Məhkəmə qərarları › İş №2-1(112)-3043/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3043/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3043/2023 13.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum akt qeydinin bərpa edilməsi və şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “doğum akt qeydinin bərpa edilməsi və şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən nikah haqqında şəhadətnamə, SSRİ nümunəli pasport və Gürcüstan Respublikası Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 77/125948 nömrəli cavab məktubu əsasında onun doğum akt qeydinin soyadı: Alməmmədova, adı: Səltənət, ata adı: Həsən qızı; doğum tarixi: xx.xx.1940, doğum yeri: Gürcüstan Respublikası, Dmanisi rayonu, Qızılhacılı kəndi; atasının soyadı: Alməmmədov, atasının adı: Həsən, atasının ata adı: Alməmməd oğlu, atasının milliyyəti: azərbaycanlı; anasının soyadı: Alməmmədova, anasının adı: Zeynəb, anasının atasının adı: Elbəy qızı, anasının milliyyəti: azərbaycanlı qeyd etməklə bərpa edilməsi; ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməsi vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Novruzova (nikahdan əvvəlki soyadı: Alməmmədova) Səltənət Həsən qızı xx.xx.1940-cı il tarixdə Gürcüstan SSR-nin Dmanisi rayonunun Qızılhacılı kəndində anadan olmuşdur. Onun doğumu Dmanisi rayonu Kirov (indiki İpnari) kənd sovetliyi tərəfindən xx.xx.1940-cı il tarixdə 23 saylı aktla qeydə alınıb. Elə həmin ildə də doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Lakin doğum haqqında şəhadətnaməmi itirdiyi üçün 13 iyul 1985-ci il tarixdə Dmanisi rayonu Kirov (indiki İpnari) kənd sovetliyi tərəfindən Vİİ-Tİ (TH) seriyalı, 261007 nömrəli doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilmişdir. İbtidai təhsilini 1948-1952-ci illərdə Dmanisi rayon Qızılhacılı kənd orta məktəbində almışdır. 1952-ci ildə həmin məktəbin 4-cü sinfini bitirdikdən sonra təhsilini Dmanisi rayonu Saja kənd orta məktəbində davam etdirmişdir. 1956-cı ildə həmin məktəbin 8-ci sinfini bitirmiş və ondan sonra təhsilini davam etdirməmişdir. xx.xx.1961-ci il tarixdə X1 ilə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra ona ərinin soyadına uyğun olaraq “Novruzova” soyadı verilmişdir. Həmin nikahdan onların beş uşağı doğulub. Gürcüstanda azərbaycanlılara qarşı olan təqiblər səbəbindən 1990-cı ildə daimi yaşamaq məqsədilə ailə üzvlərilə birlikdə Azərbaycana gəlmişdir. Həmin vaxtdan da daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır. 2005-ci ildə SSRİ nümunəli pasportlar Azərbaycanda qüvvədən düşdükdən sonra o, sənədsiz şəxsə çevrildi. Azərbaycan Respublikasında qeydiyyatsız yaşadığından Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmişdir, Gürcüstan Respublikasının isə vətəndaşı hesab olunmurdu. Şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən vətəndaşlığı olmayan şəxs kimi himayəyə götürülmüşdür. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti vasitəsilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün vəsatət qaldırdı. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli, 2679 nömrəli Sərəncamı ilə o, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olundu. Lakin doğum haqqında şəhadətnaməni itirdiyi üçün bu vaxta qədər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilməyi mümkün olmayıb. Belə ki, o, 2019-cu ilin sonlarında doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir. Ancaq şəxsiyyətini təsdiq edən sənədi olmadığından doğum haqqında təkrar şəhadətnamə almaq üçün nə özü Gürcüstana gedə bildi, nə də həmin sənədi ala bilməsi üçün kiməsə etibarnamə verə bildi. Bu səbəbdən də, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri Cavabdehnə müraciət edərək doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsini xahiş etdi. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün Bakı şəhəri Cavabdeh onun müraciətini təmin etməkdən imtina etdi. Bundan sonra o, doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq təqdim edilməsi vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi tələbi ilə xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etdi. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3356/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarı ilə onun doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsi vəzifəsi Bakı şəhəri Cavabdehnə həvalə edildi. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Cavabdeh təqdim etdiyi ərizə və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə göndərdi. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi də doğum haqqında təkrar şəhadətnamənin alınması məqsədilə Gürcüstan Respublikasının Ədliyyə Nazirliyinə sorğu verdi. Həmin sorğuya Gürcüstan Respublikası Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 77/125948 nömrəli cavab məktubunda bildirilmişdir ki, Tbilisi arxivinin Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Agentliyində Dmanisi rayon Kirov kənd sovetliyində qeydə alınmış 23 nömrəli (xx.xx.1940) akt qeydi saxlanılır. Akt qeydi dövlət dilində tərtib edilməmişdir və bununla da onun tərtib edilmə qaydası pozulmuşdur. Sənəd qanuni qeydə aid deyil və buna görə də şəhadətnamə verilə bilməz. Onun adına sənəd verilməsi üçün hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi lazımdır və qəbul edilmiş qərar əsasında onun doğumu qeydə alına bilər. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Cavabdehnə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və Gürcüstan Respublikası Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli. 77/125948 nömrəli cavab məktubu əsasında onun doğum akt qeydinin soyadı: Alməmmədova, adı: Səltənət, ata adı: Həsən qızı; doğum tarixi: xx.xx.1940, doğum yeri: Gürcüstan Respublikası, Dmanisi rayonu, Qızılhacılı kəndi; atamın soyadı: Alməmmədov, atasının adı: Həsən, ata atasının adı: Alməmməd oğlu, atasının milliyyəti: azərbaycanlı; anasının soyadı: Alməmmədova. anasının adı: Zeynəb, anasının atasının adı: Elbəy qızı, anasının milliyyəti: azərbaycanlı qeyd etməklə bərpa edilməsini və onu doğum haqqında yeni şəhadətnamə ilə təmin etmələrini xahiş etdi. Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli, 2468-05/15 nömrəli məktubla aşağıdakı məzmunda cavab vermişdir: "Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Gürcüstan Ədliyyə Nazirliyindən daxil olmuş məktubdan aydın olur ki. sizin barənizdə Gürcüstan, Tbilisi Dövlət arxivində saxlanılan 23 saylı, xx.xx.1940-ci il tarixli doğum haqqında akt qeydi tərtib edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, sizin doğum haqqında akt qeydiniz mövcud olduğundan ərizənizin qeydiyyat şöbəsində icrası mümkün deyil. Xahiş olunur, məhkəməyə müraciət edəsiniz ”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə baxışı iclası xx.xx.2023cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına nümayəndə göndərməmiş və göndərməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh inzibati orqan tərəftindən iddiaya dair yazılı etiraz təqdim edilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh, İddiaçı Cavabdehnə qarşı “yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə etiraz edir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cuı qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq qeydiyyat şöbəsi tərəfindən icra edilir. İddiaçı doğum haqqında akt qeydi mövcud olduğundan iddiasını qeydiyyat şöbəsində təmin etmək mümkün deyil.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər - Bakı şəhəri Cavabdeh xx.xx.2022-ci il tarixli, 2468-05/15 nömrəli cavab məktubu; - iddiaçıya məxsus XVİ-ТИ 722448 nömrəli SSRİ nümunəli pasportunun surəti; - İİİ- ТИ 264167 nömrəli Nikah haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq edilmiş surəti; - BMT QAK tərəfindən verilmiş himayə sənədinin notarial qaydada təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2022ci il tarixli arayışın notarial qaydada təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2021-ci il tarixli arayışının notarial qaydada təsdiq edilmiş surəti; - Gürcüstan Respublikası Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 77/125948 nömrəli cavab məktubunun surəti və onun azərbaycan dilinə tərcüməsi; - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3356/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarının surəti; - Bakı şəhəri Cavabdeh xx.xx.2021-ci il tarixli, 526-05/76 nömrəli məktubunun surəti. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2023-cü il tarixli məktub və ona əlavə edilmiş sənədlər.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 9.1-ci bəndində nəzərdə tutulmuşdur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə, məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, tərəflərə iş üzrə təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən)

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı şəxsiyyət vəsiqəsi olmadan doğum haqqında şəhadətnamənin verilməsi tələbi ilə Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Bakı şəhəri Cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd etmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbəsi və ya konsulluq idarəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Gürcüstan Ədliyyə Nazirliyindən daxıl olmuş məktubdan aydın olur ki, sizin barənizdə Gürcüstan, Tbilisi Dövlət aktları Arxivində saxlanılan 23 saylı xx.xx.1940-ci il tarixli doğum haqqında akt qeydi tərtib edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq sizin doğum haqqında akt qeydiniz mövcud olduğundan ərizənizin qeydiyyat şöbəsində icrası mümkün deyil. Xahiş olunur məhkəməyə müraciət edəsiniz. Həmin imtina məktubundan narazı qalan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “iddiaçıdan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən nikah haqqında şəhadətnamə, SSRİ nümunəli pasport və Gürcüstan Respublikası Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 77/125948 nömrəli cavab məktubu əsasında onun doğum akt qeydinin soyadı: Alməmmədova, adı: Səltənət, ata adı: Həsən qızı; doğum tarixi: xx.xx.1940, doğum yeri: Gürcüstan Respublikası, Dmanisi rayonu, Qızılhacılı kəndi; atasının soyadı: Alməmmədov, atasının adı: Həsən, atasının ata adı: Alməmməd oğlu, atasının milliyyəti: azərbaycanlı; anasının soyadı: Alməmmədova, anasının adı: Zeynəb, anasının atasının adı: Elbəy qızı, anasının milliyyəti: azərbaycanlı qeyd etməklə bərpa edilməsi; ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməsi vəzifəsinin Bakı şəhəri Cavabdehnə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır və iddiaçının hüquqlarını pozur. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3356/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qərarına əsasən iddia təmin edilərək, İddiaçı şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş Himayə Sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyat alınması barədə Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun 03 aprel 1940-cı ildə Gürcüstan SSR, Dmanisi rayon Kirov kənd sovetliyi tərəfindən 03 (04) aprel 1940-cı il tarixdə 24 nömrəli akt qeydi əsasında doğum faktının qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin Gürcüstan Respublikasının müvafiq qurumlarından alınaraq ona təqdim edilməsinin təmin edilməsi vəzifəsinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. (hakim F.Mədətli) İş materiallarından görünür ki, Gürcüstan Respublikası Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 77/125948 nömrəli cavab məktubunda göstərilmişdir: “Sizin S.Q.Alməmmədova barəsində sənədlərin sorğu edilməsi məsələsində hüquqi yardım haqqında xx/xx-2021-ci il tarixli xx/xx-10757 №-li müraciətinizə cavab olaraq, Gürcüstan Ədliyyə Nazirliyinin Dövlət Xidmətlərinin inkişafı üzrə agentlik bildirir ki, Tbilisi arxivinin vətəndaşlıq aktları agentliyində Dmanisi rayonu Kirov k/s tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin 23 №-li akt qeydi saxlanılır (qeydiyyat aparılıb xx.xx.1940-cı il tarixdə). Akt dövlət dilində tərtib edilməyib və bununla aktın doldurulma qaydası pozulmuşdur. Sənəd qanuni qeydi təqdim etmir və bununla əlaqədar olaraq şəhadətnamə verilə bilməz. Sənədi Sizin adınıza vermək üçün, hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir və qəbul edilmiş qərar əsasında doğum haqqında şəhadətnamənin qeydiyyatını həyata keçirmək mümkündür.” İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2023-cü il tarixli məktubuna əsasən xx.xx.1940-cı il təvəllüdlü İddiaçı xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığına qəbulla bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2679 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmuşdur. İşdə olan İİİ-ТИ 264167 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, 1940-cı ildə Gürcüstan SSR, Tsalka rayonu, Xramges №2-də anadan olmuş X3 ilə 1940-cı ildə Gürcüstan SSR, Dmanisi rayonu, Qızılhacılı kəndində anadan olmuş X2 xx.xx.1961-ci ildə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra arvada Novruzova soyadı verilmiş, 13 iyul 1985-ci ildə nikahın bağlanması haqında şəhadətnamə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər Regional Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 15/60 nömrəli arayışdan görünür ki, xx.xx.1940-cı il təvəllüdlü, BMT QAK-ın himayəsində olan Saltanat Novruzovaya (himayə sənədi N ***-*******2) Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixədək, ünvan 2 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. Həmin Müddəaların: 13-cü bəndinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 16-cı bəndinə əsasən doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 16-1-ci bəndinə əsasən xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. 16-3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndərilir. 18-ci bəndinə əsasən ərizə verən şəxsin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Ərizə sahibinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında aktın qeydi, bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizə verən şəxsin yaşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilir. 21-ci bəndinə əsasən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.3-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpa edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydi bərpa olunur və maraqlı şəxs müraciət etdikdə ona müvafiq şəhadətnamə və ya arayış verilir. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur. Məhkəmə qeyd edir ki, iddiaçının doğumu barədə akt qeydinin Gürcüstan Respublikasında tərtib edilməsi, lakin həmin aktın dövlət dilində tərtib edilməməsi və bununla aktın doldurulma qaydasının pozulması səbəbindən şəhadətnamənin təqdim edilməsinin mümkün olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, Gürcüstan Respublikasında tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini əldə etmək mümkün olmamışdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları”nın 9.7-ci bəndində nəzərdə tutulmuş “Şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı məhz Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada, hazırki mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaçınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçı barəsində verilmiş ***-*******3 İD nömrəli himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusilə nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmış, o Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmişdir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Bununla yanaşı, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Hər iki müddəaların mənasından aydın olur ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti ) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınmasını həyata keçirir. Beləliklə, aparılmış təhlilin nəticəsi olaraq məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər, rəsmi sənədi ehtiva edir. Məhkəmə qeyd edir ki, oxşar mövqe yuxarı instansiya məhkəmələrinin qərarında da, (Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1006/2019 saylı) ifadə olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 166.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı: 1.1. Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 1.5. İcra hakimiyyətinin nümayəndəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, ölümün dövlət qeydiyyatını, o cümlədən doğumun və ölümün elektron qaydada qeydiyyatını aparır və doğum, nikah, ölüm haqqında şəhadətnamələr verir. 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olunmur. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. 1.14. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydiy tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 9.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. 9.2. Təkrar şəhadətnamənin verilməsi üçün maraqlı şəxslər tərəfindən seçdiyi qeydiyyat şöbəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə və ya akt qeydinin olduğu konsulluq idarəsinə müraciət olunur. 9.3. Təkrar şəhadətnamələr almaq haqqında ərizələrdə aşağıdakılar göstərilməlidir: 9.3.1. ərizəçinin adı, soyadı və atasının adı; 9.3.2. ünvanı; 9.3.3. haqqında təkrar şəhadətnamə tələb edilən şəxsin adı, soyadı və atasının adı; 9.3.4. təkrar tələb olunan şəhadətnamənin növü; 9.3.5. vətəndaşlıq vəziyyəti aktının qeydini aparan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi, habelə aparılma tarixi və yerli barədə məlumatlar. 9.3-1. Təkrar şəhadətnamənin alınması üçün elektron qaydada müraciət daxil olduqda zəruri olan məlumatlar Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar informasiya sistemində aşkar olunmadıqda onları əks etdirən sənədlər qeydiyyat orqanlarına bilavasitə təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, doğumun qeydiyyatı barədə Ailə Məcəlləsinin və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. 9.8. Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizənin verildiyi gün təqdim olunur, elektron sorğu əsasında şəhadətnamələr isə sorğunun daxil olduğu gün verilir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında təkrar şəhadətnaməni verdikdən dərhal sonra əvvəllər verilmiş şəhadətnamənin qüvvədən düşmüş hesab edilməsi üçün müvafiq məlumatları Qüvvədən düşmüş sənədlərin dövlət reyestrinə ötürür. Vətəndaşlıq vəziyyəti qeydləri sarasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. BMT Baş Assambleyasının 1948-ci il 10 dekabr tarixli 217-ci qətnaməsi ilə qəbul edilmiş “Ümümdünya insan hüquqları Bəyannaməsi”nin 15-ci maddəsində elan olunmuşdur ki, 1. Hər bir insanın vətəndaşlıq hüququ var. 2. Heç kəs məcburi şəkildə vətəndaşlıqdan, yaxud vətəndaşlığını dəyişmək hüququndan məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının: 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan Bakı şəhəri Cavabdeh iddiaçının “şəxsiyyət vəsiqəsi”nin təqdim olunmamasını əsas gətirsə də, doğum haqqında şəhadətnamə olmadan şəxsiyyət vəsiqəsinin verilməsinin mümkün olmadığını nəzərə almamışdır. Belə olan halda, bir tərəfdən şəxsiyyət vəqəsinin verilməsi üçün doğum şəhadətnaməsinin təqdim edilməli, digər tərəfdən doğum haqqında şəhadətnamə alınması üçün şəxsiyyəti təsdiq edən sənəd təqdim edilməlidir, başqa bir tərəfdən də hər hansı şəxsin iddiaçını təmsil etmələri üçün (onların 16 yaşı tamam olmuşdur) etibarnamə də şəxsiyyət vəsiqəsi əsasında alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Cavabdeh imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən nikah haqqında şəhadətnamə, SSRİ nümunəli pasport və Gürcüstan Respublikası Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 77/125948 nömrəli cavab məktubu əsasında onun doğum akt qeydinin soyadı: Alməmmədova, adı: Səltənət, ata adı: Həsən qızı; doğum tarixi: xx.xx.1940, doğum yeri: Gürcüstan Respublikası, Dmanisi rayonu, Qızılhacılı kəndi; atasının soyadı: Alməmmədov, atasının adı: Həsən, atasının ata adı: Alməmməd oğlu, atasının milliyyəti: azərbaycanlı; anasının soyadı: Alməmmədova, anasının adı: Zeynəb, anasının atasının adı: Elbəy qızı, anasının milliyyəti: azərbaycanlı qeyd etməklə bərpa edilməsi; ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən nikah haqqında şəhadətnamə, SSRİ nümunəli pasport və Gürcüstan Respublikası Ədliyyə Nazirliyi Dövlət Xidmətlərinin İnkişafı Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 77/125948 nömrəli cavab məktubu əsasında onun doğum akt qeydinin soyadı: Alməmmədova, adı: Səltənət, ata adı: Həsən qızı; doğum tarixi: xx.xx.1940, doğum yeri: Gürcüstan Respublikası, Dmanisi rayonu, Qızılhacılı kəndi; atasının soyadı: Alməmmədov, atasının adı: Həsən, atasının ata adı: Alməmməd oğlu, atasının milliyyəti: azərbaycanlı; anasının soyadı: Alməmmədova, anasının adı: Zeynəb, anasının atasının adı: Elbəy qızı, anasının milliyyəti: azərbaycanlı qeyd etməklə bərpa edilməsi; ondan şəxsiyyəti təsdiq edən sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında doğum haqqında yeni şəhadətnamə ilə təmin edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar