Məhkəmə qərarları › İş №2-1(112)-3053/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3053/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3053/2024 24.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Sosial Xidmətlər Agentliyinə (üçüncü şəxs X7) qarşı “mənzillə təmin edilmə” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ərizə ilə cavabdeh Sosial Xidmətlər Agentliyinə (bundan sonra-cavabdeh) müraciət edərək, şəhid ailəsi kimi mənzillə təmin olunmasını xahiş etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək ona ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, şəhidin həyat yoldaşı - X7 Azərbaycan Respublikası Prezidentinin 2021 -ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının icrası çərçivəsində 29 mart 2023-cü il tarixində mənzillə təmin olunmuşdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mənzil ilə təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X7 üçüncü şəxs qismində hazırkı inzibati məhkəmə icraatına cəlb edilmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı ildə X4 ilə rəsmi nikaha daxil olmuş və həmin nikahdan 18 yanvar 2004-cü ildə övladları X5 dünyaya gəlmişdir. X5 xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr nəticəsində vəfat elmişdir. Bu öz təsdiqini 1 saylı Gəncə regional Asan xidmət mərkəzi Qeydiyyat şöbəsindən verilən ölüm haqqında şəhadətnamə ilə tapır. xx.xx.2022-ci il tarixdə iddiaçıya Sosial Xidmətlər Agentliyi tərəfindən şəhid ailəsi üzvü olduğunu təsdiqləyən vəsiqə verilmişdir. Həmin vəsiqədə qeyd edilmişdir ki, vəsiqəni təqdim edən şəxsin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyvən edilmiş şəxslərin və şəhid (ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamı ilə 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyət orqanlarıda yaşavış sahələrinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq. Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin yerinə vetrilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxlər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün. müsləqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021-2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. 12 iyun 2023-cü il tarixli 2-1(112)-5490/2023 saylı qərar ilə Bakı İnzibati Məhkəməsi tərəfindən Həsənova X3 Rayon İcra hakimiyyətindən mənzil növbəsinə dayanmış imtiyazlı şəxslər barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən alnınmış siyahıya əsasən 23 aprel 2021-ci ildən yaşaış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. İddiaçı tərəfindən dəfələrlə Sosial Xidmətlər Agentliyinə müraciət edilməsinə baxmayaraq, orqan tərəfindən heç bir əsaslandırıcı cavab verilməmiş və ən son 10 oktyabr 2023-cü il tarixli məktub ilə imtina verilmişdir və şəxsin indiyə kimi mənzillə təmin edilməsi üçün orqan tərəfindən hər hansı addım atılmamışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya yazılı münasibətdə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmiş və göstərilmişdir ki, şəhidin həyat yoldaşı - X7 Azərbaycan Respublikası Prezidentinin 2021 -ci il 25 yanvar tarixli 2449 nömrəli Sərəncamının icrası çərçivəsində 29 mart 2023-cü il tarixində mənzillə təmin olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən imtiyazlı şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 20 iyun 2014-cü il tarixli 569 nömrəli və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial- məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamlarına əsasən həyata keçirilir və həmin Sərəncamlarda 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobil AES-də qəzanın ləğvi (o cümlədən, hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mərhələlərlə və növbəlilik qaydasında mənzil və ya fərdi evlə təmin edilməsi tapşırığı verilmişdir. Həmçinin "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, Çernobil AESdə qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və gözdən əlilliyi olan şəxslərin, habelə uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması barədə əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 avqust 2021-ci il tarixli 492s nömrəli Sərəncamı ilə həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək yuxarıda qeyd olunan uçotda olan şəxslərin mənzil ilə təmin olunması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifələrindən biridir. Yəni Sərəncamda mənzil və ya fərdi evə münasibətdə ismin kəmiyyət halı “tək” formada işləndiyindən Sərəncamın məzmunu bir şəhid ailəsinə birdən artıq mənzilin verilməsi qənaətinə gəlməyə əsas vermir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin sərəncamları - qeyri-normativ hüquqi aktdır və konkret (birdəfəlik) təşkilati, nəzarət və ya sərəncamverici tədbirlərin həyata keçirilməsi məqsədi ilə qəbul edilir və ya digər birdəfəlik tətbiq halları üçün nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 1 dekabr 2010cu il tarixli qərarına əsasən “şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.” Mövcud vəziyyətdə vətəndaşların mənzillə təmin olunması həm qanunvericilik baxımından mümkünsüzdür, həm dövlət büdcəsinin və dövlət mənzil fondunun imkanları xaricindədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki iddiaçı hazırda onun mənzillə təmin olunmasını xahiş edir, hansı ki, belə bir iddia məcburetmə haqqında iddiaya aiddir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.2-cü maddəsi). Bu iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququ mövcuddur. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh quruma müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə isə, məhkəmə qeyd edir ki, iş materiallarında olan AZ-İ №498379 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası X4, anası İddiaçıdır. xx.xx.2022-ci il tarixli, AZ-İİ №305713 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2022-ci il tarixində hərbi əməliyyatlar nəticəsində törənmiş zədələnmələr səbəbindən Laçın rayonunda ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 743 nömrə ilə qeyd edilmişdir. 008107 nömrəli şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə şəhid ailəsi statusuna əsasən müvafiq vəsiqə verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5490/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı iddiası təmin edilmiş və İddiaçı şəhid ailəsi olaraq yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə götürülməsi öhdəliyi Suraxanı Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 177 nömrəli, xx.xx.2023-cü il tarixli sərəncamından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5490/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarına əsasən şəhid ailəsinin üzvü İddiaçı 4 nəfər ailə tərkibi ilə (özü, əri, 2 qızı) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edilmişdir. İddiaçı hazırda bu sərəncama istinad edərək, yaşayış sahəsinə ehtiyacı olan şəhid ailəsinin üzvü kimi cavabdeh tərəfindən mənzillə təmin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş Sosial Xidmətlər Agentliyinin Nizamnaməsinin 3.1.16-cı yarımbəndinə əsasən dövlət proqramları əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin mənzillə və ya fərdi evlərlə təmin olunması üçün tədbirlər görmək Agentliyin vəzifəsidir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 saylı Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2014cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər planı hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirməsi qərara alınmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 saylı Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı şəxslərin (ailələrin) 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirilməsi qərara alınmışdır: 1.1. 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər; 1.2. yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020–2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri. Həmin Fərmanının 2-ci hissəsinə əsasən yerli icra hakimiyyəti orqanlarının: 2.1. bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmələri; 2.2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında bu Sərəncamın 1-ci hissəsində göstərilən məqsədlər üçün torpaq sahələrinin ayrılmasını təmin etmələri və hər il görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermələri qərara alınmışdır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2021-ci il tarixli 492s saylı sərəncamından görünür ki, həmin Sərəncamın qüvvəyə mindiyi tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslərin və uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Göründüyü kimi, hazırkı qanunvericilik aşağıdakı kateqoriyadan olan şəxslərin Sosial Xidmətlər Agentliyi tərəfindən mənzillə təmin edilməsini nəzərdə tutmuşdur: Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

1. şəhid ailələri;

2. Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər;

3. xx.xx.2021-ci il tarixədək uçotda olan gözdən əlilliyi olan şəxslər;

4. xx.xx.2021-ci il tarixədək uçotda olan uşaqlar üçün sosial xidmət müəssisələrinin və təhsil müəssisələrinin valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş məzunları. İstinad olunan normalardan görünür ki, həmin kateqoriyaya aid olan uçota alınmış şəxslər barədə məlumatı yerli icra hakimiyyəti orqanları Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir və Nazirliyin Sosial Xidmətlər Agentliyi də həmin şəxslərin mənzillə təmin edilməsini həyata keçirir. Məhkəmə qeyd edir ki, iş materiallarına əsasən iddiaçının şəhid ailəsinin üzvü olması və yaşayış sahəsinə ehtiyacı olan şəxs olması işin mübahisəsiz haldır. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəfindən şəhid X1 ailəsi kimi onun ailə üzvü olan arvadı X7 artıq mənzillə təmin edilmişdir. Belə ki, işdə olan Bakı şəhəri Suraxanı Rayonu İcra Hakimiyyəti başçısının 270 nömrəli, xx.xx.2022-ci il tarixli sərəncamından görünür ki, vətəndaş A.A.Kamilovanın əri X5 Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı xx.xx.2022-cı il tarixdə şəhid olmuşdur. Vətəndaş A.A.Kamilova nazırda 3 nəfər ailə tərkibi ilə (özü, oğlu, anası) ünvan 1 ünvanında qeydiyyatdadırlar. Qeyd olunanlar nəzərə alınara həmin sərəncamla şəhid ailəsinin üzvü X7 3 nəfər ailə tərkibi ilə (özü, oğlu, anası) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və növbədənkənar yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmişdir. Mənzilin imtiyazlı şəxsə təhvil verilməsi haqqında xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli 2449 nömrəli Sərəncamının icrası çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonu, Yeni Yaşayış kompleksində 2 otaqlı mənzil (binanın razılaşdırılmış layihəsinə əsasən 2 otalı mənzillərin sahəsi 67,53-70,40 kv.metr təşkil edir) imtiyazlı şəxs X6 təhvil verilmişdir. Belə olan halda aydındır ki, şəhid X1 ailəsinə cavabdeh tərəfindən artıq mənzil verildiyindən iddiaçı şəhid ailəsi kimi yenidən mənzillə təmin edilə bilməz. Çünki yuxarıda istinad olunan normalardan görünür ki, qanunverici sosial-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə mənzillə təmin edilmə hüququna malik şəxsləri müəyyən edərkən şəhidin ayrı-ayrı ailə üzvlərini deyil, şəhid ailəsini belə hüquqa malik olan vahid bir subyekt kimi müəyyən etmişdir, hansı ki, şəhid ailəsi dedikdə, Qanuna əsasən şəhidin arvadı (əri); valideynləri; 18 yaşına yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; uşaq evlərində tərbiyə olunan qardaşları və bacıları; qanunla onları saxlayan şəxs yoxdursa, babalar və nənələr - hamısı birlikdə nəzərdə tutulur. Yəni qanunverici şəhid ailəsinin üzvləri kimi qiymətləndirilən həmin şəxslərin ayrıayrılıqda deyil, onların hamısının daxil olduğu bir kateqoriya kimi şəhid ailəsinin mənzillə təmin edilmək hüququnu müəyyən etmiş, bu zaman digər kateqoriyaya daxil olanlar kimi həmin kateqoriyaya aid subyektə (şəhid ailəsinə) də bir mənzil verilməsini təsbit etmişdir. İşdən görünür ki, hazırkı halda isə artıq şəhid İ.Həsənovun ailəsi qanunvericiliklə nəzərdə tutulan bu imtiyazdan istifadə etmişdir. Məhkəmə qeyd edir ki, bu zaman qiymət verilməli əsas hal, təqdim edilmiş mənzilin ümumi sahəsinin şəhid ailəsinin bütün üzvlərinin yaşayış üçün qanunvericiliklə müəyyən edilmiş ayrılma normasının hədlərinə uyğun gəlib gəlməməsidir. Belə ki, Mənzil Məcəlləsinin: - maddə. 48.1. Sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. - 49.1. Sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin ayrılma norması (bundan sonra – ayrılma norması) sosial kirayə müqaviləsi üzrə verilən yaşayış sahəsinin ümumi sahəsinin (ölçülərinin) müəyyənləşdirilməsi üçün əsas götürülən yaşayış sahəsinin minimal ölçüsüdür. 49.2. Dövlət mənzil fonduna münasibətdə ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 459 saylı qərarına əsasən isə sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. Şəhid İ.Həsənovun ailə üzvləri– arvadı, valideynləri, 18 yaşına yaşına çatmamış uşağı olmaqla, ümumilikdə 4 nəfərdir. Deməli, həmin şəhid ailəsinə sosial kirayə müqaviləsi əsasında verilməli yaşayış sahəsinin minimal ölçüsü 64 kv.metr olmalıdır (4×16 kv.m=64 kv.metr), hansı ki, işdə olan A.Kamilovaya verilmiş 2 otaqlı mənzilin yerləşdiyi Abşeron rayonu, Yeni Yaşayış kompleksindəki binanın razılaşdırılmış layihəsindən görünür ki, 2 otaqlı mənzillərin ümumi sahəsi 67,53-70,40 kv.metr arası təşkil edir. Deməli, şəhid İ.Həsənovun ailəsinə verilən mənzilin sahəsi qanunvericilikdə müəyyən edilmiş tələblərə də uyğundur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı aid olduğu şəhid İ.Həsənovun ailəsi artıq cavabdeh tərəfindən qanunvericiliyə uyğun olaraq mənzil sahəsi ilə təmin edildiyindən və həmin mənzilin ümumi sahəsi ayrılma normasına uyğun olduğundan iddiaçının hazırkı məzmunda tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar