Məhkəmə qərarları › İş №2-1(112)-3043/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3043/2025

23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3043/2025 23.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15B saylı evin 47 saylı mənzilinin onun adına tam mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1973-cü il tarixdə doğulmuşdur. 1991-ci ildə ailə həyatı qurmuşdur, həyat yoldaşı X4 İ X1 rayonu uğrunda gedən döyüş zamanı şəhid olmuşdur. 2012-ci ildən pasport qeydiyyatında olmaqla, Bakı şəhəri, Lökbatan qəsəbəsi. Seymur Orucov küçəsi, ev 15B, mənzil 47-də oğlu X8 ilə birlikdə yaşayır. Yaşadıqları 81 mənzilli doqquz mərtəbəli yaşayış binası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qaradağ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün inşa edilmişdir. Şəhid ailəsi olduğu üçün xx.xx.2003-cü il tarixdən Qaradağ Rayon İcra Hakimiyyətində mənzil uçotuna götürülmüşdür. Yaşayış yeri olmadığı üçün qeyd olunan Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2012-ci il tarixli, 98 nömrəli sərəncama əsasən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 9 mərtəbəli, 15B saylı binada iddiaçıya (2 nəfər ailə tərkibi ilə) 2 otaqlı, sahəsi 31.94 m2 olan 47 saylı mənzil verilmişdir. Hal-hazırda həmin bina dövlət mənzil fonduna aid olmaqla, Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında və 125 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti dairəsindədir. Mənzilə dair Mənzil-Kommunal İstismar Sahəsi ilə iddiaçı arasında kirayə haqqında birtipli kirayə müqaviləsi də bağlanmışdır və o, mənzilin kirayəçisi hesab olunur. İddiaçı yaşadıqları mənzilin adına özəlləşdirilməsi ilə bağlı sənədləri qanunla müəyyən edilmiş qaydada toplayaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin həmin İdarə xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-M-1222- 8/2024-**********24 saylı məktub ilə imtina cavabı vermişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunsuz və əsassız olaraq yaşadığı mənzilin adına özəlləşdirilməsinə dair müraciətinə imtina cavabı verilmişdir. Onun 2003-cü ildən mənzil növbəsinə durması nəzərə alınmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaya etiraz edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi, 15B saylı evin, 47 saylı mənzilinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Qeyd olunan mənzilə dair Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 98 saylı sərəncamı xx.xx.2012-ci il tarixdə verilmişdir. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən qeyd olunan ünvana texniki baxış keçirilən zaman mənzilin faktiki ümumi sahəsinin 61.2 kv.m olduğu müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Həmçinin bildirdi ki, hazırda oğlu ilə birlikdə sözgüdən mənzildə yaşayır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixli İsmayıllı rayonu Topçu KİN xx.xx.1991-ci il tarixli NHAQ kitabın 22-ci səhifəsindən çıxarışın surətindən görünür ki, X4 ilə X3 arasında nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra kişiyə “Məmmədov”, qadına “Məmmədova” soyadı verilmişdir. -İsmayıllı rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1997-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1994-cü ildə Kəlbəcər rayonu ərazisində döyüş zamanı həlak olmuşdur. Bu barədə ölüm akt qeydləri kitabında xx.xx.1997-ci il tarixli, 05 № ilə qeyd edilmişdir. -Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 22 avqust 2012-ci il tarixli, 98 nömrəli Sərəncamının arxiv çıxarışından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qaradağ rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 81 mənzilli yaşayış binası inşa olunmuşdur. Bakı şəhərinin Qaradağ, Yasamal, Nəsimi və Nərimanov rayonlarında yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış əlillərin və şəhid ailələrinin sırasında daha çox ehtiyacı olanların mənzillə təmin olunmasını obyektiv həyata keçirmək məqsədi ilə Nazirliyin xx.xx.2009-cu il tarixli 11/7-129, xx.xx.2010-cu il tarixli, 11/7-143 №-li əmrinə əsasən xüsusi komissiya yaradılmışdır. Komissiyanın qərarı əsasında Nazirliyin Kollegiyası qərar qəbul etmiş və həmin sənədə əsasən yuxarıda qeyd olunan binadan Qaradağ rayonunda yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış və yaşayış sahəsi ilə təmin edilmək hüququ olan 44 ailəyə mənzillər ayrılmışdır. Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa edilmiş S.Orucov küçəsindəki 81 mənzilli 15B nömrəli yaşayış binasından Qaradağ rayonunda yaşayış yeri üzrə mənzil növbəsində olan aşağıdakı Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, 20 Yanvar əlillərinə və X7 iştirakçılarına mənzil verilsin: 1.26 İddiaçı – şəhid ailəsi, 2 nəfər ailə tərkibi ilə Lökbatan qəsəbəsi, S.Orucov küçəsi, ev 15B, 2 otaqlı sahəsi 31.94 kv.m. olan 47 saylı mənzil. İddiaçı (özü), X5 (oğlu). Həmin sərəncama əlavə edilmiş siyahıdan görünür ki, ünvan 1 ünvanında kirayəçi olmuş İddiaçı 2 nəfər ailə tərkibi ilə, Vİİ mərtəbədə yerləşən 47 nömrəli mənzil ayrılmışdır. -xx.xx.2024-cü il tarixli Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqavilənin surətindən görünür ki, kirayədar 125 saylı Mənzil- Kommunal İstismar Sahəsi ilə kirayəçi İddiaçı arasında Qaradağ Rayon İcra Hakimiyyətinin 98 №-li Sərəncamı əsasında müqavilə bağlanmış, kirayədar kirayəçiyə və onun ailə üzvlərinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində, 15B nömrəli evdə, 47 nömrəli mənzildə 31.94 kv.m yaşayış sahəsini müddətsiz istifadə üçün verir. -xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, X8 ünvan 2 ünvanında yerləşən 47 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir. İşin faktiki hallarından görünür ki, iddiaçının hüquqi marağı və məqsədi Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 22 avqust 2012-ci il tarixli 98 nömrəli Sərəncamı ilə ona ailə tərkibi ilə birlikdə şəhid ailəsi kimi ayrılmış mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Bununla əlaqədar iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Həmin Qanundan: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır (10.2.1). 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda, bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 17.1-ci maddəsinə əsasən mənzil fondu- Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 17.2.2-ci maddəsinə əsasən, dövlət mənzil fondu - mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanundan:

1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

2. Bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir.

5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.

7. Dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 98 nömrəli, 22 avqust 2012-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifariş ilə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 81 mənzilli yaşayış binası inşa olunmuş, qeyd olunan Sərəncama əsasən həmin binanın 47 saylı mənzili 2 nəfər ailə üzvü nəzərə alınmaqla, iddiaçıya verilmişdir. Göründüyü kimi, sözügedən Sərəncam Bakı şəhərinin Qaradağ, Yasamal, Nəsimi və Nərimanov rayonlarında yaşayış yeri üzrə mənzil növbəsinə dayanmış əlillərin və şəhid ailələrinin sırasında daha çox ehtiyacı olanların mənzillə təmin olunmasını obyektiv həyata keçirmək məqsədi ilə Nazirliyin müvafiq əmrinə əsasən xüsusi komissiyanın rəyi əsasında verilmiş və Sərəncamın təyinatı məhz Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin vəziyyətinin nəzərə alınması ilə bağlı olmuşdur. Göründüyü kimi sözügedən Sərəncamda iddiaçıya mənzilin ayrılmasının hər hansı tələb, o cümlədən hər hansı müqavilənin bağlanılması, yaxud hər hansı digər öhdəliklərin yerinə yetirilməsi ilə şərtləndirilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı halda mənzil üzərində hüquqların yaranması əsası kimi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.1-ci maddəsi çıxış edir. Həmin mənzillərin müvəqqəti olaraq verilməsinə dair sərəncamda hər hansı qeyd yoxdur. Həmin sərəncam ləğv edilməmiş və ya geri çağırılmamışdır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Belə olan halda, hazırkı iddia tələbi üzrə iddiaçının mənzilin onun mülkiyyətinə verilməsinə dair qanuni gözləntisi yaranmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ nəzərə alınmalı və qorunmalıdır. Bu yanaşma hüquqi müəyyənlik prinsipinin tələblərindən də irəli gəlir. Belə ki, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından, icra hakimiyyəti orqanının mənzilin iddiaçının mülkiyyətinə deyil, daimi istifadəsinə ayırmaq niyyətinin olduğu hallarda, həmin orqan bu niyyəti barədə ən azı iddiaçıya məlumat verməli və bununla bağlı iradəsini mənzilin ayrılması barədə inzibati aktda əks etdirməli, sərəncamda qanunvericiliyin tələblərindən irəli gələn müvafiq müddəalar, o cümlədən mülkiyyətçi ilə sosial kirayə müqaviləsinin bağlanılması barədə müddəa nəzərdə tutulmalı idi. Hazırkı mübahisəyə münasibətdə hüquqi müəyyənlik prinsipindən irəli gələn həmin tələblərə əməl olunduğu müəyyən olunmur. Cavabdeh tərəfindən də bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, iddiaçının adına ayrılmış mənzilin də yerləşdiyi bina Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil ehtiyaclarının və mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə inşa edilmiş və onların sosial müdafiəsinin gücləndirilməsi tədbiri kimi qiymətləndirilməlidir. Belə ki, şəhid ailəsi kimi qeydiyyatda olmuş iddiaçının da aid olduğu vətəndaşların sosial rifahının, mənzil şəraitinin yaxşılaşdırılması dövlətin öncül prinsiplərindəndir. Qeyd edilməlidir ki, cavabdeh müvafiq səlahiyyətli icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş sərəncamın məzmununa uyğun davranmağa borcludur. Həmçinin nəzərə almaq lazımdır ki, cavabdeh tərəfindən həmin sərəncam məzmun baxımından təftiş edilə və qüvvədə olduğu müddətdə həmin sərəncamın icrasından imtina oluna bilməz. Ona görə də, hazırkı mübahisəyə münasibətdə qeyd edilən Sərəncamın qüvvədə olduğu nəzərə alınmalı, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas qismində qiymətləndirilməli və yetərli sayılmalıdır. Bu baxımdan həmin mənzilin qeydiyyata alınmasına münasibətdə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsi tətbiq olunmalı və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli, 98 nömrəli Sərəncamı istinad olunmuş maddədə nəzərdə tutulmuş əsas qismində qəbul edilməlidir. Məhkəmə cavabdeh inzibati orqanın etirazda qeyd etdiyi faktiki sahənin 61.2 kv.metr olduğuna dair dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı məhkəmə icraatı zamanı mülkiyyət hüquqlarının ünvan 3 ünvanında yerləşən 47 saylı mənzilin Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2012-ci il tarixli 98 nömrəli Sərəncamındakı ölçülərə uyğun olaraq qeydiyyata alınmasını xahiş etmişdir. Odur ki, məhkəmə cavabdehin qeyd olunan dəlilini də əsassız hesab edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə həm də nəzərə alır ki, qeyd edilən binadakı mənzillərin analoji sənədlər əsasında ilkin hüquqi qeydiyyata alınmasına dair məhkəmə aktları mövcuddur və həmin qərarlar əsasında da hüquqların dövlət qeydiyyatı aparılmışdır. Odur ki, iddiaçıya münasibətdə fərqli rəftar bərabərlik hüququnun pozulması hesab edilə bilər. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Ona görə də, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 99 nömrəli, 22 avqust 2012-ci il tarixli sərəncamı ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsində inşa edilmiş S.Orucov küçəsindəki 15B nömrəli evin 64 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsindəki 15B nömrəli evin 47 saylı mənzili üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun tərtib edilərək verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar