Məhkəmə qərarları › İş №2-1(112)-3045/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3045/2024

04.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3045/2024 04.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “tikiliyə yeni ünvan təyin edilməsi və həmin tikiliyə dair digər şəxslərin adları qeyd olunmadan mülkiyyət hüququ haqqında ayrıca çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 14 iyun 2017-ci il tarixli, ********** saylı Çıxarışı qismən ləğv edərək, Çıxarışda fərdi yaşayış evinin ünvanının 13 A və mülkiyyətçi kimi yalnız onun adının yazılması və göstərilməsi şərtini nəzərə almaqla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüququnun Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınması barədə Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbinin Bakı şəhəri, ünvan 3 ünvan təyin edilməsi və həmin tikiliyə dair digər şəxslərin adları qeyd olunmadan mülkiyyət hüququ haqqında ayrıca çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi dəqiqləşdirilməsini xahiş etmişdir.

3. Məhkəmənin xx.xx.2024-cü il tarixli Qərardadı ilə iddia tələbi “Bakı şəhəri, ünvan 3 ünvan təyin edilməsi və həmin tikiliyə dair digər şəxslərin adları qeyd olunmadan mülkiyyət hüququ haqqında ayrıca çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aydınlıq küçəsi, ev 13 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsus olan hissədə mərhum anasının adına olmuşdur. Sonradan iddiaçının anasının vəfatından sonra vərəsəlik qaydasında iddiaçının adına keçmiş və Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 14 iyun 2017-ci il tarixli, ********** saylı Çıxarış verilmişdir. Belə ki, iddiaçıya verilmiş çıxarışla əmlakın 1/2 hissəsi üzərində iddiaçının, digər 1/2 hissəsi üzərində isə X2, Salamova X9, X7 və X5 paylı mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. İddiaçı qeyd edir ki, sözügedən fərdi yaşayış evinin nömrəsi 13 deyil, 13a olmuşdur. Bakı şəhəri Sabunçu RİHB-nm Zabrat qəsəbəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2017-ci il tarixli, 8 №-li arayış və Zabrat Bələdiyyəsindən verilmiş 16 oktyabr 2006-cı il tarixli, 64 No-li arayışdan da görünür ki, sözügedən fərdi yaşayış evinin nömrəsi 13a olaraq qeyd edilmişdir. Lakin sözügedən çıxarışla iddiaçının həmin ünvandakı fərdi yaşayış evinə mülkiyyət hüquqları paylı mülkiyyət kimi göstərilməklə yanaşı həmin fərdi yaşayış evinin ünvanı 13 kimi göstərilmişdir. Ancaq bu barədə iddiaçıya heç bir məlumat və ya sənəd verilməmişdir. Göstərilən məsələ ilə bağlı cavabdeh orqana ərizə ilə müraciət edilmiş və hər iki fərdi yaşayış evinə ayrı-ayrı çıxarışların və texniki pasportların verilməsi, o cümlədən texniki pasportda hansı səbəbdən "B" tikilisinin göstərilməməsi səbəbləri barədə ətraflı məlumat verilməsi xahiş olunmuşdur. Cavabdeh tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 3- 21-3-30/2-N-0201/**********566/2023 saylı cavab məktubunda fərdi yaşayış evinə və torpaq sahəsinə texniki baxış keçirilməsi və çöl-ölçmə işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmadığı qeyd olunmuşdur. Daha sonra iddiaçı tərəfindən cavabdeh orqana növbəti ərizə göndərilmiş və 14 iyun 2017-ci il tarixli, ********** saylı Çıxarışı qismən ləğv edərək Çıxarışda fərdi yaşayış evinin ünvanının 13 A və mülkiyyətçi kimi yalnız iddiaçının adının yazılması və göstərilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-N- 0201/**********481/2023 saylı cavab məktubunda göstərilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman fərdi yaşayış evinin vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarət olduğu müəyyən edilmişdir və konstruktiv cəhətdən vahid olan tikili iki əsas tikiliyə bölünə bilinmədiyindən müraciətimdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, müvafiq fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyata alındığından müraciətimdə qeyd olunan məsələ ilə bağlı digər payçının notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsinin təqdim edilməsi məqsədəuyğundur. İddiaçı qeyd edir ki, həmin ünvanda 1 yox, 2 fərdi yaşayış evi yerləşir. Google Map və digər sənədlərdən də həmin ünvanda 2 fərdi yaşayış evinin yerləşdiyi görünür. Yəni nə digər yaşayış evinin, nə də həmin yaşayış sahəsində yaşayan payçıların bizə heç bir aidiyyəti olmamışdır.

5. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman fərdi yaşayış evinin vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarət olduğu müəyyən edilmişdir. Konstruktiv cəhətdən vahid olan tikili iki əsas tikiliyə bölünə bilinmədiyindən müraciətinizdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. Bundan əlavə, müvafiq fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyata alındığından müraciətinizdə qeyd olunan məsələ ilə bağlı digər payçının notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsinin təqdim edilməsi məqsədəuyğundur. Bildirilir ki, İddiaçı qeyd olunan fərdi yaşayış evi üzərində hüquqların qeydiyyatına dair ********** nömrəli müraciəti zamanı xx.xx.2017-ci il tarixində İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilərkən tikilinin konstruktiv cəhətdən vahid olduğu aşkar olunmuşdur. Odur ki, sözügedən daşınmaz əmlakın qeydiyyatı zamanı vahid tikili olmaqla “A” tikilisinin qeydiyyatı aparılmış, buna uyğun olaraq fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir.

6. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəməyə təqdim etdiyi yazılı etirazda qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-15077/2023 saylı sərəncamının icrası ilə əlaqədar bildirilir ki, İddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 14 iyun 2017-ci il gtarixli, ********** saylı Çıxarışın qismən ləğv edilərək, çıxarışda fərdi yaşayış evinin ünvanının 13A və mülkiyyətçi kimi yalnız iddiaçının adının yazılması və göstərilməsi şərtini nəzərə almaqla ünvan 2 ünvanında yerləşən fərdi yaşayış sahəsi üzərində xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı ********** nömrəli, xx.xx.2023-cü il tarixli və ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizələr ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********66 xaricolma nömrəli və xx.xx.2023-cü il tarixli, **********81 xaricolma nömrəli məktublarla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilən zaman fərdi yaşayış evinin vahid konstruktiv yükgötürən divarlara malik olmaqla vahid dam örtüyündən ibarət olduğu müəyyən edilmişdir. Konstruktiv cəhətdən vahid olan tikili iki əsas tikiliyə bölünə bilinmədiyindən müraciətdə qaldırılan məsələnin həlli mümkün olmamışdır. Bundan əlavə, müvafiq fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində paylı mülkiyyət kimi qeydiyyata alındığından müraciətdə qeyd olunan məsələ ilə bağlı digər payçının notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsinin təqdim edilməsi məqsədəuyğundur. Cavabdeh qeyd edir ki, İddiaçı qeyd olunan fərdi yaşayış evi üzərində hüquqların qeydiyyatına dair ********** nömrəli müraciəti zamanı xx.xx.2017-ci il tarixində İdarənin mütəxəssisləri tərəfindən texniki baxış keçirilərkən tikilinin konstruktiv cəhətdən vahid olduğu aşkar olunmuşdur. Odur ki, sözügedən daşınmaz əmlakın qeydiyyatı zamanı vahid tikili olmaqla “A” tikilisinin qeydiyyatı aparılmış, buna uyğun olaraq fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul etməyi məhkəmədən xahiş edir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən (elektron) görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aydınlıq küçəsi, ev 13 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (paylı) X2 adına, Salamova X9 adına, X7 adına və X8 adına 1/2 hissə; İddiaçı adına 1/2 hissə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən (elektron) görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) X1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

9. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən (elektron) görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) X6 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır.

10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən (elektron) görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilə dair xüsusi mülkiyyət hüququ (tam) X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Aydınlıq küçəsi, ev 13 ünvanında yerləşən daşınmaz əmlaka dair İddiaçı adına tərtib olunmuş texniki pasport iş materiallarına əlavə olunmuşdur.

12. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Əziz-zadə X12, Salamova X9, X7, X8 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində cəlb olunmuşdurlar.

13. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il müayinə (baxış) aktına əsasən daşınmaz əmlakın ümumi sahəsi faktiki və hüquq müəyyənedici sənəd üzrə 301.4 kv.m-dir, torpaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 848.3 kv.m-dir, faktiki 621.0 kv.m-dir. Ərizəçinin hissəsi A yaşayış evində 1-ci mərtəbədə 1-5, 2-ci mərtəbədə 1-4 və 10 saylı yerləşkələrdir digər hissələr qonşuda qalıb, ərizəçi öz hissəsinin bölünərək yalnız öz adına çıxarış verilməsini istəyir lakin a yaşayış evi bir dam altında olub ortaq divarlara məxsusdur. Ərizəçi öz hissəsinə birləşik əlavə tikililər tikilmişdir.

14. İddiaçı məhkəməyə ərizə təqdim edərək (dəftərxana vasitəsilə) iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasına etiraz etmədiyini bildirdi.

II. İddianın geri götürülmüş sayılması

16. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.

17. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.

18. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).

19. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.

20. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.

21. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.

M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından

22. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X10 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).

23. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).

24. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.

25. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...

26. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyrimümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...

27. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.

28. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.

29. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından (bax 3-cü bənd) prosessual qənaət prinsipindən çıxış edərək iddianın mümkünlüyünü yoxlamaq zərurəti mövcud deyildir.

30. Məhkəmə qeyd edir ki, hüquqi marağı və subyektiv hüququ olan şəxs iddianın mümkünlük şərtlərinə əməl etməklə hazırki iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.

31. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia geri çağırılmış hesab edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar