Məhkəmə qərarları › İş №2-1(112)-3055/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3055/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3055/2020 12.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-1(083)-1432/2019 saylı, 25 noyabr 2019-cu il tarixli qərardadına əsasən iş ərazi aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki ərizəyə əlavə edilmiş Ağdam rayon İcra Hakimiyyəti tərəfindən verilmiş arayışda fevral 1988-ci il tarixindən 09 oktyabr 1991-ci il tarixədək Başgüney kənd özünümüdafiə dəstəsinin tərkibində Erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarında işdirak etdiyi qeyd olunmuşdur. Baş güney kənd özünümüdafiə dəstəsinin tərkibində Azərbaycan Respublikasının ərazi Bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında işdirakı subut olmuşdur. Həmin ərizəyə əlavə edilmiş DİN - Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin arayışından görülür ki, iddiaçının heç bir məhkumluğu yoxdur. Nazirlər kabinetinin 1995- ci il 22 sentiyabr tarixli 216-№ li qərarına əsasən yerli icra Hakimiyyəti orqanlarının təsdiq etdiyi siyahılar ( döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), məhz növbə çəkmə kitablarından (arxiv post kitabı misal gətirmək olar bunula da yerli İcra Hakimyyətində saxlanılan 1988-ci il fevraldan 09 oktyabr 1991-ci ilə kimi həmən kitablarda adı olan döyüşmüş insanlara müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Bütün bunlara baxmayaraq son zamanlar Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin rayon şöbələrinin vasitəsi ilə sənədlər qaydasında göndərilsə də əsassız olaraq imtina edilmişdir. Ancaq, hazırki ərizəyə əlavə edilmiş sübutlar təsdiq edir ki, o dövürdə ölkədə başsızlıq yəni ölkə rəhbərinin ölkəyə rəhbərlik edə bilməməsindən döyüş zonalarında kənd soveti sədrləri və kolxoz sovxoz rəhbərləri tərəfindən özünümüdafiə dəstələri yaradılaraq, erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarında kənd camaatı tərəfindən postlar yaradılaraq ərazi bütövlüklərini qorunması təşkil olunurdu. Ona görə də iddiaçı hesab edir ki, ona "müharibə vetiranı" adının və vəsiqəsinin verilməsi cavadehə həvalə olunmalıdır. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “1988-ci ildən 09 oktyabr 1991-ci il tarixədək Ağdam rayonu Başgüney kənd (Ağdam Rayon İcra Hakimiyyətinin arayışında Qərvənd kəndi kimi göstərilmiş) özünümüdafiə dəstəsinin tərkibində erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə veteran adının və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həvalə edilməsi” tələbi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən, veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd olunan qanunvericilik aktının tələblərinə əsasən, şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən digər sənədlər təqdim edilməlidir. Ağdam Rayon İcra Hakimiyyətinin arayışına əsasən, İddiaçı 1988-ci ildən 09 oktyabr 1991-ci il tarixədək Ağdam rayon Qərvənd kənd özünümüdafiə dəstəsinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda erməni quldur dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin arayışın verilməsinə əsas kimi, “Qərvənd kənd sovetinin özününmüdafiə dəstəsinin post kitabı” göstərilmişdir. Hansı ki, bu kitabın (siyahı) heç bir rekvizit məlumatları mövcud deyil, kim tərəfindən tərtib edilməsi qeyd edilməyib və hər hansı vəzifəli şəxs tərəfindən imza və möhürlə təsdiq ediməmişdir. Qəbul olunmuş normalara əsasən, sənəd - aidiyyətini təsdiqləmək üçün rekvizitləri olan maddi informasiya daşıyıcısına yazılmış informasiyadır. Qeyd olunan siyahıların kim tərəfindən imza və möhürlə təsdiq edilməməsi və rekvizit məlumatlarının olmaması bu sənədlərin (siyahıların) identifikasiya edilməsini mümkünsüz edir. Bu səbəbdən həmin siyahılar mötəbər hesab edilə bilməz və “sənəd” kimi hüquqi qüvvəsi yoxdur. Hesab edirlər ki, İddiaçı Ağdam rayon Qarvənd kənd özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edə biləcək hüquqi sənədlərin olmaması səbəbindən ona müharibə veteranı adının verilməsindən imtina edimişdir. Əvvəlki məhkəmə iclasında işti rak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə məhkəmə mübahisəni şifahi məhkəmə baxışı (şifahi dinləmələr) keçirmədən də həll edə bilər. İPM-in bu müddəasının tələblərini və Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 iyul 2020-ci il tarixli Məlumatına əsasən Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 02 iyul tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, icraat iştirakçılarına bildiriş göndərilmiş, bildirişini aldıqdan sonra 2020-ci il 20 iyul tarixədək məhkəmə baxışı (şifahi dinləmələr) keçirilmədən işə baxılmasının mümkünlüyünə dair yazılı mövqelərini (o cümlədən, elektron rabitə vasitələri ilə) məhkəməyə bildirmələri təklif olunmuşdur. Tərəflərin şifahi dinləmələr keçirilmədən işə baxılmasına etirazları məhkəməyə daxil olmamışdır. Göstərilənlərə əsasən məhkəmə tərəflərin iştirakı olmadan şifahi dinləmələr keçirmədən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərlə onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etməsi müəyyən edilmir. İşdə olan Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 16 saylı, 20 iyun 2018cı il tarixli arayışdan görünür ki, İddiaçı 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək erməni quldurlarına qarşı Ağdam rayonunun Qərvənd kənd özünümüdafiə dəstəsinin üzvü kimi kənd müdafiəsində iştirak etmişdir. Əsas kimi Qərvənd kənd soveti sədrinin 02 fevral 1988-ci ildə tərtib etdiyi Qərvənd kənd özünümüdafiə dəstəsinin 04 №li əmr kitabı qeyd olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş D-708 saylı, 13 oktyabr 2017-ci il tarixli arayışdan görünür ki, İddiaçı məhkumluğu yoxdur. İşdə olan cavabdeh tərəfindən iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli, D/2012 saylı imtina məktubundan görünür ki, iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərə Xidmətin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın xx.xx.2019cu il tarixli iclasında baxılmış və barəsində müsbət rəy bildirilməmişdir. İmtina məktubunda həmçinin toplanmiş sənədlərdə iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsinə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün olmadığı bildirilmişdir. İş üzrə zərurət yarandığından İddiaçı döyüşlərdə iştirak edib-etməməsi barədə məlumatı, iştirak etdiyi təqdirdə döyüşlərdə iştirakını sübut edən sənədləri, həmçinin Azərbaycam Respublikası ərazi bütövlüyü uğrunda erməni millətçilərinə qarşı döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısının təsdiq edilmiş surəti Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tərtər rayon şöbəsindən tələb edilmişdir. Məhkəmə sorğusu əsasında iş materiallarında olan Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 20 iyun 2018-ci il tarixli, 16 saylı arxiv arayışında İddiaçı Ağdam rayonu Qərvənd kənd özünümüdafiə dəstəsinin tərkibində fevral 1988-ci il tarixdən 09 oktyabr 1991-ci il tarixədək erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etdiyi göstərildiyi, həmin arayışın verilməsinə əsas olaraq Qərvənd kənd soveti sədrinin 02 fevral 1988-ci ildə tərtib etdiyi Qərvənd kənd özünümüdafiə dəstəsinin 04 saylı əmr kitabı, sıra 24, 02 saylı döyüş postu göstərildiyi, zərurət yarandığından Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda erməni millətçilərinə qarşı döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahısında İddiaçı adının olub-olmaması, olduğu halda həmin siyahının təsdiq edilmiş surəti, həmçinin sonuncunun Ağdam rayonu Qərvənd kənd özünümüdafiə dəstəsinin tərkibində fevral 1988-ci il tarixdən 09 oktyabr 1991-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etməsini təsdiq edən sənədlərin təsdiq edilmiş surəti Ağdam rayon İcra Hakimiyyətindən tələb edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Ağdam rayon İcra Hakimiyyətinin Başçısının Birinci Müavini tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 02/261 saylı məktubda İddiaçı Ağdam rayonu Qərvənd kənd özünümüdafiə dəstəsinin tərkibində 1989- 1991-ci illərdə erməni quldurlarına qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmələrinə dair verilmiş arayışın tərtibinə əsas olan sənədlərin Dövlət Arxiv İdarəsinin Ağdam rayon filialına təhvil verildiyi üçün sonuncuya müraciət edilməli olması xahiş edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Ağdam filialı tərəfindən Ağdam rayon İcra Hakimiyyətinin arxiv sənədlərinə əsasən Qərvənd kənd ərazi nümayəndəliyinin 02 fevral 1988-ci il tarixli 04 №li əmrinə əsasən X2 Vilayətinin ərazisində erməni işğalçı dəstələrinin Ağdam rayon ərazisində hücumlarının qarşısını almaq məqsədilə Qərvənd kənd ərazisində Ağdam rayon rəhbərliyinin göstərişinə əsasən müdafiə dəstəsinin yaradıldığı, həmin dəstəyə aid olan post kitabının siyahısında İddiaçı adının 24-cü sırada qeyd olunduğu göstərilmişdir. İşin araşdırılan hallarından görünür ki, iddiaçı Rayon İcra Hakimiyyətinin onun 1988-ci ilin fevral ayından 1991-ci ilin oktyabr ayınadək erməni quldurlarına qarşı Ağdam rayonunun Qarvənd kənd özünümüdafiə dəstəsinin üzvü kimi kənd müdafiəsində iştirak etməsi barədə arxiv arayışını, əsas olaraq Qərvənd kənd soveti sədrinin 02 fevral 1988-ci ildə tərtib etdiyi Qərvənd kənd özünümüdafiə dəstəsinin 04 №li əmr kitabına istinad etməklə onun Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etdiyinin sübut edildiyini bildirərək, cavabdehin imtinasını əsassız hesab edir. Lakin məhkəmə həmin sənədləri iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılmış döyüşlərdə iştirak etdiyini təsdiq edən əsaslı sübut kimi qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda yetərli sübut kimi qəbul edilə bilərdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahıda adı keçən şəxsə müharibə veteranı adı döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilə bilər. Cavabdeh tərəfindən iddiaçıya verilmiş imtina məktubundan görünür ki, iddiaçının döyüş əməliyyatlarında könüllü özünümüdafiə dəstənin btərkibində iştirakını sübut edən təsdiqedici hüquqi sənədlər əlavə edilməmişdir. Məhkəmə iddiaçının iddiasının əsasını təşkil edən Ağdam rayon İcra Hakimiyyətinin Arxiv Arayışına münasibət bildirərək qeyd edir ki, sözügedən arxiv arayışının verilməsinə əsas olan sənədlər məhkəmə araşdırması zamanı aidiyyəti orqanlardan tələb edilmiş və həmin arayışın verilməsinə əsas olan “Qərvənd kənd sovetinin özününmüdafiə dəstəsinin 04 №li əmr kitabı” adı altında hər hansı rekvizit məlumatları olmayan, kim tərəfindən tərtib edilməsi bəlli olmayan, müvafiq vəzifəli şəxs tərəfindən imza və möhürlə təsdiq edimədiyindən, qeyd edilən siyahının mötəbər sübut kimi qiymətləndirilməməsi qənaətindədir. Hazırki halda göstərilən siyahı iddiaçının döyüşlərdə iştirakını sübut edən digər sənədlərlə birgə təqdim edilmədiyindən, siyahı iddiaçıya münasibətdə hər hansı hüquqi qüvvəyə malik deyildir. Həmin siyahıya əsaslanaraq ona “müharibə veteranı” adı və vəsiqəsi verilməsi mümkün deyildir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə döyüş əməliyyatlarında iştirak etməsi iş materialları ilə müəyyən edilmədiyi üçün iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar