Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3046/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, iddiaçılar İddiaçı, X13, X26, X6, X14, X9, X15, X20, X21, X16 və X7 cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ailə üzvləri ilə birgə yaşadıqları ünvana qeydiyyata alınmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçılar məhkəməyə ərizə təqdim edərək Rəsulova (Hüseynova) Elnurə Azad qızı, X26, X6, X14, X9, X15, X20, X21, X16 və X7 birgə iddiaçı kimi cəlb edilmələrini və tələbin “İddiaçı ailə üzvlərilə birgə yaşadıqları Qaradağ rayonu, Ümid qəsəbəsi, 8-ci Ümid küçəsi, ev 4, mənzil 1 ünvana qeydiyata alınmaları öhdəliyinin cavabdeh Qaradağ Rayon Polis İdarəsinə həvalə edilməsi” kimi icraata qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin müvafiq qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Rəsulov X22 Rayon İcra hakimiyyəti başçısının 708 saylı xx.xx.2000-ci il tarixli sərəncamına əsasən X19 rəhbərliyinin və həmkarlar komitəsi mənzil növbəsində dayanan işçilərinə növbəlilik əsasında mənzil sahəsi verilməsi haqqında birgə qərarına (44-a saylı protokol-16 dekabr 1998-ci il) əsasən mənzil almışdır (Köçürmə orderinin surəti təqdim edilir). Lakin bu günə kimi ailə üzvləri ilə bərabər öz mənzilinə qeydiyyata düşə bilmir. Həmçinin şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması, şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. İddiaçılar isə faktiki olaraq, başqa yerdə yaşayır, amma qeydiyyatda başqa yerdə olmaları dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Dəfələrlə cavabdeh orqanlara müraciət edilsə də, heç bir nəticəyə nail ola bilməmişlər. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh inzibati orqanın nümayəndəsi və digər iddiaçılar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və digər iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən İddiaçı dəqiqləşdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, X19 işçilərinə evlər verilən zaman həmin qəsəbə “Səngəçal” qəsəbəsi adlanırdı, sonradan adı dəyişərək “Ümid” qəsəbəsi oldu. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Cavabdehin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, iddiaçıların ünvan 3 ünvanına qeydiyyata alınmalarından imtina edilmiş və onlara məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -Qaradağ Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli, 708 №-li X19 işçilərinə Səngəçal qəsəbəsində yeni inşa edilmiş yaşayış evində mənzil sahəsi verilməsi haqqında Sərəncamdan görünür ki, Səngəçal qəsəbəsində yerləşən, 4 otaqlı, sahəsi 70.0 kv.m olan, 4 saylı evin 1 saylı mənzili 6 nəfər ailə tərkibi ilə İddiaçı verilmişdir. -X19 Həmkarlar İttifaqı Komitəsi tərəfindən verilmiş Köçürmə orderinin surətindən görünür ki, (Qaradağ sement zavodu həmkarlar komitəsinin və müdriyyətinin xx.xx.1995-ci il tarixli iclasının (protokol №47)) Rəsulov X23 Rayon İcra Hakimiyyətindən lazımi sənədləri alana qədər müvəqqəti olaraq 6 nəfərlik ailəsi ilə birlikdə 70 kv.m sahəsi olan Səngəçal qəsəbəsinin şimal şərqində yerləşən yaşayış massivi, ev 193, mənzil 1 ünvanına köçürülmüşdür. -Məhkəmənin sorğusuna cavab olaraq Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş məktubdan görünür ki, Qaradağ rayonu, Ümid qəsəbəsi, 8-ci Ümid küçəsi, ev 193 ünvanında yerləşən 1 nömrəli mənzildə hal-hazırda faktiki olaraq vətəndaşlar İddiaçı, X16, X20, X21, X18, X14, X10, X6, X13, X26 və X15 yaşayırlar. -Məhkəmənin sorğusuna cavab olaraq Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş məktubdan görünür ki, əvvəllər Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsində yerləşən 200 nömrəli və ünvan 5 ünvanda yerləşir. Yeni ünvan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilib. Qaradağ Rayon İcra Hakimiyyətində Qaradağ rayonu, Ümid qəsəbəsi, 8-ci Ümid küçəsi, 193 saylı ev barədə heç bir məlumat yoxdur. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş məhkəmənin sorğusuna cavab məktubundan görünür ki, Bakı şəhəri, Səngəçal qəsəbəsi, Şimal şərqi, ev 200, mənzil 1 və Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 8-ci Ümid küçəsi, ev 4, 1 saylı mənzillərin qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, İddiaçı və X11 xx.xx.2005-ci il, X3 xx.xx.2016-cı il, X2 xx.xx.2015-ci il, X4 xx.xx.2016-cı il, X8 xx.xx.2009-cu il, X17 xx.xx.2002-ci il, X5 xx.xx.2016-cı il tarixdən ünvan 6 ünvanına, X12 24.01,2003-cü il tarixdən Yevlax rayonu, Qaraməmmədli kəndində, X1 xx.xx.2003-cü il tarixdən ünvan 8 ünvanına qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlanma müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Əlavə olaraq bildirilir ki, ünvan 3 ünvanında qeydiyyatda olan şəxslər barədə məlumat aşkar edilməmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: -1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. -3-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. -5-ci maddəsinə (vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda- mülkiyyət hüququnu təsdiq edən sənəd; yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda- icarə və ya kirayə müqaviləsi; yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda- bu hüququn yaranmasına əsas olmuş sənədlər. Eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi "vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçıların qeydiyyata alınmaq istədikləri mənzil onlara Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı (6 nəfər ailə tərkibi ilə birlikdə) X19 Həmkarlar İttifaqı Komitəsi tərəfindən köçürmə orderi əsasında verilmiş və iddiaçılar həmin mənzildə faktiki olaraq yaşayırlar. Göründüyü kimi, iddiaçıların sözügedən mənzilə köçürülməsi müvafiq köçürmə orderi əsasında həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan sənəd “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərə uyğun gəlir. Belə olan halda, iddiaçıların yaşayış yeri kimi həmin mənzilə qeydiyyata alınmaları üçün hüquqi əsas mövcud olduğundan cavabdehin “mənzilə dair hər hansı hüquqmüəyyənedici sənədin təqdim edilməməsi” səbəbi ilə imtinası formal mülahizələrə əsaslanmış qərar kimi qanunazidd və iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. Məhkəmə, həmçinin iddianın təmin edilməsini qeydiyyata alınmasını “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun məqsədi baxımından qiymətləndirərək bildirir ki, Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü şəxslərin qeydiyyata alınması icazə xarakteri daşımayıb və qanunvericiliklə müəyyən edilmiş hallar istisna etməklə heç bir hüquqi nəticə də yaratmır. Qanunun məqsədi dövlətin öz vətəndaşının faktiki yaşayış sahəsini müəyyən edilməsi, onları uçota alınması, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün şərait yaratmaqdır ki, şəxsin başqa bir ünvanda formal olaraq qeydiyyata alınması, iddiaçıların faktiki yaşayış yerinin müəyyən edilməməsi yuxarıda adı çəkilən vəzifə və hüquqlarının reallaşdırılmasına şərait yaradılması məqsədi ilə uyğunluq təşkil etmir. Halbuki, iddiaçıların faktiki yaşayış yerlərinin müəyyən edilməsi iddiaçının özü ilə yanaşı, həmin şəxslərin faktiki yaşayış yerini müəyyən etmək imkanına, mövcud məlumat bazasına malik olan dövlət orqanlarının, nəticədə dövlət maraqlarına xidmət etmiş olur. Göstərilənlərə əsasən, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınmasına hər hansı maneə olmamışdır. Odur ki, iddia təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Eyni Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı, X13, X26, X6, X14, X9, X15, X20, X21, X16 və X7 Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, 8-ci Ümid küçəsi, ev 4, mənzil 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınmaları öhdəliyi cavabdeh Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3046/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3046/2024
20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver