Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3049/2024 11.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı Allhverdi oğlunın cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə qarşı “icra məmurunun hərəkətlərindən şikayət, müraciətə cavab verilməmə” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdeh icra şöbəsi barəsində Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34-cü maddəsi tətbiq edilərək, Nərimanov Rayon Məhkəməsinin hələ də qüvvədə olan 2(005)-4300/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadının və həmin qərardad əsasında icra şöbəsi tərəfindən qəbul edilmiş qərarın qadağanedici tələblərinin növbəti dəfə "xxxx" MMC tərəfindən pozuntusu faktına dair Təbriz küçəsi, ev 34 ünvanında icra məmuru tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın təsdiq olunmuş nüsxəsinin onun bölgə ünvanına göndərilməsini, icra məmuru tərəfindən onun Konstitusiyanın 57-ci maddəsinin İ hissəsinin, 7.5-ci maddələrinin tələblərinin qəsdən pozuntusu faktına hüquqi qiymət verilməsi və cəzaların müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə göndərilmiş, eyni zamanda İPM-in 13-cü maddəsinin tələbinə müvafiq olaraq iddiaçıya hüquqi yardım məktubu göndərilərək iddia ərizəsindəki tələb qeyri-müəyyən olduğundan dəqiqləşdirilərək məhkəməyə təqdim edilməsi təklif edilmişdir. İddiaçı tərəfindən hüquqi yardım haqqında məktuba münasibət bildirərək cavabdehə ünvanlamış olduğu məktubların fotosunun çəkilərək mail vasitəsilə, həmçinin poçt vasitəsilə sadə çatdırma üsulu ilə, yəni qeyd olunan məktubların cavabdeh tərəfindən alınmasına dair bildiriş əlavə etmədən cavabdehə göndərildiyini qeyd etmiş, həmçinin dəqiqləşdirilmiş iddia ərizəsi təqdim etməmişdir. Cavabdeh iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim edərək etirazda bildirilmişdir ki, İddiaçı iddia ərizəsi əsassızdır. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-4300/2019-049 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, borclu "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 118,4 kv.m olan “B” tikilisinin ətrafında, divarlarının dibində söküntü-qazıntı işləri qadağan edilməlidir. Qeyd edilən icra sənədi iddianın təmin etmə tədbiri qaydasında məhkəmənin qərardadı əsasında icra olunması üçün icra qurumuna göndərilmişdir. İcra sənədi Şöbənin icraatına xx.xx.2019-cu il tarixdə daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə icra olunması üçün borcluya, məlumat üçün isə digər tərəflərə göndərilmişdir. İcraata başlamaq haqqında qərar borclu "xxxx" MMC-nin rəhbəri X5 tərəfindən xx.xx.2019-cu il tarixdə rəsmi qaydada qəbul edilmişdir. İcra sənədi üzrə dəfələrlə mübahisəli ünvana baxış keçirilmiş, hər dəfə borclu tərəfindən həmin ərazidə söküntü-qazıntı işlərinin aparıldığı müəyyən edilmiş və bu barədə aktlar tərtib edilərək icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Bu səbəbdən xx.xx.2020-ci il tarixdə söküntü-qazıntı işlərinin aparıldığı ərazidə yaşamaq təhlükəli olduğundan gələcəkdə baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həmin tikilinin nəzarətdə saxlanılması barədə məktublar göndərilmiş, Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məlumat xarakterli cavab məktubu ilə mübahisəli ərazidə nəzarətin saxlanılması barədə Nərimanov Rayon Polis İdarəsinə göstəriş verildiyi məlum olmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən mübahisəli ərazidə hər hansı tədbirin görülməsi qurumun səlahiyyətlərinə aid deyildir. Borclu tərəfindən icra sənədinin icrası təmin edilmədiyi üçün xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin rəhbəri X5 barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə müraciət edilmiş, Nərimanov Rayon Məhkəməsinin 3(005)-387/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə inzibati xəta tərkibi mövcud olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)-624/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin 3(005)-387/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və işə təkrar baxılması üçün materialların birinci instansiya məhkəməsinə qaytarılması qərara alınmış, Nərimanov Rayon Məhkəməsinin 3(005)-986/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məlumat üçün bildirilir ki, qeyd edilən icra sənədi ilə yanaşı Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 34 ünvanında X2 məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (“B” tikilisi) münasibətdə ünvan 3 ünvanda “Qaya Qala" MMC tərəfindən tikinti işlərinin aparılmasının borclu "xxxx" MMC-nə qadağan edilməsi barədə iddianın təmin etmə tədbiri qaydasında başqa bir icra sənədi şöbənin icraatına daxil olmuş, həmin icra sənədi üzrə bütün zəruri icra tədbirləri həyata keçirilmiş, lakin təmin etmə tədbirinin verilməsinə əsas olmuş iddiaya mahiyyəti üzrə baxılmış və yekun qərar çıxarılmışdır. Bu səbəbdən icra hərəkətləri həmin icra sənədinə münasibətdə başa çatmışdır. Hazırkı icra sənədi də iddianın təmin etmə tədbiri qaydasında verilmişdir. İşə mahiyyəti üzrə baxılmışdır. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-66/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdehlər "xxxx" MMC-nə, Nərimanov Rayon İcra Hakimiyyətinə qarşı “dövlət reyestrndə iddiaçının adına qeydə alınmış pay mülkiyyət hüququnun, istifadə hüququnun bərpası, qanunsuz tikilmiş binanın öz hesabına sökülməsi, dəymiş maddi ziyanın ödənilməsi və Nərimanov Rayon İcra Hakimiyyətinin qəbul etdiyi sərəncamına görə məsuliyyətinin müəyyən edilməsi” tələbinə dair iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10360/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin 2(005)- 66/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-17/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-10360/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qismən, iddiaçının mülkiyyətində və istifadəsində olan daşınmaz əmlakdan istifadə hüququnun bərpası, iddiaçıya vurulan maddi ziyanın müəyyən edilərək ödənilməsi hissələrində ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinəqaytarılmışdır. Hal-hazırda həmin iddiaya Bakı Apellyasiya Məhkəməsində baxılmaqdadır. Son olaraq maddi ziyanın müəyyənləşdirilməsi və digər məsələlərin araşdırılması məqsədilə məhkəmə tərəfindən mühəndis-texniki ekspertizası təyin edilmiş və mülki iş üzrə icraat dayandırılmışdır. Göründüyü kimi iddianın yalnız iddiaçıya vurulan maddi ziyanın müəyyən edilərək ödənilməsi və daşınmaz əmlakdan istifadə hüququnun bərpası hissələrində məhkəmə çəkişməsi davam edir. Bu səbəbdən hazırkı icra sənədi üzrə tələbi hal-hazırda icra etmək mümkün deyil. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4300/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərardadı üzrə verilmiş xx.xx.2019-cu il tarxili icra sənədinə əsasən, mülki işə mahiyyəti üzrə baxılıb həll edilənədək, borclu "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 118,4 kv.m olan “B” tikilisinin ətrafında, divarlarının dibində söküntü-qazıntı işləri qadağan edilməlidir. Qeyd olunan icra sənədi Nərimanov Rayon Məhkəməsi tərəfindən icra edilməsi üçün cavabdeh Nərimanov rayon icra şöbəsinə göndərilmiş və və həmin qurumda müvafiq icra tədbirlərinin həyata keçirilməsinə başlanılmışdır. Hazırda iddiaçı tərəf olduğu həmin icra sənədinin icrası ilə bağlı cavabdeh icra şöbəsinin icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) narazılıq edərək inzibati məhkəmə icraatı çərçivəsində mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işə iddia və inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun: -8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. -26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. -87.1-ci maddəsinə görə icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu Qanunun digər maddələrində başqa müddət müəyyən edilməyibsə, icra məmurunun hərəkətlərindən şikayət müvafiq hərəkətin edildiyi vaxtdan 10 gün müddətində verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02 sentyabr 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından,hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. İcra sənədi digər orqanlar tərəfindən verildikdə, icra məmurunun icraata xitam verilməsi barədə qərarından icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verilə bilər. Konstitusiya Məhkəməsinin həmin Qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Konstitusiya Məhkəməsinin Plenumunun qeyd edilən qərarında ifadə edilən hüquqi mövqeyinə əsasən: Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Məhkəmə icra sənədinin icra edilməsi zamanı eyni yanaşmanın tətbiq olunmalı olduğunu hesab edir. Belə ki, “İcra haqqında” Qanunun tələbinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hazırkı mübahisə üzrə icra sənədi Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-4300/2019 nömrəli qərardadı əsasında verilmişdir. Həmin qərardad əsasında verilmiş icra sənədi üzrə cavabdeh icra qurumunun icra icraatı çərçivəsində hərəkətsizliyinin qanuniliyinin yoxlanılması ilə bağlı tələb inzibati məhkəmə icraatı qaydasında deyil, qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq icra sənədini vermiş və icraya nəzarət edən ümumi məhkəmədə şikayət verməklə mübahisələndirilə bilər. Məhkəmə qeyd edir ki, “İcra haqqında” AR Qanununun tələbinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hazırkı mübahisə üzrə icra sənədi Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli qətnaməsi əsasında verilmişdir. Həmin icra sənədi üzrə cavabdeh icra qurumunun icra icraatı çərçivəsində hərəkətsizliyinin qanuniliyinin yoxlanılması, o cümlədən icra sənədi üzrə qərarın təqdim edilməməsi barədə onun üzərinə müvafiq vəzifə qoyulması ilə bağlı tələb inzibati məhkəmə icraatı qaydasında deyil, qanuni qüvvəsini almış məhkəmə aktının icrasının davamı olaraq icra sənədini vermiş və icraya nəzarət edən ümumi məhkəmədə şikayət verməklə mübahisələndirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, hazırki iş üzrə iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün hesab olunmur. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-3049/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3049/2024
11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver