Məhkəmə qərarları › İş №2-1(112)-3048/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3048/2025

13.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3048/2025 13.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X5) “texniki pasportun və planölçünün verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı məhkəməyə müraciət edərək, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1095а saylı bağ sahəsinə dair texniki sənədlərin (texniki pasport və torpaq sahəsinin planı və ölçüsü) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin qərardadı ilə iş üzrə X5 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

3. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə ərizə ilə müraciət edərək, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1095а saylı bağ sahəsinə dair texniki sənədlərin (texniki pasport və torpaq sahəsinin planı və ölçüsü) verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ona ünvanlanmış müraciətə baxılması barədə 3-21-3/2-N-0553- 8/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, torpaq sahəsinə dair texniki sənədin “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsindən imtina edilmə səbəbi iddia edilən ərazinin digər fiziki şəxsin adına qeydiyyata alınması ilə bağlı olmuşdur. Əlavə olaraq təqdim edilmiş sənədlər toplusunda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri İcra Hakimiyyətinin BTİ və İB-nin xx.xx.2005-ci il tarixli, 266 nömrəli protokoluna əsaslanaraq hazırladığı və 15040 nömrəsi ilə xx.xx.2009-cu il tarixində qeydə aldığı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində 1095 saylı bağ sahəsinin yerləşmə mövqeyi səhv təyin olunmuşdur. Arxiv sənədlərinə əsasən “1095” və "1095а” saylı bağ sahələrinin yerləşmə mövqelərinin yerinin dəyişdirilməli olduğu müəyyən edilmişdir.“Torpaq sahəsinin planı və ölçüsü” sənədinin dəyişdirilməsi üçün qarşı tərəfin razılığı olmadığı təqdirdə məsələnin məhkəmə qaydasında həlli barədə xx.xx.2023-cü il tarixli 3-21-3-02/2-N-00xx-xx/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-N-0083/05-8/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3- 21-3-02/2-N-0083/06-8/2023 nömrəli məktublarla və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin inzibati binasında ətraflı izahat verilmişdir. Göründüyü kimi, cavabdehin özünün etdiyi səhvə baxmayaraq ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1095а saylı bağ sahəsinə dair texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsü) vermir. Bu isə əmlakı üzərində hüququnun reallaşdırılması imkanını məhdudlaşdırır. Halbuki, hüquqların qeydiyyatı barədə çıxarışla yanaşı, çıxarışın verildiyi daşınmaz əmlakın texniki pasportun və ya plan-ölçü sənədinin verilməsi təmin edilməlidir. Cavabdehin özünün də qeyd etdiyi kimi “Torpaq sahəsinin planı və ölçüsü” sənədində 1095 saylı bağ sahəsinin yerləşmə mövqeyi cavabdeh tərəfindən səhv təyin edilmiş və buna görə də, qarşı tərəfin razılığını almaqla qeyd olunan səhvi cavabdeh özü aradan qaldırmalıdır və ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1095а saylı bağ sahəsinə dair texniki sənədlərin (texniki pasport və torpaq sahəsinin planı və ölçüsü) ona verilməsi təmin edilməlidir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1095а saylı bağ sahəsi ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindir.

4. Cavabdeh orqan tərəfindən iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “sözügedən ünvanda mərhum ananız X2 icarəsinə verilmiş bağ sahəsi üzərində hüquqların dövlət reyestrində qeydə alınması üçün iddia tələbi ilə məhkəməyə müraciət edilmiş və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1 (82)- 16/2018 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(103)-1171/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş və iddia tələbi təmin edilmişdir. Daha sonra kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(102)-3217/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1171/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qərarı 1 saylı Bakı Ərazi İdarəsinə icra üçün daxıl olduqdan sonra sizə mərhum X3 aid olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 1095а saylı bağ sahəsi üzərində müqavilə və digər əsaslar üzrə vəfat etmiş şəxsə məxsus olmuş, üzərində mülkiyyət və digər əşya hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka dair hüquqların rəsmiləşdirilməsinin mümkünlüyü barədə arayış verilmişdir. xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəli müraciətinizə əsasən, xx.xx.2023-cü il tarixli, 2V-27 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 1095а saylı bağ sahəsi üzərində **********98 nömrəsi ilə hüquqlarınız daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair texniki sənədin "Torpaq sahəsinin planı və ölçüsü” sənədinin verilməsindən imtina edilmə səbəbi isə iddia edilən ərazinin digər fiziki şəxsin adına qeydiyyata alınması ilə bağlı olmuşdur. Əlavə olaraq bildiririk ki, təqdim edilmiş sənədlər toplusunda ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər İcra Hakimiyyətinin BTİ və İB-nin xx.xx.2005-ci il tarixli, 266 nömrəli protokoluna əsaslanaraq hazırladığı və 15040 nömrəsi ilə xx.xx.2009-cu il tarixində qeydə aldığı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində 1095 saylı bağ sahəsinin yerləşmə mövqeyi səhv təyin olunmuşdur. Arxiv sənədlərinə əsasən "1095” və “1095а” saylı bağ sahələrinin yerləşmə mövqelərinin yerinin dəyişdirilməli olduğu müəyyən edilmişdir. “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin dəyişdirilməsi üçün qarşı tərəfin razılığı olmadığı təqdirdə məsələnin məhkəmə qaydasında həlli barədə sizə xx.xx.2023-cü il tarixli, 3-21-3-02/2-N- 00xx-xx/2023 nömrəli, 29.11,2023-cü il tarixli, 3-21-3-02/2-N-0083/05-8/2023 nömrəli, 21,12.2023-cü il tarixli 3-21-3-02/2-N-0083/06-8/2023 nömrəli məktublarla və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin inzibati binasında xx.xx.2023-cü il tarixində qəbul edilərkən ətraflı izahat verilmişdir”.

5. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, göstərilən (koordinatları təqdim olunan) sahə digər fiziki şəsxin (X5) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bu səbəbdən plan ölçünün tərtib edilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi yolu ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

6. İş materiallarında olan ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Çıxarışının (elektron) surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1095а saylı bağ sahəsinə xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

7. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1171/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1095а saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçının mərhum anası X3 məxsus olması haqqında arayışın İddiaçı verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli, 2-1(102)-3217/2019 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2-1(103)-1171/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

8. Qeyd edilən məhkəmə qərarının qüvvədə olması işin mübahisəsiz halıdır.

9. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

11. Məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

12. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.

13. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.

14. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

15. Beləliklə, məhkəmə müəyyən edir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-1171/2019 nömrəli qərarı ilə iddia təmin edilmiş, bağ sahəsinin iddiaçının mərhum anasına məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

16. Cavabdeh qurum tərəfindən torpaq sahəsinə dair arayış tərtib edilərək bunun əsasında iddiaçının adına həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilsə də, məhkəmə aktının icrası başa çatdırılmamışdır.

17. İddiaçının hüquqi marağı torpaq sahəsinin planı və ölçüsünün təsviri sənədinin tərtib olunmasına yönəlib.

18. Torpaq sahəsinin planı və ölçüsünün təsviri Azərbaycan Respublikası Prezidentinin 2015ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş və mahiyyət etibarilə özündə daşınmaz əmlakın dövlət reyestrinə qedə alınmalı məlumatları əks etdirir. Odur ki, həmin sənədin tərtibi torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydə alınmasına dair vahid prosesinin davamıdır.

19. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1–ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələrinə aid edilmişdir: 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq..

20. X11 Məhkəməsinin presedentləri ilə müəyyən edilir ki, X11 Konvensiyasının 6-cı maddəsinin məqsədlərinə əsasən istənilən məhkəmə qərarının icrası “məhkəmə prosesi”nin ayrılmaz hissəsi hesab olunmalıdır (Hornsby Yunanıstana qarşı, § 40-a baxın).

21. Belə ki, məhkəmə hüquqların xəyali deyil, praktik və səmərəli qorunmasını həyata keçirir. Məhkəməyə çatım hüququ "praktiki və effektiv" olmalıdır (Bellet Fransaya qarşı, § 38).

22. Konvensiya nəzəri və xəyali hüquqları deyil, praktik və effektiv hüquqları təmin etmək üçün nəzərdə tutulmuşdur (Airey İrlandiyaya qarşı, § 24).

23. Bu səbəbdən hazırki iddia tələbinə dair artıq qüvvədə olan məhkəmə qərarı olduğu üçün iddia tələbi mümkün sayılmamalıdır.

24. Beləliklə, məhkəmə qeyd edir ki, qüvvədə olan məhkəmə qərarının icrasının təmin edilməsi iddia icraatı qaydasında deyil, icra icraatı qaydasında təmin edilməlidir.

25. Məhkəmə hesab edir ki, konkret halda iddia tələbinin mümkün sayılmaması hüquq müəyyənliyi prinsipinə xidmət edir və bu səbəbdən məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılması qanuni məqsəd daşıyır.

26. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

27. Göstərilənlərə əsasən və İPM-in 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar