Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3051/2025 16.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X5) “qeydiyyata alınma” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11, 2-ci küçə, ev 10 ünvanına pasport qeydiyyatına alınmalarının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər.
2. Məhkəmənin qərardadı ilə X5 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşdur.
3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı1 üçüncü şəxs X5 ilə 1987-ci ildən rəsmi nikahdadır. Rəsmi nikahları Bakı şəhəri, Binəqədi rayon (əvvəlki Kirovskiy) Qeydiyyat Şöbəsi tərəfindən 21 noyabr 1987-ci il tarixdə, “1218” nömrə ilə qeydə alınmış və müvafiq şəhadətnamə verilmişdir. Birgə nikahlarından bir övladları - xx.xx.1993-cü il təvəllüdlü İddiaçı2 doğulmuşdur. Hal-hazırda da İddiaçı1 Sayad qızı üçüncü şəxslə rəsmi nikahdadır. İddiaçı qeyd edir ki, 2021-ci ilə kimi üçüncü şəxs, özü və övladları Hacıağa ilə birlikdə üçüncü şəxsin mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, M.Məhəmmədxan küçəsi, 14 saylı fərdi yaşayış evində pasport qeydiyyatında olmaqla yaşamışdırlar. 2021-ci ildə həmin fərdi yaşayış evini satıb, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11, 2-ci küçəsində yerləşən 10 saylı evi satın almış və bu evə köçmüşdürlər, hal-hazırda bu evdə yaşayırlar. Hazırkı evin mülkiyyət sənədi də həyat yoldaşının, yəni üçüncü şəxsin adınadır. Son vaxtlar üçüncü şəxs X5 ilə aralarında anlaşılmazlıq yarandığından həm onu, həm də övladları Hacıağanı hazırda yaşadıqları evə, yəni Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11, 2-ci küçəsində yerləşən 10 saylı evə pasport qeydiyyatına almaqdan imtina edir, hər dəfə bu qeydiyyat məsələsi müzakirə olunanda bir bəhanə ilə yayınır. Bu səbəbdən də mübahisəli fərdi yaşayış evinə, yəni Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11, 2-ci küçəsində yerləşən 10 saylı evə pasport qeydiyyatına düşmək üçün müvafiq ərizə ilə aidiyyatı üzrə cavabdehə, Binəqədi RPİ-nin Qeydiyyat məsələləri bölməsinə müraciət etmişdir. Cavabdeh Binəqədi RPİ-nin Qeydiyyat məsələləri bölməsinin xx.xx.2024-cü il tarixli «3-13-46/2-Ş-38165» saylı cavab məktubu ilə qeydiyyata alınmadan imtina olunmuşdur. İmtinanın səbəbi isə aşağıdakı kimi göstərilmişdir; «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında AR Qanununun 5-ci maddəsinə görə yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlər təqdim edilmədiyindən ərizənin icrası mümkün deyildir. Bu məsələ ilə əlaqədar məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir». İddiaçı hesab edir ki, cavabdehin imtinası, tamamilə, əsassız və qanunsuzdur. Çünki yuxarıda da qeyd edildiyi kimi mübahisəli fərdi yaşayış evi üçüncü şəxslə birgə nikah dövründə əldə edildiyindən, evin 1/2 hissəsinə iddiaçıların gözlənilən mülkiyyət hüququ vardır, mülkiyyətçiyə aid olan hüquqlar mülkiyyətçi olmasa da, onlara da aiddir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçı hesab edir ki, cavabdeh Binəqədi RPİ-nin Qeydiyyat məsələləri bölməsinin bu cür hərəkətsizliyi qanunsuz və əsassızdır, çünki onlar tərəfindən qeydiyyata alınmaqları üçün lazım olan bütün hüquqi sənədləri cavabdehə təqdim etmiş, yalnız evin çıxarışını təqdim edə bilməmişdir, o səbəbdən ki, çıxarış həyat yoldaşındadır, yəni üçüncü şəxsdədir, bu səbəbdən də təqdim edə bilməmişdirlər. Belə olan halda hesab edilir ki, cavabdeh tərəfindən iddiaçılar qeydiyyata alınmalı idilər. Azərbaycan Respublikası Ailə Qanunvericiliyinin (maddə 32) tələbinə əsasən iddiaçıların sözügedən fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüquqları vardır. Odur ki, iddiaçılar məhkəməyə müraciət etmək qərarına gəlmişlər və hesab edirlər ki, cavabdeh inzibati orqan məsələyə düzgün hüquqi qiymət vermədiyinə görə iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir.
4. İddiaçı1 müraciətinə cavab olaraq cavabdehin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, yaşayış yeri üzrə qeydiyyata alınma üçün vətəndaş ““Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Əks təqdirdə müraciətdə adları qeyd olunan vətəndaşların qeydiyyata alınması tərəfimizdən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir”.
5. ƏMDK DƏDRX publik hüquqi şəxsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11, 2-ci küçə, ev 10 ünvanına xüsusi mülkiyyət hüququ (tam) X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018-cİ il tarixdə qeydiyyata alınmışdır.
6. İş materiallarına əlavə edilən xx.xx.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11, 2-ci küçə, ev 10 ünvanında yerləşən, ümumi sahəsi 372.1 kv.m olan fərdi yaşayış evini tam mülkiyyət üzrə X1 mülkiyyətinə verir.
7. lV-ЖГseriyalı, 420105 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 və X8 xx.xx.1987-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar, X6 Şərifova soyadı verilmişdir.
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda sorğuda qeyd edilən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11, 2-ci küçə, ev 10 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan şəxsin müəyyən edilmədiyi bildirilmişdir.
9. Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Novruzov Qardaşları küçəsi, 10 saylı fərdi yaşayış evi X3 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
10. Cavabdeh Binəqədi rayon Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmədən məhkəmə iclasında cavabdeh qurumun iştirakı olmadan keçirilərək qərar qəbul edilməsi xahiş edilmişdir.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. II. İddianın növü və mümkünlüyü
12. Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir.
13. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
14. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər.
15. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır
16. İddia mümkündür. Belə ki, iddiaçılar iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdurlar.
III. Məhkəmənin mövqeyi
17. Cavabdeh qurumun imtinası iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Belə ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11, 2-ci küçə, ev 10 ünvanına qeydiyyata alınmaları üçün həmin fərdi yaşayış evinin mülkiyyətçisi X3 razılığı olmamışdır.
18. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
19. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.
20. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz.
21. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür .
22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması) əsasən, yaşayış şayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir.
23. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
24. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, üçüncü şəxs X3 mülkiyyətində olan fərdi yaşayış evinə həyat yoldaşı və oğlu iddiaçılar İddiaçı1 və İddiaçı2 qeydiyyata alınmaq istəyirlər. Keçirilən məhkəmə iclaslarında iclasın vaxtı və yeri barədə məlumatlı olan üçüncü şəxs X5 iştirak etməmiş, iddiaçıların mülkiyyətində olan fərdi yaşayış evinə qeydiyyata alınmalarına dair ərizə ilə və ya hər hansı formada razılığını bildirməmişdir.
25. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, X11, 2-ci küçə, ev 10 ünvanında yerləşən fərdi yaşayış evi ilə kifayət qədər yetərli və sabit dərəcədə davamlı bağlılığının (əlaqənin) mövcudluğu müəyyən olunmur.
26. Qeyd edilən yanaşma X14 məhkəməsinin təcrübəsinə də əsaslanır. X14 Konvensiyasının 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. X14 Konvensiya orqanlarının məhkəmə təcrübəsinə görə, 8-ci maddənin mənası daxilində "mənzil" anlayışı qanuni əsaslarla yaşanılan və ya hüquqi olaraq rəsmiləşdirilmiş yaşayış sahələri ilə məhdudlaşmır. "Mənzil" daxili qanunvericiliyə uyğun olaraq müəyyən edilməyən müstəqil (avtonom) bir anlayışdır. Müəyyən bir yaşayış yerinin 8-ci maddənin 1-ci bəndinin təminatlarının qüvvədə olduğu bir "mənzil" olub-olmaması faktiki hallardan, yəni müəyyən bir yerlə kifayət qədər və sabit əlaqələrin mövcudluğundan asılıdır. (Bax Prokopovich v. Russia xx.xx.2004, ərizə №58255/00, § 36, Buckley v. the United Kingdom, qərar xx.xx.1996 г., Qərar və qərardadlar toplusu 1996- İV, §§ 52-54 и Komissiyanın xx.xx.1995-ci il hesabatı § 63; Gillow v. the United Kingdom, xx.xx.1986, Seriya А №109, § 46; Wiggins v. the United Kingdom, № 7456/76, Komissiyanın xx.xx.1978-ci il tarixli qərarı, Qərarlar və məruzələr (DR) 13, səh. 40).
27. İPM-in: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
28. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin imtinası nəticəsində iddiaçıların qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassız olduğundan rədd edilməlidir.
29. Göstərilənlərə əsasən və İPM-in 2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva