Məhkəmə qərarları › İş №2-1(112)-3048/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3048/2022

09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3048/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evinə dair hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) 24.06.2021-ci il tarixdə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) ərizə ilə müraciət edərək, ünvan 1 ünvanında yerləşən evin sənədləşdirilməsini xahiş etmişdir. Cavabdeh 24.08.2021-ci il tarixli, **********43 nömrəli məktubla iddiaçının ərizəsini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçı tərəfindən fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin, fərdi yaşayış evinə texniki baxış keçirilməsi və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Cavabdehin bu imtinasını qanunsuz hesab edən iddiaçı 11.10.2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı 09.03.2022-ci il tarixdə məhkəmə iclasında iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ünvan 3 ünvanının yaxınlığında yerləşən birmərtəbəli fərdi yaşayış evinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, 1988-ci il tarixdə baş verən millətlər arası münasibətlərin pisləşməsi nəticəsində iddiaçı ailə üzvlərilə birlikdə Ermənistan Respublikası, Masis rayonundan məcburi köçürülmüş və 06 sentyabr 1988-ci il tarixdə onunla X5 və X6 arasında tikilinin dəyişdirilməsi müqaviləsi bağlanaraq iddiaçıya məxsus Ermənistan SSR, Masis rayonu, Setamat kəndində yerləşən fərdi yaşayış evi X3 və X4 məxsus, 4 otaqlı, 69,1 kv.m yaşayış, 30,0 kv.m köməkçi sahədən ibarət, 200,4 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə dəyişdirilmişdir. Qeyd edilən fərdi yaşayış evi X5 və X2 adına qeydiyyat kitabında 06 nömrə ilə qeyd edilməklə 17.05.1988-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Həmin sahədə hər iki qardaşın ayrı-ayrılıqda torpaq sahəsində kərpicdən tikilmiş su hovuzu və ayrı-ayrı toyuq damı və tut ağacları olmuşdur. Dəyişdirmə müqaviləsinin şərtləri yerinə yetirilmişdir və həmin vaxt da iddiaçı ailə üzvlərilə qeyd edilən fərdi yaşayış evinə köçərək yaşamağa başlamışdır. Həmin şəxslərə məxsus olmuş fərdi yaşayış evi yararsız olduğundan iddiaçı tərəfindən bərpa edilmişdir və yaşayış üçün yararlı hala salınmışdır. İcra Hakimiyyəti tərəfindən fərdi yaşayış evinin yenidən qurulmasına razılıq verilmişdir. Bu fərdi yaşayış evinə dair qeydiyyat vəsiqəsi itmişdir və iddiaçı bu barədə müraciət etsə də, dublikat qeydiyyat vəsiqəsi verilməmişdir. O, 16.12.1988-ci il tarixdə ailə üzvlərilə birlikdə bu ünvana pasport qeydiyyatına alınmışdır. İddiaçı bu yaşayış sahəsindən faktiki istifadə etməklə sahiblik əldə etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi 11.11.2021-ci il tarixli, **********64 saylı etirazda göstərmişdir ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən fərdi yaşayış evinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə ki, iddiaçı tərəfindən İdarənin mütəxəssislərinə təqdim olunmuş hüquqmüəyyənedici sənədlərdə qeyd olunmuş daşınmaz əmlak deyil, 3 torpaq sahəsi kənarda yerləşən özbaşına inşa edilmiş həyət evi göstərilmişdir. Habelə, hüquqmüəyyənedici sənədlərdə qeyd olunan fərdi yaşayış evinə texniki baxış keçirilməsinə şərait yaradılmamışdır. Bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır və bununla bağlı İddiaçı **********43 qeydiyyat nömrəli, 24.08.2021-ci il tarixli məktub ünvanlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi və iddia ərizəsində göstərilənləri təsdiqləyərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. . İİİ Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki istifadəsində olan mənzil sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı İddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə məhkəmə aşağıdakıları qeyd edir. İşdə olan iddiaçı ilə Zaven Arakelyan və Qerov Arakelyan arasında 05.10.1988-ci il tarixdə Bakı şəhəri 11 saylı dövlət notariat kontorunda bağlanmış müqavilə üzrə notariat işinin surətindən görünür ki, 17.08.1988-ci il tarixli 30/791 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi ümumi mülkiyyət hüququ ilə X3 və X4 məxsus olmuşdur. 05.10.1988-ci ildə X5 və X6 ilə İddiaçı arasında dəyişdirmə müqaviləsi bağlanmış, X5 və X4 məxsus 260.4 kv.metr torpaq sahəsində yerləşən 4 otaqlı 69.1 kv.metr yaşayış, 38.3 kv.metr köməkçi sahəsi olan fərdi yaşayış evi İddiaçı məxsus 2900 kv.metr torpaq sahəsində yerləşən ikimərtəbəli 4 otaqlı 106.5 kv.metr yaşayış, 40.8 kv.metr köməkçi sahəsi olan fərdi yaşayış evi ilə dəyişdirilmişdir. Bundan sonra 02.12.1988-ci il tarixdə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı mülkiyyətində olmasını təsdiq edən 30/1676 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı daşınmaz əmlakın qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdehin nümayəndələri həmin əmlakla bağlı iddiaçının hüquqlarının qeydiyyata alınması ilə bağlı başlanmış inzibati icraat çərçivəsində mübahisəli əmlaka baxış keçirmişlər. İşdə olan 05.07.2021-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında göstərilmişdir ki, vətəndaşla əlaqə yaradılmış, məlum olmuşdur ki, ərizəçi arxiv texniki pasportu təqdim edilmiş yaşayış evinin deyil, 3 həyət kənarda inşa olunmuş özbaşına tikilinin qeydiyyatdan keçirilməsini istəyir. 8 Mart küçəsi, ev 3-ə dair vətəndaşın hər bir sənədi var. Ərizəçinin göstərdiyi sahəyə dair isə heç bir hüquqmüəyyənedici sənəd yoxdur. Məhkəmə iclasında da iddiaçı dəyişdirmə müqaviləsində göstərilən əmlakla bağlı onun hüquqlarının qeydə alındığını, onun tələbinin həmin evin yaxınlığında sonradan inşa etdiyi fərdi yaşayış evinə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından ibarət olduğunu bildirmiş, həmin əmlaka dair hüquqlarının dəyişdirmə müqaviləsində nəzərdə tutulduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 8.0-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd. Göründüyü kimi, qanunverici daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi əsaslarını müəyyən etmiş, iddaçı bu sənədlərdən heç birini təqdim etməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı” təsdiq edilmiş, iddiaçı həmin Siyahıda göstərilən sənədlərdən hər hansı birini də təqdim etməmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi yalnız 05.10.1988-ci ildə X5 və X6 ilə bağlanmış müqaviləyə istinad etmişdir, hansı ki, həmin müqavilədə ünvan 4 ünvanında yerləşən yalnız bir fərdi yaşayış evinin Masis rayonunda iddiaçıya məxsus yaşayış evi ilə dəyişdirilməsi nəzərdə tutulmuş, bu müqavilə əsasında iddiaçıya verilmiş fərdi yaşayış evinə mülkiyyət hüququ 02.12.1988-ci il tarixdə 06 nömrəli qeydiyyat kitabının 760-cı səhifəsində 30/1676 nömrə ilə qeydiyyata alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04.10.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Göründüyü kimi, qanunvericiliyin tələbi ondan ibarətdir ki, daşınmaz əmlakla bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün normativ-hüquqi aktlarla nəzərdə tutulan əsaslardan biri qeydiyyat orqanına mütləq təqdim olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşdən görünür ki, iddiaçı hüquqların dövlət qeydiyyatı üçün həmin qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birini təqdim etməmişdir. Belə olan halda müəyyən olunur ki, cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar