Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3044/2021 14.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayonu, Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban işləməsinə dair iş illərinin, 1989-cu ilin yanvar ayından 1996-cı ilin dekabr ayının sonunadək İsmayıllı rayonu, Soltankənd kəndi, Aşıq Ələsgər adına kolxozda xəzinədar vəzifəsində işləməsinə dair iş illərinin sığorta stajına daxil edilərək ona 10.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, pensiya yaşına 2019-cu ilin fevral ayının 10-da çatmış, hal-hazırda 66 yaşı var və bununla əlaqədar olaraq o, pensiya çıxmaq istəyir. Ona görə də o, müvafiq sənədlərini toplamış, o cümlədən işləməsinə dair arxiv arayışını, məhkəmə qətnaməsini cavabdehə təqdim edərək yaşa görə pensiyanın təyin edilməsini xahiş etmişdir. Lakin cavabdeh əsassız olaraq ona imtina edərək bildirmişdir ki, onun işlədiyi 1989-1996-cı il sosial sığorta stajı arxiv arayışı olduğu üçün ona pensiya təyin olunması mümkün deyildir, bu səbəbdən ona pensiya təyin edilməmişdir. Onun əsgərlik xidməti ilə birlikdə cəmi 25 il 9 ay iş stajı vardır. Beləliklə də onun iş stajının olmasını təsdiq edən sənədləri olduğu halda cavabdeh əsassız olaraq ona yaşa görə pensiya təyin etməmiş, nəticədə o, pensiya ala bilmir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək, 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayonu, Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda çoban və 1989cu il tarixdən 1996-cı il tarixədək İsmayıllı rayonu, Soltankənd kəndi, “Aşıq Ələsgər” adına kolxozda xəzinədar vəzifəsində işlədiyini iddia edir. İddiaçı ona pensiya təyin olunması üçün Fondun İsmayıllı rayon filialına müraciət etmiş, lakin 1989-cu il tarixdən 1996-cı il tarixədək iddiaçının işlədiyi illər əmək kitabçasında qeyd olunmadığı üçün ona əmək pensiyası təyin olunmaqdan imtina edilmişdir. İmtina qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir. Belə ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddgsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 ıl sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü maddəsinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. “Əmək pensiyaları haqqında" Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim ədilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İş üzrə icraat materiallarından da göründüyü kimi, İddiaçı adına əmək kitabçası tərtib olunmamışdır. Onun həmin kolxozda işləməsi arxiv arayışları əsasında müəyyən olunur. Lakin istinad olunan qanunvericilik aktlarının əlaqəli təhlilindən də göründüyü kimi arxiv arayışı sığorta stajını təsdiq edən sənəd hesab oluna bilməz. Ümumilikdə, iddiaçının sığorta stajı Ermənistan Respublikası Vardenis rayonu, Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda 15 il 9 ay və hərbi xidmət müddəti 2 il olmaqla 17 il 9 ay təşkil edir. Bu da qanunvericiliklə nəzərdə tutulan 25 il sığorta stajı tələbinə cavab vermir. Belə ki, iddiaçı yaşa görə pensiya təyin olunması üçün qanunla müəyyən olunmuş yaş həddinə çatmasına baxmayaraq, kifayət qədər sığorta stajı olmadığı üçün onun pensiya hüququ yaranmır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ermənistan, Vardenis rayonunda xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan iddiaçıya məxsus NZ seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 18.11.1975-ci ildən 14.12.1977-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 27.11.2020-ci i tarixli **********9 saylı məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon filialından daxil olmuş ərizənizə və ona əlavə olunmuş sənədlərə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialında baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-cı maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) 2020-ci ilin 1 iyul tarixindən kişilərin pensiya yaşı 65 yaş müəyyən olunmuşdur. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Təqdim etdiyiniz sənədlərdən göründüyü kimi Sizin ümumi iş stajınız 17 il 9 ay olmaqla qanunla tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda 01.01.2006-cı il tarixdən 01.07.2018-ci il tarixədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalınız qeydə alınmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası və əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq bildiririk ki, Siz 1989-1996-cı il tarixlərində işlədiyiniz dövrün sığorta stajınıza əlavə olunması üçün arxiv arayışı təqdim etmisiniz. Bu səbəbdən həmin dövrün sığorta stajınıza əlavə olunması mümkün hesab olunmur. Həmçinin, 01.01.2006-cı il tarixədək olan sığorta stajınıza uyğun (17 il 9 ay) sığorta kapitalınız 13158,08 manat olmaqla tələb olunan 28800 manat sığorta kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Belə ki, "pensiya kapitalınızın məbləğinin sözügedən Qanunun 45-ci maddəsinin birinci cümləsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci bəndinə uyğun olaraq müəyyən edilən gözlənilən pensiya ödənişi müddətinə-144 aya bölünməsi ilə alınan məbləğ "Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsində nəzərdə tutulmuş əmək pensiyasının minimum məbləğindən (200,00) aşağıdır. Qeyd olunanları nəzərə alaraq Sizə yaşa görə əmək pensiyası təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığından yaşa görə sosial müvainətin təyin edilməsi üçün müvafiq rayon filialına müraciət etməyiniz tövsiyə olunur. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait (15641,92 manat) ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxv İdarəsi İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllı rayon Dövlət Arxivinin 41 saylı 14.02.2019-cu il tarixli arxiv arayışından görünür ki, İsmayıllı rayonu Soltankənd kənd sakini Xamoyev X2 rayonu Soltankənd A.Ələsgər kolxozunun 33 №-li Arxiv fondunda saxlanan 1989-1996-cı illərin əmək haqqı ödənişi üzrə hesablaşma kitablarında qazandığı adam günü, əmək haqqı aşağıdakı kimi qeyd olunub: (il ərzində) 1989-cu ildə adam günü 323, əmək haqqı 2047.00, 1990-cı ildə adam günü 303, əmək haqqı 2735.44, 1991-cı ildə adam günü 288, əmək haqqı 1831.00, 1992-ci ildə adam günü 306, əmək haqqı 20342, 1993-cü ildə adam günü 309, əmək haqqı 107280, 1994-cü ildə adam günü 311, əmək haqqı 104730, 1995-ci ildə adam günü 309, əmək haqqı 305085, 1996-cı ildə adam günü 311, əmək haqqı 312180 kimi qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-369/2019 saylı 23.04.2019-cu il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, ərizəçi İddiaçı 1971ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayon Qoşabulaq kənd «Qoşabulaq» kolxozunda çoban işləməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)- 746/2020 saylı 10.03.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, İsmayıllı Rayon Məhkəməsinin 23 aprel 2019-cu ii tarixli, 2(037)-369/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-4256/2020 saylı 01.09.2020-ci il tarixli qərarından görünür ki, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun İsmayıllı rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırki iş üzrə 10.03.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsi tərəfindən Bakı İnzibati məhkəməsinə ünvanlanmış 27.01.2021-ci il tarixli SDS-233 nömrəli məktubdan görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 23 aprel 2019-cu il tarixli 2(037)-369 nömrəli qətnaməsi qanuni qüvvəyə minmiş və icra olunması üçün 14 oktyabr 2020-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllı rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 17 saylı 11.02.2021-ci il tarixli məktubundan görünür ki, İsmayıllı rayonu Soltankənd A.Ələsgər kolxozunun 33 №-li Arxiv fondunda saxlanan 1989-1996-cı illərin əmək haqqı ödənişi üzrə hesablaşma kitablarında İddiaçı illər üzrə qazandığı adam günü, əmək haqqı aşağıdakı kimi qeyd olunub: (il ərzində) 1989-cu ildə adam günü 323, əmək haqqı 2047.00, 1990-cı ildə adam günü 303, əmək haqqı 2735.44, 1991-cı ildə adam günü 288, əmək haqqı 1831.00, 1992-ci ildə adam günü 306, əmək haqqı 20342, 1993-cü ildə adam günü 309, əmək haqqı 107280, 1994-cü ildə adam günü 311, əmək haqqı 104730, 1995-ci ildə adam günü 309, əmək haqqı 305085, 1996-cı ildə adam günü 311, əmək haqqı 312180. Qeyd: Soltankənd A.Ələsgər kolxozunun 1986-1996-cı illərin daimi saxlanan sənədləri Arxiv fonduna təhvil verilmədiyi üçün İddiaçı (kolxozda işləyən kolxoz üzvlərinin) iş normasın, işə qəbul, işdən azad olma (işlədiyi müddət) barədə protokol qərarlarından çıxarış vermək mümkün olmamışdır. Arxiv fonduna təhvil verilməyən sənədlərin harada olması barədə məlumat yoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeydində göstərilir: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi» Qaydalarının 4.1.2-ci bəndinə əsasən Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir: dövr 01.07.2018 - 30.06.2019, kişilər üzrə pensiya yaşı 64 il. Həmin Qaydaların 2 nömrəli əlavəsinin 1-ci bəndinə əsasən növündən asılı olmayaraq pensiya təyin edilməsi üçün aşağıdakı sənədlər tələb olunur: şəxsiyyət vəsiqəsinin və ya ümumvətəndaş pasportunun surəti; ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür. İddiaçı 18.11.1975-ci ildən 14.12.1977-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-369/2019 saylı 23.04.2019-cu il tarixli qətnaməsinə əsasən 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Vardenis rayon Qoşabulaq kənd «Qoşabulaq» kolxozunda çoban işləməsi faktı müəyyən edilmişdir (qətnamə qanuni qüvvəyə minmişdir). Bundan başqa, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi İsmayıllı rayon İcra Hakimiyyəti İsmayıllı rayon Dövlət Arxivinin arxiv arayışına əsasən iddiaçı İsmayıllı rayonu Soltankənd A.Ələsgər kolxozunda 1989-cu ildən 1996-cı ilədək xəzinədar vəzifəsində işləmişdir. Göründüyü kimi, iddiaçı 25 il 9 ay staja malikdir. İddiaçının xx.xx.1955-ci il tarixdə doğulduğu nəzərə alındıqda, onun 64 yaşının tamam olduğu vaxtdan - 10.02.2019-cu il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Cavabdeh yalnız 1989-1996-ci illərdə iddiaçının işlədiyi dövrün sığorta stajına əlavə olunması üçün arxiv arayışı təqdim etdiyinə görə həmin dövrün sığorta stajına əlavə edilməsinin mümkün hesab olunmadığını qeyd etməklə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Lakin “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajının müəyyən edildiyi sənədlərdən biri də arxiv müəssisələri tərəfindən verilən sənədlərdir. Öz növbəsində nəzərə almaq lazımdır ki, arxiv arayışında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd olunan müddət də iddiaçının sosial sığorta stajına əlavə edilməlidir. Beləliklə, iddiaçı hərbi xidmət dövrü də daxil olmaqla 25 ildən artıq sığorta stajına malikdir. Göründüyü kimi, iddiaçının 64 yaşı 10.02.2019-cu ildə tamam olmuşdur və iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələb etdiyi minimum sığorta stajına malikdir. Ona görə də cavabdehin imtinası əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 1971-ci ilin yanvar ayından 1975-ci ilin noyabr ayınadək və 1978-ci ilin yanvar ayından 1988-ci ilin dekabr ayının sonunadək Ermənistan Respublikası Vardenis rayonu Qoşabulaq kənd “Qoşabulaq” kolxozunda, 1989-cu ilin yanvar ayından 1996-cı ilin dekabr ayının sonunadək İsmayıllı rayonu, Soltankənd kəndi, Aşıq Ələsgər adına kolxozda işlədiyi dövrlər sığorta stajına daxil edilərək ona 10.02.2019-cu il tarixdən (64 yaş) yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3044/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3044/2021
14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver