmiş əmrlərin surətlərindən müəyyən olunur ki; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissə komandirinin N №li xx.xx.2020-ci il tarixli əmri ilə səfərbərlik təyinatına müvafiq olaraq ehtiyatdan çağırılmış həbi vəzifəli - İddiaçı hərbi hisədə 2-ci tamamlama bölüyünün baş kəşfiyyatçısı vəzifəsinə təyin olunduğuna görə, 17 oktyabr 2020-ci il tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi əmr edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissə komandirinin N №li xx.xx.2021-ci il tarixli əmri ilə İddiaçı 12 fevral 2021-ci il tarixdən hərbi heyətin siyahısından, ərzaq və əşya təminatından, xx.xx.2021-ci il tarixdən isə pul təminatından çıxarılması əmr edilmiş və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qurumlarına göndərilmişdir. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N” saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 022 “əç” nömrəli əmrinin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin icraatında olmuş 2-1(112)-6269/20N №li işin materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, iddiaçı qeyd olunan iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə (iddia ərizəsinin üzərinə vurulmuş məhkəmənin daxil olma ştampı) məhkəməyə müraciət etmiş, iddia ərizəsi icraata qəbul edilmiş, iddiaçı xx.xx.2020-ci il tarixdə məhkəməyə teleqram ünvanlayaraq işə bərpa olunduğu üçün işinə xitam verilməsini xahiş etmiş və məhkəmənin həmin iş üzrə çıxartdığı xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçıya İPM-nin 55.4-cü maddəsinin tələbləri izah olunmaqla 55.5-ci maddəsinin tələblərinə əsasən inzibati iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Hazırda iddiaçı yenidən Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “N” saylı hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 022 “əç” nömrəli əmrinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İPM-nin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman xx.xx.2020-ci il tarixli, 022 “əç” nömrəli əmr ona imzalandığı gün (xx.xx.2020-ci il) şifahi olaraq elan edilmişdir. Bundan əlavə iş materiallarından da göründüyü kimi iddiaçı qeyd olunan əmrdən ilk dəfə xx.xx.2020-ci il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. Daha sonra iddiaçı xx.xx.2020-ci il tarixli əmrlə səfərbərlik təyinatına müvafiq olaraq ehtiyatdan çağırılmış və həmin tarixdən şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, bununla bağlı iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etdiyi iddia üzrə icraata xitam verilməsini xahiş etmiş, daha sonra 12 fevral 2021-ci il tarixdən o, hərbi heyətin siyahısından, ərzaq və əşya təminatından, xx.xx.2021-ci il tarixdən isə pul təminatından çıxarılmışdır. Göründüyü kimi iddiaçı mübahisələndirilən əmrin ona rəmi qaydada elan olunmasından (xx.xx.2020-ci il) 11 ay 30 gün, özünün üzrlü səbəb kimi göstərdiyi yenidən hərbi xidmətə çağırıldığı və tərxis olunduğu tarixdən (xx.xx.2020 - xx.xx.2021-) isə 4 (dörd) aydan artıq bir müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Bundan əlavə iş materiallarından görünür ki, iddiaçı müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, əmrdən iddia verilmə müddətinin bərpa edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərardadı ilə buraxılmış prosessual müddətin bərpa olunmasına dair iddiaçı tərəfindən verilmiş ərizə təmin olunmamışdır. “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin: - 20-ci maddəsinin İ bəndiə görə bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün - onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. - 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan sayıldığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunaraq, iddia müddətləri ötürülmüş, bununla da iddiaçı həmin əmri mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv olunması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər.

Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar