Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3047/2023 30.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 18/12 №-li iş üzrə 22 aprel 2022-ci il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin 18/12 №-li iş üzrə 22 aprel 2022-ci il tarixli Qərarı ("Qərar’) ilə İddiaçı mülkiyyətində olan Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 21E ünvanında yerləşən qeyri-yaşayış təyinatlı obyektinə vergi borcu yarandığı iddia olunur. Bunu əsassız hesab edir. Vergi Məcəlləsinin 85.4 maddəsinə əsasən “Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Vergilər Nazirliyinin qaynar xətti ilə əlaqə saxlayıb bu halda Qərarda cavabdeh qismində olan İddiaçı hansı müddət üçün vergi ödəməli olduğunu sual vermişdir. Vergilər Nazirliyindən-əgər vergi borcuna dair əvvəlki illərdə bildiriş varsa, vergi borcunu tələb edən orqanın 5 il geriyə vergi borcunu tələb etməyə hüququ var. Lakin Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən ilk bildiriş 25 dekabr 2021 -ci ildə təqdim olunmuşdur və geriyə 2017-ci ilə qədər vergi borcu hesablanmışdır ki, bu da qanuna ziddir və qanuna görə 5 il yox, 3 il müddət üçün geriyə vergi hesablanmalıdır. 3 il vergi borcu da onun tərəfindən ödənilib və ödəniş sənədləri işə əlavə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən iddia tələbinə dair yazılı etiraz (münasibət) məhkəməyə təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, nümayəndəsinin məkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, mübahisələndirilən bələdiyyə qərarını Binəqədi rayon icra şöbəsindən icraata başlamaq haqqında qərar və borcun könüllü surətdə ödənilməsinə dair bildirişlə birgə aldıqlarını və qərarı əldə etdikdən sonra qanunla müəyyən edilmiş müddətdə məhkəməyə iddia ərizəsi ilə müraciət etdiklərini göstərərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, iddiaçıya hesablanmış vergi məbləğinin qanunverciliyin tələblərinə uyğun olduğunu, borcun ödənilməsinə dair iddiaçıya bildirişlər, daha sonra isə tədiyyə bildirişi göndərildiyini, iddiaçı tərəfindən vergi borcunun ödənilməsi təmin olunmadığından, mübahisələndirilən qərar qəbul edilməklə, icra olunması üçün icra şöbəsinə göndərildiyini bildirərək, məhkəmədən iddianın təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət etmişdir. İddia mümkündür.
İşin halları. İş materiallarında olan; iddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1950-ci ildə Qazax rayonu, Çaylı kəndində doğulmuş İddiaçı Qazax rayonu, Çaylı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* №-li çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 21 E ünvanında, istifadədə olan 0,17497 ha torpaq sahəsində yerləşən 1589,3 kv. metrdən ibarət qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 72 nömrəli reyestr kitabının 6842 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. xx.xx.2021-ci il tarixli ********* №li və xx.xx.2022-ci il tarixli ********* ödəniş qəbzlərinin surətlərindən müəyyən olunur ki, İddiaçı tərəfindən qeyd olunan tarixlərdə bələdiyyə əmlak vergisi kimi müvafiq olaraq 2.000 (iki min) manat və 389 (üç yüz səksən doqquz) manat 46 qəpik ödəniş edilmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin BB/d-470/2022 saylı xx.xx.2023-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş: Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış RP/543 saylı, xx.xx.2019-cu il tarixli məktubda qeyd olunmuşdur ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 21E ünvanında yerləşən, tam mülkiyyət hüququ üzrə Seriya RX № ******* saylı xx.xx.2016-cı il tarixli çıxarışa əsasən ona məxsus olan qeyri-yaşayış təyinatlı daşınmaz əmlaka görə bələdiyyənin “Vergi işinin təşkili və ödənişlərin proqnozlaşdırılması şöbəsi”ndə adına şəxsi hesab kodu açılmış və hesablama aparılmışdır. Lakin hesablanmış torpaq, əmlak vergisi tərəfindən bələdiyyənin büdcəsinə ödənilmədiyindən, bələdiyyəyə 2017-2019 - cu illərə görə 2336.76 (iki min üç yüz otuz altı manat, 76 qəpik) manat məbləğində vergi borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Buna baxmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olduğu torpağa və əmlaka görə hesablanmış vergini ödəməkdən yayınmışdır. Yuxarıda qeyd olunanlara əsasən M.Ə.Rəsulzadə bələdiyyəsi olaraq ondan qanunvericiliklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirməklə əmlak, torpaq vergisi üzrə 2017-2019-cu illərə görə yaranmış 2336.76 (iki min üç yüz otuz altı manat, 76 qəpik) manatın 10 gün ərzində banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitəsi ilə M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsinin təmin edilməsi tələb olunmuşdur. Əks təqdirdə vergi borcunun məcburi qaydada tutulması, əmlaklarının üzərinə həbs qoyulması, həmçinin ölkədən getmə hüquqununun məhdudlaşdırılması ilə əlaqədar qanuna müvafiq tədbirlərin görülməsi üçün M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən məhkəmədə ona qarşı iddia qaldırılacağı bildirlmişdir. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış RB/388 saylı, xx.xx.2020-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 21E ünvanında yerləşən, tam mülkiyyət hüququ üzrə ona məxsus olan qeyri - yaşayış təyinatlı daşınmaz əmlaka görə bələdiyyənin “Vergi işinin təşkili və ödənişlərin proqnozlaşdırılması şöbəsi”ndə adına şəxsi hesab kodu açılmış və hesablama aparılmışdır. Lakin hesablanmış torpaq, əmlak vergisi tərəflərindən bələdiyyənin büdcəsinə ödənilmədiyindən, bələdiyyəyə 2020-ci ilin sonuna 3115.68 (üç min bir yüz on beş manat, 60 qəpik) manat məbləğində vergi borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusyasının 73.1 -ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Buna baxmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olduğu torpağa və əmlaka görə hesablanmış vergini ödəməkdən yayınmışdır. Yuxarıda qeyd olunanlara əsasən M.Ə.Rəsulzadə bələdiyyəsi olaraq ondan tələb olunmuşdur ki, qanunvericiliklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirməklə əmlak, torpaq vergisi üzrə 2020-ci ilin sonuna yaranmış 3115.68 (üç min bir yüz on beş manat, 68 qəpik) manatın 10 gün ərzində banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitəsi ilə M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsini təmin etsin. Əks təqdirdə vergi borcunun məcburi qaydada tutulması, əmlakının üzərinə həbs qoyulması, həmçinin ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə əlaqədar qanuna müvafiq tədbirlərin görülməsi üçün M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən məhkəmədə ona qarşı iddia qaldırılacaqdır. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən İddiaçı ünvanlanmış RB/388 saylı, xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 21E ünvanında yerləşən, tam mülkiyyət hüququ üzrə ona məxsus olan qeyri-yaşayış təyinatlı daşınmaz əmlaka görə bələdiyyənin “Vergi işinin təşkili və ödənişlərin proqnozlaşdırılması şöbəsi”ndə adına şəxsi hesab kodu açılmış və hesablama aparılmışdır. Lakin hesablanmış torpaq, əmlak vergisi tərəfindən bələdiyyənin büdcəsinə ödənilmədiyindən, bələdiyyəyə 3894.6 (üç min səkkiz yüz doxsan dörd manat, 60 qəpik) manat məbləğində vergi borcu yaranmışdır. Azərbaycan Respublikası Konstitusyasının 73.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Buna baxmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olduğu torpağa və əmlaka görə hesablanmış vergini ödəməkdən yayınmışdır. Yuxarıda qeyd olunanlara əsasən M.Ə.Rəsulzadə bələdiyyəsi olaraq ondan qanunvericiliklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirməklə əmlak, torpaq vergisi üzrə 2021-ci ilin sonuna yaranmış 3894.6 (üç min səkkiz yüz doxsan dörd manat, 60 qəpik) manat 5 gün ərzində banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitəsi ilə M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsini təmin etməsi tələb olunmuşdur. Əks təqdirdə vergi borcunun məcburi qaydada tutulması, əmlakının üzərinə həbs qoyulması, həmçinin ölkədən getmə hüququnun məhdudlaşdırılması ilə əlaqədar qanuna müvafiq tədbirlərin görülməsi üçün M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən məhkəmədə ona qarşı iddia qaldırılacağı bildirilmişdir. TV-10xx-xx-16935 №-li Tədiyyə Bildirişinin surətindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1 və 206.3-cü maddəsinə əsasən 2021-ci il üçün 778,92 manat məbləğində əmlak, torpaq və torpaqdan istifadə vergisi hesablanmışdır. Verginin ödənilmə müddəti 2021-ci il 15 avqust tarixədək 389 manat 46 qəpik; 2021-ci il 15 noyabr tarixədək 389 manat 46 qəpik. Ötən dövrlər üzrə vergi borcu 3894 manat 60 qəpik, faiz məbləği 0 manat, 0 qəpik. Cəmi 4673 (dörd min altı yüz yetmiş üç) manat 52 qəpik borc hesablanmışdır. TV-10xx-xx-16935 №-li Tədiyyə Bildirişinin surətindən müəyyən olunur ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1 və 206.3-cü maddəsinə əsasən 2021-ci il üçün 778,92 manat məbləğində əmaak, torpaq və torpaqdan istifadə vergisi hesablanmışdır. Verginin ödənilmə müddəti 2021-ci il 15 avqust tarixədək 389 manat 46 qəpik; 2021-ci il 15 noyabr tarixədək 389 manat 46 qəpik. Ötən dövrlər üzrə vergi borcu 3115 manat 68 qəpik, faiz məbləği 0 manat, 0 qəpik. Cəmi 3894 (üç min səkkiz yüz doxsan dörd ) manat, 60 qəpik borc hesablanmışdır. Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 18/12 saylı xx.xx.2022ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı (şəxsiyyət vəsiqəsi seriya AZE № 0******* FİN xxxxxxx) Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi 21E ünvanında yerləşən ona məxsus əmlaka və torpaq sahəsinə görə yaranmış 1557, 60 (bir min beş yüz əlli yeddi manat, 60 qəpik) manat məbləğində borcun Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin büdcəsinə ödənilməsinə məcbur edilməsi, vergi borcunun 10 gün müddətində Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin hesablaşma - hesabına ödənilməsi, qərarın icrasının Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə həvalə edilməsi qərara alınmışdır.
Məhkəmənin mövqeyi. Hazırda iddiaçı Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 18/12 saylı xx.xx.2022-ci il tarixli qərarının ləğv olunmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirmə haqqında iddialarla bağlı mübahisələr üzrə məhkəmə qərarı, öhdəliyin icrası və məcburetmə haqqında iddialardan fərqli olaraq, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Bu məqsədlə, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanuna zidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. inzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst-üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunilik). “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. İşin araşdırılan hallarından aydın olur ki, adıçəkilən qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən inzibati orqan tərəfindən yuxarıda göstərilən normaların tələblərinə uyğun olaraq, hesablanmış vergilərin ödənilməsinin təmin olunması ilə bağlı cavabdehə xəbərdarlıq məktubları və daha sonra tədiyyə bildirişi ünvanlanmış, sonuncu tərəfindən vergilərin ödənilməsi təmin olunmadığından işin faktiki və hüquqi halları və bu halları təsdiq edən sübutlar göstərilməklə, habelə müvafiq qanunvericiliyə istinad olunmaqla mübahisələndirilən qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, mübahisələndirilən qərar maddi-hüquqi baxımdan da əsaslıdır. Belə ki, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq yerli vergilər Azərbaycan Respublikasının vergi sisteminin tərkib hissəsidir. Yerli vergilər bu Qanuna və Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq bələdiyyələrə ödənilən vergilərdir (3.1, 3.2). Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatın mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fıziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir. Vergi ödəyicisi - bu Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergi ödəyən fıziki və hüquqi şəxslərdir (5.1, 5.2). Yerli vergilərə aşağıdakılar aiddir: fıziki şəxslərdən torpaq vergisi; fıziki şəxslərdən əmlak vergisi; yerli əhəmiyyətli tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti qumları, yüksək möhkəmliyə malik olan çınqıl xammalı) üzrə mədən vergisi; bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərin mənfəət vergisi (8.0). “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinə müvafıq olaraq Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən fiziki şəxslərin torpaq və əmlak vergisi yerli vergilərə (bələdiyyə vergilərinə) aid edilmişdir. Həmin Məcəllənin 198.1.1-ci maddəsinə əsasən fiziki şəxslər əmlak vergisini onların xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur (bina Bakı şəhərində yerləşdikdə, həmin dərəcələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi 0,7-dən aşağı və 1,5-dən yuxarı olmayan əmsallar tətbiq edilməklə). Həmin Məcəllənin 200.6-cı maddəsinə əsasən fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir, həmçinin 208.6-cı maddəyə əsasən fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. Həmin Məcəllənin 59.1-ci maddəsinə əsasən vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Həmin Məcəllənin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdir. Beləliklə işin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri pozulmaqla, mülkiyyətində olan daşınmaz əmlakla (istifadədə olan torpaq sahəsində yerləşən) bağlı yerli vergilər (bələdiyyə vergiləri) qanunla müəyyən olunmuş müddətdə ödənilmədiyi üçün cavabdeh tərəfindən qeyd olunan qərar qəbul edilməklə, icra olunması üçün müvafiq İcra şöbəsinə göndərilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Nəriman Abıyev