Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3046/2025 03.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüququnun vahid əmlak şəklində daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə dair mülkiyyət hüququnun vahid əmlak şəklində daşınmaz əmlakın dövlət reyestrdə qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 427 saylı bağ evinin yerləşdiyi torpaq sahəsinin xüsusi mülkiyyət hüququ ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi 427 nömrəli bağ evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin bağ evinə dair onun mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə ona reyestrdən çıxarış verilmişdir. Həmin bağ evinin altında olan torpaq sahəsi dövlət mülkiyyətində olsa da, onun istifadəsində olmuş, həmin torpaq sahəsini xüsusi mülkiyyət hüququ ilə öz adına qeydə aldırmaq hüququ olmuşdur. O, cavabdehə müraciət edərək sözügedən torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasını xahiş etmiş, lakin, cavabdeh onun müraciətinə cavab olaraq elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlama sxematik xəritəyə və arxiv cizgisinə uyğun aparılmamasını, həmçinin, göstərilən torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, bundan başqa, göstərilən torpaq sahəsinin bir hisəssinin Abşeron rayon inzibati ərazi hüdudları daxilində yerləşməsini bildirərək müraciətindən imtna etmişdir. Hesab edir ki, cavabdeh öz imtinasında haqlı olmamış, heç bir əsas olmadan müraciətindən imtina etmişdir. Halbuki, həmin evin yerləşdiyi torpaq sahəsi uzun illərdir ki, onun qanuni istifadəsindədir və göstərilən torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi onların təqsiri deyil. Hasarlanma isə əmin bağ evi onlara təhvil verilən gündən o formada aparılmış, onlar hasar daxilində olan torpaq sahəsindən istifadə etmiş, həmin sahə üçün əvvəllər icarə haqqı, sonra isə vergi ödəmişlər.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilərək Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 427 saylı bağ sahəsinin qeydiyyatdan keçmiş bağ evi ilə birlikdə torpaq sahəsi 0.20 ha olmaqla vahid əmlak kimi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsinə baxmayaraq cavabdeh tərəfindən iddia ərizəsinə qarşı hər hansı bir etiraz təqdim edilməmişdir.
5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barəsində isə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-32312/2024 **********12 nömrəli məktubla imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlama sxematik xəritəyə və arxiv cizgisinə uyğun aparılmamışdır, həmçinin göstərilən torpaq sahəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Bundan başqa, göstərilən torpaq sahəsinin bir hissəsi Abşeron rayon inzibati ərazi hüdudları daxilində yerləşir.
8. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi 427 ünvanında yerləşən ümumi sahəsi 14.58 kv.m olan bağ evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına ********** qeydiyyat nömrəsi, xx.xx.2024-cü il qeydiyyat tarixi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin istifadəsində olan torpaq sahəsinin ölçüsü 0.018 ha göstərilmişdir.
9. Fərdi yaşayış evinin eskiz layihəsi iş materiallarına əlavə edilmişdir.
10. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 21-3-30/2-4xx-xx/2024 **********71 nömrəli məktubla bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar olaraq keçmiş X7 xx.xx.1983-cü il tarixli 13235 nömrəli icarə müqaviləsi ilə ayrılmış 427 saylı (sözügedən bağ sahəsinə dair tərtib olunmuş cizgi və aktda bağ nömrəsi 92 kimi qeyd olunmuşdur), eləcə də, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda alınmış 427 saylı bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
11. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21- 3-30/2-20736/2025 nömrəli məktubla Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 427 saylı bağ sahəsinin X4 adına qeydiyyata alınmasına əsas olmuş hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli, 3-21- 3-30/2-32657/2025 nömrəli məktubla bildirilmişdir ki, sorğunun icrası ilə əlaqədar ortofo görüntüsü, qonşu bağ sahələrinin ilkin qeydiyyata alınmasına əsas sənədlərin, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 427 saylı bağ sahəsinin X2 adına verilmiş xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsinin verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmiş, lakin, sözügedən qeydiyyat vəsiqəsinin surəti sənədlər toplusunda saxlanılmamışdır.
13. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 1 dekabr 2025-ci il tarixli, 3- 21-3-30/2-57259/2025 nömrəli məktubla bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin təqribi 442 kv.m hissəsi Abşeron rayonu inzibati ərazi vahidliyinin sərhədləri daxilinə düşür (bağ evinin cüzi hissəsi). Əlavə olaraq torpaq sahəsinin ortofoto görüntüsü məhkəməyə təqdim edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
20. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununu: Maddə 10. Hüquqi dövlətin ümumi prinsipləri 10.1. Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3. Bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.
21. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
22. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların atlında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasındda hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
23. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinin 1-ci bəndinə əsasən “Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planalma aparılan anda ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir”, 5-ci bəndinə əsasən “Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlanıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”, 6-cı bəndinə əsasən “Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir”, 8-ci bəndinə əsasən “Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir”.
24. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşlarlın mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin Əsasnamənin 5, 6, 7-ci bəndlərinə əsasən vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir, bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir, həmin torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan yaranır.
25. İşin hallarından göründüyü kimi, mübahisəli ünvanda yerləşən 0.20 ha ölçüdə torpaq sahəsi (bağ sahəsi) üzərində yerləşən fərdi yaşayış evi “Bağın icarəyə verilməsi haqqında” 17161 nömrəli, xx.xx.1998-ci il tarixli müqaviləyə əsasən X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bu barədə onun adına xx.xx.1999-cu il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. Sonradan iddiaçı sözügedən bağ evini alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. İddiaçı bağ evinin yerləşdiyi torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən müraciətinin təmin edilməsindən elektron kadastr məlumatlarına əsasən ümumi ərazidə hasarlama işlərinin sxematik xəritəyə və arxiv cizgisinə uyğun aparılmamasına, həmçinin göstərilən torpaq sahəsinin sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsinə, bundan başqa, göstərilən torpaq sahəsinin bir hissəsinin Abşeron rayon inzibati ərazi hüdudları daxilində yerləşməsinə istiand edilmişdir.
26. Cavabdeh tərəfindən torpaq sahəsinin ayrılması barədə müvafiq hüquqmüəyyənedici sənəd olan müqavilə mübahisələndirilməmişdir.
27. Məhkəmə cavabdehin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir:
28. Belə ki, ilk öncə qeyd edilməlidir ki, məhkəmə hesab edir ki, bağ sahəsinə dair hasarlanma işlərinin İdarənin arxivində olan bağların bölgüsünə dair sxematik xəritə və arxiv cizginə uyğun aparılmaması, bir hissəsinin Abşeron rayonu inzibati ərazi vahidliyinin sərhədləri daxilinə düşməsi sözügedən bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmasından imtinanın əsası kimi hesab edilə bilməz. Belə ki, bağ sahəsinin sxematik xəritəyə uyğunlaşdırılması bağ sahəsinin sxematik xəritə ilə uyğunsuqluq təşkil etməsi iddiaçının məsuliyyət sferası ilə əhatə oluna bilməz, çünki, bağ sahəsinin sxematik xəritəyə uyğunlaşdırılması öhdəliyi cavabdeh orqanın özünün vəzifəsidir.
29. Bundan əlavə işin hallarından göründüyü kimi, cavabdehin iddiasına görə mübahisəli bağ sahəsində inşa edilmiş bağ evinin bir hissəsi də, Abşeron rayonu inzibati ərazi vahidliyinin sərhədləri daxilinə düşsə də, artıq cavabdehin özü tərəfindən həmin bağ evi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmçinin, iş materiallarında olan iddiaçının iddia etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə dair cavabdeh tərəfindən digər fiziki şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir.
30. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, ... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.
31. Belə olan təqdirdə məhkəm hesab edir ki, cavabdeh tərəfindən eyni mühim faktiki və hüquqi hallara söykənən işlər üzrə iddiaçıya münasibətdə fərqli hüquqi mövqe sərgilənməsi (torpaq sahəsinin dövlət mülkiyyətində olmasının iddia edilməsi) əsas konstitusion hüquqlardan olan bərabərlik hüququnun və ona əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində öz əksini tapmış bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilməlidir. O cümlədən, hazırki iş üzrə əvvəlki praktikasına uyğun olmayaraq imtina ilə çıxış etmişdir ki, bununla da iddiaçıya münasibətdə Qanunun etimad və ya bərabər yanaşılma prinsipini tətbiq etməmişdir. Həmçinin, cavabdehin eyni ərazi üzrə digər torpaq sahələrinin qeydiyyatını nəzərə almadan iddiaçının hüququnu qeydiyyata almamaqla İİQ-18-ci maddəsində nəzərdə tutulan “çoxun azı ehtiva etməsi” prinsipini də pozmuşdur.
32. Göründüyü kimi, iddiaçının sözügedən ünvanda yerləşən bağ sahəsi üzərində istər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədləri mövcud olduğundan iddiaçının tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
35. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 427 saylı bağ sahəsinin qeydiyyatdan keçmiş bağ evi ilə birlikdə torpaq sahəsi 0.20 ha olmaqla vahid əmlak kimi İddiaçı adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva