Məhkəmə qərarları › İş №2-1(112)-3042/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3042/2021

15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3042/2021 15.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə qarşı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla qərarın ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qəbul edilmiş 09.09.2020-ci il tarixli icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi, həmin iş üzrə borcludan tutulmalı olan vəsait ödənilmədən Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 6 saylı ev üzrə qeydiyyatın ləğv edilməsi və icraata xitam verilməsi haqqında əsaslar olmadığından və bunun nəticəsində vurulmuş mənəvi ziyan olaraq hər birinə 10000 AZN vəsaitin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 17.03.2021-ci il tarixli, 2-1(112)-3042/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Bakı İnzibati Məhkəməsinin 2-1(81)- 946/2019 saylı, 22.06.2020-ci il tarixli icra sənədi icra edilməsi üçün cavabdehə göndərilmişdir. Lakin bu günə qədər icra sənədi icra edilməmiş və işin gedişatı barədə omlara rəsmi məlumat verilməmişdir. Eyni zamanda xüsusi mülkiyyətlərində olan ev üzrə qeydiyyatları elektron qaydada icra sənədi üzrə ləğv edilmiş, lakin məhkəmə qərarı üzrə cavabdeh tərəfindən onlara ödənilməli olan vəsait ödənilməmişdir. Baxmayaraq ki, icra üsülunun qaydası eyni zamanda icra edilməli idi. Göründüyü kimi icra sənədi üzrə kompensasiya məbləği ödənilmədən istifadə hüquqları bir daha pozulmuşdur. Cavabdehin 17/72-87989/1 saylı, 02 noyabr 2020-ci il tarixli cavabına əsasən 09.09.2020-ci il tarixdə icraata xitam verilməsinə dair qərar qəbul edilmişdir. Üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, mümkünlük haqqında şərt yerinə yetirilmədiyi üçün iddia mümkün sayılmamalıdır. İddiaçı1, İddiaçı2 və Əliyeva X2 rayon İcra Hakimiyyətinə qarşı kompensasiya ödənilməsinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Yasamal rayon İcra Hakimiyyəti qarşılıqlı iddia ərizəsi təqdim edərək ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Yasamal rayon İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respiublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilməsi, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə bağlı hər biri 1/10 hissəsində paya malik olduqlarına görə İddiaçı1 13.504 manat, İddiaçı2 13.504 manat və İddiaçı3 13.504 manat məbləğində kompensasiya ödənilməklə cavabdehlərin istifadə hüququna xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibatı Məhkəməsinin 11 iyun 2019cu il tarixli, 2-1(81)-946/2019 saylı qərarı ilə iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzıbati-İqtisadı Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli, 2-1(103)-1887/2019 saylı qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 apellyasiya şikayəti qismən təmin edilərək, 1 saylı Bakı İnzibatı Məhkəməsinin 11 iyun 2019-cu ıl tarixli, 2-1(81)-946/2019 saylı qərarı ləğv edilmiş, Bakı şəhəri, Yasamal rayonu, M A.Əliyev küçəsi, dalan 2, 6 saylı evin iddiaçıların hər birinin paylı mülkiyyətində olan hissəsinə görə (əsas sahə 16,88 kv.m) cavabdehdən Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20 faiz əlavə ilə birlikdə bir kv.m-i 1500 manatdan olmaqla 25.320 manat məbləğində kompensasiya tutulmuş, qalan hissədə iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka sahibliyin alan orqan Yasamal rayon İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq əldə olunması təsdiq edilmiş, ilkin iddia tələbinə uyğun olaraq, iddiaçılara 25.320 manat məbləğində kompensasiyanın müqabilində qarşılıqlı iddia üzrə cavabdehlərin (ilik iddiaçıların) istifadə hüququna xitam verilmiş, qalan hissədə qarşılıqlı iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli, 2- 1(103)-1887/2019 saylı qərarından hər iki tərəf kassasiya şikayəti vermişdir. Bundan sonra, hər iki tərəfin kassasıya şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən məhkəmə iclası təyin edilənədək İddiaçı1, İddiaçı2, İddiaçı3 və Yasamal rayon İcra Hakimiyyəti arasında razılıq əldə olunmuşdur. Yasamal rayon İcra Hakimiyyəti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, M.A.Əliyev küçəsi, dalan 2, 6 saylı evin İddiaçı1, İddiaçı2 və İddiaçı3 hər birinin paylı mülkiyyətində olan hissəsinə görə hər birinə ümumi 35 256 manat ödənilmişdir. İddiaçılar kassasiya şikayətindən imtina etmədiyi, eyni zamanda məhkəmənin vaxtı və yeri barədə məlumat aldıqlarına baxmayaraq üzrlü səbəb olmadan gəlmədiklərinə görə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibatı Kollegiyası iddaçıların iştirakı olmadan işə baxaraq, 12 fevral 2020 il tarixli, 2-1(102)- 323/2020 saylı yekun qərar qəbul etmişdir. Həmin qərarla hər iki tərəfin kassasiya şikayətləri təmin olunmamışdır və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 25 sentyabr 2019-cu il tarixli, 2-1(103)- 1887/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi iddiaçılar ilə Yasamal rayon İcra Hakimiyyəti arasında olan mübahisə məhkəmədən kənar, o cümlədən məhkəmənin qəbul etmiş yekun qərarından əvvəl həll olunmuşdur. Bu zaman, iddiaçılara paylı mülkiyyətlərində olmuş daşınmaz əmlaka görə məhkəmə qərarı ilə müəyyən edilmiş kompensasiya məbləğindən daha artıq vəsait ödənilmişdir. İddiaçılar ilə Yaşamal rayon İcra Hakimiyyəti arasında mübahisə məhkəmədən kənar, eyni zamanda məhkəmənin qəbul etmiş yekun qərarından əvvəl həll olunmuşdur. Mülki Məcəllənin 527.1-ci maddələri baxımından, tərəflərin üzərinə götürdüyü öhdəliklərə artıq xitam verilmişdir. Beləliklə məhkəmənin yekun qərarının icraya yönəlməzdən əvvəl cavabdeh orqanın könüllü razılıq əsasında məhkəmənin onun üzərinə qoyduğu öhdəlikləri icra etmişdir. Qeyd olunanlara əsasən Bakı İnzibati Məhkəməsinin sözügedən iş üzrə icra sənədi tam icra edildiyi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş 09.09.2020-ci il tarixli “İcraata xitam verilməsi haqqında” Qərarı tam qanunidir. Bu səbəbdən iddiaçının cavabdehə qarşı inzibati məhkəmə icraatı qaydasında “qərarın ləğv edilməsi və mənəvi ziyanın tutulması” tələbini irəli sürmək üzrə subyektiv hüququ mövcud olmadığı üçün iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında üçüncü şəxs Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin nümayəndəsi nümayəndəsi X3 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. İddiaçıları İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxıb iddia tələblərinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehin və üçüncü şəxsin səlahiyyətli nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçıların, cavabdehin və üçüncü şəxsin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbinin “həmin iş üzrə borcludan tutulmalı olan vəsait ödənilmədən Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 6 saylı ev üzrə qeydiyyatın ləğv edilməsi və icraata xitam verilməsi haqqında əsaslar olmadığından və bunun nəticəsində vurulmuş mənəvi ziyan olaraq hər birinə 10000 AZN vəsaitin cavabdehdən tutulması” hissəsi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, iddiaçının ilk növbədə arzuladığı inzbati aktın qəbul edilməsinə dair ərizə ilə inzibati orqana müraciət etməsi, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçıların “həmin iş üzrə borcludan tutulmalı olan vəsait ödənilmədən Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 6 saylı ev üzrə qeydiyyatın ləğv edilməsi və icraata xitam verilməsi haqqında əsaslar olmadığından və bunun nəticəsində vurulmuş mənəvi ziyan olaraq hər birinə 10000 AZN vəsaitin cavabdehdən tutulması” ilə bağlı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmələri barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. İddiaçılar həmin orqan tərəfindən imtina almamış, lakin buna baxmayaraq mövcüd iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddiaçılar qeyd olunan tələblə bağlı cavabdehə müraciət etmədiklərindən, həmin müraciətdən imtina olunması barədə yazılı məlumatı almadıqlarından, bununla da iddianın mümkünlük şərtləri ödənilmədiyindən iddia “həmin iş üzrə borcludan tutulmalı olan vəsait ödənilmədən Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 6 saylı ev üzrə qeydiyyatın ləğv edilməsi və icraata xitam verilməsi haqqında əsaslar olmadığından və bunun nəticəsində vurulmuş mənəvi ziyan olaraq hər birinə 10000 AZN vəsaitin cavabdehdən tutulması” hissəsində mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinə qarşı iddia tələbinin “həmin iş üzrə borcludan tutulmalı olan vəsait ödənilmədən Bakı şəhəri, M.A.Əliyev küçəsi, dalan 2, 6 saylı ev üzrə qeydiyyatın ləğv edilməsi və icraata xitam verilməsi haqqında əsaslar olmadığından və bunun nəticəsində vurulmuş mənəvi ziyan olaraq hər birinə 10000 AZN vəsaitin cavabdehdən tutulması” hissəsi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar