Məhkəmə qərarları › İş №2-1(112)-3044/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3044/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3044/2020 12.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 mənzil 44 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı (üçüncü şəxs “Azərbaycan X6” Qapalı Səhmdar Cəmiyyəti cəlb olunmaqla) əlilliyin bərpa olunması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı (üçüncü şəxs “Azərbaycan X6” Qapalı Səhmdar Cəmiyyəti cəlb olunmaqla) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2017-ci il tarixdən təyin edilmiş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə dəyişdirilməsi nəzərə alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1956-cı ildə Tovuz rayonunda doğulmuşdur. xx.xx.2017-ci il tarixdə ona ümumi xəstəlik səbəbindən ikinci dərəcəli əlillik təyin olunmuşdur. Təyin olunmuş əlilliyin müddəti 5 il olaraq qeyd olunmuşdur. Yəni, o, xx.xx.2022-ci ildə yenidən qiymətləndirmədən keçməli idi. Əlilik təyinatı zamanı diaqnoz bölməsində «Şəkərli diabet tip İİ orta ağır formalı, dekonpensasiya faza fazasında insulin tələbi ilə. Diabetik angeoretinopatiya. Sol mədəcik çatışmamazlığı, QDÇ İİ d. ÜİX Gərginlik stabil stenokardiyası f/s İİİ, tez-tez baş verən stenokardiya tutmaları ilə. Hipertoniya xəstəliyi İİ mərhələ. Periferik qan dövranının pozğunluğu. Diabetik mikroangeopatiya. Diabetik polineyropatiya. Aşağı ətrafların sağalmayan trofik yaraları» qeyd olunmuşdur. Daha sonra müxtəlif vaxtlarda müayinələrdən keçmiş və əlilik arayışında qeyd olunan diaqnoz öz təsdiqini tapmışdır. Sonradan ona məlum olmuşdur ki, DSMF-nin Xəzər rayon Şöbəsi tərəfindən ona təyin olunmuş pensiya dayandırılmışdır. Həmin halı araşdıran zaman məlum olmuşdur ki, əlilliyim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «Əlillik» altsistemində etibarsız hesab edilmişdir. Ətraflı şəkildə məlumat əldə etmək və əlilliyinin bərpası üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Həmin müraciətə cavab olaraq bildirilmişdir ki, «Azərbaycan X6» QSC-nin Sosial İnkişaf İdarəsi tərəfindən qiymətləndirməyə əsas verən 44005003AAB6G göndəriş əsassız hesab edilmişdir. Bununla əlaqədar əlilik müayinəsi Nazirliyin «Əlillik» alt sistemində etibarsız hesab edilmişdir. Sadalanan faktlardan göründüyü kimi, əlillik təyin olunması üçün müayinədən keçərkən ona qoyulmuş diaqnoz ilə müxtəlif vaxtlarda qoyulmuş diaqnozlar eynilik təşkil edir. Bundan əlavə cavabdeh inzibati orqan əlilliyinin etibarsız hesab edilməsi üçün «Azərbaycan X6» QSC tərəfindən göndərişin əsassız olmasını əsas götürsə də, həmin məktubun surətini və ya məzmununu ona təqdim etməmişdir. Bundan başqa ona məxsus əlillik etibarsız hesab edilsə də, bu barədə hər hansı bir məlumat verilməmişdir. Aidiyyəti qurumlara müraciət ünvanladıqdan sonra ona nəhayət ki, bir məlumat verilmişdir. Hesab edir ki, cavabdehin hərəkətləri əsassızdır. İnzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları pozulmuşdur. Eyni zamanda əlillik meyarlarının müəyyən olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq edilmişdir. Həmin Qərarda əlilliyin vaxtından əvvəl ləğv və ya etibarsız hesab olunması halları qeyd olunmamşıdır. Göründüyü kimi Xidmət tərəfindən hüquqları kobudcasına pozulmuş və onun sosial təminat hüquqlarım məhdudlaşdırılmışdır. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət məhkəməyə təqdim edilərək bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti X6 QSC Sosial inkişaf İdarəsinin MDX Əhmədli Tibbi sanitar hissəsinin 4405003AABPX saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. “X6” QSC tərəfindən 4405003AABPV saylı göndəriş etibarsız edildiyindən Əlillik altsistemində əlillik müayinəsi ləğv edilmişdir. “Azərbaycan X6” QSC-nin xx.xx.2019-cu il tarixli MC 02/02-45 nömrəli məktubu ilə qiymətləndirilməyə əsas verən 4405003AABPX saylı göndəriş əsassız hesab edildiyi bildirilmişdir. Bununla əlaqədar Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-Sosial Ekspert Komissiyaları haqqında” Əsasnaməyə müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. İddiaçı əlillik vəziyyəti “X6” QSC-nin Sosial İnkişaf İdarəsinin MDX Əhmədli tibbi-sanitar hissəsi 4405003AABPX saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Göndərişi rəsmiləşdirən “Azərbaycan X6” QSC-nin tərəfindən əlilliyin təyininə əsas olan 4405003AABPX saylı göndərişin əsassız rəsmiləşdirildiyi bildirilmişdir. Buna görə də Əlillik altsistemində İddiaçı aid qiymətləndirmə etibarsız edilmişdir. İddiaçı əlilliyinin etibarsız edilməsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir. Əlilliyin təyininə əsas verən hüquqi sənəd əsassız hesab edildiyinə görə şəxsin əlillik müayinəsi etibarsız edilmişdir. İddiaçı qeydiyyatda olduğu səhiyyə müəssisəsi tərəfindən müayinə və müalicə olunduqdan sonra göndəriş rəsmiləşdirildiyi halda əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq şəxsin iştirakı olmadan qiymətləndirilib müvafiq qərar veriləcəkdir. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs nümayəndəsini şifahi məhkəmə baxışı iclasına göndərməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı, xx xxxxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müraciətinə baxılmış və müəyyən olunmuşdur ki, əlillik vəziyyəti X6 QSC Sosial İnkişaf İdarəsi MDX X9 hissəsinin 4405003AABPX saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə qiymətləndirilmiş və ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Qiymətləndirməyə əsas verən 4405003AAB6G saylı göndəriş X6 QSC Sosial inkişaf idarəsi tərəfindən əsassız hesab edildiyinə görə əlillik məlumatları Əlillik altsistemində etibarsız edilmişdir. O, yaşayış yeri üzrə səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə edildikdən sonra göndəriş (forma 088) rəsmiləşdirildiyi halda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016cı il tarixli 36 nömrəli qərarına uyğun olaraq əlillik vəziyyəti iştirakı olmadan Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən adsızlaşdırılmış sənədlər əsasında qiymətləndirilib müvafiq qərar veriləcəkdir. İşdə olan X8 ASC-nin Əhmədli tibbi sanitar hissəsi tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasına göndərilmiş 4405003AABPX saylı forma 088 saylı arayışdan görünür ki, İddiaçı insulindən asılı şəkərli diabet, Periferik qan dövranının pozğunluğu ilə. Şəkərli diabet tip ikinci orta ağır formalı, dekonpensasiya faza fazasında insulin tələbi ilə əsas diaqnozu ilə, ümumi xəstəlik əsası ilə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün xx.xx.2017-ci il tarixdə göndəriş rəsmiləşdirilmişdir. İşdə olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə 4405003AABPX saylı forma 88 arayış əsasında xx.xx.2022-ci il tarixədək ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi ümumi xəstəlik, diaqnoz – şəkərli diabet tip İİ orta ağır formalı, dekonpensasiya faza fazasında insulin tələbi ilə. Diabetik angeoretinopatiya. Sol mədəcik çatmamazlığı, QDÇ İİ d. ÜİX gərginlik stabil stenokardiyası İİİ f.s tez-tez baş verən stenokardiya tutmaları ilə. Hipertoniya xəstəliyi – İİ mərhələ. Periferik qan dövranının pozğunluğu. Diabetik mikroangeopatiya. Diabetik polineyropatiya. Aşağ ətrafların sağalmayan torfik yaraları göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş Ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ÜİX gərginlik stabil stenokardiyası, infarktdan sonrakı kardioskleroz diaqnozu ilə Akademik C.Abdullayev adına X4 İnstitutunda stasionar müalicədə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş Ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək ÜİX gərginlik stabil stenokardiyası, infarktdan sonrakı kardioskleroz diaqnozu ilə Akademik C.Abdullayev adına X4 İnstitutunda stasionar müalicədə olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika Əlillərinin Bərpa Mərkəzi tərəfindən verilmiş 642 saylı xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin göndərişi əsasında xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək şəkərli diabet tip İİ. Diabetik angiopatiya. Hipertoniya xəstəliyi İİ dər. QDC İİ dər. ÜİX diabetik polineyropatiya. Asteno nevrotik sindrom diaqnozu ilə stasionar müalicədə olmuşdur. Beləliklə iş materiallarında olan sənədlər əsasında məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçıya X8 ASC Əhmədli tibbi sanitar hissəsi tərəfindən rəsmiləşdirilmiş 4405003AABPX saylı forma 088 saylı göndərişi əsasında xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik səbəbi ilə beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Lakin daha sonra cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlillik “Azərbaycan X6” QSC-nin Sosial İnkişaf İdarəsi tərəfindən 4405003AABPX saylı göndəriş əsassız hesab edildiyindən, Əlillik altsistemində etibarsız hesab edilmişdir. İddiaçı əlilliyin bərpa edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının müraciətin təmin edilməsindən yuxarıda göstərilən əsasla imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 4.2-ci bəndinə əsasən, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İddiaçıya əlilliyin təyin olunduğu dövr qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş Tibbisosial ekspert komissiyaları haqqında Əsasnamənin 4.3-cü bəndinə əsasən göndərişlər “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə rəsmiləşdirilən tarixdə həkimməsləhət və ya hərbi-həkim ekspertizasının sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında daxil edilir və həmin gün şəxsə bu barədə məlumat verilir; Həmin Əsasnamənin 4.6-cı bəndinə əsasən göndərişlər rəsmiləşdirildiyi tarixdən 1 (bir) ay müddətində qüvvədə olur. Həmin Əsasnamənin 4.9-cu bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X3 Sosial Ekspertiza və X5 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.9-1-ci bəndinə əsasən TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndərilir. Həmin Əsasnamənin 4.16-cı bəndinə əsasən TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Həmin Əsasnamənin 4.17-ci bəndinə əsasən qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilir (1 nömrəli əlavə). Həmin Əsasnamənin 4.19-cu bəndinə əsasən hər iş gününün sonunda TSEK tərəfindən gün ərzində aparılmış əlilliyin qiymətləndirilməsi hallarını özündə əks etdirən protokol tərtib olunur və hər bir komissiya üzvü tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək TSERAS-a daxil edilir. Həmin Əsasnamənin 4.26-cı bəndinə əsasən əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablanır. Göründüyü kimi həmin dövr qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən iddiaçıya əlillik dərəcəsinin təyin edilməsi üçün 4405003AABPX saylı forma 88 göndərişi müayinə olunması üçün TSERAS-a daxil edilmiş və həmin göndəriş əsasında iddiaçıya TSEK tərəfindən ümumi xəstəliklə əlaqədar xx.xx.2017-ci il tarixdən 5 il müddətinə İİ qrup əlillik təyin edilmişdir. İddiaçıya 5 il müddətinə əlillik təyin edildiyindən sonra ona təyin edilmiş əlilliyin göndərişin etibarsız hesab edilməsi əsası ilə X7 etibarsız hesab edilərək, ləğv edilməsi barədə cavabdehin hərəkətləri qanunvericiliyin tələblərinə zidd olmuşdur. Həmçinin iş materiallarında olan ambulator kitabçadan (xəstəlik tarixindən) Çıxarışlardan görünür ki, iddiaçı ona əlillik təyin edildikdən sonra da, əlilliyin təyin edilməsinə əsas olmuş ümumi xəstəlikdə göstərilən əsas diaqnozlar ilə stasionar müalicədə olmuşdur. İddiaçıya əlilliyin təyin edilməsinə əsas olmuş göndərişin hansı səbəbdən etibarsız hesab edilməsi ilə bağlı cavabdeh tərəfindən hər hansı sübutları əks etdirən inzibati icraat materialları məhkəməyə təqdim edilməmişdir. Məhkəmə araşdırması dövründə İddiaçı barəsində “X8” ASC Əhmədli tibbi sanitar hissəsi tərəfindən tərtib edilmiş 4405003AABPX saylı forma 088 saylı arayışın və həmin arayışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti sorğu əsasında “Azərbaycan X6” QSC-dən tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq “Azərbaycan X6” QSC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, MC02/02-117 saylı məktublardan görünür ki, əvvəllər ASCO-nun strukturuna daxil olmuş Əhmədli tibbi sanitar hissənin də tabe olduğu “X2” MMC Azərbaycan Respublikasının 1996-cı il 29 noyabr tarixli 208-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin 2018-ci il 16 yanvar tarixli 12 nömrəli sərəncamına əsasən yenidən təşkil edilmiş, təsisçi Azərbaycan Respublikasının adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X8” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Eyni zamanda “X8” ASC 2018-ci il 22 may tarixində dövlət qeydiyyatından keçmiş və bununla da yenidən təşkil olunan “X2” MMC (tabeliyində olan Uşaq poliklinikası və Əhmədli tibbi-sanitar hissə daxil olmaqla) ASCO-nun strukturundan çıxmışdır. Tibbi fəaliyyətlə məşğul olan sözügedən təşkilatlara məxsus arxiv sənədləri özlərində saxlanıldığı üçün, tələb olunan sənədlərin “Azərbaycan X6” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilməsi mümkün deyildir. Həmçinin “Azərbaycan X6” QSC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, MC02/02-118 saylı məktubla göstərilmişdir ki, “Azərbaycan X6” Qapalı Səhmdar Cəmiyyəti əlilliyin təyin və ya ləğv edilməsi barədə qərar verən müvafiq icra hakimiyyəti orqanı deyildir və onun belə bir səlahiyyəti yoxdur. İddia ərizəsində əlilliyin ləğv edilməsi zamanı ASCO-nun məktubunun əsas götürülməsi ilə bağlı qeyd edilir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında “Azərbaycan X6” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş cavabda həmin qurumun apardığı araşdırmanın nəticəsinə əsasən nöqsanlar aşkar edilmiş, göndərişlərin etibarsız hesab edilməsi uyğun görülmüşdür. Belə ki, “Azərbaycan X6” Qapalı Səhmdar Cəmiyyəti əvvəllər tabeliyində olmuş hər hansı bir tibbi xidmət göstərən təşkilat tərəfindən verilmiş göndərişin etibarsız hesab edilməsi barədə sərəncam verməmişdir. “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 19 iyul tarixli 1003 nömrəli Fərmanının 1.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2016-cı il tarixli 550S nömrəli sərəncamına əsasən “Orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin Siyahısı” (2 nömrəli əlavə) təsdiq edilmişdir. Nazirlər Kabinetinin sözügedən sərəncamına əsasən ASCO-nun Sosial İnkişaf İdarəsinin tabeliyində hüquqi şəxs statusuna malik olmayan təşkilat kimi fəaliyyət göstərən X2 da özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısına daxil edilmişdir. Qeyd olunan xəstəxananın qanunvericiliklə müəyyən edilmiş qaydada özəlləşdirilməsi ilə əlaqədar aidiyyəti dövlət qurumunun idarəetməsinə verilməsi məqsədilə, onun bazasında ASCO-nun təsisçiliyi ilə “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Adıçəkilən MMC (tabeliyində olan Uşaq poliklinikası və Əhmədli tibbi-sanitar hissə daxil olmaqla) Əmlak Məsələləri Dövlət Komitəsinin (Komitə) idarəetməsinə verilmiş və Komitənin 2018ci il 16 yanvar tarixli 12 nömrəli sərəncamına əsasən “X2” MMC yenidən təşkil edilmiş, təsisçi Azərbaycan Respublikasının adından Əmlak Məsələləri Dövlət Komitəsi olmaqla “X8” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. Eyni zamanda, “X8” ASC 2018-ci il 22 may tarixində dövlət qeydiyyatından keçmiş və bununla da yenidən təşkil olunan “X2” MMC (tabeliyində olan Uşaq poliklinikası və Əhmədli tibbi-sanitar hissə ilə birlikdə) ASCO-nun strukturundan çıxmışdır. İddiaçının qeyd etdiyi 44002003AAB6G saylı göndəriş Əhmədli tibbi-sanitar hissə tərəfindən verilmişdir. Həmin göndərişin və təyin olunmuş əlilliyin bərpa edilməsi ASCO-nun maraqlarına toxunmur. Bundan sonra məhkəmə tərəfindən “X8” ASC-nə (X2) sorğu göndərilərək “X8 ASC” Əhmədli tibbi sanitar hissəsi tərəfindən tərtib edilmiş 4405003AABPX saylı forma 088 saylı arayışın və həmin arayışın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surəti tələb edilsə də, lakin sorğuya cavab verilməmişdir. Məhkəmə qeyd edir ki, həmin dövr qüvvədə olan yuxarıda qeyd edilən Əsasnamədə şəxsə təyin edilmiş əlilliyin sonradan göndərişin əsassız hesab edilməsi əsası ilə əlillik altsistemində etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin elektron sistemə nəzarət edilməsi, onun idarə edilməsi və s. bu kimi səlahiyyətlərin cavabdehə məxsus olduğunu nəzərə alaraq, hesab edir ki, iddiaçı sonuncu müayinənin nəticələrinə əsasən əlil kimi tanındığından, ona xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar təyin olunmuş ikinci dərəcəli əlilliyin elektron sistemdə etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi məhz cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2020-ci il tarixli, 1077 saylı Fərmanı ilə təsdiq edilmiş Dövlət Tibbi-Sosial Ekspertiza və X1 3.1.3-cü bəndinə əsasən əlilliyin və reablitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlilliyinin dərəcəsini, əlilliyin müddəti və səbəbi barədə qərar qəbulunu təmin etmək bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifələrindəndir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2017-ci il tarixdə ümumi xəstəlik ilə əlaqədar təyin olunmuş ikinci dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar